Qəbələdə saxsı qabda dəfn edilmiş uşaq qəbirləri aşkarlandı - FOTO
Bizi izləyin

Qırmızı.az

Qəbələdə saxsı qabda dəfn edilmiş uşaq qəbirləri aşkarlandı - FOTO

Qəbələ rayonu ərazisindəki ən qədim abidə olan, e.ə. IV minilliyin birinci yarısına aid xalkolit dövrü Qalayeri yaşayış məskənində geniş miqyaslı arxeoloji qazıntı işləri aparılıb.

Publika.az-ın məlumatına görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya bu abidənin sistemli tədqiqat işlərinə 2012-ci ildən başlayıb. Qalayeri Yaxın Şərqin erkən sivilizasiyaları ilə sıx bağlı olan, əsasən Azərbaycan ərazisində yayılmış Leylatəpə arxeoloji mədəniyyətinə aid abidələrdən biridir.

Qalayerində aparılan araşdırmalar ilk növbədə Leylatəpə mədəniyyətinin daha geniş arealda yayıldığını sübut edib. Eyni zamanda, bu abidədə aparılan qazıntılar Leylatəpə mədəniyyətinin köklərinin qədim Mesopotamiya ilə yanaşı Şərqi Anadolunun həmdövr mədəniyyətləri ilə də sıx bağlı olduğunu göstərib. Qalayerində aşkar edilmiş memarlıq qalıqları, kütləvi istehsalın məhsulu olan keramika məmulatı, daşdan, sümükdən və metaldan hazırlanmış alətlər Şərqi Anadolunun son xalkolit dövrü abidələrinin, xüsusilə də Arslantəpə yaşayış yerinin tapıntıları ilə analogiya təşkil edir. Xüsusilə də Qalayerinin gil qatlarından ibarət tikililərinin paralelləri bütün Yaxın Şərq-Qafqaz regionunda yalnız Arslantəpədən məlumdur.

Qalayerində Yaxın Şərq ənənələrinin daha bir nümunəsi olaraq burada aşkar edilmiş uşaq qəbirlərini göstərmək olar. Bu qazıntı mövsümündə abidədə müxtəlif saxsı qablarda dəfn edilmiş beş körpə uşaq qəbri aşkar edilib.

Ümumiyyətlə, bəhs edilən dövr Yaxın Şərqdə erkən dövlətlərin yaranma ərəfəsidir. Qalayeri abidəsində məhz həmin mərhələnin bütün xüsusiyyətləri özünü göstərir. Bununla əlaqədar olaraq saxsı qabların istehsalını xüsusilə qeyd etmək lazımdır. Onların üzərində rast gəlinən dulusçu işarələri istehsal üzərində nəzarətin, cəmiyyətdəki müəyyən iyerarxik strukturun mövcudluğunu sübut edir. Bütün bunlar isə, öz növbəsində Qalayeri yaşayış məskəninin Azərbaycanda hələ 6 min il əvvəl sinifli cəmiyyətin ilk əlamətlərinin meydana çıxma tarixinin araşdırılmasında mühüm əhəmiyyət daşıdığını göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm