• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Hacı İbrahim “Xəzər adaları”na pul tapdı – 3 milyardlıq MÜQAVİLƏ – FOTOLAR/EKSKLÜZİV

Hacı İbrahim “Xəzər adaları”na pul tapdı – 3 milyardlıq MÜQAVİLƏ – FOTOLAR/EKSKLÜZİV

“Avesta” Konserninin prezidenti, “Xəzər adaları” şəhər layihəsinin müəllifi Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) Azərbaycanda səfərdə olan Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Junla görüşüb.

Publika.az-ın məlumatına görə, “Xəzər adaları”nda baş tutan görüş zamanı Hacı İbrahim Nehrəmli ilə Li Jian Jun arasında ilkin olaraq 3 milyard dollarlıq investisiya müqaviləsi imzalanıb.

Müqavilənin şərtlərinə əsasən, ilkin olaraq Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkəti “Xəzər adaları” layihəsinin bir adasına 3 milyard dollar dəyərində vəsait yatıracaq, sonrakı illərdə isə mərhələ-mərhələ digər adalara da investisiya yatırımları reallaşacaq.

İmzalanan müqavilə ilə bağlı Publika.az-a danışan Hacı İbrahim Nehrəmli deyib ki, bugünkü gün təkcə onun üçün deyil, həm də ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır: “Bu gün mənim üçün ən gözəl günlərdən biri sayılır. Çünki Çin Xalq Respublikasının ən böyük şirkətlərindən birinin rəhbəri cənab Li Jian Jun Azərbaycana, o cümlədən “Xəzər adaları”na səfərə gəlib. Bu, onun ikinci səfəridir. Onlar bir neçə il idi, “Xəzər adaları” layihəsi ilə yaxından maraqlanırdılar. Çinin nəhəng şirkət rəhbəri ötən ay “Xəzər adaları”na gəlib buradakı vəziyyətlə yaxından tanış olandan sonra artıq qərarını verib. Bu gün biz həmin şirkətlə investisiya müqaviləsi imzaladıq.

Müqavilə şərtlərinə əsasən, şirkət “Xəzər adaları” ilə bağlı satış işini Çində və Honkonqda həyata keçirəcək. Biz bir yerdə Honkonq üzərindən də çalışacağıq. Müqavilənin şərtlərinə görə, Çin şirkəti sənədləşmə prosesi bitəndən sonra “Xəzər adaları” üçün nəzərdə tutulan investisiya vəsaitini yatıracaq. Bununla əlaqədar mən sentyabrın 20-dən sonra Honkonqa səfər edəcəm. Çünki mənim yaxın günlərdə ən azı bir həftəlik müddətə Honkonqa səfər etməyim məsələsi bu gün imzaladığımız müqavilədə şərt kimi irəli sürülüb. Müqaviləyə uyğun olaraq, biz Honkonqda və Azərbaycanda birgə şirkət yaradacağıq və “Xəzər adaları” layihəsi isə həmin birgə şirkət üzərindən idarə olunacaq”.

Hacı İbrahim Honkonqun digər tanınmış şirkət rəhbərləri ilə də görüşəcəyini bəyan edib: “Sentyabrın 25-də Honkonqda 2-ci tanınmış Çin şirkəti ilə müqavilə imzalayacağıq ki, “Xəzər adaları”na investisiya vəsaiti daha çox cəlb olunsun.

Görüş zamanı mən Çin şirkəti rəhbərinə təklif etdim ki, onlar “Xəzər adaları” şəhərciyinin ən müasir və yüksək səviyyədə reallaşdırılması üçün çinli mütəxəssislərdən istifadə etməklə daha yeni texnologiyaları tətbiq etsinlər. Ancaq mən çalışacam ki, şəhərin inşasında iştirak edəcək işçilər daha çox Azərbaycandan olsun. Bu şəhər dünyanın ən gözəl məkanlarından biri olmalıdır. Əminəm ki, müqavilə imzaladığımız Çin şirkəti də bu işləri ən yüksək səviyyədə və keyfiyyətlə həyata keçirəcək. Bu şəhərin inşası başa çatandan sonra bunun ölkəmiz üçün böyük iqtisadi faydaları olacaq. Çin şirkət rəhbərinin fikri də odur ki, bu layihənin birinci mərhələsi başa çatandan sonra Azərbaycana ən azı 5 milyon, növbəti ildə isə 10 milyon turisti cəlb edək. “Xəzər adaları” başa çatandan sonra isə Azərbaycanda hər il 20 milyon turist olacaq. Bu da təqribən 20 milyard büdcə vəsaiti deməkdir”.

Dünyada neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda gedən inkişafa da toxunan azərbaycanlı iş adamı vəziyyətin bu cür saxlanılmasında ölkə başçısının böyük əməyi olduğunu söyləyib: “Bilirsiniz ki, artıq dünyada neftin qiyməti aşağı düşüb. Ona görə də Azərbaycanda dövlət başçımızın müvafiq tapşırığı və siyasəti nəticəsində yeni-yeni xidmət sahələri və turizm sahəsi inkişaf etdirilir. Bu gün dünyada gedən iqtisadi böhrana baxmayaraq, Azərbaycan öz nailiyyətlərini uğurla davam etdirir. Təbii ki, Azərbaycanda bu cür sabitliyi, iqtisadi inkişafı görən hər bir biznesmen tərəddüdsüz olaraq bura investisiya yatıracaq. Bu gün “Xəzər adaları” layihəsinə qoyulan investisiya vəsaiti mənə görə edilmir, cənab Prezidentin Azərbaycanda yaratdığı sabitliyə, yürütdüyü düzgün siyasətə və iqtisadi inkişafa görə verilir. Əgər cənab Prezident Azərbaycanı bu qədər inkişaf etdirə bilməsəydi, o zaman ölkəmizə bir nəfər də pul qoymazdı. Təbii ki, bu gün Çindən olan iş adamı ilə də 3 milyard dollarlıq investisiya müqaviləsinin imzalanması Azərbaycandakı inkişafa və sabitliyə görə mümkün oldu.

Mən “Xəzər adaları”nın inşasına görə cənab Prezidentimizə böyük minnətdarlığımı bildirirəm. Çünki dövlət başçımızın yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın ən sabit və investisiya üçün əlverişli ölkəsinə çevrilib”.

Hacı İbrahim Nehrəmli Azərbaycan Beynəlxalq Bankına olan kredit borclarının da kreditlərin vaxtı bitənədək, yəni 2019-cu ilədək ödəniləcəyini bəyan edib.

Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri Li Jian Jun isə bildirib ki, Çin şirkətlərinin “Xəzər adaları” layihəsinə marağı böyükdür. O, yaxın gələcəkdə digər dünya brendlərinin də “Xəzər adaları” layihəsinə qoşulacağını istisna etməyib: “Bu layihə bizi çox maraqlandırırdı. Layihə ilə yaxından tanış olandan sonra müqavilə imzalamağa qərar verdik. Bilirsiniz ki, Çinin ayrı-ayrı nüfuzlu şirkətləri dünyanın bir sıra ölkələrində oxşar layihələrdə iştirak edirlər. Bizim şirkət isə bu layihəni bəyənib”.

Xatırladaq ki, 2015-ci il avqustun 24-də Hacı İbrahim Nehrəmli Çin Milli Birləşmiş Resursların İnkişafı Beynəlxalq Şirkətinin sədri ilə əməkdaşlıq haqqında memorandum imzalamışdı.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR