Millət vəkili ali məktəbə qəbul olmuş tələbələrlə görüşüb – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Millət vəkili ali məktəbə qəbul olmuş tələbələrlə görüşüb – FOTOLAR

Millət vəkili Q.Paşayeva Tovuz rayonundan bu il ali məktəbə daxil olmuş tələbələrlə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov çıxış edərək tələbə adını qazanmış bütün gəncləri təbrik edib və onlara uğurlar arzulayıb.

Rayonda təhsil sahəsində görülən işlərdən danışan rayon icra hakimiyyətinin başçısı bu istiqamətdə işlərin daha da sürətlənəcəyini deyib. 500-dən çox bal toplayaraq tələbə adına qazananların iştirak etdiyi görüşdə hər kəsi tələbə adını qazanması münasibətilə təbrik edən millət vəkili Qənirə Paşayeva Tovuz rayonunda təhsil sahəsində olan göstəricilərin hər il artmasının sevindirici hal olduğunu deyib. Bu il orta məktəbi bitirərək ali məktəbə sənəd verən gənclərdən 92 nəfəri 500-dən, 37 nəfəri isə 600-dən yuxarı bal toplamaqla cəmi 424 nəfərin tələbə adını qazanmasını yüksək qiymətləndirən millət vəkili Qənirə Paşayeva rayonun bundan daha da böyük potensialının olduğunu qeyd edərək təhsil sahəsində, özəlliklə bəzi kəndlərdə problemlərin öz həllini tapmasının vacibliyini və bunun gələcəkdə nəticələrə özünün daha da müsbət təsir göstərəcəyini vurğulayıb:

“Ümumiyyətlə, məni çox sevindirdi ki, bu il Tovuzdan ali məktəblərə daxil olan qızların sayı nəinki oğlanlardan az deyil, əksinə daha çoxdur. Üstəlik, yüksək balla daxil olanlar arasında qızlar daha çoxdur. Məncə, Tovuz bu istiqamətdə bir sıra rayonlara gözəl örnək ola bilər. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir”.

Millət vəkili Qənirə Paşayeva tələbələrdən öz vəzifələrini bitmiş hesab etməməyi – əslində daha böyük vəzifələrin bundan sonra başladığını vurğulayıb: “Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir tələbə etməlidir, lakin sizlərin ikiqat məsuliyyəti var – çünki mövcud uğurlarınız bizə bunu deməyə əsas verir, – yəni siz daha böyük vəzifələrə hazırlanmağı bacararsınız, buna sizin potensialınız var” – deyə millət vəkili bildirib.

Millət vəkili respublikamızın Ermənistan tərəfindən haqsız və elan olunmamış müharibəyə cəlb olunduğunu, 1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkib. Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva tələbə adını qazanmış gənclərə hədiyyələr və kitablar təqdim edib və onlara bir daha uğurlar diləyib. Tədbirdə rayon ictimaiyyətinin fəalları da iştirak edib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm