Küçədə gecələyən kimsəsiz qadın: “Mənə ancaq oturmuş vəziyyətdə yatmağa icazə verirlər” – FOTOLAR/VİDEO
Bizi izləyin

Qırmızı.az

Küçədə gecələyən kimsəsiz qadın: “Mənə ancaq oturmuş vəziyyətdə yatmağa icazə verirlər” – FOTOLAR/VİDEO

Hər gecə paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 158 ünvanında, “Müqəddəs Məryəm – mövlud” kilsəsi ilə üzbəüz marketlərdən birinin daş pilləkənində oturaq vəziyyətdə 63 yaşlı qadın yatır. Sakinlər deyir ki, bu sakit insan heç kimə əl açıb heç nə istəmir. İyuldan daş pilləkənləri özünə məkan seçmiş qadına gündüzlər buralarda oturmağa icazə verilmir. O ancaq gəzişə bilər. Gecə isə uzanıb yatmaq qadağan edilib. Yalnız oturduğu yerdə yata bilər. Publika.az neçə ildir küçələrdə gecələyən qadının acınacaqlı həyatının acı məqamlarını təqdim edir:

“...Evi əlimizdən aldılar”

Biz onun hər axşam gecələdiyi yerə çatanda saat 23:45 idi. Oturduğu yerdəcə - marketin daş pilləkənlərində yuxulamışdı. Başını yastıq kimi istifadə etdiyi yemək dolu sellofan torbaya söykəmişdi. Ətrafdan keçən avtomobillərin yersiz siqnalları sükutu pozsa da, onu şirin yuxudan oyada bilmirdi. Şüşə qab, içində nələrinsə olduğu üç-dörd sellofan torba – budur onun bu dünyada olan-qalan “əmlak”ı.

Yuxulu gözlərini ova-ova oyananda kimliyimizlə, gəlişimizin səbəbləri ilə maraqlandı. Söhbət əsnasında məlum oldu ki, 63 yaşlı Nina Yakovlevna Stalerova 1952-ci ildə Bakıda doğulub. Ata-anası çoxdan dünyasını dəyişib. Problemlərlə üz-üzə qalan Nina ailə həyatı qurmayıb: “Əvvəllər hər şey öz axarı ilə gedirdi. Birtəhər yaşayırdım. “Xətai” metrostansiyasının yaxınlığındakı köhnə evlərdə qalırdıq. 1991-ci ildən ailəmizin ağır günləri başladı. Aclıq, müharibənin gətirdiyi çətinliklər ucbatından evimizi itirdik. Məni Zina xalam xilas etdi. Hər cür qayğı göstərdi”.

Xalasının evinə sığınan Nina bir neçə il onun mənzilində yaşayır. Lakin bu evi də ona çox görürlər: “Həmin evi əlimizdən aldılar. O insanların kim olduğunu bilmirəm. Heç maraqlanmadım da. Xalam bununla bağlı məhkəməyə müraciət etsə də, heç bir faydası olmadı. Sənədlərimi isə həmin adamlar itirdilər”.

“Artıq 4 ildir küçələrdəyəm”

Xalası 2011-ci ildə dünyasını dəyişdikdən sonra Ninanın həyatı əsl cəhənnəmə dönüb: “Xalamın övladı yox idi. Onun ölümündən sonra həyatım daha da ağırlaşdı. Həmin mənzilə qeydiyyatım yox idi. Buna görə də mübarizə aparmağa dəyməzdi. Bir də ki tənha, kimsəsiz qadın necə mübarizə apara bilərdi? Qalmaqalı, dava-dalaşı sevmirəm deyə küçələrdə qalmağa məcbur oldum. Bundan sonra ağır günlərimin sayı daha da çoxaldı”.

İndi həmin küçənin, evlərin, qonşuların tamam dəyişdiyini deyən müsahibim bildirdi ki, qardaşı, bacısı olmadığından üz tutduğu yeganə ünvan küçələrdir: “Artıq 4 ildir küçələrdə yaşayıram. Hər şeyim – bütün əşyalarım xalamın evində məhv edilib. Hər gün neçə-neçə xoşagəlməz halla qarşılaşıram”.

O, Şamil Əzizbəyov küçəsi, 158 ünvanını iki aydır özünə ünvan seçib. Amma buranı da ona çox görürlər: “Pilləkəndə oturub havanın qaralmasını gözləyirəm. Bir qədər gözlədikdən sonra oturduğum yerdə də yatıram. Düşünürəm ki, kilsənin ətrafı olduğundan burada pis insanlar mənə dəyib-dolaşmazlar. Kilsədəkilər də mənə kömək etmirlər. Hətta içəriyə belə buraxmır, heç dinləmək də istəmirlər. Sənədlərim olmadığından heç bir yerdə iş də tapa bilmirəm. Sənədim olsaydı, heç olmasa, xadimə işləyə bilərdim. Özümə paltar, çörək, yeməyə bir şey alardım”.

“Polis deyir ki, ancaq otur, uzanıb yatmaq olmaz”

Üzləşdiyi durumun çox ağır olduğunu deyən qadın bildirir ki, bəziləri onu adam yerinə qoymur: “Elə insanlar var, hörmətsizlik edirlər. Lakin məhəl qoymuram. Burda birtəhər gecələyirəm. Adyalım, döşəyim yoxdur. Olsa, polislər əlimdən alıb küçəyə atar. Yemək gəzdirdiyim sellofan torbadan yastıq kimi istifadə edirəm. Polis uzanıb yatmağa qoymur. Deyir ki, ancaq otur. Mən də oturmuş vəziyyətdə yatıram. Burada yuxulayır, səhər saat 8-də oyanıram. Gec olsa polislər “get haradasa öl, amma burda yatma” deyib qovar. Heç bəzən küçədə qalmağa da imkan vermirlər. Sonuncu dəfə 15-20 gün əvvəl qovdular. Aparıb şəhərin hansı yerində istəsələr, maşından düşürürlər. Bir dəfə hətta qolum da sındı”.

Ona kömək edənlərin sayının azalması hər şeydən əli üzülən qadının ümidlərini zərrə-zərrə öldürür: “Əvvəllər dost-tanış birtəhər kömək edirdi. İndi onlar da yoxdur. Çoxu Rusiyaya köçüb. Sənədlərimin olmaması səbəbindən mən onların yanına gedə bilmirəm. Hər hansı sənədi əvəz edən kiçik bir kağız, şəxsiyyət vəsiqəm olsaydı, Rusiyaya köçmüş rəfiqələrimin yanına gedərdim. Dostlarımın hamısı ordadır. Elə istərdim ki, məni qatara mindirib, burdan deportasiya etsinlər. Şəxsiyyət vəsiqəm yoxdur deyə hər şeydən ümidimi üzmüşəm. Sənəd problemini necə həll edim, bilmirəm. Düşünürəm ki, problemim həll olunası deyil”.

O, indi ümidini ancaq yaxşı insanlara bağlayıb: “Bəziləri pul, bəziləri yemək, çay verir. Sağ olsunlar, kömək edirlər. Ac qaldığım günlər çox olub. Hava soyuq olanda mərhəmətli insanlar mənə yaşadıqları binaların girişində yatmağa icazə verirlər”.

“Əynimdəki paltarları mənə yazığı gələnlər verib”

Tanıyanlar yaxınlaşıb ac olub-olmadığımı soruşurlar: “Beşmərtəbə” adlanan ərazidə yaşayan Zoya adlı qadın mənə hər gün kömək edirdi. Təəssüf ki, o da xərçəng xəstəliyindən vəfat etdi. Əynimdə gördüyünüz bu paltarları da tanışlar, mənə yazığı gələnlər verib”.

Müsahibim deyir ki, ona yazığı gələn insanlar çox azdır: “Mərhəmətli adamların sayəsində sağ qalmışam. Psixikam normaldır deyə hələ tab gətirə bilirəm.

Qiyabi tanıyanlar məni küçədə yatan görəndə heç nə demirlər. Bəzən isə axşamlar əyyaşlarla, yetim uşaqlarla da qarşılaşıram. Özümü pis adamlardan qorumağa çalışıram”.

“Neçə yaşım olduğunu artıq unutmuşam”

Kimsəsiz qadın deyir ki, tezliklə qış gələcək və yenə üşüyəcək: “Dörd qışı birtəhər yola saldım. Amma belə çox davam edə bilməz. Havalar soyuq olanda özümü qorumağa çalışıram. Şaxtalı günlərdə binaların dəhlizində gecələyirəm. Payızın yağışlı günləri başlayanda yeganə sığınacağım yer binaların dəhlizi olacaq. Qadın üçün çox çətindir. Özü də tənha qadın. Əgər bəziləri kimi spirtli içki içsəydim, bəlkə də, dərdlərimi unudardım.

Neçə yaşım olduğunu artıq unutmuşam. Bircə onu bilirəm ki, 1952-ci ildə doğulmuşam. Mən artıq özümü insan saymıram. Çünki doğum günlərim belə yadımdan çıxıb. Həyatımın ən çətin günlərini yaşayıram. Amma bununla belə tək istəyim budur ki, heç kim mənə toxunmasın.

Çıxış yolum yoxdur. Hələ ki tab gətirə bilirəm. Amma sağlamlığımı itirmişəm. Qalmağa yerim, sığınmağa adamım, köçüb getməyə sənədim yox, deməli, mənim dərdimin çarəsi ölümdür”.

Nina deyir ki, hələ bir neçə il əvvəl xalası Rusiyanın ölkəmizdəki səfirliyinə sənədləşmə məsələsində kömək üçün müraciət edib: “Lakin bunun heç bir faydası olmadı. Dedilər, biz sizə heç cür kömək edə bilmərik. Xəstə olduğumdan özüm müraciət edə bilmədim”.

“Qışda Ninanın aqibəti necə olacaq?”

Ona kömək edən sakinlərlə də söhbətləşdik. Ninaya tez-tez baş çəkən Azər Hüseynov deyir ki, artıq bir müddətdir onu burada gecələyən görür: “Marketin daş pilləkənlərinə pənah gətirən qadına uzanıb yatmağa belə icazə vermirlər. Ən böyük problemi budur ki, polis yalnız oturduğu vəziyyətdə yatmağa icazə verir. Ona görə bütün gecəni daş pilləkənin üstündə oturaq əziyyətdə yatır. Amma gündüz oturmağa da icazə vermirlər. Ancaq gəzişməlidir. Yalnız hava qaraldıqdan sonra marketin pilləkənlərində oturur. Ona şorba, çay, çörək gətiririk. Çalışırıq hər cür kömək edək ki, ac qalmasın. Özü heç kimdən heç nə istəməz, kimsəyə əl açmaz. Burda sakitcə oturub, küçədən keçib gedənləri seyr edir”.

Sara Cəfərova adlı sakin isə Ninaya heç kimin rəhm etmədiyindən gileyləndi: “Ona tez-tez isti çay, yemək veririk. Lakin bütün bunlar da qoca, kimsəsiz insan üçün azdır. Tezliklə soyuq qış qapını döyəcək. Onda Ninanın aqibəti necə olacaq?”

P.S. Üzümü kimsəsiz qadını narahat edənlərə tuturam: bu insan doğmalarını, evini, kimliyini təsdiq edən sənədlərini, ən əsası isə xoşbəxtliyini itirib. Biz ki insanlığımızı itirməmişik. Gecələri daş pilləkənlərə sığınan 63 yaşlı kimsəsiz insan Yer üzündə özü boyda yer tutur. Nə üçün soyuq pilləkənləri də ona çox görürük? Həyatda hər şeyini itirmiş bu qadına yaxşılıq etməyi bacarmırıqsa, barı, pislik etməyək.

Anar Tağıyev

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm