4 rayonda əmək yarmarkası keçiriləcək
Bizi izləyin

Qırmızı.az

4 rayonda əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti bu həftə Astara, Salyan, Ağcabədi və Lənkəran rayonlarında əmək yarmarkaları keçirəcək.

Publika.az xəbər verir ki, Xidmət tərəfindən bu həftə daha 4 rayonda, o cümlədən sentyabrın 17-də Astara, Salyan və Ağcabədi rayonlarında, sentyabrın 18-də isə Lənkəran rayonunda əmək yarmarkalarının keçirilməsi planlaşdırılır. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi tədbirlər zamanı həmin rayonlar üzrə fəaliyyət göstərən müəssisələrdən boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Həmçinin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək məqsədilə peşə hazırlığı və əlavə təhsil kurslarına, eləcə də ödənişli ictimai işlərə cəlb olunmaq istəyən işsiz və işaxtaran vətəndaşların qeydiyyatı aparılacaq.

Qeyd edək ki, bu ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən ölkəmizin bölgələrində 38 əmək yarmarkası keçirilib. Bu aktiv məşğulluq tədbirlərində ümumilikdə 2858 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib, 257 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 162 nəfər ödənişli ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm