• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dilçilik İnstitutu dərsliklərin dilini yoxlayacaq

Dilçilik İnstitutu dərsliklərin dilini yoxlayacaq

Dilçilik İnstitutu məktəb dərsliklərinin dilinin monitorinqinə başlayıb. İlk olaraq 5 və 7-ci sinif “Tarix” və “İnformatika” dərsliklərinin monitorinqinin aparılması nəzərdə tutulub. Monitorinqi aparılan dərsliklər siyahı ilə deyil, seçmə üsulu ilə müəyyən edilib.

Bunu Publika.az-a açıqlamasında Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin böyük elmi işçisi Rasim Heydərov deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə qeyri-dil dərsliklərinin monitorinqinin aparılması nəzərdə tutulur.

“Çünki ana dili dərsliklərində müəyyən qədər də olsa, dil normaları gözlənilir. Digər dərsliklərdə problemlər daha çoxdur. Dərsliklərin monitorinqi ilə bağlı bu ilin sonuna işlərin başa çatması planlaşdırılıb”.

“Azərbaycan dili” dərsliklərində vulqar ifadələrin işlədilməsinə toxunan R.Heydərov bunun Avropa dərsliklərindən qaynaqlandığını bildirib: “Dərsliklərdə arqo, jarqonların ifadəsi ilə bağlı iki münasibət var. Bəzi ölkələrdə bu ifadələrin dərsliklərdə yer almasına müsbət, bəzilərində mənfi yanaşılır. Son zamanlar dərsliklərimiz Avropa dərsliklərinə uyğun hazırlanır. Həmin dərsliklər standart kimi qəbul edilir. Lakin hər şeyi olduğu kimi qəbul etmək düzgün deyil. Olar bilər ki, jarqon ifadələr Avropa ölkələrində adi qəbul edilir, lakin bizdə bununla bağlı müəyyən tabular var və qəbul edilmir. Dərsliklər hazırlanarkən dilin psixologiyası nəzərə alınmalıdır. Yaxşı olar ki, mövzunu şagirdə başa salmaq üçün fərqli ifadələr işlətsinlər. Ümumiyyətlə, dərsliklərdə açıq jarqonlardan istifadəyə qarşıyıq”.

R.Heydərov bu gün müəllimləri ən çox narahat edən məqam dərsliklərdə qrammatik normalara daha az yer verilməsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu, dərsliklərin yeni üsulla hazırlanmasından irəli gəlir.

“Bu gün dərsliklərin bir qismi ənənəvi, bir qismi kurilkulum əsasında hazırlanıb. Bu, dərsliklərin dilinə də təsir edib. Ənənəvi dərsliklərdə yük daha çox qrammatikanın üzərində idisə, indiki dərsliklərdə praktik çalışmalar üstünlük təşkil edir. Əvvəlki dərsliklərin dili daha çox elmi idisə, indi danışıq üslubuna yaxınlaşıb. Əslində, bu yanaşma daha doğrudur. İnsanlar orta məktəbdə normal danışmağı öyrənməlidir. Dilin qrammatikasını ali məktəbdə öyrənsələr, yaxşıdır. Əvvəlki sistemdə şagirdlər kitab üslubunda öyrənirdilər ki, bu da özününifadədə problemlər yaradırdı. Bundan başqa, ali məktəbə daxil olanlar bütün qrammatik normanı orta məktəbdə öyrənirdi. Ali məktəbdə dil dərslərində çox az yeni məlumat öyrənə bilirdi. Bu, bir növ təkrarçılıq effekti yaradırdı. Orta məktəb şagirdi qaydaları öyrənməkdənsə, onu tətbiq etməyi öyrənsə, daha yaxşıdır. Çünki yalnız qayda ilə dil öyrənilmir, onu tətbiq etməyi bacarmaq lazımdır. Orta məktəb şagirdinin feli bağlamanın bütün şəkilçilərini əzbərləməsi vacib deyil. Əsas odur ki, feli bağlamadan düzgün istifadə edə bilsin”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR