"Narkotik çox ailələri ağlar qoyub"
Bizi izləyin

Qırmızı.az

"Narkotik çox ailələri ağlar qoyub"

“Məni Hüseyn Dərya ilə düşmən etmək istəyirdilər”

Hüseyn Dəryanın faciəli ölümü repi bir musiqi janrı və həyat tərzi kimi yenidən gündəmə gətirdi.

Repdə olan azadlıq, sərt üslub maraqla qarşılansa da, bu sənətlə məşğul olanların qalmaqallı həyatı, qaranlıq dünyaları birmənalı qarşılanmır. Biz də bu mövzuda Azərbaycanda repin atası sayılan Anar Nağılbazla söhbətləşmək qərarına gəldik.

- Rep ölkəmizə necə və nə üçün gəldi?

-Bu janrı Azərbaycana rəhmətlik Çingiz Mustafayev gətirib. Mən isə Azərbaycan ilk repçi, daha doğrusu, sırf replə məşğul olan ilk ifaçı kimi yadda qalmışam. Bu dövr 1991-ci ilə təsadüf edir. Böyük dalğa 90-cı illərin əvvəllərindən başladı və daha çox rəqsə meyilli brekdansçılar önə çıxdı.

O vaxt “Xəlifə”, “Aypara” kimi tanınmış qruplar var idi. Amma bunlar daha çox rus dilinə meyilli idilər. 1995-96-cı illərdə “Savaş” qrupu, eləcə də, “Aypara” qrupunun özündə azərbaycanlı təbəqəyə xitab edən işlər peyda oldu. Xatırladım ki, “Aypara” qrupu Vaqif Gərayzadənin başçılığı ilə yaranmışdı. O qrupda ilk solistlərdən biri Zülfiyyə xanım Xanbabayeva olub. Rəqs kollektivinin rəhbəri isə Miri Yusif idi.

-Repin sevilməsinin əsas səbəbi nə idi? Bu daha çox 1988-ci ildə baş qaldıran azadlıq hərəkatı ilə əlaqədar ola bilərmi? Çünki repin özü başdan- ayağa azadlıq, sərbəstliklə doludur.

-Şübhəsiz, insanlar qəlbən, ruhən azadlığa can atırdılar. Və bu məqamda səmimi, açıq, azad söz, musiqi eşitmək çox önəmli idi. Rep yarandığı vaxtlarda daha çox sevilirdi, nəinki sonrakı dövrlərdə qalmaqallara sürüklənməklə. Onu da deyim ki, rep yarandığı ilk dövrlərdə minlərlə insanlara düzgün, həqiqi mənada xitab edirdi. Dalğalar dövrü isə çox olub. 1991-96-cı illər, 1996-2000 –ci illər ayrı-ayrı insanların gəlişi ilə yaddaşlarda qaldı.

Elşad Xosenin gəlişi ayrıca bir mərhələnin başlanğıcı oldu. 2000-ci ildən başlayaraq “Azeri Image Service” proyekti ətrafında toplanan gənclərin işlərini qeyd etmək istəyirəm. Və əlbəttə ki, Hüseyn Dəryanın gəlişi önəmli bir mərhələnin başlanğıcı oldu. O, gəlişi ilə Azərbaycan repinin tarixinə dəsti-xəttini yazdı. Onun dəsti-xətti xalqa yaxın idi, ona görə ki, milliliyə meyilliliyi daha çox idi. Hüseyn meyxana standartları ilə rep standartlarının ortaq məxrəcinin tapmışdı və bu keyfiyyəti onu xalqa çox sevdirdi. Bundan sonra rep daha çox sevilməyə başladı.

- Bundan sonra qalmaqallar da yaranmağa başlandı. Cəbhələr, söz atışmaları, xoşagəlməyən atmacalar. Bəs bunun səbəbi nə idi?

- Əslində, televiziyalarda qalmaqallar nədən başladı? Gəlin, öncə bunu araşdıraq. Başlayaq, qalmaqalları gündəmə gətirən tok-şoulardan. Tok-şouların banisi amerikalı məşhur jurnalist Oprah Uinfrey olub. 60-cı illərdə o radiolarda tok-şoular hazırlayırdısa, 70-ci illərin əvvəllərində televiziyalarda bunu etməyə başladı. Tok-şouların məqsədi nə idi? Orda bir ittiham edən tərəf, bir ittihama məruz qalan, bir də cəmiyyətin digər təbəqələrindən olan insanlar ekspert kimi iştirak etməli idi. Teleməkanımızda 2002-ci illərdən başlayan tok-şouların ilk verilişləri reytinq qazanmamışdı. Çünki ilk buraxılışlarına aşıqları çağırırdılar, xəbərim var ki, məşhur sənətçiləri də dəvət etmişdilər, amma onlar imtina etmişdilər. Bax, həmin tok-şouları xalqa sevdirən məhz rep oldu. Bir sözlə, tok-şoular yaratdıqları qalmaqallara repi də alət etdilər.

- O qalmaqallardan qaçmaq, can qurtarmaq olmazdımı?

-Tok-şoularda nələr gündəmə gəlir? Hansısa ailənin dramı, siravi, eləcə də, tanınmış insanların həyatı. Əvvəllər televiziya efirlərinə çıxmayan söhbətlər artıq həmin verilişlərdə danışılmağa başladı. Rep özü də sərbəst növdür. Və bu sərbəstlik onun küçələrdə yaranmasından qaynaqlanır. Sadə camaatın içindən gələn repdə elə sadə camaatı narahat edən mövzular da əksini tapırdı. Digər tərəfi isə bəzən repə don da geyindirirlər, deyirlər, küçə mədəniyyətidirsə, deməli, bunlar da küçə uşaqlarıdır. Bizdə nədənsə, ancaq pis xüsusiyyətləri görmək istəyirlər.

-Məsələn, narkotik, gecə həyatı...

- Çox təəssüflər olsun ki, bizdə bəzən bir mövzunun ağını çıxarırlar. Biz bunun acı nəticəsini Hüseynin rəhmətə getməsi ilə yaşadıq. Bu hadisə açıq –aydın göstərdi ki, bəzən tok-şouların axırı gətirib nəyə çıxara bilər.

- Siz ona nəyi məsləhət görürdünüz? Çünki münasibətlərinizin düzəldiyi dönəmlər də olurdu.

-Tanınmış insanların iki cür həyatı olur: bir şəxsi həyat, bir də öz adı, imici ətrafında formalaşan həyatı. Hüseyn Dərya rəhmətə gedəndə ən azından bir ailənin başsız qalması, iki uşağın atasız qalması faktı çox üzücüdür.

Hüseyn öz işləri ilə Dərya adını tanıtdı. İncəsənət kollektiv sənətdir. Burda az-çox bizim də kiçicik rolumuz varsa, ancaq sevinə bilərik. Şükür edirəm ki, bunu qardaş üçün etmişik, halalı olsun, etməliydik də. Çünki çox istedadlı insan idi. Bu məsələnin bir tərəfi. İkinci bir tərəfi isə tanınandan sonra ətrafı daha çox onu aldadırdı, fikirlərini düzgün olmayan səmtə yönləndirirdi. Hətta mənim özümdə də bəzən olub belə hallar. Ümumiyyətlə, şou-biznes aləmi çirkablı aləmdir. Burda sadəcə, öz adının qorunması üçün çalışmaq lazımdır və...

-Çox ayıq olmaq lazımdır.

-Bəli, çox ayıq olmaq lazımdır. “Facebook”a qoşulanda elan etmişdim ki, xahiş edirəm, məni heç kim qalmaqallara çəkməsin. Sadəcə, çox təəssüf edirəm ki, bir daha köhnə məsələləri şişirtməklə Hüseyni də bizləri də nələrəsə təhrik etməyə çalışırdılar. Bir sözlə, bizi düşmən etmək istəyirdilər.

-Amma siz də müsahibələrinizdə deyirdiniz ki, Hüseyn Dərya reper deyil.

- Bizim jurnalistlər müsahibinin danışığının yalnız onlara lazım olan hissəsini verirlər, qalanını kəsirlər. “Hüseyn Dərya reper deyil” ifadəsini işlətmişəmsə də, onun ardınca dediyim cümlələri kəsiblər. Mən demişəm ki, Hüseyn heç özü də bilmədən yeni bir yol başladı, yeni bir yol yazdı. O Qərbin öyrəşdiyi rep deyildi və bu meyxana da deyil. Bu Hüseynin Qərb və Şərq mədəniyyətinin ortaq məxrəcində tapdığı yol idi. Və çox yaxşı olardı ki, buna yeni bir ad qoyulardı və Hüseyn həmin yolun banisi olaraq tarixə düşərdi.

- Onun ölümü “narkotik olmasa, rep də olmaz” kimi təsəvvürləri yenidən gündəmə gətirdi.

-Bilirsiniz, Hüseynin cənazəsi, bədəni soyumayıb, ölənin ardınca pis məqamları yada salmazlar, danışmazlar. Heç olmasa, öləndən sonra onun ruhunu rahat buraxmaq lazımdır.

-Mən tək Hüseyn Dəryanı nəzərdə tutmurdum. Ümumiyyətlə, deyirəm.

-Ümumiyyətlə, onu deyim ki, bizdə hər zaman istər Əliağa Vahidə, istər Səttar Bəhlulzadəyə narkoman damğası vurublar. Bununla onların şəxsiyyətlərini alçaltmağa çalışıblar. Hər zaman demişəm ki, sənət şəxsiyyətin ölçüsü deyil. Yəni sənətlə şəxsiyyəti ölçmək olmaz. Əliağa Vahidin, Səttar Bəhlulzadənin həyatı pis keçib. Hüseynin də eləcə. Mənə elə gəlir ki, düzgün deyil, sənət nümayəndələrini konkret ittiham edəsən. Ona qalsa, hər bir sənətdə, hər bir ailədə mənfi göstəricisi olan şəxs ola bilər. Amma bir –iki nəfərə görə bütün ailəni ittiham etmək olmaz. Bizim neçə -neçə gənclərimiz var ki, sağlam həyat tərzi keçirirlər. Və burda tək-tək şəxslərə də bu ittihamları irəli sürməyək. Əgər belə qəbahət işləri varsa, əksinə, yanında olaq, köməklik göstərək ki, yenidən həyata qayıda bilib, cəmiyyətə qoşulsun.

-Elə sizə qarşı da “Narkodünya” repindən sonra bu cür ittihamlar irəli sürüldü.

-“Narkodünya” repinin ideyasını yaxın qardaşlar, dostlar vermişdilər. Mahnı sadəcə, bir problem kimi ortaya çıxmışdı, şübhəsiz ki, azad dövrə gələndə orda həmişə yaxşılarla bərabər qurbanlar da olur. Ümumiyyətlə, həyat bunun üzərində qurulub. Narkotika gənclərin həyatını çox pis şəkildə dağıdıb, çoxlarının həyatına son qoyub, çox ailələri ağlar qoyub. Allah heç kimə göstərməsin.

-Repin bundan sonrası taleyi necə olacaq?

-Hesab edirəm ki, 2010-cu ildən Azərbaycanda çox güclü gənclər dalğası başlayıb. Sadəcə, efirlərə çıxa bilmirlər. İnanın, içərimizdəki repçilərin 80-90 faizi kasıb gənclərdir. Efirlər daha çox kommersiya hesabları ilə işlədiyi üçün gənclərin yetişməsi üçün xüsusi verilişlər yoxdur. Amma həmin gənclərə dəstək olmaq lazımdır ki, onlar küçələrdən yığışsınlar.

Bu gün repçilərin özünün klubunun olmaması bizi gecə klublarında konsertlər verməyə, səsyazma studiyalarında sadəcə, çay süfrəsi arxasında yığışıb diskussiya etməyə sövq edir. Efirlərə çıxa bilməyən gənclər daha çox internet vasitəsilə paylaşmalar edirlər. İnanıram ki, məlum hadisələrdən sonra repə diqqət daha çox olacaq, istedadlı gənclərimizə yollar açılacaq.

-Gənclər gəlir, amma nədənsə illərlə bu sənəti yaşadan insanlar repdən uzaqlaşır. Bunu Elşad Xosenin, Miri Yusifin timsalında görə bilərik.

- Görsək ki, yeni gənclər gəlir, bu bizi sevindirəcək. Rep həyatımın bir hissəsinə çevrilib. Mən gənc dostlarımın arasındayam. Yeni bir rep ailəsi yaratmaq fikrimiz var. Gələcək üçün kiçik filmlər, kliplər də çəkməyi düşünürük. Televiziyalarımız bizə köməklik göstərsələr, çox sevinərik.

1937.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm