Qəhrəmanlıq tarixi yazan Qazi! ATATÜRK!
Bizi izləyin

Qırmızı.az

Qəhrəmanlıq tarixi yazan Qazi! ATATÜRK!

(Millət vəkili Qənirə Paşayevanın "Dünyanın itirdiyi Böyük İnsan"kitabından. Canaqqala zəfərimizin 99-cu ildönümündə qəhrəmanlıq dastanı yazan Türk Dünyanın qəhrəman oğlu Mustafa Kamal Atatürk və silahdaşlarına ithaf olunur. Özəliklə gənclərimizi oxumağa dəvət edirik)

“Mustafa Kamal Atatürk bütün dünyaya sübut etmişdir ki, müsəlman ölkəsində, əsrlər boyu dinin təsiri altında dini dövlət kimi yaşayan bir ölkədə cümhuriyyət, layiq cümhuriyyət qurmaq, demokratik yolla getmək olar. O, dünyanın bəşəri dəyərlərindən istifadə edərək, xalqının mənəvi dəyərlərini bunlarla birləşdirərək, öz xalqını daha da yüksəklərə qaldırmışdır". (Heydər Əliyev)

“Türk xalqının içindən çıxaraq Osmanlı imperatorluğunun dağıntılarının, külünün yerində yeni bir çağdaş dövlət” yaratdı.

O, “NƏ MUTLU TÜRKÜM DEYƏNƏ” - dedi, türk millətinin ruhunun ətalətdən qurtulub yüksəlməsində misilsiz və əvəzolunmaz xidmətlərin müəllifi oldu. Türkiyə Cümhuriyyətinin qurucusu olan bu böyük dahi ATATÜRK idi... Mən isə deyirəm ki, nə mutlu Atatürkü sevənə!

“Nə mutlu türküm deyənə” şüarı ilə bütün dünyadakı türkləri öz kimliyi ilə qürur duymağa, mübarizəyə, birliyə çağırırdı dahi Atatürk!

O, deyirdi: “TARİX YAZMAQ, TARİX YARATMAQ QƏDƏR ÖNƏMLİDİR”. ATATÜRK yeni TARİX yaratdı və yeni TARİX yazdı. O, türk millətinin ən şanlı səhifələrindən birinin TARİXini yaratdı. Həm də bütün dünyanı bu TARİXlə hesablaşmağa məcbur etdi…

Onun haqqında çox deyilib, çox yazılıb. Türk xalqının onu sevməsi, onun haqqında ən gözəl sözlər deməsi təbiidir. O, yox olmaq təhlükəsi ilə üz-üzə qalan qosqoca bir məmləkəti xarabalıqlar içindən qaldırıb, möhtəşəm bir dövlət qurdu, türk millətinin xilaskarına çevrildi. Tanrı onu türk millətini xilas etmək üçün göndərmişdi.

“Tanrı bir topluma yardım etmək, kömək göstərmək istəyəndə, o toplumun başına Mustafa Kamal Paşa kimi bir lider gətirir…”

30 avqust 1922-ci il zəfərindən sonra əcnəbi bir şair, öz hisslərini belə ifadə etmişdi: “Tanrı bir topluma yardım etmək, kömək göstərmək istəyəndə, o toplumun başına Mustafa Kamal Paşa kimi bir lider gətirir…”

Bu, danılmaz bir gerçəkdir. Dahi Atatürk türk millətinin ən çətin günlərində Tanrının göndərdiyi xilaskar oldu! Böyük Atatürkün türk millətinə misilsiz xidmətlərini sadalamaqla bitməz. O, Türkiyə Cümhuriyyətinin qurucusu olaraq, adını türk millətinin tarixinə qızıl hərflərlə yazmış əvəzedilməz bir liderdir. Bu günkü Türkiyə Cümhuriyyəti öz varlığını Atatürk və onun milyonlarla silahdaşına borcludur.

Unutmamalıyıq ki Atatürk:

35 yaşında general,

40 yaşında ali baş komandan olan,

42 yaşında cümhuriyyəti quran,

44 yaşında şapka və qiyafət inqilabını həyata keçirən,

46 yaşında “Nitq”ini yazan,

47 yaşında türk əlifbasını tətbiq edən bir GƏNCDİR.

Onu digər liderlərdən fərqləndirən ən mühim cəhəti, yalnız ölkəsini xilas etməsi deyil, həm də xilas etdiyi torpaqlar üzərindəki bütün varlıqların məsuliyyətini də öz çiyinlərində hiss etməsidir.

Amerikalı tarixçi və psixiatr professor Arnold Lüdviq 18 illik bir tədqiqat nəticəsində 11 müxtəlif kategoriyada əldə etdiyi məlumatlara əsasən, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün XX əsrin ən böyük lideri olduğunu açıqlayıb. Professorun verdiyi məlumata görə, onun araşdırmasının meyarları “yoxdan ölkə yaratmaq, əraziləri genişləndirmək, hakimiyyətdə qalma müddəti, hərbi müvəffəqiyyətlər, sosial planlama gücü, iqtisadi müvəffəqiyyətlər, dövlət xadimliyi, ideologiya müəllifi olmaq, əxlaqi baxımdan nümunə olmaq, siyasi miras və ölkə əhalisinin sayı” maddələrindən ibarət olub. Qiymətləndirmə, 199 ölkədə hakimiyyət başına keçmiş olan 1941 lider arasından seçilən və bəşəriyyət tarixində iz qoymuş 377 lider arasında aparılıb.

Atatürk, ona rəqib olmuş insanların, dövlət xadimlərinin çox yüksək qiymətləndirdiyi nadir şəxsiyyətlərdən biridir. Hətta hərb meydanında ona rəqib, düşmən olmuş insanlar da, bu böyük şəxsiyyətin dühası barədə qibtə hissi ilə danışırdı. Mən bu yazımda daha çox əcnəbilərin Atatürk barədə söylədiyi fikirlər üzərində dayanacağam. Əgər yabançılar bu şəxsiyyətin dühası önündə baş əyirsə, qürur duyursa, biz ikiqat qürur duymalıyıq.

1922-ci ildə Türk ordusunun zəfəri nəticəsində, Anadoluda apardıqı siyasəti iflasa uğrayan İngiltərənin baş naziri David Lloyd, ölkəsinin parlamentində üzləşdiyi ittiham və tənqidlərə görün nə cavab verir: “Dostlar, yüzillər nadir hallarda dahi yetişdirir. Bu talesizliyimizə baxın ki, o böyük dahi çağımızda türk millətinə nəsib oldu. Mustafa Kamalın dahiliyi qarşısında əldən nə gəlirdi ki…. İnsan qürur duyur… Atatürk dünyanın bu gün əsas gücləri olan qüvvələrin demək olar ki, hamısı ilə eyni zamanda üz-üzə gəldi. Turkiyə torpaqlarının bütün istiqamətlərində türk torpaqlarına göz dikənlər, Türkiyəni məhv etmək istəyənlər, param-parça bölmək arzusunda olanlarla Atatürk və silahdaşları savaşdı və bütün dünyaya Türk millətinin gücünü, əzmini, iradəsini, onu yıxmağın mümkünsüzlüyünü göstərdi…”

O, əsl lider idi, milyonlarla türk insanı onun arxasınca ölümə getməyə hazır idi və torpağı, milləti uğrunda gedirdi. 1918-ci ildə Çanaqqala savaşı zamanı söylədiyi “Mən sizə hücuma keçməyi yox, ölməyi əmr edirəm!” ifadəsi ilə hərb tarixinin ən böyük zəfərlərdən birinə imza atdı… İngilis yazıçısı Alan Moorehead yazır: “O, gənc və dahi türk liderin həmin zaman Çanaqqalada olması müttəfiqlər üçün taleyin ən ağır zərbələrindən biridir”.

1921-ci ildə Sakarya müharibəsi zamanı “Xətti-müdafiə yoxdur, səthi-müdafiə vardır (“Müdaifə xətti yox, müdafiə səthi var” – Q.P.). O səth bütün vətəndir” dedi və hərb tarixinə yeni bir məhvum gətirdi…

O, yalnız böyük komandan yox, həm də azman bir fikir adamı idi. Onun müxtəlif illərdə söylədiyi fikirlər həmişəyaşar aforizmlərə, türk millətinin ideoloji silahına çevrildi.

“Ordular! İlk hədəfiniz Aralıq dənizidir, irəli!” (Başkomandan meydan müharibəsi, 1922)

“Ölkədə sülh, dünyada sülh!” (Ankara, 1931)

“Türkəm deyən nə bəxtiyardır!” (Ankara, 29 oktyabr 1933)

“Hakimiyyət qeydsiz-şərtsiz millətə məxsusdur!” (Ankara, 1923)

“Həyatta ən doğru mürşid elmdir.” (Samsun, 23 sentyabr 1924)

“Cümhuriyyət fəzilətdir.” (Ankara, 1925)

“Bir ordunun qiymətini müəyyənləşdirən şey, zabit və komandir heyətinin qiymətidir”. (Kütahya, 1923)

Bu sadə, lakin mahiyyətcə böyük enerji daşıyıcısı olan fikirlər olmasaydı, İstiqlal savaşı bu qədər coşğun olardımı?

1921-ci ildə Yeni Türk dövləti ilə Ankara müqaviləsinin imzalanması səbəbindən “Bizi arxadan vurdu, dağ başındakı haydutlarla, Mustafa Kamallarla anlaşdı” deyənlərə Fransa baş naziri Briandın ölkəsinin parlamentində verdiyi cavab belə olmuşdu: “Dağ başındakı haydutlar deyə adlandırdığınız qəhrəman Mustafa Kamal və onun bütün əsgərləri burda olsaydılar, bir-bir hamısına heykəl qoyardıq”. Bu etiraflar insanda sözün həqiqi mənasında qürur doğurur.

Suriyanın “Əlifba” qəzeti yazırdı: “Vətənini mütləq bir parçalanmadan qurtararaq dövlət gəmisini güvənilir bir limana götürdükdən sonra millətindən bir taxt istəmədi. O, sözün bütün anlamı ilə bir insan, əvəzssiz bir dahi, qəhrəman bir hərbçi və siyasət adamı idi…”

Azərbaycanın milli lideri Heydər Əliyev deyirdi: "Şəxsən mən hesab edirəm ki, Mustafa Kamal Atatürkün türk xalq qarşısında xidmətləri əvəzsizdir. Yəni o qədər böyükdür ki, ona qiymət vermək çətindir. Amma bunların içərisində onun iki böyük xidməti var. Birincisi, Türkiyə Cümhuriyyətinin yaranması; ikincisi, türk ordusunun yaranmasıdır".

"Türkiyə ordusu güclü ordudur. Bunu Mustafa Kamal Atatürk yaradıbdır. Mən bu gün böyük məmnuniyyət hissi ilə demək istəyirəm ki, türk ordusu, türk əsgəri Mustafa Kamal Atatürkün ideyalarına, onun vəsiyyətinə, yoluna daim sadiq olmuşdur".

1938-ci il; Amerikalı general Mak Artur ən çətin, ən mürəkkəb və ən böhranlı anında birdən-birə çox sıxılaraq, ətrafındakı 120-dən artıq adama müraciətlə belə demişdi: “Hal-hazırda heç birinizi yox, öz böyük istedadı ilə Mustafa Kamalı yanımda görmək üçün nələrdən keçərdim!” Belə bir həsrətlə yad edilən Mustafa Kamalı…

1938-ci il, 10 noyabr… İstanbul Universitetinin hüquq fakültəsinin alman professoru həmin gün hər kəsi ağrıdan acı xəbəri eşidir və dərsə girib-girməməkdə tərəddüd edir. Rektorun yanına gedir və professorla rektor arasında belə bir dialoq yaşanır:

- Bu vəziyyətdə necə hərəkət eləmək lazım olduğunu bilmirəm.

- Sizdə belə böyük bir dövlət xadimi öləndə necə edirlərsə, elə edin.

- Bizdə bu qədər böyük bir dövlət xadimi ölməyib axı…

Dünyada qibtə hissini yaradan Mustafa Kamal…

Fransalı professor Maurise Beaumont yazırdı: “Əski Osmanlı imperatorluğu bir xəyal kimi ortadan silinərkən, milli bir Türk Dövlətinin quruluşu bu çağın ən şaşırtıcı uğurlarından biridir. Mustafa Kamal böyük bir əsər qoymuşdur. Atatürkün parlaq uğuru bütün sömürgələr(müstəmləkələr) üçün bir örnək olmuşdur”.

1971-ci il. Türkiyədən 15 min kilometr uzaqda, Karib dənizi ilə Atlantik okeanı arasında yerləşən Haitinin prezidenti vəfat edir. Prezident bir vəsiyyət məktubu qoyub. Məktub açılır, içindən məzar daşına yazılmasını vəsiyyət etdiyi mətn çıxır. Bu gün, Haiti prezidentinin məzar daşında yer alan o mətn belədir: “Həyatım boyu özümə Türkiyənin öndəri Mustafa Kamal Atatürkü nümunə götürərək yaşadığım üçün çox bəxtiyaram”.

Atatürk, hələ məktəb illərindən etibarən ölkəsinin problemləriylə maraqlanmağa başlamışdı. O, kəskin zəkası ilə ölkəsində və dünyada yaşanan dəyişikliklərin toplumların gələcəyinə hansı şəkildə təsir edəcəyini və onları nələrin gözlədiyini sezmişdi. Bu sezgisiylə o, gələcək üçün planlarını tərtib edə bilmişdi. Bu planlar, o dövrün şərtləri daxilində çoxları tərəfindən həyata keçirilməsi mümkün olmayan xəyallar kimi qiymətləndirilsə də, Atatürk üfüqlərin arxasına uzanan yolunda qətiyyən geri addım atmadı. Bu yolun sayəsində müasir Türkiyə xəyal olmaqdan çıxaraq, həqiqətə çevrildi.

Hərb Akademiyasında ikən Atatürkdən, bir düşmən hücumuna qarşı plan hazırlamaq tələb olunmuşdu. Xəritənin qarşısına keçərək, İzmirə çıxan bir düşmən ordusunu necə dənizə tökəcəyini illər öncəsindən izah etmişdi.

Tayı-bərabəri olmayan əvəzolunmaz lider və belə bir liderə sahib olan böyük millət… Bir də görürsünüz ki, Atatürk məktəb lövhəsinin qabağında yeni əlifbanı öyrətməkdədir. Eyni zamanda, dəmir yolu şəbəkəsinin genişlədilməsi üçün çarələr axtarmaqdadır. Dünyada ilk dəfə tətbiq edilən bir metodla, bir çinar ağacını kəsilməkdən xilas edir. Türkiyə tarixində ilk rəsm qalereyasını, heykəl muzeyini, konservatoriyanı açır. Baş rejissor Cəzmi Ar ilə birlikdə İstiqlal savaşı haqqında bir film layihəsi üzərində işləyir və filmdə rol alaraq, kino sənətinə dəstək verir. Evi ilə uşaqlarının arasında sıxılaraq geri qalmış türk qadınına sosial-iqtisadi hüquqlarını qazandıraraq, ona cəmiyyətdə layiq olduğu yeri göstərir. Şapka qoymaqla, şəxsən özü bir “Həndəsə” kitabı qələmə almaqla, lisey kitablarının İslam tarixi bölümünü yazır. Toprağın altında yatan bir çox mədəniyyətə aid tarixi sərvətlərin arxeoloji qazıntılarla aşkara çıxarılması işinə rəhbərlik edir, isti bulaqlar üzərində komplekslər tikdirir, nümunəvi bir təsərrüfat meydana gətirir, səhiyyə, idman, iqtisadiyyatla bağlı tənzimləmələri həyata keçirir, konqreslər və yarışlar tərtib edir. Ən maraqlısı budur ki, bütün işlərə şəxsən özü nəzarət etməklə, 10 il kimi qısa bir müddətdə hamısını müvəffəqiyyətlə nəticələndirir. Eyni zamanda, dövləti də idarə edir.

Mustafa Kamal, bütün bunların öhdəsindən necə gəldiyini belə açıqlamışdır: “Uşaqlıqda əlimə keçən hər iki quruşdan birini kitablara verməsəydim, hal-hazırda etdiklərimin heç birini edə bilməzdim”.

Kaş ki, onun bu sözünü uşaqlarımızın beyninə yeridə biləydik…

Artıq Atatürkü anmaq yox, anlamaq vaxtıdır. Çünkü Atatürkü anlamaq və sevmək üçün onu sözdə yox, özdə, həqiqətdə tanımaq lazımdır. Gənc nəsillər Atatürkü, onun günümüzdə də bu qədər canlı olmasının əsas səbəbini təşkil edən insani cəhətləriylə tanımalı və sevməlidir. Sevgiləri, istəkləri, həsrətləri və hissləriylə birlikdə tanımalıdır… Yalnız bütün bunları öyrənib bildikdən sonra onun duyğularını anlamaq, onun fikirlərini başa düşmək və ən vacibi - onun başladığı işləri davam etdirmək mümkündür. O, türk insanını cahil dindarların təsirindən uzaqlaşmağa, elmə, təsilə, inkişafa, layiq olduğu yerə səslədi. Bunun üçün əlindən gələni etdi. O, əsil inqilab etdi və qısa zaman ərzində elm, təhsil, inkişafdakı uğurlar biri-birini əvəz etdi….

“Hər birinizi bir qığılcım olaraq göndərirəm, hər biriniz bir alov olaraq qayıtmalısınız. İmza: Mustafa Kamal.”

O, millətin və dövlətin güclü gələcəyini gənclikdə görürdü. O, qığılcımları alova çevirməyi bacaran dahi bir lider idi!

1923-cü il. Türkiyənin təzədən inşa edildiyi və Atatürkün ən məşğul olduğu günlər. Sadi İrmaqın bir xatirəsi: “1923-cü ildə, İstanbul Universitetinin tələbəsi olduğum zaman bir elan gördük. Avropaya tələbə göndəriləcəkdi. Heyrət elədik. Lozanna müqaviləsi bağlanıb, amma hələ təsdiq edilməyib; məmləkətin hər tərəfi qarışıqlıq və xarabalıqlar içində… Birinci Dünya müharibəsinin yıxıntıları davam edir. O şəraitdə çox lüks görünən bir şey idi Avropaya tələbə göndərmək… Bəxtimizi sınayaq, dedik. 150 nəfərin içindən 11 nəfər seçildik. Atatürk mənim adımın qarşısına “Berlin Universitetinə getsin” yazıbmış. Yola düşəcəyik. Qatara minmək üçün “Sirkəci” vağzalına getdim. Fəqət gedimmi-getməyimmi deyə həyəcan keçirirəm. Görəsən düz hərəkət edirəmmi? Tərəddüd içindəyəm. Tam o anda bir poçt işçisi “Mahmud Sadi, Mahmud Sadi” deyə qışqırır. Mənə bir teleqram var imiş. Açdım, eynilə bu sözlər yazılmışdı: “Hər birinizi bir qığılcım olaraq göndərirəm, hər biriniz bir alov olaraq qayıtmalısınız. İmza: Mustafa Kamal.”

Düşünün: yeni bir dövlətin qurulduğu o qarışıq zamanda, qərarnamələrini imzaladığı 11 tələbənin ağlına harada, nə fikir gələ biləcəyini hiss edən və bunun üçün tədbir görən, teleqram vuraraq onları ürəkləndirən, mütəmadiyən izləmə və nəzarət metodunu hər zaman işə salan bir insan, bir lider…

Maraqlıdır ki, hətta Cümhuriyyət savaşında Atatürk qarşısanda yenilən bir ölkənin, Fransanın mətbuatı belə onun böyüklüyünü etiraf etirdi. Əsrləri aşan adam adlandırırdılar onu. Bu ölkənin “Noelle” qəzeti yazırdı: “İnsanlığın bütün dəyərləri onda özünü həmin dəqiqə göstərir”.

“Le Jour-Echo de Paris” onu dünyanın, çağdaş zamanın ən böyük kişilərindən biri adlandırırdı.

“Excelsior” qəzeti isə onu çox böyük bir adam, bir siyasi dahi adlandırırdı. Berthe georges Gaulis isə haqlı olaraq yazırdı: “Deyiləbilər ki, onsuz islam aləmi yolunu tapmaq üçün 50 il daha gözləyəcəkdi”.

Fransız jurnalisti Pierre Dominiquenin Atatürk haqqında yazdıqları isə bu dahi insanın əvəzolunmaz xidmətlərini daha yaxşı anlamağa imkani verir: “Bu günün Türkləri yüzillər əvvəl Avropanı titrədən canlı millət vəziyyətinə çatmışdır. Və bu axşam o böyük ölünün başında gözləyən Türkiyə, güclü və dipdiri Türkiyədir”.

Fransa prezidenti Albert Lebrun isə deyirdi: “Ağıllı və barışçı yöntəmlərlə gerçəkləşdirdiyi əsəri xalqların tarixində izlərini buraxacaqdır”.

Bunları ona görə qeyd edirəm ki, bütün dünyanın türk dünyasının bu dahi oğluna nə qədər böyük heyranlıq və qibtə ilə baxdığını göstərim. “Noell Roger” qəzetinin yazdığı ifadələri isə türklərin heç zaman unutmaması lazımdır. Qəzet yazırdı: “Atatürkün yurd xilasedicisi olduğunu, millətlərin ən vəfalısı olan türklər əsla unutmayacaqlar”.

Türk millətinin tək Atatürkü deyil, onun düşüncə və amallarını da unutmaması gərək.

Fransanın keçmiş baş naziri Edouard Herriot 1933-cü ildə deyirdi: “Paşa, sizə necə heyran olmayım? Mən Fransada layiq bir hökumət qurmuşdum. Bu hökuməti Papanın Parisdəki təmsilçisinin yardımı ilə ruhanilər devirdi. Siz isə bir Xəlifəni qovdunuz və həqiqi mənada layiq bir dövlət qurdunuz. Siz, bu taassub içərisində layiqliyi bu topluma necə qəbul etdirdiniz? Dühanızın böyük əsəri layiq bir Türkiyə yaratmaq olmuşdur”.

O, qurucusu olduğu Türkiyə Cümhuriyyətində türk qadınına azadlıq, seçib-seçilmək haqqı verdi!

Atatürk, özünü millətinin xadimi olaraq görən, millətinə aşiq olan nadir insanlardan idi. O, millətinin ağrı-acısını və çətinliklərini ürəyində hiss edən, bu çətinlikləri dəf etmək üçün daim mübarizə aparan, ən böyük xoşbəxtliyi insanların üzündəki təbəssümdə görən, türk və Türkiyə aşiqi bir insan idi.

1916-cı ilin noyabrı. Atatürk Şərq cəbhəsində 16-cı korpusun komandanlığına təyin edilmiş və cəbhəni darmadağın olmaqdan qurtarmışdı. Günlər boyu davam edən döyüşlərdən sonra bir neçə saat istirahət etmək imkanı yaranan kimi, qərargah rəisi İzzət Çalışlara aşağıdakı qeydlləri yazdırmışdı: “Güclü və həyata vaqif olan analar yetişdirmək və qadınlara azadlıq vermək məqsədilə, qadınlarla ümumi işbirliyi təmin ediləcək və onların maarifləndirilməsi məsələsinin üzərində ciddi surətdə dayanılacaqdır.”

Burada tarix çox mühümdür: 1916-cı ildə türk qadınının sadəcə adı, şəxsiyyəti deyil, heç bir şeyi yoxdur; hətta küçəyə çıxmaq hüququ belə yoxdur. Bəs müharibənin ən şiddətli vaxtında Mustafa Kamalın türk qadınını fikirləşməsinin səbəbi nə idi?

Atatürk bu müharibədə Ayşə Xatunu tanımışdı. Ayşə Xatun qucağında 8 aylıq körpəsi ilə cəbhəyə çiynində mərmi daşıyırdı. Yaxından düşmən əsgərləri keçərkən, uşaq ağlamağa başlayır. Düşmən əsgərlərinin onları gördüyü təqdirdə, onsuz da çox məhdud olan sursatı cəbhəyə çatdıra bilməyəcəyindən qorxan Ayşə Xatun, səsi eşidilməsin deyə uşağı sinəsinə möhkəm-möhkəm sıxır. Düşmənlər uzaqlaşdıqdan sonra uşağı sinəsindən götürəndə, onu öz əlləri ilə şəhid etdiyini görür. Uşağı yerə qoyub üstünü bayraqla örtür və belə deyir: “Sən yüzlərlə, minlərlə il sonra doğulacaq türk uşaqları uğrunda şəhid oldun. Bu mənim üçün bir şərəfdir. Yetər ki, vətən sağ olsun.”

Türk qadını, bütün hüquqlardan məhrum olduğu halda, övladlarını cəbhəyə göndərməklə kifayətlənməyərək, türk millətinin azadlıq və istiqlal mübarizəsində kişilərlə birlikdə yer almışdı. Dünyada heç bir millətin qadınlarının, öz millətinin xilasında türk qadınları qədər böyük bir pay sahibi olmadığını dilə gətirən Atatürk, türk xalqının müasirləşmə mübarizəsində də qadınlarla kişilərin əl-ələ, çiyin-çiyinə olmasını istəmişdi. O, bu arzularının əməllərdə daha da genişlənməsinin türk milləti və Türkiyə üçün yeganə və alternativsiz yol kimi görürdü… O, mənəvi qızını Türkiyənin ilk pilot qadını kimi yetişdirəndə də qadınların zəif olması və s. istiqamətdə toplumda qadınla bağlı yaradılan bir çox mənfi stereotipləri darmadağın etdi. O, göstərdi ki, türk qadını zəif deyil, cəmiyyətin bütün sahələrində kişilərlə çiyin-çiyinə çalışmaq gücündədir, çalışmalıdır və cəmiyyətin bütün sahələrində onun fəallığının artması millətin gələcəyi üçün ən önəmli məsələdir.

O, qısa ömrü ərzində gördüyü heyrətamiz və böyük işləri ilə bütün dünyanı özünə heyran qoydu. Dünya tarixində böyük iz qoymuş ABŞ-ı prezidenti Franklin Ruzveltin Atatürk haqqında fikirləri insanda böyük qürur doğurur. Ruzvelt deyirdi: “Mənim üzüntüm, bu adamla tanış olmaq üçün hədsiz arzumun gerçəkləşməsinə artıq imkan qalmamış olmasıdır. Sovet Rusiyasının Xarici İşlər naziri Litvinovla görüşən zaman ondan bütün Avropanın ən qiymətli və ən çox diqqət çəkən dövlət adamının kim olduğuna dair fikrini soruşdum. Mənə Avropanın ən qiymətli dövlət adamının Türkiyə prezidenti Müstafa Kamal olduğunu söylədi…” Litvinov haqlı idi, çünki Atatürk insanların olmaz dediklərini reallığa çevirdi…

Millətlər Cəmiyyəti sadəcə Türkiyəni dəvət edə bilmək üçün öz qanunlarını dəyişdirir və dəvət edilən ilk ölkə Türkiyə olur.

Bir ingilis jurnalisti Atatürkdən müsahibə götürür. Müsahibəsinin bir yerində Mustafa Kamaldan soruşur: “Millətlər Cəmiyyətinə üzv olacaqsınızmı?” Mustafa Kamalın cavabı belə olur: “Şərtlərimizi bildirərik. Görək qəbul edəcəklərmi? Biz üzv olmaq üçün müraciət etməyəcəyik, onlar dəvət etsələr, fikirləşərik.” Millətlər Cəmiyyəti sadəcə Türkiyəni dəvət edə bilmək üçün öz qanunlarını dəyişdirir və dəvət edilən ilk ölkə Türkiyə olur.

İngilis generalı Charles Tovnssend 1922-ci ildə deyirdi: “Mən indiyə qədər 15 hökmdar və prezident ilə rəsmi və şəxsi söhbətlər etmişəm. Bu gecəki qədər əzildiyimi xatırlamıram. Müstafa Kamalın böyük ruh qüvvətinin əsrarı var”.

Cümhuriyyət savaşında yunanları məğlub edən Atatürkün böyüklüyünü hətta rəqiblər, düşmənlərin belə etiraf etməsi onun böyüklüyünü göstərən amillərdən biridir. Yunanıstanın baş naziri Elefterios Venizelos deyirdi: “Bir millətin həyatında bu qədər qısa zamanda bu qədər köklü dəyişikliklər çox nadir gerçəkləşir. Bu fövqəladə işləri görən Mustafa Kamal, heç şübhəsiz, sözün tam mənası ilə böyük adam niteliyinə hak qazanmışdır. Və bundan dolayı Türkiyə öyünə bilər”.

Bəli, Türkiyə onunla daim öyünməlidir. O, qısa ömrü ərzində milləti və dövlətinin gələcəyi üçün nə qədər önəmli və böyük inqilablar etmişdi.

O, Əlifba inqilabı etdi!

Əlifba inqilabının bir anda həyata keçirilmədiyi aşkardır. 1915-ci ilin avqustunda, Anafartaların ən şiddətli günlərində, Atatürkün yeni türk əlifbasının necə olması gərəkdiyi üzərində işlədiyi sübutlarla məlumdur. İmkan tapan kimi fransız türkoloq Deny və macar türkoloq Nemetin qrammatika kitablarını gözdən keçirirdi. Vaxtı gələndə, 6 ay kimi qısa bir müddətdə əlifba inqilabını həyata keçirərək, türk toplumunda dəyişiklik etmişdir. Azərbaycan Prezidenti dil quruculuğu sahəsində Atatürkün həqiqətən tarixi xidmətlərini göstərmişdir. Heydər Əliyev deyirdi: “Türkiyədə türk dilinin inkişaf etdirilməsi böyük Atatürkün adı ilə bağlıdır. Bugünkü türk dilinin yaranması böyük Atatürkün xidmətləridir...”

1978-ci il. Atatürkün 100 illik yubileyinin YUNESKO-nun üzvü olan 152 ölkədə eyni anda keçirilməsi təklifi müzakirə edilərkən, İsveç nümayəndəsi ayağa qalxaraq, etiraz edir: “Necə yəni? Dünyada nə qədər dövlət xadimi var, hamısının yubileyini qeyd eləməliyik məgər?” Bu kinayəli sual qarşısında Rusiyanın nümayəndəsi yerindən dik atılaraq, yumruğunu masaya vurur və 152 ölkənin təmsilçisinə belə deyir: “Gənc nümayəndə dostların yadına salmaq istəyirəm ki, Atatürk sadəcə böyük bir dövlət xadimi deyildir. Atatürk, bu çağa öz möhürünü vuran insandır. Yaxşı olardı ki, onu yad etməklə qalmayaq, həm də onun əməllərindən özümüz üçün nümunə götürək.”

Bəs sonra? Təklifin imzaya açıldığı gün İsveç nümayəndəsi mikrofona yaxınlaşaraq, belə deyir: “Mən Atatürkü araşdırdım. Bütün ölkələrin nümayəndələrindən üzr istəyərək, ilk imzanı özüm atıram.”

Bu, YUNESKO-nun tarixində ilk və tək belə hadisədir. Təklifin əleyhinə səs verən və ya bitərəf qalan heç bir ölkə olmadı. 152 ölkənin nümayəndəsi bizim üçün bir qürur, sevinc və iftixar qaynağı olan bu mətni imzalamışdı: “Atatürk kimdir? Atatürk, beynəlxalq tolerantlıq, sülh və əməkdaşlıq uğrunda çalışan ali insan, fövqəladə inqilablar həyata keçirmiş bir inqilabçı, istilaçılıq və müstəmləkəçiliyə qarşı mübarizə aparan ilk liderdir. İnsan hüquqlarına hörmətlə yanaşan, ümumdünya sülhünün öncüsü, həyatı boyu insanlar arasında rəng, dil, din, irq fərqi qoymayan tayı-bərabəri olmayan bir dövlət xadimidir. Türkiyə Cümhuriyyətinin qurucusudur”.

Bəli, 152 ölkənin imzaladığı bu həqiqətləri dedirdən Qazi Mustafa Kamal Atatürkdür. Bütün Türk dünyasının qüruru olan böyük Atatürk!

29 oktyabrlar, 10 noyabrlar artıq onun prinsiplərini, inqilablarını, İstiqlal savaşı və sivilizasiya mübarizəsi yolundakı tövsiyələrini, əhəmiyyətini, niyələrini, nə üçünlərini müzakirə edərək, açıqlayaraq, düşünərək, mənimsəyərək, anlayaraq, tətbiq edərək öyrətməli olduğumuz, sevdirməli olduğumuz tarixlərə çevrilməlidir.

İnanırıq ki, Türkiyənin xilasını və yüksəlməsini başqa ölkələrin liderlərində və ya sistemlərində axtarmaq qəflətinə düşənlərə ən yaxşı cavabı atatürkçülüyün keçmişdə yaşanmış parlaq bir hadisə deyil, bügünkü və sabahkı problemlərin hamısının həllinə kömək edəcək aktual, mötəbər və yol göstərici bir sistem olduğunu izah edərək verilə bilər.

71 il əvvəl aramızdan gedən Atatürk, hansı cəhəti ilə ələ alınırsa alınsın, yaşadığı çağa damğasını vurmuş və tarixin unudulmazları arasındakı mötəbər yerini tutmuşdur. Varlığını yalnız düşüncələri və sözləri ilə deyil, özündən sonra qoyduğu əsərləriylə də isbat etmişdir. Atatürkün “ən böyük əsərim” dediyi Cümhuriyyət inqilabı ilə ümmət toplumundan dünyəvi-milli dövlətə keçilərkən, etnik və dini fərqlərə bağlı olmayan, fəqət dil, mədəniyyət və ideal birliyi kimi ortaq məxrəclərdə birləşən siyasi, hüquqi və sosial bir birlik əldə edilmişdir.

Milli dövlətin var olması və daha da güclənməsi, bu ortaq məxrəclərin hər kəs tərəfindən səmimi bir şəkildə mənimsənməsi və qəbul edilməsi ilə mümkündür.

Ölkə, millət, hakimiyyət ünsürləri, qanunvericilik, icra və mühakimə orqanları baxımından vahid unitar dövlət; ədalət prinsipinin qorunmasının, bölgəçiliyə və irqçiliyə yol verilməməsinin və azlıqlar yaradılmamasının qarantiyasıdır.

Dünyəvilik prinsipi Türkiyə Cümhuriyyətini meydana gətirən bütün dəyərlərin təməlidir. Türkiyənin var olma fəlsəfəsidir. Konstitusiyalı rejimin əsasıdır.

Demokratiyanın bərqərar olması və yaşadılması, yalnızca dövlət və toplum nizamının ağıla və elmə istinad etməsi şəklində ifadə edilə biləcək dünyəvilik prinsipi sayəsində mümkündür.

Bu gün hər qarışı şəhid qanı ilə sulanmış müqəddəs Türkiyə torpağında, insanlar hür, müstəqil, şərəfli və azad yaşaya bilirsə, bunu İstiqlal savaşında canları bahasına qələbə qazananlara və onların dahi komandanı Atatürkə borclu olduğunu əsla unutmamalıdır. Onu nüfuzdan salmağa və qurduğu cümhuriyyəti degenerasiyaya uğratmağa çalışanlar belə, təməlləri onun tərəfindən atılan sərbəstlik ab-havasından istifadə etməkdədirlər. Uğrunda milyonlarla insanın ölümə göndərildiyi ideologiyalar tarixin dərinliklərində batarkən, əqli və elmi bir yanaşmanı əsas götürən Atatürkçü Düşüncə Sistemi dimdik ayaq üstündədir.

Unutmayaq ki, cümhuriyyətin, inqilabların, Türkiyənin varlığının və gələcəyinin qorunmasının yeganə yolu Atatürkçü Düşüncə Sistemidir.

Ölkənin bölünməz bütövlüyü, davamlılığı və millətin xoşbəxtliyi üçün gənc nəsillərinin üzərinə düşən ən böyük vəzifə, Böyük Atatürkün yadigarlarına sahib çıxaraq, demokratik, dünyəvi və sosial bir hüquq dövləti olan Türkiyə Cümhuriyyətini əbədi olaraq yaşatmaq, qarşılaşılan bütün çətinlikləri birlik və həmrəylik içərisində onun göstərdiyi ağıl və elm yoluyla dəf etmək olmalıdır.

Hətta Adolf Hitler belə Atatürkə heyranlığını açıq şəkildə deyirdi: “Mustafa Kamal, bir millət, bütün vasitələrindən məhrum edilsə belə, kəndini qurtaracak vasıiələri yarada biləcəyini isbat edən adamdır”.

O, həm də bütün insani xüsusiyyətləri ilə bir örnək idi. Atatürk örnəyi….

Atatürk, bu qədər böyük işlər görməsinə baxmayaraq, mövqeyini və şəxsiyyətini, yəni kim olduğunu bəlkə də ən yaxşı bilən bir liderdir.

İstanbul Universitetinin açılış mərasimi keçirilir. Sadə bir salonda stullar, ortada isə Atatürk üçün çox dəbdəbəli və bəzəkli bir kreslo qoyulmuşdur. Atatürk salona professorlarla birgə gəlir. Professorlar, Atatürkü kresloya dəvət etdiyində o, bir kresloya, bir professorlara baxır və: “Mənim sizlərdən öyrənməli olduğum çox şey var; buna görə bu kreslo ancaq sizlərə layiqdir” - deyərək, kreslonun yanındakı stula oturur və ən yaşlı professora kresloya oturmaqda kömək edir. Budur lider olmağın mahiyyəti: HAQQI OLMADIĞINA İNANDIĞI HEÇ BİR KRESLOYA OTURMAYAN BİR İNSAN.

Onun insani keyfiyyətləri onunla qisa bir təmasda olan insanlarda belə heyranlıq yaradırdı. Fransanın “Vu” qəzetinin əməkdaşı George Bennes 1938-ci ildə yazırdı: “Kamal Atatürkün xarakterinin bir hissəsini göstərmək üçün bir xatirəni xatırlamaq istəyirəm. Bizə savaşlardan birini danışırdı. Birdən durdu: “Görürsünüzmü” – dedi, - “bir çox zəfərlər qazandım. Amma bunların ən böyüyündən sonra belə hər axşam, savaş meydanında ölən bütün əsgərləri düşünərək, içimdə dərin bir kədər duydum”.

Cəsarət və zəkasından başqa ürəyi bu qədər böyük və gözəl olan bir liderin ölkəsi üçün möcüzələr yaratmış olmasına şaşılabilirmi?

Atatürkü daha çox bir hərb və dövlət xadimi olaraq tanıyırıq. Halbuki Atatürk, 2008-ci, 2000-ci, 1978-ci, 1971-ci, 1938-ci, 1923-cü illərdə; Haitidən Hindistana, İngiltərədən Avstraliyaya qədər hər qitədə, hər an, dostundan düşməninə qədər hər kəsin qəlbində məhəbbət, minnətdarlıq, güvən və həsrət hisslərini eyni səmimiyyətlə yaşadan, dünya miqyasında böyük bir insandır…

Bu həqiqəti 21 noyabr 1938-ci il tarixində əcnəbi bir jurnalist belə ifadə etmişdi: “Belə dühalar ancaq zahirən ölürlər, həqiqətdə isə millətlərin zehnində dərin və silinməz izlər qoyan əsərləri ilə əbədi olaraq yaşamaqdadırlar. Belə insanlar müəyyən bir zaman və ya müəyyən bir coğrafiya üçün doğulmurlar. Onlar yüzilliklər boyu millətlərin tarixinə hökm edə bilən insanlardır.”

Əfqan kralı Emanullah Xan deyirdi: “O böyük insan yalnız Türkiyə üçün deyil, bütün Şərq millətləri üçün də ən böyük öndərdir”.

Hind Parlamentinin nümayəndəsi Sucheta Krıpalani yazırdı: “Atatürk yalnız türk millətinin deyil, azadlıq, müstəqillik uğrunda savaşan bütün millətlərin öndəriydi. Onun direktivləri altında siz müstəqilliyinizə qovuşdunuz. Biz də o yoldan yürüyərək, müstəqilliyimizə qovuşduq. Hindistanın müstəqillik illərində ilk baş naziri olmuş Cavahirləl Nehru da Atatürk haqqında heyranlıqla danışırdı: “Kamal Atatürk və ya bizim onu o zamanlar tanıdığımız isimlə Kamal Paşa, gənclik günlərimdə mənim qəhrəmanımıydı. Böyük inqilablarını oxuduğum zaman çox duyğulandım. Türkiyənin modernləşmə yolunda Atatürkün girişdiyi böyük çabaları heyranlıqla qarşıladım. Onun dinamizmi, yenilməz və yorulmaq bilməzliyi insanda böyük bir etki yaradır. O, Şərqdə modern çağın qurucularından biridir. Onun ən böyük heyranları arasında olmaqdayam” (1963).

Zatən önəmli olan, bu gün çox sıx rast gəldiyimiz kimi CANLI ÖLÜ olmaq yox, öldükdən sonra belə, bu qədər canlı bir şəkildə YAŞAMAQ deyilmi? Çünki həyat bu dərəcədə doğru və gözəl bir şəkildə yaşanıbsa, ölümün özü də bir həyatdır.

Əsl böyüklük, ondan uzaqlaşdıqca, özümüzü ona daha yaxın hiss etməyimiz deyildirmi? Çünkü böyüklük zamanla məhdudlaşdırılmır. Böyük insanlar həm keçmişin, həm də gələcəyin batmayan günəşləridir.

Bu həqiqəti Belçikanın Ankaradakı səfiri görün nə qədər sadə və gözəl bir şəkildə ifadə etmişdi: “Ankarada olanda daim günəşə baxırdım. Amma günəşi üfüqdə deyil, Çankayada görürdüm. Çünkü əsl günəş, Çankayadakı Atatürk adlı günəş idi.”

Bəs bu canlılığın sirri nədədir? Onun hərb xadimliyi cəhətimi, yoxsa dövlət xadimliyi cəhətimi? Yoxsa, tarixə keçən bu cəhətləriylə birgə, çox da bəhs edilməyən başqa bir cəhətimi? Bəli, onun günümüzdə də canlı olmasının əsl sirri, insani cəhətidir. Atatürk hər ölkədən, hər yaşdan, hər cinsdən, hər rəngdən, hər dindən, hər dildən, hər təbəqədən olan insanların hər zaman məhəbbət və hörmət bəslədiyi, həsrət və qibtəylə yad etdiyi, nümunə götürdüyü BÖYÜK BİR LİDERDİR…

Yəni Atatürk, “ilin adamı” deyil, “çağın adamı” olan yeganə liderdir. Onun bu dərəcədə ümumbəşəri olmasının səbəbi “sarı saçlı, mavi gözlü bir div” olması, qarğaları hürkütməsi və ya adının Kamal olması deyil. Bu sirr Atatürkün tarixə keçmiş hərb və dövlət xadimliyindən başqa, onun İNSANİ CƏHƏTLƏRİNDƏDİR.

Atatürkün bu dərəcədə ümumbəşəri bir lider olmasını təmin edən və onu bir çox digər liderlərdən fərqləndirən xüsusiyyətin, onun insani cəhətləri olduğunu dedik. Bəs o necə bir insan və necə bir lider idi? Bu sualın cavabını Atatürkün xatirələrində, yaşadıqlarında və yaşatdıqlarında axtaracağıq.

Heç bir zaman təkəbbür göstərməmiş, hər şeyi ancaq xalqı, milləti, dünya xalqlarının rifahı və xoşbəxtliyi naminə etmiş, daim tolerant və təvazökar olmuş, sadəliyindən heç bir şey itirməmişdir.

İzmir zəfərindən sonra qatarla Ankaraya qayıdan müzəffər komandanla bağlı, Ankara valisinin bir xatirəsi: “Gecədən xeyli keçmişdi. Hər kəs çox yorğun idi. Mustafa Kamal, bizimlə söhbətdən sonra istirahətə çəkilmişdi. Mən də onunla söhbət etmək üçün çox darıxırdım. Səhər açılan kimi Saleh Bozoka “Paşadan nə xəbər var?” dedim. “Yatır” dedi. Bir müddət sonra səbirsiz bir halda: “Hələ durmayıbmı?” diyə soruşdum. “Bəli, durmayıb” diyə qışqırdı. O zaman yanımızdaki kupeden onun səsini eşitdim: “Buyurun, bəyəfəndi; amma hələ geyinməmişəm…” “Hər halda tamam çılpaq deyilsiniz” dedim. “Yox, pencəyimi geyməmişəm” dedi. Qapını açıb girdim. Əynində şalvar və köynəklə ayaq üstündə dayanmışdı. Saqqalı uzanmış, üzünə yuxusuz keçən gecənin yorğunluğu həkk olunmuşdu. Köynəyini və şərfini yuduğunu gördüm. “Yorğun görünürsünüz” dedim. “Hə, yata bilmədim. Yastıq və adyal qoymayıblar; başımı qoluma söykədim, ağrıdı; pencəyimi yastıq eləmək istədim, üşüdüm. Yatmaq mümkün olmadı. Durdum.” dedi. Heyrət və təəssüflə soruşdum: “Bəs nə üçün heç kimə demədiniz?” Təbəssümlə cavab verdi: “Hamı mənim qədər yorğun və yuxusuz idi. Narahat eləmək istəmədim.” Mustafa Kamal, Vətənini xilas etdikdən sonra İzmirdən Ankaraya bax bu şəraitdə qayıtmışdı”.

Macarıstanın “Esti Ujsağ” qəzeti yazırdı: “O, yüzilimizdə “olmayacaq heç bir şey yoxdur” şəklində tarixi gerçəyi isbatlayan ilk adam olub”. Alman tarixçisi Herbert Melziq yazırdı: “O, öz milləti və bəşəriyyət üçün bəslədiyi məhəbbətlə, bir dahinin nələr yaratdığına dair dünyaya fövqaladə həyəcanlı bir səhnə göstərməkdədir”.

Atatürk, incəsənətin bir millətin həyatındaki yerini və əhəmiyyənini layiqiylə qiymətləndirə bilənlərdən idi. Hüsnxət sənətinin son üstadlarından Macid Ayralın başına belə bir hadisə gəlmişdi: Çanaqqala döyüşlərinin davam etdiyi vaxt, Macid Bəy Çanaqqalada əsgər imiş. Döyüşlərin dərin səngərlərdə aparıldığı günlərdə, Macid Bəy malyariyaya tutulur. Malyariya böhranının olmadığı vaxtlarda yazdığı gözəl hüsnxət nümunələrini səngərlərin divarına asırmış. Mustafa Kamal səngərləri təftiş edərkən, bu hüsnxət nümunələrini görür və çox xoşuna gəlir. Onları kimin yazdığını soruşanda və müəllifinin Macid Ayral olduğunu öyrənəndə, üzünü yanındakı adamlara tutaraq: “Bunlar sənət əsərləridir, bir ölkədə belə sənətkarlar asan yetişmir; belə bir sənətkarın burada nə işi var? Sabah onu tərxis edin” əmrini verir. Ertəsi gün Macid Ayral tərxis edilir.

Çanaqqalada güclü Avropa dövlətlərinə qarşı qəhrəmanlıq dastanı yazdığı o fövqəladə şərtlər daxilində, millətinin bağrında doğan sənət adamlarına belə bir həssaslıq göstərməsi və onları müharibədən uzaqlaşdırması, Atatürkün sənətə və sənətkara verdiyi qiymətin nümunəsidir.

Görün, Yunanıstan kimi o zamanlar Türkiyənin ən böyük düşməni olan ölkənin təmsilçisi Atatürklə bağlı nə deyir: “Türkiyə, dost və düşmənlərin heyran olduğu bir dahi adama malik olmaq kimi xoşbəxtliyə çatmışdır”.

Fransız yazarı Gerard Tonqas yazırdı: “Bu, insanlığa təcrübədən keçmiş bir fəlsəfə örnəyi olaraq təqdim oluna bilər. Atatürk yüzillərə sığacaq işləri on ildə tamamladı”…

2 mart 1998-ci il. Milli televiziya kanallarından birində ikinci xəbər olaraq 6 dəqiqə davam edən və 5 dəfə kadr böyüdülərək verilən bir xəbər yer aldı. Bu xəbər, Amerikada məşhur bir müzik-xollun sökülmədən, dünyada ilk dəfə tətbiq edilən bir metodla relslər üzərində 20 metr kənara sürüşdürülməsi və yerində yeni bir binanın yapılması haqqında idi.

1930-cu il. Atatürk Yalova köşkünə doğru çıxarkən, bağbanın qoca bir çinar ağacını kəsməyə hazırlaşdığını görür. “Sən həyatın boyu belə bir ağac yetişdirmisən ki, indi bunu kəsirsən?” deyə soruşur. Bağban cavab verir: “Paşam, çinarın kökləri köşkün bünövrəsini qaldırır. Yarpaqları da köşkün pəncərələrinə toxunur. Gərək ya köşkü itirək, ya da ağacı kəsək. Bu səbəbdən bizi üzürlü hesab edin, ağacı kəsmək məcburiyyətindəyik.”

Atatürk bir an fikirləşir. “Xeyr, lazım gələrsə köşkü ağacdan uzaqlaşdırarıq” deyir. Yanındakı adamlar, “Bugün Mustafa Kamalda bir qəribəlik var, heç köşkü ağacdan uzaqlaşdırmaq olar?” deyirlər.

Atatürk nə memar, nə mühəndis, nə də aqronom idi. Amma o, heç bilirsiniz nə elədi? İstanbuldan Yalovaya tramvay relsləri gətirtdi, onları köşkün altına döşətdi və köşkü hərəkət etdirib, ağacdan 4 metr 80 santimetr kənara çəkdirərək, çinarı xilas elədi.

Bəli, bu hadisə 1930-cu ildə olmuşdur. Dünyada 1980-ci illərdən sonra ekologiyadan bəhs edilməyə başlandı. Mustafa Kamal 1930-cu ildə dünyaya konkret bir ekologiya dərsi vermişdi.

Fransız ədibi Klaude Farrere yazırdı: “O, uca bir dağa bənzyir. Ətəyində yaşayanlar bu ucalığı fərq edə bilməzlər. Bu dağın əzəmətini qavraya bilmək üçün, ona çox uzaqlardan baxmaq gərəkdir”.

5 may 1935-ci il. Məşhur arxeoloq Zübeyir Koşayın xatirələrindən: “Bilirsiniz ki, bütün arxeoloji qazıntıların aparılması haqqında əmr verən Mustafa Kamaldır. Muzeylərin açılması haqqında əmr verən də Mustafa Kamaldır. Amma indi olduğu kimi, “Açın! Qazın! İmza.” şəklində deyil. Məsələn Efesdə qazıntılar başladı, iki dəfə ora getdi. Konyada Assur qazıntıları başladı, işin başında yenə Atatürk var idi. Axlatlıbel qazıntıları başladı; bir baxdıq ki, işin başında topraq alır, ölçür, biçir”. Onun fikrinə görə, üstündə yaşadığımız torpaqların həqiqi sahibi ola bilmək üçün, bu ərazidə yaşayan toplumları və onların meydana gətirdikləri mədəniyyətləri, qaynağından başlayaraq günümüzə qədər keçən müddət içində, layiqiylə öyrənib bilməliyik. Çankayada üç gün üç gecə yatmayaraq işləyir. Yatmamaq üçün alnına yaş dəsmallar qoyur. Tez-tez müxtəlif adamları yanına çağırır, müxtəlif adamlara telefon edir. Bir həyəcan, bir təlaş… Üç gündən sonra “Gəlin” deyir. Axlatlıbelə gedirik. Arxeoloqları ətrafına toplayır. Başlarında Zübeyir Koşay var. Mustafa Kamal həyəcanla deyir: “Qazdığınız yer yanlışdır; oranı yox, buranı qazmalısınız.” Əcnəbi arxeoloqlar “Fəqət, paşam…” deyirlər. Demək istəyirlər ki, “Başa düşdük, böyük bir hərbçi, böyük bir dövlət xadimisiniz; amma bu iş bizim işimizdir. Niyə işimizə qarışırsınız?” Amma əmr böyük yerdən gəlib. Başlayırlar Mustafa Kamalın göstərdiyi yeri qazmağa. Nəticə necəmi oldu? Bütün tapıntılar oradan çıxdı.

İsveçin “Nya Dagling” qəzeti yazırdı: “O olmasaydı, modern Türkiyə olmazdı. Onun sayəsində türklər, onun möhtəşəm əsərini izləyə biləcəklər və zatən dünyaca çox yüksək olan şərəflərini daha çox yüksəldə biləcəklər”. Həmin ölkənin nümayəndəsi professor Morrf isə yazırdı ki, Türkiyəni yaradan, tariximizin bu ən Böyük Adamını, başımı ən dərin hörmətlə eyərək salamlayıram.

Zaman keçdikcə, Atatürkün yuxarıda sadalamağa çalışdığımız xüsusiyyətlərindən əlavə, gözəl bir tədqiqatçı və maarifçi olduğu da ortaya çıxmışdır. Misal üçün, Atatürkün ölümündən iki il əvvəl bir “Həndəsə” kitabı yazdığını və bu kitabda, məktəblərimizdə bu gün də istifadə edilən sadələşdirilmiş həndəsə terminlərinin yer aldığını göstərə bilərik. Atatürk bu kitabı yazmasaydı “üçgen” yerinə “müsəlləs”, “artı” yerinə “zaid”, “eksi” yerinə “naqis” deyiləcəkdi. “Açı, uzay, yüzey, çap, yay, eşkenar, pay, eşit” terminləri də həndəsə tədrisinə bu kitabın töhfəsidir. Polşa mətbuatı yazırdı ki, onun yaradıcı ruhunun və atəşli yurdsevərliyinin hərəkətə keçməmiş olduğu heç bir sahə yoxdur. Bu isbata ehtiyacı olmayan həqiqətdir.

Atatürk, bu günü dəqiqliklə görmüş, görməklə də qalmayaraq, bu gün istifadə edə biləcəyimiz dərəcədə aktual, mötəbər və problemlərin həllinə istiqamətlənmiş təkliflərini yazaraq miras qoymuşdur.

ABŞ-ın ən məşhur iqtisadçılarından olan Mister Cons belə deyir: “Türkiyə iqtisadiyyat ilə müharibədə sadəcə Atatürk’ü nümunə götürsün, kifayətdir.”

“Bugünkü mübarizəmizin qayəsi tam müstəqillikdir. Müstəqilliyin tam olması isə ancaq maliyyə müstəqilliyi ilə mümkündür” - deyən Atatürkün dövründə həyata keçirilən iqtisadi siyasətin ən böyük uğuru, şübhəsiz ki, türk lirəsinin daxili və xarici bazardakı dəyərinin qorunması sahəsində olub. On doqquz illik müddətdə (1919-1938) ölkənin böyük ehtiyacları qarşısında inflyasiyasız və sürətli bir inkişafı həyata keçirmək fövqəladə bir müvəffəqiyyətdir. 1921-ci ildə 605 quruş olan sterlinq, 1938-ci ildə 616 quruş olmuşdu.

Atatürk dövründə, 1919-cu ildən 1938-ci ilin son dörd ayına qədərki müddətdə banknotların artış həcmi 8 %-dir. Atatürkün xəstəlik səbəbiylə dövlət işləriylə məşğul ola bilmədiyi son dörd ayda isə bu artış həcmi 15 %-ə çatmışdır!..

Bildiyimiz kimi, 1929-cu ildə bütün dünyada ən güclü iqtisadiyyata sahib olan ölkələri belə sarsıdan bir iqtisadi böhran yaşanmışdı. Bu böhranın öz zərərli təsirini göstərmədiyi ölkələrdən biri də Türkiyədir. Hətta Türkiyə bu böhrandan qazancla çıxmışdır. Çünki Türkiyənin başında sürətli və balanslı bir iqtisadi inkişaf siyasətinə, strategiyasına və taktikasına sahib olan Atatürk var idi.

İsmayıl Həbib Sevük belə demişdir: “Bəzi insanlar söylədikləri sözlər sayəsində böyük görünür, bəzi sözlər isə onu söyləyən insan sayəsində. Mustafa Kamalla danışanda onu başa düşdüm ki, həm O, sözləri ilə böyüyür, həm də sözlər Onunla.”

İngiltərənin “Times” qəzeti yazırdı: “O, Türkiyənin öncəki quşaqlarının heç birinə nəsib olmayan özgürlük və güvən dolu bir həyat yaşadı. Uğurları Türkiyənin Avropa dövləti olmasını təmin etdi, orta Şərqin tarixini dəyişdirdi”. Doğrudan da Atatürkün mücadiləsi və inqilabi islahatları orta Şərq üçün böyük təsir göstərdi. Pakistanın məhşur şairi İqbal necə də gözəl deyirdi: “Bizim əslimiz rəngi uçmuş bir qığılcım ikən, Onun baxışı ilə dünyayı kaplayan və aydınlatan bir günəş halına gəldik”.

Bir çox liderlər onu özləri üçün örnək görürdülər. Pakistan prezidenti Eyub Xan deyirdi: “Kamal Atatürk yalnız bu yüzilin ən böyük adamlarındlan biri deyildir. Biz Pakistanda, onu keçmiş bütün çağların ən böyük adamların biri olaraq görüyoruz. Dahi bir hərbçi, anadangəlmə bir lider və böyük bir yurdsevər”….

İtaliyanın “Tribuna” qəzeti yazırdı: “Atatürkün ölümü ilə Orta Şərqin inkişafına birinci dərəcədə təsiri olan son dərəcə qüvvətli bir şəxsiyyət itirildi. Amma təkcə orta Şərq üçünmü? Xeyr, onun addımları dünyanın mənzərəsini dəyişdirdi… Və onun itkisi bütün dünya üçün böyük bir itki oldu. Livanın “An Nahar” qəzeti isə yazırdı: “Atatürk dünyanın çox nadir yetişdirdiyi dahilərdəndir. O, bütün bir tarixin görüntüsünü dəyişdirmişdir”.

"Mən əmin olduğumu bildirirəm ki, Türkiyə Cümhuriyyəti böyük öndər Mustafa Kamal Atatrükün yolu ilə əbədi olaraq gedəcəkdir. Türk xalqı nə qədər ki, bu yolla gedəcək, o qədər də uğurlar əldə edəcəkdir". (Heydər Əliyev)

Bir anlığa tarixin səhifələri arasına baş vursaq, aşağıdakı lakonik sözlərin nə qədər böyük sözlər olduğunu və onların ancaq çox böyük bir insanın, bir dahinin ağzından çıxa biləcəyini anlayarıq: “Ölümün, biz canlılar üçün bir son olduğu qəbul edilir. Ancaq tarixdə bəzən elə insanlar olur ki, onların ölümü özlərindən sonra qoyduqları əsərlər və müəyyən etdikləri ideallarla, mənsub olduqları toplumlar və hətta bütün bəşəriyyət üçün bir son deyil, bir başlanğıcdır”.

71 il əvvəl itirdiyimiz böyük öndər Atatürk də fikirləri və əməlləri ilə türk millətinin taleyini qəti bir şəkildə dəyişdirmiş və mirasını qoruyub yüksəltməyi, ideallarını həyata keçirməyi bizlərə tapşıraraq aramızdan getmişdir.

“Chicago Tribune” onun ölümü ilə bağlı yazırdı: “Dünya səhnəsindən tarixin ən diqqətli, çəkici adamlarından biri keçdi”.

Macarıstanın “Pester Lioyd” qəzeti isə yazırdı: “Dünya, bu savaş və barış qəhrəmanı böyük adamın ölümü ilə yoxsul düşmüşdür. Doğrudan da dünya onsuz yoxsul görünür”.

Fransanın “Sanerwin” qəzeti yazırdı: “Atatürk öldü. Barış qübbəsinin Şərq sütunu yıxıldı. Artıq dünyada sülhü kimsə təmin edəməz. Hətta Avropalı dövlət adamları onun 1930-cu ildə etdiyi xəbərdarlıq və tövsiyələri dinləməmiş və dünyanı 1939-cu ildə ikinci böyük müharibə fəlakətinin içərisinə sürükləmişdilər”.

İngiltərədə çıxan “Word Price” yazırdı: “O, bənzəri olmayan bir dövlət adamı idi. Diktatorların tahammül edəmədiyi sərbəst bir nizamla,demokratiyaların bacarmadığı və bacara bilməyəcəyi işlər görmüşdür. Tarixdə bu cür adamlar dövürlərinə öz adlarını vermişlərdir”.

“Savaşda Türkiyəni qurtaran, savaşdan sonar da Türk dövlətini yenidən dirildən Atatürkün ölümü, yalnız yurdu üçün deyil, Avropa üçün də ən böyük itkidir. Müxtəlif təbəqələrin Onun üçün töktükləri gözyaşları, bu böyük qəhrəmana və modern Türkiyənin Atasına layiq təzahürdən başqa bir şey deyil”. (Uinston Çörçil, İngiltərənin Baş naziri.1938)

"Mənə böyük Atatürkün adını daşıyan Beynəlxalq Sülh Mükafatı təqdim olunubdur. Bu mənim üçün, bütün Azərbaycan xalqı üçün, müstəqil Azərbaycan dövləti üçün böyük şərəfdir. Mən bununla fəxr edirəm. Atarükün şəxsiyyəti, onun yaratdığı Türkiyə Cümhuriyyəti mənim üçün örnəkdir. Mən buna daim sadiq olacağam". Bu sözlərin müəllifi, Azərbaycan prezidenti Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, Atatürk ideyaları, milli dövlət quruculuğu prinsipləri Türkiyənin yalnız keçmişi, tarixi deyil, həm də gələcəyidir.

Atatürk, “böyük insanlar” kimi dəyərləndirilən insanlarla özünün müqayisə edilməsini və təriflənməsini heç bir zaman xoşlamayıb. Hətta bunu edənlərə qəti şəkildə etirazını bildirib. Belə davranışlar həm də millətinə xidmət edən bir insanın milləti uğrunda apardığı mübarizənin düzgün başa düşülmədiyi mənasına gəldiyi üçün onu narahat etməkdə idi.

Türkiyə Cümhuryyətinin quruluşunun 12-ci ildönümündə;

“Atatürk bizim ən böyüyümüzdür”

“Atatürk bu millətin ən yüksəyidir”

“Atatürk ən böyük dahidir” kimi çox sayda şüarlar hazırlanmışdı. Şüarların siyahısını gözdən keçirən Atatürk, hamısının üstündən xətt çəkərək, belə yazdı:

“ATATÜRK BİZİM İÇİMİZDƏN BİR NƏFƏRDİR”

“Nə mutlu bizə…. Böyük Atatürkün dediyi kimi, “NƏ MUTLU TÜRKÜM DEYƏNƏ”!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm