Aprelin 1-dən Azərbaycanda 14 620 nəfər birinci qrup
əlil Prezident təqaüdü alacaq.Bu barədə əmək və əhalinin sosial
müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında
bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev "Əlillik ümumi xəstəlik,
hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi,
hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl
AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup
əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası
Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında fərman
imzalayıb.
Fərmanda qeyd olunur ki, "Əlillik ümumi xəstəlik, hərbi xidmət
dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi
əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də
qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə
görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin
təqaüdü" təsis edilsin və onun aylıq məbləği 60 manat müəyyən
olunsun.
Bu fərmanla təsis edilən təqaüdü dövlət büdcəsində Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına
həmin nazirlik ödəyir.
Nazirin sözlərinə görə, birinci qrup əlillərə sağlamlığında problem
olan şəxslər, o cümlədən peşə fəaliyyəti, hərbi əməliyyatlar zamanı
əlil olmuş, eləcə də Çernobıl AES-də baş verən qəzanın
nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslər
aiddirlər: "Beləliklə, həmin insanlar sosial müavinət olaraq hər ay
aldıqları 67 manat məbləğində vəsaitlə birgə 60 manat məbləğində
Prezident təqaüdü də alacaqlar. Ümumilikdə bu vəsait 127 manat
olmaqla 125 manat səviyyəsində olan yaşayış minimumunu
üstələyəcəkdir. Bu artımlara il ərzində 10,5 milyon manat
xərclənəcək".
Dövlət başçısının ikinci fərmanına görə, 11 821 müharibə əlili
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirakına görə
Prezident təqaüdü alacaq.
Nazirin sözlərinə görə, fərmana əsasən, Azərbaycanın ərazi
bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi
uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara təyin olunan Prezident
təqaüdlərinin məbləği bu təbəqələrdən olan I qrup əlillər (871
nəfər) üçün 110 manatdan 150 manata, II qrup əlillər (8905 nəfər)
üçün 85 manatdan 130 manata və III qrup əlillər (2045 nəfər) üçün
60 manatdan 100 manata çatdırılır: "Bununla da həmin insanlara cari
il aprelin 1-dən ödənilən Prezident təqaüdlərinin məbləği 20 Yanvar
əlillərinə ödənilən Prezident təqaüdlərinin məbləğləri ilə
bərabərləşdirilir. Bu artımların təmin olunmasına dövlət
büdcəsindən bir il üçün 6,2 milyon manat vəsait yönəldiləcək".
Dövlətg başçısının üçüncü fərmanına əsasən, əmək pensiyası almaq
hüququ olmayan müharibə veteranlarına güzəştlərin əvəzində aylıq
olaraq ödənilən 37 manat məbləğində kompensasiya cari il aprelin
əvvəlindən 45 manata çatdırılacaq.
Sənədin ümumilikdə 53 545 nəfərə şamil olunacağını qeyd edən nazir
onlardan 50 077 nəfərinin ölkəmizin ərazi bütövlüyü uğrunda
aparılan döyüş əməliyyatlarında iştirakına görə müharibə veteranı
adı almış şəxslər olduğunu, bu artımlar üçün bir il ərzində 5,2
milyon manat yönəldiləcəyini bildirib. /Trend/
|