• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Jurnalistlərə 500.000 manatdan artıq mükafat verilib – Fakt

Jurnalistlərə  500.000 manatdan artıq mükafat verilib – Fakt

Publika.Az Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin Fondun yaradılmasının 5 illiyi ilə əlaqədar Trend informasiya agentliyinə müsahibəsini

- Vüqar müəllim, bildiyimiz kimi bu gün KİVDF-nin yaradılmasının 5 ili tamam oldu. KİVDF hansı zərurətdən yarandı?

-KİVDF-nin yaradılması həqiqətən tarixi zərurət idi. Məlumdur ki, dövlət müstəqilliyimizin bərpasının ilk illərində Respublikamızda söz, fikir, məlumat azadlığı sahəsində ciddi problemlər mövcud idi. Həmin dövrdə KİV üzərində senzuranın olması, redaksiyaların maddi-texniki bazasının zəifliyi, jurnalist peşəkarlığının hələ yüksək səviyyədə olmaması, söz və fikir azadlığının inkişafına öz mənfi təsirini göstərirdi. Bu vəziyyətin aradan qaldırılması üçün Ulu Öndər Heydər Əliyev bir sıra ciddi qərarlar qəbul etdi. 1998-ci ildə onun fərmanı ilə senzura ləğv edildi, 1999-cu ildə "KİV haqında" qanun qəbul edildi, 2000-ci ildə mətbuata nəzarət funksiyasını həyata keçirən Mətbuat və İnformassiya Nazirliyi ləğv edildi, "informassiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanun qəbul edildi, 2005-ci ildə KİV-lərin qeydiyyatı qaydaları sadələşdirildi, qeydiyyatdan keçmiş KİV-lərin sayı sürətlə artmağa başladı. Sözsüz ki, KİV-lərin sayı artdıqca, onların tirajları aşağı düşməyə başladı və nəticədə onlar maliyyə böhranı ilə üzləşdilər. Məhz bu böhrandan çıxış yolları axtarmaq üçün Mətbuat Şurasında peşəkar jurnalistlərdən və mütəxəssislərdən ibarət işçi qrupu yaradıldı. İşçi qrup KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını hazırlayaraq ölkə prezidentinə təqdim etdi. Konsepsiyaya Prezident Adminstrasiyasında baxıldı və cənab Prezidentin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə təsdiqləndi. Konsepsiyadan irəli gələn vəzifələri həyata keçirmək məqsədi ilə 03 aprel 2009-cu ildə möhtərəm Prezident cənab İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun əsas məqsəd və vəzifələri, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri (bundan sonra - layihələr) və digər tədbirləri maliyyələşdirməkdir.

- KİV-ə dövlətin maliyyə dəstəyini hansı formada həyata keçirirsiniz?

-Maliyyə dəstəyi Fondun Müşahidə Şurası tərəfindən təsdiqlənmiş qaydalar və əsasnaməyə uyğun həyata keçirilir. Maliyyə yardımları əsasən müsabiqə üsulu ilə reallaşdırılır. Konsepsiyada nəzərdə tutulan istiqamətlər layihə kimi həyata keçirilməsi üçün redaksiyalara təklif olunur, redaksiyalar isə fondla bağlanmış müqavilənin şərtləri əsasında layihləri həyata keçirirlər. Bunun müqabilində qəzetlərin dövriyyəsi, tirajı və yayımı nəzərə alınmaqla maliyyə dəstəyi göstərilir. Beş il ərzində yüzlərlə gündəlik və həftəlik çap olunan qəzetlər maliyyə dəstəyi almışlar. Onu da qeyd edim ki, dəstək prosesi daim möhtərəm dövlət başçısının diqqət mərkəzində olmuş və hər il artan templə getmişdir.

- Jurnalistlərin sosial və məişət problemlərinin həllində hansı işlər görülmüşdür?

-Bildiyiniz kimi, 2010-cu ildə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə möhtərəm Prezidentimiz cənab İlham Əliyev jurnalistlər üçün yaşayış binasının tikintisi barədə sərəncam imzalamışdı. 2013-cü ilin iyul ayında cənab Prezident İlham Əliyevin iştirakı ilə həmin binanın açılışı keçirildi və jurnalistlərin istifadəsinə verildi. Beləliklə, 156 jurnalist ailəsi öz arzularına çatdı. Elə bu binanın açılış mərasimində cənab Prezident jurnalistlər üçün ikinci binanın tikintisi barədə Sərəncam imzaladı. Hazırda həmin binanın tikintisi üçün hazırlıq işləri gedir.

Bundan əlavə jurnalistlərin sosial vəziyyətinin və peşəkarlığının artırılması məqsədi ilə fərdi yazı müsabiqələri də keçirilib ki, bu müsabiqələrdən 5-il ərzində 1000-dən çox jurnalist faydalanmış, onlara ümumilikdə 500.000 manatdan artıq mükafat verilmişdir.

- Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə medianın əlaqələrinin genişləndirilməsi sahəsində hansı işlər görülmüşdü?

-Bu məsələ Fondumuzun əsas məqsəd və vəzifələrindən biridir. Ötən illər ərzində Fond mərkəzi və yerli icra orqanları ilə geniş konfranslar və dəyirmi masalar keçirmiş, media və məmur münasibətlərinin genişlənməsində müsbət rol oynamışdır. Mərkəzi və yerli icra orqanları ilə Fondun birgə yazı müsabiqələri keçirilmiş, qalib jurnalistlər mükafatlandırılmışdır.

- Media sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində hansı işlər görülüb?

-Beynəlxalq təcrübənin öyrənilməsi üçün Müşahidə Şurasının üzvlərindən və Fondun rəhbərliyindən ibarət nümayəndə heyəti inkişaf etmiş dövlətlərdə analoji fondlarda olmuş və onların iş təcrübəsi ilə yaxından tanış olmuşlar.

Bundan əlavə, bir qrup qəzet rəhbərlərinin Türkiyəyə, Şimali Kipr Türkə səfərləri təşkil edilib.

Türkdilli ölkələrin media formunun Azərbaycanda keçirilməsini Mətbuat Şurası ilə Fond birgə təşkil etmişdir. Bundan başqa Fond bir sıra beynəlxalq tədbirlərin təşkilində də fəal iştirak etmişdir.

- Redaksiyalara maliyyə dəstəyindən əlavə daha hansı formalarda dəstək olursunuz?

-Maliyyə yardımından əlavə redaksiyalara metodiki, konsultativ və təşkilati-texniki dəstəklər də veririk. Belə ki, redaksiya və jurnalistlərin layihə sənədlərinin və hesabatlarının hazırlanmasına kömək məqsədi ilə geniş təlimlər keçirmişik. KİV-lərin və jurnalistlərin fəaliyyətinin mövcud qaydalara uyğunlaşdırılması, mətbuatda etik dəyərlərin, insan hüquqlarının qorunmasının təşkili üçün bir sıra tədbirlər təşkil etmişik. Bundan başqa peşəkarlığın artırılması sahəsində də geniş layihələr mütəmadi olaraq, treninqlər həyata keçirilmiş, jurnalistlərə öz peşəkarlıqlarını artırmaq üçün geniş şərait yaradılmışdır.

- Fond "Azərbaycan Respublikasında İnsan Hüquq və Azadlıqlarının Müdafiəsinin Səmərəliliyini Artırmaq Sahəsində Milli Fəaliyyət Proqramı"nın icrasında necə iştirak edir?

-Həmin proqramın media ilə bağlı müvafiq bəndlərinin icrasını təmin etmək üçün geniş tədbirlər planı hazırlanmış, jurnalistlər, dövlət orqanlarının informasiya verilməsində məsul əməkdaşları, QHT və bələdiyyə nümayəndələri arasında maarifləndirmə işi aparılmışdır. KİV-in informasiya təminatını yaxşılaşdırmaq və informasiya əldə etmək hüququ ilə bağlı Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin və İnformasiya və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərlərinin iştirakı ilə "İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət" mövzusunda geniş konfrans təşkil edilmişdi. Bu istiqamətdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik.

- Sonrakı illər üçün Fondun fəaliyyətində hansı yeniliklər gözlənilir?

- Bildiyiniz kimi, internet media müasir həyatımızın ən mühüm istiqamətlərindən birinə çevrilməkdədir. Azərbaycanda İKT sektoru surətlə inkişaf etməkdədir və onun inkişafına dövlət hər cür dəstək verir. Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə 2013-cü il "İKT ili" elan edilmişdir. İnternet medianın da fəaliyyətinə gələcəkdə fond tərəfindən dəstək verilməsi gerçəkləşə bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR