• USD 1,7008 0,00% EUR 1,9963 0,00%
    • GBP 2,1926 0,00% RUB 0,0287 0,00%

Daha çox hansı bölgələrdə uşaqlardan imtina edirlər?

Daha çox hansı bölgələrdə uşaqlardan imtina edirlər?

Azərbaycanda bir il ərzində 3 yaşdan yuxarı 139 nəfər təlim-təhsil almaq üçün uşaq internat məktəblərinə və uşaq evlərinə yerləşdirilib. Bu müraciətlər daha çox Bakinin Sabunçu, Xəzər, Qaradağ, Quba, Şəmkir rayonlarından, Sumqayıt şəhərindəndir. Ümumilikdə ölkə üzrə dövlət uşaq müəssisələrində 10 min uşaq təlim, təhsil və tərbiyə alır.

Bəs internat müəssisələrinə bu rayonların daha çox müraciət etməsinin səbəbləri nədir?

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumatda bunun bir çox səbəblərlə əlaqədar olduğu bildirilib. İnternat məktəblərinə uşaqlar maddi-məişət və tərbiyə şəraiti olmayan çətin həyat şəraitində olan ailələrin, valideynin alkoqol və narkotikdən asılılığı, valideynin səfil həyat tərzi keçirməsi, uşağın ailədə təhqir və etinasızlığa məruz qalması, atanın (ananın) vəfat etməsi, yeganə valideynin ağır xəstə olması və ya əmək qabiliyyətli olmaması, yeganə valideynin yaşayış yerinin olmaması, valideynin ölkədə olmaması, atanın (ananın) və ya hər ikisinin həbsdə olması səbəbindən, tək anaların (ataların) övladları, səhhəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş valideynlərin (yaxud onları əvəz edənlərin) valideynlərinin peşələrinin olmaması səbəbindən işləməməsi (iş tapa bilməməsi) və ya peşəsi olmayıb günəmuzd işlərdə çalışması, həmçinin valideynlərinin günün 12-14 saatını işdə olması, o cümlədən uşağın xüsusi təhsilə ehtiyacının olması səbəbindən yerləşdirilir.

Digər rayonlarda da oxşar çətinlikləri yaşayanlar var. Bəs bu rayonların çoxluq təşkil etməsinin səbəbləri nədir?

İqtisadi amillərin rolu

Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov hesab edir ki, köçəri ailələrin yaşadığı son dövrlər salınan şəhərlərdə və həmçinin iri yaşayış mərkəzlərində uşaqların internat və uşaq evlərinə verilməsi hallarına daha çox rast gəlinir.

“İri şəhərlərə başqa regionlardan axınlar çox olduğundan, qohumlararası yaxın münasibətlər pozulur. Hər hansı ailə Balakəndən Şəkiyə, Bakıya işləməyə gəlirsə, bu zaman qarşılaşdığı çətinlik zamanı qohumları yanında olmur. Eləcə də, valideynlərin hər ikisi işləyirsə, bu zaman uşağı yanında qoymağa da heç kim olmur. Uşaqda əlillik varsa, artıq əlavə kömək mütləq olur. Nəticədə onlar məcbur qalıb internat evlərinə müraciət edirlər. Bir neçə ilə əvvəl apardığımız araşdırmada müəyyən etmişdik ki, İsmayıllı zonasında internat evlərinə verilən uşaqların sayı çox azdır. Çünki bu rayonda qohumlararası münasibət çox yaxşıdır, hətta qohumlar vəfat etmiş birinin uşaqlarını özləri saxlayırlar. Ona görə də orada internata uşaq yerləşdirməyə ehtiyac olmur”.

N.Seyidovun sözlərinə görə, bu məsələni araşdırarkən həmçinin rayonların əhali sayını da nəzərə almaq lazımdır. Ola bilər ki, iki ayrı rayondan internata verilən uşaqların sayı eyni olsun, lakin bu zaman əhalinin sayına da diqqət edilməlidir.

“Uşaqların internata verilməsində iqtisadi amillər də rol oynayır. Belə ki, bəzi regionlarda müxtəlif şirkətlər iş yerləri açır. Həmin regionlara baxsaq, onların uşaq evlərinə müraciəti, yalnız kənd təsərrüfatından gələn gəlir ilə dolanan rayonlardan az olacaq. İşsizlik, ailənin yoxsul olması internat evlərinə müraciətə böyük təsir göstərir. Digər tərəfdən sərhəd rayonlarında valideynlərin miqrasiyası çox yüksəkdir. Öz rayonunda iş tapa bilməyən valideyn ya “sezon”da, ya da ilboyu qonşu ölkələrə gedir. Valideyn xaricə işləməyə gedirsə, uşaq kiminsə himayəsində qalmalıdır. Bu zaman uşağa ya qohumlar baxmalı, ya da internat müəssisəsinə verməlidirlər”.

Yoxsulluq, işsizlik, yoxsa, yaxşı təhsil

Quba, Şəmkir və Sumqayıtın bu siyahıda ilk yerlərdə olmasının səbəblərinə gəldikdə, N.Seyidov hesab edir ki, əvvəldə sadalanan səbəbləri bu rayonlara və şəhərə də aid etmək olar.

“Sumqayıt yoxsul şəhərlər siyahısındadır. Düzdür, son illər sənaye potensialı güclənir, lakin Sumqayıta çox böyük əhali axını var. İşləyən valideyn uşağını adi məktəbə qoymur, çünki internatda həm gündə iki dəfə yemək, həm də ildə iki dəfə paltar verirlər.

Şəmkirdə isə əhalinin böyük bir qismi Rusiya və digər ölkələrə əmək miqrasiyası edir. Bu da dediyimiz kimi uşaqlarını internata verməyə məcbur edən digər səbəbdir. Bakı ətrafı rayonlarda səbəb müxtəlif ola bilər. Əvvəl dediyimiz səbəblər bu rayonlar üçün də istisna edilmir. Yoxsulluq, işsizliklə yanaşı, buradakı internat müəssisələri Heydər Əliyev Fondu tərəfindən və dövlət hesabına çox yaxşı təmir edilib, imkanları çox yaxşıdır. Bu baxımdan Bakı kəndlərində imkansız ailələr uşaqlarının yeməklə təmin edilməsi və yaxşı təhsil alması üçün internatlara üz tuturlar”.

İctimai qınaq və iqtisadi amil

Sosioloq Əhməd Qəşəmoğlu ailələrin uşaq evlərinə müraciət etməsində ictimai fikrin mühüm rol oynadığını düşünür. Onun sözlərinə görə, bəzi rayonlarda bu məsələyə çox pis baxılır, bəziləri isə çox normal yanaşır. İkinci faktor internat evləri haqqında məlumat və onların vəziyyəti ilə bağlıdır.

“Uşaqları ən az internata verilən rayonda bir uşaq evi açaraq təcrübə aparsaq, orada müraciətlərin sayının artdığını müşahidə edə bilərik. Hesab edirəm ki, müraciətlərin az olan rayonlarda bunun əsas səbəbi uşaq evləri, internatlar barədə məlumatların yetərincə olmaması ilə əlaqədardır”.

Ə.Qəşəmoğlu deyir ki, Bakının uşaq evlərinə daha çox uşaq verən rayonları əsasən kənd rayonlarıdır. Kənd yerlərində ictimai rəy daha tez formalaşır. Məsələn, Bakı kəndlərindən kimsə uşağını internata verirsə, mütləq qonşular hamısı bilir. Əgər orada mühit yaxşıdırsa, ehtiyacı olan digər ailələr də mütləq müraciət edəcək. Lakin şəhərin mərkəzlərində insanlar arasındakı münasibət çox zəifdir. Həmçinin paytaxtın adıçəkilən rayonları əhalinin yoxsul təbəqəsinin məskunlaşdığı yerlərdir. Onların hamısı yerli əhali deyil, aralarında məcburi köçkünlər, digər rayonlardan gələnlər dəvar. Həmin rayonlarda işsiz əhali də çoxdur. Uşaqların internata verilməsi xoş gündən irəli gələ bilməz. Çünki azərbaycanlıların ailə və uşağa münasibəti bəllidir. Bu rayonların öndə gəlməsi həmin ərazidə problemli ailələrin çoxluq təşkil etdiyini göstərir. Quba və Şəmkirin ön sırada olmasına səbəb ictimai qınağın olmaması, uşaq evlərinin vəziyyətinin qaneedici olmasıdır”.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>