Beş ildir iş axtaran ŞƏHİD ÖVLADI: “Məşğulluq Mərkəzindən mənə deyirlər ki...” – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Beş ildir iş axtaran ŞƏHİD ÖVLADI: “Məşğulluq Mərkəzindən mənə deyirlər ki...” – FOTOLAR

Bəzən hansısa şəxslərin öz vəzifələrinə səhlənkar yanaşmaları insanları get-gələ salır, onları eyni problemlə aylarla üz-üzə qoyur. Sumqayıt şəhəri, 9-cu mikrorayonda yaşayan Hüseynovlar ailəsi də artıq beş ildən çoxdur ki, süründürməçiliklə üzləşib. 1992-ci ildə Ağdərə uğrunda döyüşlərdə şəhid olmuş Əlizamin Hüseynovun Sumqayıt Dövlət Texniki Kollecini bitirmiş övladı indiyə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinə iş üçün müraciət etsə də, mərkəzin işçiləri onu get-gələ salıblar.

Publika.az olaraq Hüseynovlar ailəsində olaraq, şəhid ailəsinin üzləşdiyi problemə işıq salmağa çalışdıq:

"Məşğulluq mərkəzində dedilər ki, get..."

Cəmilə Hüseynova deyir ki, 2008-ci ildə Sumqayıt Dövlət Texniki Kollecinin İqtisadiyyatın İdarə edilməsi fakültəsinə daxil olub və 2011-ci ildə təhsilini başa vurub: "Beş ildən çoxdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinə müraciət etsəm də, hər dəfə yalan vədlər verərək məni get-gələ salırlar. Kolleci bitirdiyim il iş axtarmağa başladım. Eyni zamanda məşğulluq mərkəzinə iş üçün müraciət etdim. Əvvəlcə mənə satıcı işini təklif etdilər. Razılaşmadığımı görüb daha "prestijli" təklifə keçdilər. Dedilər get, Novxanı istirahət mərkəzində ofisiant işlə".

Müsahibimin sözlərinə görə, son 5 ildə məşğulluq mərkəzində bir neçə rəhbər dəyişikliyi olub: "Hər dəfə məşğulluq mərkəzinə üz tutanda mənə bu sözləri deyirlər: "Get, sonra gələrsən", "özümüz sənə vaxt deyəcəyik", "biz özümüz zəng edib əlaqə saxlayacağıq". Bu sözləri artıq neçə ildir eşidirəm.

Bezdiyimdən bir müddət Sumqayıt şəhər Məşğulluq Mərkəzinə müraciət etməməyi qərara aldım. Amma gördüm ki, ailəmizin maddi sıxıntısı buna yol vermir. Buna görə də 2013-cü ildə növbəti dəfə Sumqayıt şəhər Məşğulluq Mərkəzinə müraciət etdim. Dedilər ki, müdir işdən çıxarılıb, onun əvəzedicisi isə sənə iş təklif edə bilməz, bir az gözlə".

O, bir müddət gözləyib yenidən məşğulluq mərkəzinə gedir: "Onların məni nə üçün aldatmalarının səbəbini soruşdum. Şirin dillə dedilər: "Niyə əsəbləşirsən, get özümüz çağıracağıq". Ev və mobil telefonumun nömrələrini alıb dedilər ki, zəng edəcəyik.

Lakin uzun müddət yenə zəng etmədilər. Bir gün yenə məşğulluq mərkəzinə gedib işsizliyə görə müavinət verilməsini xahiş etdim. Dedilər əmək kitabçanı gətir, sonra. Əgər əmək kitabçan yoxdursa, sənə müavinət də düşmür. Cavab verdim ki, məgər siz mənə uyğun iş verdiniz, getmədim? Belə olduqda dedilər: "Biz sənə uyğun iş tapacağıq". Bu vəddən də bir il ötdü".

"Dedilər ki mətbuata çıxma, sənə iş taparıq, amma..."

Cəmilə Hüseynovanı mərkəzə qeydiyyata alsalar da, neçə illərdir bunun heç bir faydası olmur: "Sumqayıt şəhər Məşğulluq Mərkəzinin rəhbəri İlham Hüseynov əvvəllər oranın işçisi olub. Az müddət əvvəl müdir vəzifəsinə gətirilib. İki aya yaxın müddətdə də o, məni süründürdü, get-gələ saldı.

Bu yaxınlarda eşitdik ki, məşğulluq mərkəzindən zavodlara işə göndərirlər. Sumqayıt şəhər Məşğulluq Mərkəzinə növbəti dəfə müraciət etdim. Cavab verdilər ki, bu iş ancaq kişilər üçündür. Axır bir "iş" tapıldı. Mərkəzdən zavoda zəng edib danışdılar. Mənə isə cavab verdilər ki, orada satış meneceri vəzifəsi boşdur. Zavoda gedəndə mənə dedilər ki, gəl paltar tik, dərzilik et. Əgər iş paltar tikməkdən ibarət idisə, niyə məni məşğulluq mərkəzindən satış meneceri adıyla aldadıb ora göndərirdilər?

Sonuncu dəfə Sumqayıt şəhər Məşğulluq Mərkəzinin rəhbəri İlham Hüseynovun qəbulunda iki həftə əvvəl oldum. Mənə vəd verib dedi ki, get, 2 həftə gözlə, özüm zəng edəcəm. İki həftədən çox vaxt keçsə də, bu günə kimi zəng etməyiblər. Bu da növbəti yalan vədlərdir.

İlham müəllim deyir ki, sən iş tap, mən işə düzəlməyə sənə pul tapacam. Cavab verdim ki, İlham müəllim, iş tapsaydım, daha sizə niyə ağız açırdım?

Sonuncu dəfə mərkəzdə olanda işsizlərdən biri mətbuata şikayət etmişdi. Arxivdə həmin şəxsin sənədlərini axtarırdılar ki, məşğulluq mərkəzinə çağırıb mətbuata şikayət etdiyinə görə onu hədələsinlər. Dedim niyə insanları get-gələ salırsınız? Mən də mətbuata şikayət edəcəm. Belə olduqda dedilər ki, şikayət etmə, sənə bir iş tapacağıq. Beləcə, başımın altına yastıq qoydular".

"Şəhid qızını ki..."

Ona məşğulluq mərkəzində trikotaj fabrikində dərzi, satıcı işi təklif olunub: "Öyrəndim ki, trikotajda da neçə aydır işçilərin maaşlarını kəsib vermirlər. Məşğulluq mərkəzi limonad sexində də mənə "iş" tapmışdı. Hələ limonad sexində də məndən ingilis və rus dillərini bilib-bilməməyimi soruşurlar. Limonad sexindəki işin ingilis və ya rus dilini bilməyə nə dəxli var?

Mərkəzin sədri İlham Hüseynov üç həftə bundan əvvəl bütün əlaqə telefonlarımız, ünvanımı yazıb götürdü. Dedi: "maksimum iki həftəyə zəng edəcəm". Artıq 3 həftədən çox vaxt keçir. Bundan əvvəl də belə vədlər verib. Hər dəfə qəbuluna gedəndə deyir ki, get, yaxşı iş olanda mən sənə zəng edəcəm.

Mən yüksək maaşlı iş istəmirəm, ixtisasıma uyğun, heç olmasa kompüterə aid iş axtarıram. Heç olmasa 200-250 manatlıq iş olsun. Beş ildir məni işsiz qoyublar".

"Deyirlər: "Niyə yuxarılara müraciət edirsən, onsuzda məktublar axırda bizə göndərilir"

Sonuncu dəfə Sumqayıtda əmək yarmarkası keçiriləndə onu da çağırıblar: "Son əmək yarmarkası məşğulluq mərkəzində ötən il keçirildi. Orada təklif olunan iş ofisiantliq və digər işlər idi. Əgər belə işdirsə, onda məşğulluq mərkəzinə nə üçün müraciət edirəm?

Bir müddət əvvəl işsiz qalmağımla bağlı aidiyyəti orqanlara və millət vəkillərindən birinə müraciət etdim. Məktubum icra hakimiyyətinə göndərildi. Oradan isə məşğulluq mərkəzinə. İcradan zəng edib deyirlər ki, niyə şikayət edirsiniz? Niyə müraciət edirsiniz ki, sizə Sumqayıtda iş vermirik? Məşğulluq Mərkəzindən isə bildirdilər ki, onsuz da məktublar axırda bizə göndərilir, nahaq müraciət edirsiniz.

Səlim Müslümov bir neçə ay əvvəl Xızıya gəldi. Bircə dəfə demədilər ki, get yazıl cənab nazirin qəbuluna. Heç olmasa bunu edə bilərdilər".

O, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının qəbuluna düşmək istəsə də, qəbula buraxılmayıb: "Daha sonra anam icra başçısının qəbuluna yazılmaq istədi ki, iş məsələsində bizə köməklik göstərsin. Amma nəticə hasil olmadı".

Cəmilə Hüseynovanın anası Vəfa Hüseynova deyir ki, bağçada tərbiyəçi işləyək, 150 manat maaş alır: "Bu maaşla özümü və qızımı necə dolandırım? Oğlan olsaydı, gedib avtoyumada yuyucu, fəhlə işləyər, daş daşıyar, pul qazanardı. Qızımı fəhlə, avtoyuyucu işlərinə necə göndərim?

Martın 18-də Novruz bayramı ilə əlaqədar tədbir keçirilirdi. İcra başçısının müavini də tədbirə gəlmişdi. İcra başçısının qəbuluna düşmək üçün müavinə müraciət etdim. O da adımız yazıb götürdü. Dedilər özümüz zəng edib çağıracağıq. Bu günə kimi zəng etməyiblər. Bununla yanaşı bir neçə dəfə də icra hakimiyyətinə gedib qəbula yazılmışam. Deyiblər get, özümüz çağıracağıq. Amma bu günə kimi çağırmayıblar".

"Nə əmisi var, nə dayısı..."

Cəmilə Hüseynovanən babası, 76 yaşlı Süleyman Hüseynov da vədlərlə aldadılıb: "Təkcə ötən il 5 ay iki gündən bir məşğulluq mərkəzinə getdim. Onda əvvəlki müdir də yalan vədlər verdi. Amma hər dəfə şirin vədlər verib aldadırdılar. İl yarıma qədər müraciət etdim, rəhbərlikdən bir dəfə maraqlanıb demədilər ki, gəl görək nə istəyirsən.

İndiki müdir İlham müəllimin qəbuluna isə 2 ay gedib-gəldim. Dedi ki, sən bura niyə gəlirsən? Qızları gətir. Cavab verdim ki, mənə müsbət cavab verilsə, onlar da gələr. İlham müəllim deyir arxayın ol, bir həftədən sonra gəl, həll edərik. Bir həftədən sonra gedəndə isə onu tapmırdım. Beləcə aylarla ora ayaq döydüm.

Nəvəm Cəmilənin məndən və qızımdan başqa heç kimi yoxdur. Nə əmisi var, nə dayısı. Atası sağ olsaydı, bəlkə də işləməyə ehtiyacı olmazdı.

Hər dəfə icra başçısının qəbuluna gedəndə məşğulluq mərkəzinin işçiləri orada olur. Komissiya üzvləri nə üçün gəldiyimi soruşurlar. Sonuncu dəfə apreldə getdim. Gəlişimin səbəblərini soruşdular. Mən də nə üçün gəldiyimi dedim. Onda məşğulluq mərkəzi sədrinin müavini Cəfər qəbula yazılmağımı qoymadı. Dedilər gələrsiniz məşğulluğa, özümüz həll edərik. Başçının qəbuluna yazılmayın. Amma yenə kömək etmədilər.

Bir dəfə gedib xeyli yalvardım. Dedilər dayı yalvarma, ştat dolub".

Anar Tağıyev,

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm