• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Müdafiə Nazirliyi mina partlaması nəticəsində yaralanmış hərbçilərin vəziyyətinə aydınlıq gətirdi

Müdafiə Nazirliyi mina partlaması nəticəsində yaralanmış hərbçilərin vəziyyətinə aydınlıq gətirdi

Yaralıların vəziyyətləri stabildir, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur. Trend-in məlumatına görə, bunu Müdafiə Nazirliyinin rəsmi saytına Azərbaycan Respublikasının Silahlı Qüvvələrin baş cərrahı, polkovnik Famil Babayev aprelin 7-də gecə saat 22:30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində ağır yaralanan və hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilən hərbi qulluqçuların vəziyyəti barədə açıqlama verərkən deyib.

Onun sözlərinə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə Silahlı Qüvvələrin baş cərrahı və baş reanimotoloqu hadisə bölgəsinə yollanıblar. Yaralıların hamısına yerində baxış keçirilib. Xəsarət alanlar çox qısa müddətdə bölgədəki müalicə müəssisəsinə çatdırılıblar, hər birinə vaxtında müvafiq yardımlar göstərilib. Yaralılara daha ixtisaslaşdırılmış yardımın göstərilməsi məqsədilə onlar sanitar aviasiya vasitəsilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyyə olunub:

"Ümumiyyətlə, qeyd etmək istərdim ki, yaralıların vəziyyəti stabildir, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur. Onların müalicəsi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimlərinin tam nəzarəti altındadır və adekvat gedir. Müalicə müddəti hələ tam bəlli deyil. Bunu əvvəlcədən planlaşdırmaq mümkün deyil. Bu, bir çox səbəblərdən asılıdır. Düşünürəm ki, yaxın 10 gündə müalicənin yekunları haqqında məlumat vermək mümkün olacaq. Yüngül xəsarət alanlar yerində hərtərəfli müayinə olunub. Ciddi zədələri olmadığından hər hansı bir dərin müayinəyə, yaxud Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəyə ehtiyac yoxdur. Əsas diqqət çəkənlər isə hospitala gətirilib. Yaralılar sanitar helikopter vasitəsilə gətirilib".

Baş cərrah qeyd edib ki, helikopterdə yol boyu ixtisaslaşdırılmış cərahiyyə yardımı, ümumiyyətlə, reanimasion tədbir görmək üçün bütün lazımi avadanlıq, dərman preparatları var. Uçuş müddətində hansısa bir hal baş verərsə, dərhal onu aradan qaldırmaq üçün helikopter ən müasir avadanlıqla təchiz olunub.

F.Babayev bildirib ki, xəstələrə psixoloji yardım da göstəriləcək: "Təbii ki, bu, önəmli məsələlərdən biridir. Artıq həmin iş başlanıb. Birinci gündən onların psixoloji reabilitasiyası ilə məşğul olunur, məsələ tam nəzarət altındadır".

Qeyd edək ki, aprelin 7-də gecə saat 22:30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb. Hadisə nəticəsində kapitan Orucəliyev Ceyhun Cəlil oğlu, əsgər Kərimov Seyfəddin Nəvai oğlu və əsgər Abdullayev Novruz Qurban oğlu həlak olublar, əsgər Musayev Bəhruz Məhəmmədəli oğlu, əsgər Mirzəyev Alı Pənah oğlu, əsgər İsgəndərzadə Azər Eyyub oğlu, əsgər Zülfüqarov Mürsəl İbrahim oğlu, əsgər Cəbrayılov Sadiq Misirxan oğlu və əsgər Talıbov Emin Talıb oğlu yaralanıblar.

Yaralılara yüksək ixtisaslı yardım göstərilməsi üçün Silahlı Qüvvələrin baş cərrahı və Silahlı Qüvvələrin baş reanimotoloqu Füzuli rayonunun Əhmədbəyli yaşayış məntəqəsindəki hərbi hospitala yerləşdiriliblər.

Aprelin 7-də ağır yaralı olan əsgər Talıbov Emin Talıb oğlu və Musayev Bəhruz Məhəmmədəli oğlu hərbi-sanitar helikopter vasitəsilə Bakı şəhərinə təxliyyə olunublar. Təcili təxirəsalınmaz yardım göstərilməsi üçün yaralılar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdiriliblər.

Elə həmin gün müdafiə naziri general-polkovnik Z.Həsənov şəxsən araşdırma aparmaq üçün bir qrup zabit heyəti ilə hadisə yerində olub.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR