• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Elnarə Tofiqqızının ölüm işi Bakı Şəhər Prokurorluğuna verildi

Elnarə Tofiqqızının ölüm işi Bakı Şəhər Prokurorluğuna verildi

Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı açılan cinayət işi Bakı Şəhər Prokurorluğuna göndərilib.

Bakı Şəhər Prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Əkbərovanın verdiyi məlumata görə, Nəsimi Rayon Prokurorluğunda Elnarə Niftəliyevanın ölümü ilə bağlı başlanılan cinayət işinin istintaqının davam etdirilməsi Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsinə həvalə edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizanın rəyinə əsasən müəyyən edilib ki, E.Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib. E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır. Xatırladaq ki, Elnarə Tofiqqızının həkim səhlənkarlığı nəticəsində ölümü ilə bağlı həyat yoldaşı, jurnalist Anar Niftəliyevin Səhiyyə Nazirliyinə etdiyi müraciətə ötən ayın sonlarında cavab verilib. A. Niftəliyev o zaman APA-ya bununla bağlı açıqlamasında bildirib ki, Səhiyyə Nazirliyi 3 aya yaxındır etdiyi müraciətə cavabında Elnarə Tofiqqızının “Medi Sina” klinikasındakı cərrahiyyə əməliyyatı zamanı həkim səhlənkarlığının qurbanı olduğunu təsdiqləyib: “Məktubda qeyd olunur ki, Elnarə Niftəliyevanın “Medi Sina Klinikası” özəl tibb müəssisəsində aparılan cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı ərizənizdə qaldırılan məsələlər Səhiyyə Nazirliyinin baş onkoloqunun və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə araşdırılıb. Mütəxəssislərin rəyinə görə, Elnarə Niftəliyevaya “Medi Sina Klinikası” özəl tibb müəssisəsində “hər iki süd vəzinin axardaxili papillomaları” diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilib”.

A. Niftəliyev, Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri G. Poladovun imzası ilə gələn məktubda aylardır iddia etdiyi kimi, “anesteziya metodunun seçilməsi”nin yanlış olduğunun mütəxəssislər tərəfindən təsdiqləndiyini bildirib:

“Səhiyyə Nazirliyi mütəxəssislərinin araşdırması bir daha təsdiqlədi ki, bu əməliyyatda narkoza heç bir ehtiyac olmayıb”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR