Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumu davam edir - (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumu davam edir - (YENİLƏNİB)

Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumu başlayıb

Bu gün Bakıda II Qlobal Müştərək Cəmiyyətlər Forumu öz işinə başlayıb. Publika.az-ın məlumatına görə, II Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilir.



Nüfuzlu ictimai, siyasi xadimlərin, elm adamlarının qatıldığı Forumda 45 ölkənin sabiq rəhbəri iştirak edir. Forumda əsasən açıq cəmiyyətlərin əhatə əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli, davamlı inkişaf prosesinin təmin edilməsində idarəetmə kimi mühüm məsələlər müzakirə olunacaq.



II Qlobal Müştərək Cəmiyyətlər Forumunda sessiyalardan biri mürəkkəb situasiyalarda münaqişələrin həlli yollarının müzakirəsinə həsr edilib. Bu sessiyada məruzəçilər münaqişələrin həlli və sosial inteqrasiya sahəsində təcrübə və biliklərini bölüşərək inteqrasiya və açıqlığın mövcud problemlərin aradan qaldırılmasında faydalı ola biləcək əsas prinsipləri barədə danışacaqlar. Müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsi, onun həlli yollarına xüsusi diqqət ayrılacaq, məruzəçilər bu məsələ ətrafında geniş fikir mübadiləsi aparacaqlar.



İlk olaraq "Açıq Cəmiyyətin əsasları yeni davamlı inkişaf məqsədlərində sosial inteqrasiyanın vacibliyi" mövzusunda 1-ci sessiyaya start verildi. Sessiyada vurğulanıb ki, burada məqsəd sosial inteqrasiyanı inkişaf etdirmək üçün Açıq Cəmiyyətlər konsepsiyası və onun əlaqələrini tənqidi siyasi müzakirələrə təqdim etmək və post 2015-ci il inkişaf proqramı çərçivəsində konkret tövsiyyələr irəli sürməkdir. Bildirilib ki, müzakirələr, daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanlar arasındakı sinerji anlayışını dərinləşdirməlidir. Bunun nəticəsi xüsusilə qadınlar, milli azlıqlar, gənclər və digər marjinal qruplar üçün nəzərdə tutulan davamlı inkişaf və sosial inteqrasiyanın əsas hədəflərində özünü biruzə verməlidir.

Moderator qismində Açıq Cəmiyyət layihəsinin məzmun və siyasət üzrə koordinatoru Clem McCartney çıxış edib.

Daha sonra məruzəçilər Şri-Lankanın sabiq prezident (1994-2005), Madrid Klubunun üzvü Chandrika Bandaranaike Kumaratunga, Albaniyanın sabiq prezidenti (1997-2002), Madrid Klubunun üzvü Rexhep Meidani, Belçikanın sabiq baş naziri (2009-2011), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yves Leterme, Ümumdünya Bankının sosial inkişaf şöbəsinin sosial inteqrasiya üzrə qrup rəhbəri Maitreyi Das, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarova söz verilib.

Şri Lankanın sabiq prezidenti bildirib ki, bəzi cəmiyyətlərdə qəbilədəki qadınlar hüquqlarından məhrum edilir, doğuş zamanı həyatlarını itirirlər: "Bəzi cəmiyyətlərdə də səhiyyə xidmətləri aşağı səviyyədə olduğu üçün qadınlar doğuş zamanı xəstəxanalara getmir. ABŞ-da bəzi protokollar var. Həmin protokollara əsasən sosial sahədə çalışanlar müəyyən təlimlərə cəlb olunur, insanlarla davranış mədəniyyətinə yiyələnirlər. Açıq cəmiyyətlərin olmadığı ölkələrdə qanlı qarşıdurmalar yaşanır. Əgər bu məsələ nəzərə alınmasa, 2015-ci il davamlı inkişaf ola da bilməz. Mövcud olan münaqişələrin intensivliyinin azaldılmasına nail olmalıyıq. Təəssüf ki, belə münaqiqə zonaları çoxalır. Ona görə də iqtisadi inkişaf ayrılıqda münaqiqə problemlərini həll etməyəcək. Əsas odur ki, iqtisadi inkişafın nəticələri cəmiyyət üzvləri arasında bərabər şəkildə bölüşdürülsün. Hökumətlər elə siyasət yeritməlidir ki, bu məsələdə azlıqlar da nəzərə alınsın”.



Albaniyanın sabiq prezidenti Rexhep Meidani millətçi çıxışlardan uzaq olmağı, birgə fəaliyyət göstərməyi vacib sayıb. Onun sözlərinə görə, bu halda dünya üçün məqbul nəticələr əldə etmək mümkündür.



Dünya Bankının Sosial İnkişaf Şöbəsinin sosial inteqrasiya üzrə qrup rəhbəri Maitreyi Das vurğulayıb ki, Braziliya hökuməti üçün bəzi tədbirlərlə bağlı tövsiyyələr təqdim olunub.



Azərbaycan təhsil naziri Mikayıl Cabbarov diqqətə çatdırıb ki, qarşılıqlı anlaşmada təhsil məsələsi əsas götürülməlidir: "Mən çox fərəhlənirəm ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsas qoyulan kurs nəticəsində Azərbaycan dayanıqlı inkişafa nail olub. Açıq cəmiyyətlərdə prosesə kimsə sahiblik etməlidir. Belə yolla uğur qazana bilərik. Bəlkə də mübahisəli qarşılana bilər, nəticələr fəaliyyət göstərilən mühitdən də asılıdır. Əgər insanın təhsilə yanaşması çevikdirsə, o, ətrafında olan reallığa daha tez uyğunlaşa bilər. Belə deyək ki o, şəxslərin beyninə betondan konsepsiyalar yeridilməyibsə və onlar bunun girovu deyilsə bu zaman təhsilə çevik yanaşmaqdan söhbət açmaq olar".


Hazırda ikinci sessiya davam edir. Ümumilikdə Forumda 54 ölkədən 150-dən artıq nüfuzlu ictimai-siyasi xadim, rəsmi şəxs, ekspert və elm adamı iştirak edir.



Qeyd edək ki, Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə keçirilir.


****


Bu gün Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində iki gün davam edəcək II Qlobal Açıq Cəmiyyətlər Forumu işə başlayıb.

Publika.az-ın məlumatına görə, 2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafı proqramına həsr olunan beynəlxalq Forumda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadim iştirak edir. Dəvət olunanlar arasında 32 ölkənin sabiq dövlət və hökumət başçısı da var.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun vitse-prezidenti Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, Bolqarıstan, Serbiya, Rumıniya, Moldova, İsrail və digər ölkələrin sabiq dövlət və hökumət rəhbərləri iştirak edirlər.

Forumun gündəliyində açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multi-idarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxil edilib. Müzakirələrdə daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi kimi məsələlərə xüsusi diqqət ayrılacaq.

Davamlı inkişafa nail olmaq istiqamətində təbii sərvətlər və qlobal sərhədlərin rolu, təmiz texnologiyalar və yaşıl enerjinin vəhdəti məsələləri ətrafında da geniş müzakirələrin aparılması planlaşdırılır. Xatırladaq ki, II Qlobal Açıq Cəmiyyətlər Forumunun ilk toplantısı 2013-cü il mayın 6-8-də Bakıda keçirilib.



Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm