• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əli Həsənov: "İnformasiya müharibəsində Ermənistan xüsusi canfəşanlıq göstərir"

Əli Həsənov: "İnformasiya müharibəsində Ermənistan xüsusi canfəşanlıq göstərir"

"Hazırda Azərbaycanın informasiya təhlükəsizliyi mühitinə təsir edən əsas amillərin müəyyənləşdirilərək sistemləşdirilməsi və onların ayrıca formada İnformasiya Təhlükəsizliyi Konsepsiyasında öz əksini tapması vacibdir".

Publika.az-ın məlumatına görə, bu, Prezident Administrasiyasının (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun “Heydər Əliyev və yeni cəmiyyət modeli” konfransı üçün təqdim etdiyi məruzədə yer alıb.

Onun sözlərinə görə, Milli Təhlükəsizlik Konsepsiyası və “Milli təhlükəsizlik haqqında” qanunda informasiya təhlükəsizliyi problemi əsas vəzifə kimi qoyulmur, yalnız ölkənin ümumi milli təhlükəsizliyi fonunda təsnif olunur.

Ə.Həsənov vurğulayıb ki, həmin sənədlərdə informasiya təhlükəsizliyi ilə bağlı sadalanan təhdidlər də bir qədər ümumi xarakter daşıyır və ölkənin siyasi, iqtisadi, müdafiə, sosial-milli, elm, texnika, mənəvi-əxlaqi və digər sahələr üzrə konkret informasiya təhlükəsizliyi tələblərinə toxunmur:

"İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, Azərbaycanda da bu sahə üzrə ayrıca İnformasiya Təhlükəsizliyi Konsepsiyasının yaradılmasına ehtiyac var. Həmin konsepsiyada milli informasiya fəaliyyəti və təhlükəsizliyi siyasətinin hüquqi əsasları müəyyənləşdirilməli, dövlətin informasiya mühitinin təhlükəsizliyinə təhdidlər sistemli formada öyrənilməli, qruplaşdırılmalı və təhdidlərin doğura biləcəyi konkret nəticələr proqnozlaşdırılmalıdır. Eyni zamanda bu sahə üzrə dövlət qurumlarının praktiki fəaliyyətinin effektivliyi ciddi şəkildə təmin edilməlidir.

Hər bir ölkədə informasiya təhlükəsizliyinə təhdidlərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması milli təhlükəsizliyin bütövlükdə təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Milli İnformasiya Təhlükəsizliyi Konsepsiyasında həm də beynəlxalq aləmdə, ölkə daxilində, ictimai-siyasi və sosial iqtisadi həyatda baş verən proseslərin dövlət informasiya təhlükəsizliyinə təsiri və bundan irəli gələn vəzifələr əksini tapmalıdır".

Ə.Həsənov həmçinin deyib: "İnformasiya Təhlükəsizliyi Konsepsiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həyata keçiriləcək informasiya siyasətinin əsas istiqamətləri və bu sahədə qarşıda duran vəzifələr ayrıca əks etdirilməlidir. Hazırda Azərbaycana qarşı həyata keçirilən informasiya müharibəsində Ermənistan xüsusi canfəşanlıq göstərir. Erməni diasporu müxtəlif ölkələrin informasiya vasitələrində Azərbaycanın dünyada gündən günə artan nüfuzuna, siyasi, iqtisadi, mədəni sahələrdə əldə etdiyi uğurlara kölgə salmağa çalışır. Bu məsələdə ermənipərəst və daxili siyasi dairələr xüsusi aktivlik nümayiş etdirir. Ermənilərin və onlara himayədarlıq edən siyasi dairələrin əsas məqsədi nəyin bahasına olursa olsun beynəlxalq ictimai rəydə Azərbaycan barədə mənfi fikir formalaşdırmaqdır.

1990-cı illərin əvvəllərində Azərbaycanın daxili informasiya sistemləri, o cümlədən informasiya yaratma, ötürmə, ümumiləşdirmə və təhliletmə vasitələri, şəbəkə və xətləri ya iflic olmuş, ya da bütövlükdə xarici ölkələrin nəzarəti altına keçmişdi. Müstəqilliyinə nail olduqdan sonra Azərbaycanın milli təhlükəsizliyinin əsas problemlərindən biri ölkənin vahid informasiya siyasətinin formalaşdırılması və təhlükəsizliyinin təminatı, milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi ilə bağlı olub.

1990-cı illərin əvvəllərində bəzi xarici qüvvələrin sistemli şəkildə həyata keçirdikləri informasiya müdaxiləsi, ideoloji təbliğat fəaliyyəti Azərbaycan ərazisində əhalinin bəzi sosial və milli-etnik təbəqələrində ciddi anti-milli və anti-dövlət meyli formalaşdırıb, müstəqil dövlətin əsaslarına, vətəndaş həmrəyliyi və birliyinə təhlükə yaradıb. Xarici dairələr bununla kifayətlənməyərək Azərbaycanın ictimai rəyinə, daxili və xarici siyasətinə təsir göstərmək məqsədi ilə çoxsaylı dini, ideoloji, informasiya və təbliğat şaxələri yaradıb və öz məqsədləri üçün istifadə ediblər. Belə təxribatçı hərəkətlər isə ölkədaxili sabitliyin pozulmasına, mərkəzi hakimiyyətin cəmiyyət üzərindəki nəzarətinin itirilməsinə və daxili anarxiyanın yaranmasına yönəlib. Xüsusən nəzərə alınsa ki, o dövrün bütün informasiya texnologiyaları – telefon, peyk vasitəsi, İnternet, o cümlədən informasiya ötürmə sistemləri, Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinin istifadə etdiyi digər informasiya vasitələri bütövlükdə xarici ölkələrin və beynəlxalq informasiya güclərinin nəzarəti altında idi, bu halda ölkənin informasiya təhlükəsizliyi sahəsindəki problemləri və boşluqları təsəvvür etmək o qədər də çətin olmaz”.

Ə. Həsənov qeyd edib ki, bütün bunlar və digər proseslər 1990-cı illərin birinci yarısında Azərbaycan hakimiyyəti qarşısında məxsusi informasiya fəaliyyəti və təhlükəsizliyi siyasətinin formalaşdırılması, milli informasiya fəaliyyətinin vahid strategiyasının hazırlanması və həyata keçirilməsi kimi təxirəsalınmaz vəzifələr qoyub:

“1993-cü ildən başlayaraq prezident Heydər Əliyevin rəhbərliyi altında özündə müstəqil dövlət maraqlarını və beynəlxalq dəyərləri, ümumi təhlükəsizlik normalarını və milli postulatları əks etdirən informasiya fəaliyyəti və təhlükəsizliyi siyasəti həyata keçirilməyə başlandı. Dövlətin informasiya siyasətinin əsas vəzifələri, istiqamətləri, prioritetləri və resursları müəyyən edildi, sonrakı dövrdə müxtəlif inkişaf mərhələlərindən keçərək təkmilləşdirildi və dövlət həyatının bütün sahələrində tətbiq olunmağa başlanıldı. Azərbaycan hakimiyyəti bir çox beynəlxalq təşkilatlarla və inkişaf etmiş demokratik ölkələrlə əməkdaşlıq edərək ölkənin informasiya təhlükəsizliyinin təminatı mexanizmlərini bərqərar etdi”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR