Millət vəkili Şuşadan danışdı
Bizi izləyin

Qırmızı.az

Millət vəkili Şuşadan danışdı

Millət vəkili Qənirə Paşayeva Karabük Türk Ocaqlarında Şuşadan, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərindən danışdı.

Konfransda çıxış edən Türk Ocaqları Karabük şöbəsinin rəhbəri Taşkın Deniz Türk Ocaqlarının fəaliyyəti və konfransın keçirilməsi məqsədi barədə məlumat verdi.

Konfransda iştirak edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu IB-nin sədri Qənirə Paşayeva Azərbaycanın qədim mədəniyyət beşiyi olan Şuşanın Ermənistan tərəfindən işğalından 22 il ötdüyünü, Ermənistanın işğal etdiyi Şuşada və digər Azərbaycan torpaqlarında Azərbaycan türklərinə qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, millətimizə məxsus mədəni-tarixi abidələri, məscidləri, qəbirstanlıqları dağıtması, türk millətinin Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda tarixi izlərini silmək siyasəti yürütməsi, 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə məlumatlar verib. Millət vəkili bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Şuşada və digər Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – Türk dünyası birlikdə mübarizəsini daha da gücləndirməli və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymağa çalışmalıdır.

“Biz, Türk milləti olaraq ortaq problemlərimizi birləşərək birlikdə həll etməliyik. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğal etdiyi Şuşada daxil olmaqla digər Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması harada doğulub, harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, - deyə millət vəkili əlavə edib.

"Bir millət, iki dövlət" olan Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyədə əlaqələrin olduğunu qeyd edən Qənirə Paşayeva bu əməkdaşlığın bütün Türk dünyasının birliyi üçün bir təməl rolunu oynadığını və oynaya biləcəyini deyib.

“Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən “Şərq tərəfdaşlığı” konfransı çərçivəsində Prezident cənab İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanın qondarma “erməni soyqırımı” ilə bağlı əsassız iddialarına “Türkiyə burda yoxdur, amma mən varam” cavabı verməsi və verdiyi tutarlı cavab türk dünyasının tarixinə yazılan və Azərbaycan-Türkiyə dostluğunun möhkəmliyini göstərən, iki qardaş dövlətin ümumi maraqlarını və beynəlxalq aləmdə vahid cəbhədən çıxış etməsinin bariz nümunəsi oldu”.

Qənirə Paşayeva Azərbaycan prezidenti cənab İlham Əliyevin bu çıxışının təkcə Azərbaycan gəncliyi üçün deyil, bütün Türkdilli dövlətlər və Türk dünyası üçün örnək olduğunu deyib.

Qənirə Paşayeva “harada doğulmasından və yaşamasından asılı olmayaraq böyüyən gəncliyimizə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, bütün türk gəncliyini sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva gəncləri sosial medianın imkanlarından istifadə edərək qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması istiqamətdə səyləri artırmağa çağırıb.Tədbirin əhəmiyyətindən danışan millət vəkili Qənirə Paşayeva “İnşallah gələn tədbirimizi birlikdə işğaldan azad edəcəyimiz Qarabağımızda Xankəndində, Şuşada, Xocalıda və digər o cənnət bölgələrimizdə keçirərik”- deyə millət vəkili qeyd etmişdi.

Millət vəkili Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu IB tərəfindən hazırlanan "Dağıdılmış mədəniyyət beşiyi Şuşa" filmi də daxil olmaqla, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımları, qətliamları, vandalizm aktlarını özündə əks etdirən "Azərbaycan həqiqətləri" filmlər kataloqunu Türk Ocaqları Karabük şöbəsinə hədiyyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm