İlham Rəhimov: "Rəbiyyət xanım..." - Müsahibə
Bizi izləyin

Qırmızı.az

İlham Rəhimov: "Rəbiyyət xanım..." - Müsahibə

"Nə 5-ci kolon var, nə rus agenti"

"Neçə ilimi o dörd divarın arasında keçirmişəm"

Tanınmış iş adamı, əməkdar hüquqşünas, hüquq elmləri doktoru, professor İlham Rəhimov "Gündəlik Teleqraf" qəzetinə geniş müsahibə verib. Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə mövqeyindən, Ukraynada baş verən proseslərdən geniş şərh verən professor İ.Rəhimov, həmçinin şəxsi həyatından, sevdiyi musiqilər, oxuduğu kitablar və tarixi şəxsiyyətlər haqqında danışıb.

(Əvvəli burada)

- ADP sədri Sərdar Cəlaloğlu deyir ki, Azərbaycanda "5-ci kolon" var, Rusiya səfirliyində toplantı keçirirlər, Azərbaycanın Rusiyaya birləşməsinə çalışırlar, ölkədə agentura şəbəkəsi qururlar. Politoloq Vəfa Quluzadənin də oxşar fikirləri var. Bu iddialara münasibətiniz necədir?

- Bu iddialarda gözlənilməyən, qeyri-adi nə var ki? Təbiidir, mövcud problemlərə dair siyasətlə az-çox məşğul olan insanlar öz fikrini söyləyə bilər. Problemlərə dair hazırki MDB miqyasında "5-ci kolon", "Rus təhlükəsi" kimi populist, kifayət qədər zərərli şüarlar yayılmaqdadır. Kimlər ki, V.Jirinovskinin və digər məhdud təfəkkürlü siyasətbazların, millətçilərin bəyanatlarına əsaslanaraq "Beşinci kolon" və "Rus təhlükəsi" kimi terminlərdən populistcəsinə istifadə edirlərsə, yumşaq desək, onlar cəmiyyətdə qeyri stabillik yaratmaq məqsədi güdürlər. Bəziləri bunu qəsdən edir, bəziləri isə... Belə bir ifadə mövcuddur: "Bu nə səs küydür ki, dava-dalaş yoxdur". Emosiyalara söykənmiş belə təbliğat respublikada yaşayan xalqlar arasında düşmənçiliyi, ən azı narazılığı qızışdırmağa gətrib çixara bilər. Bu kimə lazımdır? Bəlkə, bizdə olan başqa bir "kolona"? Rusiyaya, rus dilinə qarşı belə aqressiv münasibət ola bilər, ani ovqatın nəticəsidir, ola bilər. Əgər belə deyilsə, bu cənablar tarixə həm köhnə, həm də müasir tarixə, çox da qədim olmayan tarixə müraciət etsinlər. Belə fikirlərin haradan qaynaqlanması və nəyə, kimlərə xidmət etməsini, davamlılıq müddətini anlamaq o qədər də çətin deyil. Konkret adamların maraqları başadüşüləndir. Bəs belə bir mövqe nə dərəcədə millətə, unudulmaqda olan Qarabağ məsələsinin çözülməsinə, Azərbaycan dövlətinin hazırki siyasətinə yardım edəcək? Ümummilli diqqəti, nifrəti və ya sevgini idarə etmək, yönəltmək millət qarşısında, tarix qarşısında çox böyük məsuliyyət hissi yaradır. Bir neçə milyon soydaşımızın yaşadığı, çörək qazandığı Rusiyaya qarşı belə arzuolunmaz münasibəti kim və hansı ixtiyarla həyata keçirir? Cəmiyyətimizdə bu məsələyə başqa bir yanaşma da mövcuddur. Deyirlər ki, Qarabağ məsələsinin həlli Rusiya ilə bağlıdır. Bəlkə, burada da bir həqiqət mövcuddur, ola bilər. Belə olan təqdirdə məşhur ziyalılarımızın, bəzi siyasi partiya rəhbərlərinin səsləndirdikləri "rus dilində olan məktəblər bağlanmalıdır", "Rusiyapərəstlik ermənipərəstlik kimi bir şeydir" bu kimi şüarlar indiki vəziyyətdə kimə xidmət etməsinə izahat lazım deyil. Hər şey aydındır. Bakı şəhərinin mərkəzində əzəmətli bir abidə var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zamanında ucaldılan abidə: "Azərbaycan xalqının əbədi xoşbəxtliyi Rusiya ilə bağlıdır"-deyən Nəriman Nərimanovun abidəsi. Şəxsən mən onunla razı deyiləm. Belə olan təqdirdə sual ortaya çıxır, nəyə görə, Arif Hacıyev və onun təmsil olunduğu partiya N.Nərimanovun abidəsinin taleyi barədə məsələ qaldırmır. Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında, bir çox sənət adamlarının, şairlərin, yazıçıların, o cümlədən Sabir Rüstəmxanlının məşhurlaşmasında rus dilinin fövqəladə rolu olub. Belə çağırışlar, şüarlar demokratiya çərçivəsindən kənardır. Biz hay-küyü çox sevirik, amma hərəkət etmək məqamı çatanda dayanırıq. İndi də bunun hamısı hay-küydür. Azərbaycanda "kolon" da, rusların agenti də yoxdur. Bunlar hamısı boş blefdən başqa bir şey deyil.

- "Deyirlər ki, bir ölülər, bir də dəlilər fikrini dəyişmir. Yəni zaman, şərait özü hər şeyi göstərəcək..."- sitat Sizdəndir. 2015-ci ildə parlament seçkilərinə qatılmamaq fikriniz dəyişməyib?

- Bəli, demişdim ki, bir ölülər, bir də dəlilər fikrini dəyişmir. İnşallah sağ qalaram, bir də dəlixanaya düşmərəm, onda baxarıq görək nə olur.

- Xahiş edirik bu sualımızın şəxsi həyatın toxunulmazlığı kontekstindən çıxdığını zənn etməyin, 2015-ci ildə keçmiş həyat yoldaşınız Rəbiyyət Aslanovanın deputatlığa namizəd olacağını və qələbə qazanacağını təxmin edirsinizmi?

- Rəbiyyət xanım Yeni Azərbaycan Partiyasının funksioneridir, bu sualı YAP rəhbərliyinə versəniz, məncə, daha düzgün olar.

- Bəs Elnur Aslanovun gələcək karyerasını necə görürsünüz?

- Mənə elə gəlir ki, onun karyerasının perspektivi barədə sual Prezident Administrasiyasına ünvanlansa, daha yaxşı olar.

- 2-ci dərəcəli Böyük Pyotr ordeni ilə təltif olunan ilk azərbaycanlısınız. Bəs, bir azərbaycanlı kimi tarixi şəxsiyyət olaraq Pyotra münasibətiniz necədir?

- Müxtəlif zamanlarda yaşayıb, hökmranlıq etməsinə baxmayaraq, mənim I Pyotra münasibətim eynilə Sultan Süleymana olan kimidir. Bu iki şəxsiyyət zamanlarının və mənsub olduqları xalqların böyük övladları, öz əcdadlarının ləyaqətli varisləri və davamçıları olublar. Başçılıq etdikləri imperiyaların daha da genişlənməsi, qüdrətli olması üçün hər şeylərini qurban veriblər, öz xalqlarının gələcəyi üçün hər şeyə, hətta uşaqlarının məhvinə də hazır olublar. Hər ikisi imperiyalarının daha da genişlənməsini, möhkəmlənməsini təmin edə bilən insanları varis təyin ediblər. Fərq ondan ibarət olub ki, Sultan Süleymanın vəsiyyətnaməsi yerinə yetirilməyib, onun ölümündən sonra Osmanlı imperiyasının çökməsi prosesi başlayıb. Pyotrun vəsiyyətnaməsinə gəldikdə isə əksinə olub, onun davamçıları Avropada nəhəng, qüdrətli bir imperiya yaratmağa nail olublar. Maraqlıdır ki, hər ikisinin həyat yoldaşı başqa millətlərdən olub, əsir götürülüb və imperatorlara təsir göstərmək gücündə olublar.

- Deyəsən, "Möhtəşəm Yüzil" serialını izləyirsiniz...

- Hərdən izləyirəm, amma onun haqqında oxumuşam.

- Bayaq Qarabağdan danışdıq, öz mövqeyinizi açıqladınız. Putinin dostu olmaq fövqəladə dərəcədə maraqlı bir situasiyadır. Bizə də maraqlıdır: öz nəhəng dostunuzdan Qarabağı istəmisinizmi? İctimai rəydə fikir belədir ki, Qarabağın açarı Rusiyadadır...

- Əgər Qarabağ Putinin şəxsi mülkiyyəti olsaydı, onda onu istəyərdim. Amma Qarabağ nə onun, nə də Rusiyanın şəxsi mülkiyyətidir, Azərbaycanın torpağıdır.

- "Əqidə müfəttişliyi" etmək istəməzdik, amma maraqlıdır: İlham Rəhimovun dini etiqadı nədir?

- Bir müsəlman kimi mən Allaha və onun peyğəmbərinə inanıram, reklam etmədən ibadət edirəm. Mən namaz qılmıram və hesab edirəm imanın forması deyil, məzmunu vacibdir. Böyük rus alimi N.Trubetskoy deyir: "Allah səmimi qəlbdən gələn ibadəti qəbul edir, o qəlbdən ki, təkəbbürdən, izzəti-nəfsdən, kin və qəzəbdən azaddır, dərin eşqlə Allahına və yaxınına bağlı olan ibadəti".

- Həcc ziyarəti deyirlər daha çox zəngin insanlar üçün nəzərdə tutulur. Nə zamansa getmək fikriniz varmı?

- Həcc ziyarəti bütün müsəlmanların arzusudur, inşallah zaman göstərər.

- Kitabınızda ölüm hökmünün bərpasını vurğulamışdınız. Dini kəsim tərəfindən reaksiyalar oldumu?

- Mən bu suala çox cavab vermişəm. Kitabımda ölüm cəzasının tərəfdarı olduğumu deməmişəm. Mən təklif etmişəm ki, Cinayət Məcəlləsində iki növ cəza olsun. Ölüm cəzası da, ömürlük cəza da olsun, icazə verin, cinayətkar özü seçsin. Daha bütöv cavablar sonuncu kitabımda var.

- Xaricdə olarkən, bir azərbaycanlı kimi, ən çox nəyə qürurlanırsınız? Azərbaycanı dünyada necə tanıyırlar?

- Doğrusu, bu məsələ o qədər də ürəkaçan deyil. Bu istiqamətdə hələ çox iş görmək lazımdır. Müasir dövrdə ölkəni tanıtmağın üsullarından biri KİV-lərdir. Məhz KİV-lərin bu sahədəki işi qənaətbəxş sayıla bilməz. Başqa ölkələr, Avropa, Amerika necə təbliğ olunur, onların KİV-ləri ölkələrini necə təbliğ edirlər? Nə qədər oxuya-oxuya bozbaş bişirib şit-şit sözlərlə millətimizi bezikdirmək, tibb klinikaları, şou biznes nümayəndələrini təbliğ etmək olar? Ən mühüm problemlərin, mədəniyyətimizin, tariximizin, böyük sənətkarlarımızın, ən başlıcası, ana dilimizin təbliği məsələləri ön planda olmalıdır. Xüsusən, proqramların təşkilində ana dilimizin təbliğatı çox mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, xaricdə yaşayan azərbaycanlıların vəziyyətini başa düşmək lazımdır. Bu insanların balaları yaşadıqları ölkələrdə Azərbaycan dilində təhsil ala bilmirlər, öz dillərini unudurlar. Ona görə də, hamı, xüsusilə də, tanınmış ziyalılarımız bu proseslərə nəzarət etməlidirlər.

- Adətən, deyirlər ki, harda yaşayırsansa, Vətən oradır. Sizi vətənpərvər insan saymaq olar? Azərbaycan Sizin üçün nə deməkdir?

- Bu sualı mənim özümə yox, məni tanıyan insanlara versəniz, onlar daha düzgün cavab verər. Təvazökarlıqdan kənar olsa da, vaxtilə Rusiyada mənə çox vəzifə təklif etsələr də, Vətənimi və vətəndaşlığımı dəyişmədim. C.Bayron deyirdi ki, "Vətəni sevməyən insan heç nəyi sevə bilməz". Fikrimcə, hər bir normal insanın ürəyində onun xalqının, vətəninin mini portreti var. Mənim üçün hər bir soydaşım harada yaşamasından asılı olmayaraq Vətəndir. Yəhudilərin belə bir deyimi var: "Bir yəhudi üçün o biri yəhudi elə Vətəndir". Bu bəlkə də, yəhudi xalqının taleyindən doğan misaldır. Amma bütün xalqlara aidiyyatı var. Vətən təkcə torpaq deyil. Zaman, torpaq, insan küll halında Vətəndir. Vətəni, dövlətini sevmək üçün gərək azad olasan. Qul, təbəə ancaq torpağa, doğulduğu yerə bağlı olur. Küll halında azad olan insan patriot ola bilər. Bunu məşhur fransız yazıçısı A.Frans deyirdi. Vətən həm də dövlətdir, dövlət də Vətənin bir hissəsidir.

- Bəs Azərbaycanda yüksək posta iş təklifi gələrsə, qəbul edərsinizmi? Öz potensialınızı hansı istiqamətdə reallaşdırmaq istərdiniz?

- Prinsip etibarilə, mənim heç dövlət işində işləmək fikrim yoxdur. Ona görə ki, artıq 1996-cı ildən bu günə kimi müstəqil həyat keçirirəm. Axırıncı dəfə Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya problemləri üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru idim. Ondan sonra dövlət işində çalışmamışam. İndi başa düşmüşəm ki, mən neçə ilimi o dörd divarın arasında keçirmişəm, sən demə, müstəqil olmaq nə gözəl şey imiş. İnsan hansısa vəzifədə işləyəndə gecə-gündüz fikirləşir ki, ay Allah, birdən sabah məni çıxararlar, mən nə edəcəyəm? O mənim özümdə də olub. Həmin o psixoloji vəziyyət bütün məmurlarda var. Dövlət işində işləyib, sabah kabinetə gəlməyəcəyinə özünü psixoloji cəhətdən hazırlayan insan çox xoşbəxt adamdır. Çox insan özünü buna hazırlamır. Elə hesab edir ki, ömrünün axırına kimi burdadır, vəzifədən çıxdı, həyat bununla da bağlandı. O, çox pis şeydir. Mən azərbaycanlıyam, Azərbaycan vətəndaşıyam. Mən bilsəm ki, hansısa bir işi, funksiyanı məhz mən görə bilərəm, bu vəzifəni kimdənsə yaxşı icra edə bilərəm və mən dövlətə lazımam, buna razı olaram. Təkcə elə ola bilər.

- Mütaliəyə vaxt ayıra bilirsizmi?

- Təbii. Mən kitab oxumağı çox xoşlayıram. Əsasən tarixi kitablar oxuyuram. Tarixi şəxsiyyətlərdən bəhs edən kitabları sevirəm. Hazırda Rüstəm Rəhmanəliyevin (qazax.) "Türk imperiyası", Karen Armetronqun "Allahın tarixi" kitablarını oxuyuram.

- Əkrəm Əylislinin "Daş yuxular" əsərini oxudunuzmu? Nobel Sülh mükafatına namizəd göstərilsin deyənlər də var...

- Bu, mümkün olan şey deyil. Bu əsəri oxudum, açığı yersiz əsər idi, heç ondan gözləməzdim. Elə şey yazmaq lazım deyildi. Nə demək istəyirdi, axı?

- Azərbaycan yazıçılarından kimi Nobelə layiq görürsünüz?

- Zaman gələr, bizdə də olar, inşallah.

- Dediniz ki, muğamı, aşıq musiqilərini sevirsiniz. Bəs müasir və ya klassik musiqilərdən kimləri xoşlayırsınız?

- Məşhur alman şairi H.Heyninin dediyi kimi, "Ölüm həyatın axırıncı sözü olduğu kimi, musiqi də, incəsənətin axırıncı sözüdür". Musiqiyə biganə olan insanın varlığını hesab etmirəm. Sözün yaxşı mənasında əsil musiqi yeniliyə o qədər də ehtiyac duymur, nə qədər qədim olsa, o qədər təsirli olur. İstər klassik, istər müasir, istər dünya şedevrləri, istərsə də bizim klassiklərimiz. Ü.Hacıbəyov, F.Əmirov, Q,Qarayev, Bülbül, M,Maqomayev, Ş,Ələkbərova kimi dahiyanə sənətkarları kim sevməz ki? Onların yaratdıqları həmişə yenidir. Yaşından, mövqeyindən asılı olmayaraq hər hansı bir insanı özünün əsirinə çevirir. Ölməz aşıqlarımız, Aşıq Mikayıl Azaflı, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əkbər, Aşıq İmran, Aşıq Kamandar kimi sənətkarların qoyub getdikləri irs bizim tərbiyəmizdə böyük rol oynayır. Aşıq Mahmudun, sevimli sənətkarımız Flora Kərimovanın ifalarını həmişə dinləyirəm. Təəssüf ki, son 20-25 il ərzində bu sahədə də durğunluq hökm sürür.

- Axırıncı dəfə Tovuzda nə vaxt olmusunuz?

- İki-üç həftə bundan qabaq Tovuzda idim.

Dilqəm ƏHMƏD,


Nərgiz EHLAMQIZI


Foto: Elçin MURAD

- See more at: http://teleqraf.com/news/4375#sthash.7YAF3AJC.dpuf

Oxumağa davam et
Reklam
Reklam

Gündəm