• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Məktəblilər məhkəməyə ekskursiya edib

Məktəblilər məhkəməyə ekskursiya edib

Bu gün Təhsil və Ədliyyə nazirliklərinin dəstəyi ilə Azərbayan Hüquq İslahatları Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə həyata keçirdiyi “Hüquq və Mən” adlı layihə çərçivəsində Bakı şəhərinin 240 nömrəli tam orta məktəbinin şagirdləri Yasamal Rayon Məhkəməsində olublar.

Xatırladaq ki, bu layihəyə əsasən, pilot olaraq Bakı şəhərinin 5 orta məktəbi daxil olmaqla 1 ay ərzində məktəblilərə peşəkar hüquqşünaslar tərəfindən ilkin hüquqi biliklər tədris olunmuş, sonra isə dərslərdə xüsusi fərqlənmiş şagirdlər üçün məhkəməyə ekskursiya təşkil olunmuşdu. Ekskursiya çərçivəsində məktəblilər Fəxri Fərman və sertifiktlarla təltif olunmuşlar.

Sertifikatların təqdim edilməsi mərasimində ilk olaraq şagirdləri salamlayan Hakimlərin Seçki Komitəsinin və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, AHİM-in sədri Anar Bağırov layihə, onun məqsədləri barədə çıxış edib. A.Bağırov məktəblilərin öz hüquq və vəzifələrini bilmələrinin vacib olduğunu və bu biliklərin onların gündəlik həyatlarında rastlaşdıqları çətinliklərin dəf edilməsində zəruri olduğunu qeyd edib.

Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının və Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov isə öz çıxışında Layihəni yüksək qiymətləndirib, bu tip layihələr vasitəsilə gələcək üçün daha sağlam, öz hüquqlarını bilən yeni nəslin yetişməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra natiq, Yasamal Rayon Məhkəməsinin yeni inzibati binası və məhkəmənin iş prinsipi haqqında uşaqlara maraqlı məlumatlar verib.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Layihə bürosunun rəhbəri Şakir Səfərbəyov isə öz növbəsində Layihənin əhəmiyyətindən danışıb və onun icra olunmasında əməyi keçən hər kəsə təmsil etdiyi qurumun adından təşəkkürünü bildirib.

Təlimlərdə xüsusi fərqlənmiş şagirdlər fəxri fərman və sertifikatlarla təltif olunublar. Şagirdlər daha sonra məhkəmənin inzibati binası ilə yaxından tanış olaraq canlı məhkəmə prosesində iştirak ediblər.

Xatırladaq ki, Layihəyə görə dərslərdə istifadə olunması üçün ilk dəfə Azərbaycan dilində ayrıca dərs vəsaitləri hazırlanıb. Dərslikdən və işçi dəftərdən ibarət olan bu vəsaitlərdə Azərbaycanın hüquq sistemi və hüquq tarixi, əsas insan hüquq və azadlıqları, ölkəmizin məhkəmə sistemi, Avropa İnsan Hüquqları Məhkəməsi barədə məlumatlar yer alıb. İşçi dəftərdə isə qeyd olunan hüquqi məlumatlara həsr olunmuş illüstrativ-praktiki tədris tapşırıqları - krossvord, test, sual-cavab formasında əks olunub. Layihə ilkin olaraq Bakının 18, 236, 240, 276 və 200 nömrəli tam orta məktəblərini əhatə etmiş və analoji məşğələlərin gələcəkdə digər məktəblərdə də keçirilməsi nəzərdə tutulur.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR