Nə qədər azərbaycanlı itkin düşüb - Statistika
Bizi izləyin

Qırmızı.az

Nə qədər azərbaycanlı itkin düşüb - Statistika

Cəbhəyanı icma dedikdə, cəbhədən 3 km kənarda yerləşən icmalar nəzərdə tutulur. Hazırda bizim həmin icmalara baş çəkmək imkanlarımız kifayət qədər yaxşıdır

"Cəbhəyanı icma dedikdə, cəbhədən 3 km kənarda yerləşən icmalar nəzərdə tutulur. Hazırda bizim həmin icmalara baş çəkmək imkanlarımız kifayət qədər yaxşıdır". Trend-in məlumatına görə, bunu cümə günü Bakıda keçirdiyi brifinqdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duran deyib.

D.Duran bildirib ki, bəzi hallarda isə hərbi postlardan keçmək üçün icazələr tələb olunur: "Bəzən müəyyən həssas ərazilərə daxil ola bilmirik. Bununla yanaşı, müraciətlərimizi davam etdiririk. Biz həmin ərazilərdə öz humanitar fəaliyyətimizi həyata keçirəcəyimizə ümid edirik".

Onun sözlərinə görə, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsində tərəflər arasında siyasi atmosferi nəzərə alaraq, gözlə görünən inkişaf yoxdur: "Ona görə də biz hazırda məlumatların saxlanılmasına çalışırıq. Ümid edirik ki, vaxt gələcək tərəflər insan qalıqlarının ekshümasiyası zamanı həmin şəxslərin nümunələri ilə onların ailə üzvlərindən götürülən nümunələri uyğunlaşdıra biləcəklər".

D.Duran deyib ki, hazırda BQXK-nın Azərbaycandakı nümayəndəliyində 3765 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdan keçib. Bunlar ailə üzvləri BQXK-ya müraciət edərək öz yaxınının itkin düşdüyü barədə məlumat verilən şəxslərdir: "Amma Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında meyarlar başqadır. Bunun üçün itkin düşmüş şəxslər barədə ailə üzvləri, yaxınları, dövlət orqanları da müraciət edə bilər. Ona görə də onlarda olan rəqəmlərlə bizdə olan rəqəmlər arasında olan fərq anlaşılandır. Bununla yanaşı, biz siyahıları uyğunlaşdırırıq. Hazırda Dövlət Komissiyasının siyahısında itkin düşən şəxs kimi 4035 nəfərin adı var".

Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin tapılması, onların taleyinə aydınlıq gətirilməsi istiqamətində Azərbaycan və Ermənistan hökumətləri arasında mövcud əməkdaşlığın səviyyəsini dəyərləndirən D.Duran bildirib ki, tərəflərin müvafiq dövlət komissiyası yaratması faktı onu göstərir ki, onlar itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılmasında maraqlıdırlar: "Hər iki tərəf BQXK ilə sıx şəkildə əməkdaşlıq edir. Bu, özü bir göstəricidir. Lakin tərəflər arasında birbaşa əlaqə mövcud deyil. Siyasi mühit dövlət komissiyaları arasında əlaqələri çətinləşdirir. Ümid edirik ki, gələcəkdə bu birbaşa əlaqə mümkün olacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm