Nevşəhər – Dünyanın barış şəhəri
Bizi izləyin

Qırmızı.az

Nevşəhər – Dünyanın barış şəhəri

Barış şəhərini tanıyırsınızmı?

(Qənirə Paşayeva ilə addım-addım Türk dünyası silsiləsindən)

Seyid Yəhya Bakuvi həzrətləri elə bil ki, bu gözəl kəlamını əfsanələr və abidələr boxçası Nevşəhərə yolçuluğumuz üzərinə söyləmişdi: “Nə zaman ki, dostluq yeli əsməyə başladı, yubanmadan məhəbbət yelkənini qaldır...”

Dost dəvətinə məhəbbət yelkəni açaraq qədəm basdıq Nevşəhərə. Burada keçiriləcək beynəlxalq poeziya festivalına dəvətli idik.

Nə mutlu idi ki, bir az öncə Sonuncu Babanın mübarək türbəsini ziyarət etmiş, bu böyük insanın çiləxanasına baş endirmişdik.

O müqəddəs türbənin giriş qapısı ağzında içdiyimiz ballı şərbətin dadı hələ damağımızda idi...

Elə oradaca kəsdiyimiz şəkər çörəyin tamını tamsımırdıq.Yol boyu Sonuncu Babanın sözlərini könül baxçamıza gül kimi yapmaqdaydıq. Türbəsini Dovşanlıya təqribən dörd kilometr qalmış, Tuncbilək yolunun solunda ziyarət etmişdik.

Odsuz sobada çörək bişirərmiş. Xalq”bərəkət gətirər” düşüncəsiylə onun bişirdiyi çörəyi tutiyə kimi alarmış...

Xatirəsini bol-bol dualarımız və türbənin qapı ağzındakı çörək sexində kəsdiyimiz çörəklə anıb gəlirdik.

Önümüzdə isə tarixin əbədiyyət yolçusu olan Nevşəhər idi.

Esentəpəni keçdiyimiz zamanda belə o əziz anlardan ayrıla bilmirdik...

Gençomanı, Əriklini keçirik... Gülağac arxada qalır. Buradan Acı gölə 39, Nevşəhərə 69 km-lik yol var. Bizim Ağdamətrafı bölgəyə bənzəyir. Ancaq çılpaqlıqdı. Kəlbəcətin elat yaylaqları kimi.

Bir az da Göyçaya bənzəyişi var. Bu yerlərin yaz aylarını göz önümə gətirirəm. Məşhur şerin misraları düşür yadıma: “Tovuzdan Bakıya yollar gəlirdi, yanı güllük idi, çiçəklik idi...”

Düşünürəm ki, bu yerlərin yazı heç ələ düşməz. Bu geniş dərələr dibçək kimidi, söz yox ki, çiçəklər bəzəyə yazda dörd yanın.

Saratlı bələdiyyəsini keçib gedirik... Yenə də oxşar mənzərələr; Şəmkirin, Tovuzun Küryaxası çöllüklərini xatırladır. Sadəcə, bağlar, yaşıllıqlar yoxdu. Vadilər uzanıb gedir, eyy, gedir... Xəyalların kimi! Baxıram, uzaqdan boylanan çinar tanışdı...

Artıq Acıgölə 18 km qalıb... Soldakı abad kənd çəkir könlümü. Alayhan olduğunu bilirəm. Yolüstü göz yetirib qədim qala izlərinə baxır, baxıram.

Növbəti aşırımı aşırıq; Boztəpə kəndi, Narlıgöl oteli buradadı. Bir az öncə buraların Göyçaya bənzədiyini, ancaq narı olmadığını düşünmüşdüm. Sən demə Narlıgölü varmış.

Sonra da gəlir İkinci Sınırlı. Bizdə də var bu ayırmalar; 1-ci Qaralar, 2-ci Qaralar, 1-ci Mahmudlu, 2-ci Mahmudlu və s.

Yolboyu qədim qala daşları tökülüb qalıb. Bəzi yerlərdə bu daşları toparlayıb əkin üçün yararlı hala gətiriblər. Bizim “Dədə Qorqud” filminin kadrlarından bu səhnə tanışdı mənə.

Acıgöl solda qalır. Evlərin üstü qırmızı kirəmidlə döşənib. Elə bil dağ döşü bir laləlikdi.

Sağ üz təpəlikdi-çıxıb gəzəsən. Çinarlar, ərik ağacları bəhsəbəsdədi.

Nevşəəhərə 26 km var... İydələr söyləyir, zeytun ağacları deyir bir ucdan.

Baxıram, yolboyu evlər səpələnib hər bir qədəmdə.

Qaracaörənə doğru gedirik. Came minarəsi “Yaxşı yol!” deyir, baxır arxamızca dost marağıyla.

KEÇİRƏM ÜRƏYİM QALDIĞI YERDƏN

Dedim axı... Qaracaörən səmtdəndi yolumuz. Hər qədəmdən pak, iman, inam səslənişli came minarələri elə bil dikəlib “yaxşı yol” – deyir. Keçirəm ürəyim qaldığı yerdən. Çinarlar ürpədir xəyallarımı. Mal-qalra yaslanıb təpə döşündə. Qayalar boy-boya, omuz-omuza. Elə bil yolun bir üzündən o tərəfinə keçib-adlamağa fürsət gəzirlər. Yolboyu tanışlıq lövhəsinə nəzər salıram. Nevşəhərə 10 km qaldığı bildirilir. Məlumat verilir ki, Nevşəhərin 92100 nəfər əhalisi var.

Yolboyu görümlü yerlər sıx-sıx Türk bayraqları ilə şərəfləndirilib. Hər bayraq önündə min salamım, ehtiramım var. Baş əyib keçirəm dərin hörmətlə. Qoşaminarəli came sağ üzdədi. Kınalı bazar bu səmtdə. Pera Tover solda. Qayalar içində evlər sol üzdə. Baxıram, qeyd .dəftərçəmə yazmağın məqamını qaçırmıram; ticarət mərkəzi sağda... İnşaat sahəsi də o üzdə.

Avanes-Kayseri yolu sola burulub gedir. Sağı şəlalədi – dost bilib atlanır yolun üstünə. Təpələr evlərlə bəhsləşir burda. Şəkil çəkməyə çıxıb elə bil. Xətirlərini qırmırıq. İmkan düşən kimi fotoaparatları işə salırıq. Bir az öncə yol yoldaşlarım keçib gəldiyimiz qayaya, daşa beləcə sığınıb şəkil çəkdirmişdilər. Tarixə dönmüşdü zaman, an belə... Fərıqinə vardıqca Azərbaycanın tanınmış şairlərindən olan, dünyadan vaxtsız köçmüş Allahverdi Məmmədlinin şerindən bir misra gəlir yadıma: “Ay dünya, gəl gedək şəkil çəkdirək”.

Gözəlyurd məhəlləsini bu duyəğularla keçdim. Yolumuz Üçhasar səmtdəndi. Burası upuzun bir bozluqdu. Ağaclaırın boyu içində... Bizim Bakıətrafı qəsəbələrdə də belədi. Küləklər döyüb, rüzgarlar başının üstündən əl götürməyib. Bəs deyincə boy ata bilməyib ağaclar burda. Elə öz içinə sığınıb qalıb.

Açığını deyim ki, Rize, Giresun, Bolu bölgələrinin, Karabük, Bartın səmtinin yaşıllıqları, axar-baxarlı təbiət zənginlikləri önündə bu görünən mənzərələr ilk olaraq qəlbini sıxır, darıxdırır. Bu, daha çox Akşəhər isltiqamətdən Nevşəhərə doğru irəlilədikcə belə görünür. Ucsuz-bucaqsız bozluq, qayalıq bizim Qobustan qayalaşrının ruhda, düşüncədə oyatdığı təəssüratı yenidən yaşadır adama. Ancaq elə ki, Nevşəhərin 3-4 km-lik məsafəsinə yetirsən, ordan da keçib Kapadokya deyilən möcüzələr aləminə qədəm basırsan - hər şey dəyişir gözündə. Elə bil ki, Konyada xəyalən, fikrən yaşanan düşüncələr Kapadokyada qədəm-qədəm şəkillənib. Konyanın verdiyi dərs Kanadokuyada sətirbəsətir, hərfbəhərf oxunur. Ruhlar aləminin, əxlaqi, mənəvi dəyərlərin bir araya şəkillənmiş, cismani şəkildə gəldiyi bir möcüzə aləm idi burası.

Elə ilk görünüşdəncə bir az öncə geniş bozluqların iç dünyanda oyatdığı sıxıntı keçib gedir. “Dünyanın köhnə dünyadı, gülüşləri təzədi” düşüncəsi bu məkanda bütün ərdəmliyi ilə varlığına hakim kəsilir. Kapadokuya elə bil Tanrının rəssamlıq sevdasıyla yaşadığı anın, məqamın xatirəsidi. Kapadokya elə bil Allahın insanı xəlq etməmişdən əvvəl onu hansı durumda, hansı dində, hansı donda yaratmaq istədiyi anların əbədiləşən əl işləri, əl izləridi. Kapadokiya böyük Yaradanın inlsanyaratma çertyojları kimidi.

Nevşəhərdən Kapadokiyaya doğru 2-3 km-lik məsafədə qərar tutan oteldə qarşılayırlar bizi. Tanınmış şair, bir çox ədəbiyyatyönümlü layihələrin gerçəkləşməsinə uğurla imza atmış Ayşə Paslanmaz dərin bir səmimiyyətlə “Xoş gəldiniz” deyir. Hal-əhvallaşırıq. Vaxtın az olmasının da fərqindəyik. Zamanı qaçırmaq, imkanı əldən vermək olmaz. Mümkün qədər Kapadokya möcüzələrilə tanışlığa daha çox vaxt ayırmalıyıq. Uzun yolçuluğun bizi necə yorduğunun fərqində belə deyilik. Şərtləşirik ki, yarım saatdan sonra aşağıda bir yerdə oluruq.

Elə də edirik.

Şərtləşdiyimiz vaxtda Ayşə xanım aşağıda bəklədiyini bildirir.

Yolçuluğumuz Kapadokya möcüzələr dünyasınadı. Elə bil nağıllar dünyasındayıq. Tanrının rəsm əsərləri önündə baxa durmuşuq... Bir anı da, məqamı da əldən vermək istəmir, xatirə şəkilləri çəkdirir, qeydlərimizi aparırıq.

Kapadokyaya Üçhasar səmtdən keçdiyimizi, burasının tam bir bozluq olduğunu bir az öncə yazmışdım. Kölgəsiz ağaclar məkanı kimidi. Buradan Ürgünə 8 km-dir. Sağda Kapadokiya, solda Mir Missiumdu. Yolətrafı bozluq adamı usandırmır, daha çox ruhən paklaşdırır.

Bu, Ürgündü – on doqquz min əhalisi ilə bir arada. Bu, Himit oteli, bu da Göremedi. Demək olar ki, Acıgöl, Ürgük, Göreme, Gülsu Nevşəşəhəri Kayseri səmtdən çevrələyir. Aksaray səmtdən isə keçib gəldiyimiz Gözəlyurd, Gülağac müsafirlərini qutlayır.

Göremenin Daşkonaq, Yunak evləri otelləri önündə xatirə şəkilləri çəkdiririk. Dərələr məhəlləsi boyu gəzib-dolaşırıq. Nevşəhər-Ürgük öyrətim axşam sənəti okulu buradadı. Yusif Yikimoğlu qonaq evi, Qaleriya odası, Asmalı qonaq evi, Hacı Hafis Əfəndi küçəsi, Selcuklu evi bu aradadı. Turbanla baş-başa qalırıq bir an.

Qayaqapıdan Avanos səmtə yol alırıq. Yol boyu xəbərdarlıqda “Yavaş-diqqət!” – deyə yazılıb. Gölmekçilikdən sonra Zelve gəlir. Üç km-lik yoldu. Göremeye isə 9 km yol var.

Zelve açıq hava muzeyidi. Hər qaya, hər daş burda bir ərənin büstü kimidi. Fərqindəyəm ki, təsvirini baş-başa çəkdirdiyimiz fotoşəkillər daha qapsamlı anladacaq. Ona görə də vəsfəgəlməz təsvirini sözlə ehtiva etməyə ehtiyac görmürəm. Göreme, Çavuşin, Ürgün çevrəsi boyunca bu unudulmaz düşüncələr mənimlə bir arada oldu... Eyni zamanda Üçhasar Bələdiyyə Başqanı Həsən Ünverlə xalqlarımızın, ölkələrimizin tarixi qardaşlığı barədə etdiyimiz söhbətləri heç unutmadım. Bu söhbətlər Nevşəhər bələdiyyəmsinin başkanı, sayın Həsən Üneverin ilə olan görüşlərimizlə daha da dolğunlaşdı. Elə bil Kapatokyanın, Nevşəhərin tarixi qədimlimyi bələdiyyə başqanının fikir və düşüncələrində heykəlləşmiş, xüsusi məna kəsb etmişdi. O, həm də Dünya Türk bələdiyyə başkanı olaraq önəmli fəaliyyətdə bulunmaqdadı. İş otağının divarları boyunca bütün fəaliyyəti boyu aldığı ödüllər səf-səf düzülüb. Tam bir muzeyi xatırladır. Maraqlandığımızı görüncə aydınlıq gətirir: “Hər birində alın .tərim var. Bütün bunlar mənim namuslu əməyimin mükafatlarıdı. Kimindən mal-dövlət qalır bu dünyaya, kimi qazandığı pulu qoyub gedir. Mən alın təri ilə qazandıqlarımı qoyub gedəcəm... Bakını çox sevdim. Cocuqlarımla birgə gələcəyimi dilək edirəm. Azərbaycana mütləq səfər edəcək, cocuqlarıma babalarının törənlərini tanıdacam. Mənim Azərbaycanın görkəmli müğənnisi Zeynəb Xanlarovaya bir heyranlığım var. İstanbulda olarkən Zeynəb xanımın ifasında “Sizə salam gətirmişəm” mahnısını dinləmiş, ağlamışdım. O mahnını Zeynəb xanım elə bil mənim içimə oxudu, ruhuma köçürdü. Göz yaşımı tuta bilmədim”.

Həsən bəy “Sizə salam gətirmişəm” mahnısını qəribə, içdən gələn bir kövrəkliklə özü də oxuyur.

-Sağlıq olsun, Bakıya qonaq gələrsən, sizi görüşdürərəm –deyirəm.

Dərin səmimiyyətlə “mümkünmü elə şey?” deyə gülümsünür.

-Olur-deyirəm, - sizi Zeynəb xanımın evinə də götürərəm.

-Ən azından ona görə gələrəm Bakıya – deyir.

Sonra Türkiyənin ünlü şairi Abdurrəhman Karakoçun “Mehriban” şerini söyləyir. Qarşılığında bildirirəm ki, “Mehriban” mənim də sevdiyim bir şeirdi. Karakoçun haqqında bir esselər kitabım da işıq üzü görüb. Xatirəsinə Bakıda şeir şöləni düzənləmişəm.

Söhbətə görüşdə iştirak edən görkəmli türk şairi Bakilər qoşulur. Ana tərəfdən Azərbaycandan-Ağdam şəhərindəndi. O səbəbdən də “bizim türkümüzdə həsrət var, balam...” Sayın bələdiyyə başqanı ustadın şeirlərini əzbərdən söyləyir. Bakilərlə olan bu xoş görüşdən böyük qürur duyduğunu deyir və yenə də ondan şeir söyləyir:

Mən Anadoluyam!

İllər ili susuz qaldım,

İllər ili ac.

Şükr edərək qalxdığım sofralarımda

Ya soğan əkmək olur, yaxud bulamanc.

Hastalarım vardı ölüm yataqlarında,

Nə doktor üzü gördüm, nə ilac.

“Devet” denicə hər vergi gəldi aklıma,

“Jandarma” deyincə qırmanc.

Zaman-zaman nankor çıxdı böyüdüb oxutduğum,

Kölgə vermədi çox kərə dikdiyim ağac.

Ən gümrah irmaqlarım boşuna axıb getdi,

Üç-beş adım ötəsində torpağım vardı kırac.

Getgim, igitcə döyüşdüm qəza meydanlarında,

Nə tak-i zəfərlər istədim, nə tac.

Savaşda çeynətmədim Hilalı düşmanlara,

Barışdı, düşdü üstünə kölgə-kölgə xaç...

Sayın bələdiyyə başkanına səmimi görüş üçün minnətdarlığımı bildirirəm. Şəms Təbrizi babamızın bir şəhərə daxil olmazdan öncə şəhər böyüyündən izn almaq gərək olduğu nəsihətini yada salıram. O da qarşılığında deyir ki, bu, bir dövlət mövqeyidir, haqq-sayıdır. “Gəldiniz həm qapımı açıb könlümə girdiniz, həm də məni öz içərinizə aldınız..”

Nevşəhərin Azərbaycanın böyük, tarixmi şəhərlərindən biri ilə qardaşlaşması zərurətindən söz açırıq. Bələdiyyə başkanı bildirir ki, Nevşəhərdə aşkarlanan daş evlər və küçələr qədim mədəniyyət mərkəzləri halına gətiriləcək, ən önəmli şəxsiyyətlərin adı həmin evlərə veriləcək. “Mədəniyyət örnəklərimizi tanımalı, tanıtmalıyıq. Bir araya gəlməliyik. Mən Azərbaycan bayrağını heç vaxt Türkiyə bayrağından seçməmişəm. Nevşəhər müharibə görməyib, zəlzələ, çevriliş görməyiöb. Eyni qapıdan müsəlman və xristian dost olaraq girib. Bu torpaqlar barış torpağıdı. Dünya “Barış” konfransı burada keçirilib. Birləşmiş Millətlər Təşkilatı Nevşəhəri Barış şəhəri kimi tanıyır. Dünyanın hər bir qovğası çözülməlidi. Savaşanda izn istəmirlər. Ancaq hər savaşın barış izni var...”

Təklif edirəm ki, Nevşəhərdə mədəniyyət mərkəzləri olaraq təmir edilən qaya evlərdən, küçələrdən birinə Qarabağın, digərinə isə ortaq qan daşıyıcımız olan ünlü şaıir Bakilərin adı veırilsin.

Təklifim dərin sayğı ilə qəbul edilir. Sonra Bakilər şeir oxuyur. Göz yaşlarımızı tuta bilmirik.

Bələdiyyə başkanı məni Nevşəhərin fəxri vətəndaşı qəbul edilməyim münasibətilə təbrik edir. Dərin minnətdarlığımı bildirirəm.

Təqribən bir saatdan sonra dost süfrəsi arxasında bir araya gəlirik. Milli xörəklərin dadı-duzu qardaşlığımızın bağını bir az da möhkəmləndirir.

Nevşəhər valisi, sa.yın Mehmet Ceylan ilə olan görüşlərimiz könül bağlarımızı daha da yaxınlaşdırır. Türkiyə Cümhuriyyətinin 90, Azərbaycan Demokratik Respublikasının 95 illik yubileyi günlərinin şadlığını yaşayırıq.

Sonra da Kapadokya şeir şöləni... Elə bil bütöv Türk dünyası bir araya gəlib. Sözlə musiqinin, şeirlə nəğmənin qovşağında bütöv bir türk əxlaqı, düşüncəsi yaşanır.

O gözəlim mərasimdə etdiyim çıxış zamanı gözlərim Nevşəhərli bacı-qardaşlarımın üz-gözlərindəki sevinc, sayğı şəfəqini içirdi. Bir millət vəkili, siyasi xadim olmaqdan daha çox şeir oxumaçq istəyirdim. Şeir, şeir, şeir:

Bir müəmmadır,

Çözə bilənə EŞQ olsun!

Müqəddəs kitabdır,

Yaza bilənə EŞQ olsun!

“Mən”dən keçməkdir,

Keçə bilənə EŞQ olsun !

“O” olmaqdır;

Ola bilənə EŞQ olsun!

Həsrətdir; cəzadı,

Çəkə bilənə EŞQ olsun!

Ağrıdır, əzabdı,

Dözə bilənə EŞQ olsun!

Qurumaq bilməyən gözyaşıdır,

Ağlaya bilənə EŞQ olçsun!

Fədakarlıqdır,

Qurban ola bilənə EŞQ bolsun!

Yandırıb yazan atəşdi,

Yana bilənə EŞQ olsun!

Bitmək bilməyən savaşdır,

Savaşa bilənə EŞQ olsun.

Cavabsız sevə bilməkdir,

Sevə bilənə EŞQ olsun!

Ölümə gedən yoldur,

Bu yola başını qoyana

EŞQ olsun!

Eşqin ən gözəl üzü yüzlərlə üzdə sadəcə bir üzü görməkdir! Eşqin xoşbəxtliyini yaşamaqdır (o xoşbəxtliyin ömrü uzun olmasa da...) Çünki dünyada heç bir şey insanı eşq qədər xoşbəxt etmir!

Eşqin ən həyəcanlı üzünün getdiyin hər yerdə milyonlarla insan içində sadəşcə bir üzü aramaq olduğunu yazmışam.

Eşqin ən qəribə, ən riskli üzünün milyonlarla üz içində sadəcə bir üzü sevmək olduğunu yazmışam.

Eşqin ən sıxıntılı üzünün hər saat, hər dəqiqə, hər saniyə sadəcə bir üzü özləmək olıduğunu bilirəm.

Eşqin ən təhlükəli üzü sevdiyin üzün sənə qarşı etdiyi hər ədalətsizliyə, haqsızlığa bir bəraət qazandıraraq ondan ayrıla bilməmək, bəzən hətta ən doğmalarına belə bağışlaya bilməyəcəyin xəyanəti o üzə bağışlamaq olduğunu demişəm.

Eşqin ən dəhşətli üzü sevdiyin o üzü ayrıldıqdan sonra illər keçsə belə ömrünün sonuna qədər bir daha heç zaman unuda bilməmək olduğunu demişəm.

Eşqin ən üzüntülü üzü o üzü nə zamanın, nə yaşadıqlarınızın, nə onun sizə yaşatdıqlarının unutdura bilməməsidir.

Eşqin ən ağrılı üzünün qəlbini başqa birinə verməklə bir ömür yaşamaq olduğunu yazıram.

Eşqin bir üzü də yolçuluqdur.

Nevşəhərdə, bələdiyyə başqanının geniş iş otağında bütün bunlar barədə düşünürdüm.

Düşünürdüm ki, tarixi, kökü olmayanların eşqi, eşqi olmayanın tarixi, kökü olmur.

Eşq həm də tarixə, ilkinliyə, yaranışa qayıdış yolçuluğudu.

“Keçmişlərin ağzında bulunsun”

Bu, bir Nevşəhər duasıdı. Arxasınca da deyərlər ki, Xızır yoldaşın olsun.

Keçmişlərin ağızda bulunmasının bir yolu da yazıdan keçir.

Bu yazılanlarda Nevşəhərin bir adı Muşkara (Kumral) olaraq verilib.

Vilayətin ən qədim yaşayış məskəninin Gülşəhər qəzasında yer alan Civelen mağarasının olduğu bilinir. Avanosun Sarılar bələdiyyəsi yaxınlığındakı Zank ətrafında aparılan qazıntılar zamanı qədim Tunıc çağına (M.O.3000-2000) və Assur Ticarət Mərkəzləri çağına (M.Ö. 2000-1750) aid əsərlər tapılmışdır. Nevşəhər civarında bulunan çox sayda abidələr Qədim Tunc dövrünə aiddir.

Tarixin M.Ö. 2000-1750-ci illəri arasında Quzey Mesopotamiyada yaşayan Assur tacirləri Anadolu ilə ticarət əlaqələri qurmağa başladılar. Bu ticari əlaqələrin mərkəzi Kayseri idi. Nevşəhər ətrafında çeşidli kiçik bazarlar (Vabartum) yaradılmışdı.

Bu ərazilər zəngin qızıl, gümüş və o dövr üçün çox nadir qiymətə malik qalay yataqları kimi tanınırdı.

Qədim Assorca yazılmış mənbələr şahidlik edir ki, o zaman tacirlər yolları üstündə olan bəylərə 10 faiz yol vergisi ödəyirlərmiş. Borclu olan əhalidən isə 30 faiz vergi alınırmış. Həmin qaynaqlarda tacirlərin Anadolu qadınlaırı ilə nikaha girmə şərtləri də təsbit olunub.

Deməli, Yazı ilk dəfə Assurlu tacirlər tərəfindən Anadoluya gətirilmişdi. Eyni zamanda ellindirvari möhürlər və müxtəlif tanrı fiqurları. Beləliklə, Anadolu mədəniyyəti isə Mesopotomiya sənəti bir məcraya gələrək yeni bir mədəniyyət anlayışını ortaya qoymuşdur. Bu, həmin örnəkdir ki, sonralar Hitit mədəniyyətinin əsasını təşkil etmişdir.

Miladdan öncənin 1750-1200-cü illəri

Bu illər Hititlər dönəmidi. Zaman o zamandı ki, Avropadan Qafqazlar üzərindən keçərək gələn Hititlər Kapadokyada yerləşməyə başladılar və burada yerli camaatla qaynayıb-qarışdılar. Baş şəəhər olaraq Hattuşamı (Boğazköyü) seçdilər. Alacahöyükü, Alışarı önəmli şəhər halına gətirdilər Demək olar ki, Kapadokya bölgəsində aşkarlanan bütün tarixi abidələr içində Hititlərə aid qalıntılar sıx-sıxdı. Bu bölgədə hər qaya bir tarixdi. Təkcə daş, qaya deyil, həm də ev-eşikdi, yaşayış məskənidi. Bu qaya abidələr sayəsində Hitit krallarının güney-ölkələrə yetmək üçün keçdikləri yolu göz önünə gətirmək mümkündü. Kayseri sınırları içindəki Erciyes dağının güneyində yer alan Fraktin, Daşçı və İmanqulu qaya abidələri və şəkilləri Tanrıların minnətdarlığını ifadə edən sənət abidələridi.

Kutlanması, Böyük Kralın (Üçüncü hattutili) və kraliçanın (Puduhera) Tanrılara

Sonra gəlir M.Ö.-nin 1200-700-cü illəri. Frigler artıq Orta Anadolunun ən önəmli şəhərlərinin hamısını zəbt edib, Hitit imperatorluğunu aradan qaldırıb... Orta və Güneydoğu Anadoluda gənc Hitit krallıqları meydana çıxıb. Tabil krallığı Kayserini, Nigde və Nevşəhəri öz içinə alıb. Artıq Gülşəhər Sivasa, Acıgöl Tokada, Hacıbektaş Karaburna hesabat verir. Miladdin Öncənin 565-332-ci illərində Anadoluda əvvəlcə Medlər, sonra farslar görünməyə başladılar. Qədim fars dilində Kapadoka olaraq adlandırılan Kapadokya bölgəsi cins atlar ölkəsi anlamını verməkdədi. Farslar Zərdüşt dininə bağlı olduqlarından və atəşə tanındıqlarından bölgədə özünü büruzə verən vulkanları, özəlliklə də Erciyes və Hasandağı müqəddəs saymışlar.

Zaman gəldi, vaxt ötdü. Makedoniyalı İsgəndər M.Ö. 334-332-ci illərdə fars imperatorluğunu məğlubiyyətə uğratdı. Sərkərdələrindən Sibintaşa Kapadokya bölgəsini idarə etməyi tapşırdı. Lakin xalq bu təyinatı qəbul etmədi. Nəticədə qədim fars soyundan olan Ariarathes kral təyin edildi. O, çalışqan bir idarəçi idi və Kapadokya sınırlarının genişlənməsi üçün var gücünü sərf etdi.

Kanadokya krallığı Romanın bir əyaləti olduğu M.C. 17-ci ilə qədər müstəqilliyinə nail olmaq üçün makedoniyalılarla, poptuslumarla, qalatlarla, romalılarla mücadilə aparmışdır.

Gəlir Miladdin sonranın 17-395-ci illəri... Tiberius Kanadokyanı Romaya bağlayaraq bölgədəki hərc-mərcliyə son qoydu. Buradan batı istiqamətə yol açaraq Egeyə çıxmağı bacardılar. Bu yol romalılar üçün həm əsgəri, həm də ticarət baxımından önəmli oldu. Bu dönəmdə bölgəyə yeni köçlər gəldi. Kayseri iqtisadi baxımdan sürətlə inkişaf etdi, Kapadokyanın mərkəzi olaraq tanındı. Nə yazıqlar ki, sonrakı illərdə İrandan gələn sasanilərin hücumlarına məruz qaldı. Bu sırada Anadoluda yayılmaya başlayan ilk xristianların bir qismi Kapadokyaya köç etməyə başladılar. Kayserinin önəmli bir din mərkəzi halına gəldiyi 4-cü yüz ildə qayalıq Göreme və ətrafını kəşf edən xristianlar Kayseri piskonosu olan Əziz Basilinin dünyagörüşünü bəyənməyərək qayalar içində monastr həyatına başladılar.

Sonra gəldi Bizans dönəmi. Bu, artıq 397-1071-ci illəri əhatə edir. Zamanın ikinci yüzilliyində Kapadokyada xeyli sayda xristian topluluqları yer almağa başlamışdı. Artıq bölgədə iki mərkəz formalaşmışdı. Xristianların mərkəzi olaraq Kayseri tanınırdı. Digər mərkəz isə Malatya idi.

Bu dönəmlərdə farslar Anadolunu yenidən istila etdilər (7-ci yüz il) . Sonra Ərəb işğalı gəldi. 647-726-cı illərdə Kayseri iki dəfə əldən-ələ keçdi. Dərinquyu və Kaymaklı kimi düzəngah obalarda yaşayan əhali yeraltı yaşamı tərk edib dağlıq ərazilərdəki qaya kilsələrə və hücrələrə sığındılar.

Din, məzhəb çarpışmaları səngimək bilmədi. Üçüncü Leon müsəlmanlardan etkilənərək ikonaları yasaqladı. Bu durum qarşısında bəzi keşişlər Kapadokyaya sığınası oldu. Bu hal 843-cü ilə qədər davam etdi və kraliça Thedore ikonaçılığı sərbəst buraxmağa qərar verdi. 9-cu yüzildə ərəblərin geri çəkilməsilə bölgə sakit bir duruma gəldi.

Bu da Anadolu Səlcuqluları dönəmi

Tarixin 1075-1308-ci illəri... Sultan Məlikşahın 1092-ci ildə ölümü səbəbindən taxt-tac çəkişmələri yenidən başlandı. Artıq Xaçlı yürüşləri batıdan Türk-islam torpaqları üzərinə yol açmağa başlamışdı. Məlik şahın oğlanlarından Səncər 1111-ci ildə özünü sultan elan etdi, taxta oturdu və 1157-ci ilə qədər səltənət sahibi oldu. Bu ad Azərbaycan oxucusuna dahi şair Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” əsərindən yaxşı tanışdı. Orta məktəb dərsliklərində sıx-sıx yer alıb:

Zülm edib bir qarıya çox uddurmuşdular qan,

O da Sultan Səncərin tutaraq yaxasından...

İndi bu sətirləri yaza-yaza xayırlayıram ki, o qarı Sultan Səncərə gecə ikən amansız bir dövlət məmurunun özbaşınalığından, ədalətsizliyindən şikayət edirdi. Ağ saçlarına baxmadan belə onu söyüb-döydüklərinin xəbərini verir, imdad diləyir, fəryad qoparırdı.

Eyni zamanda, fərqindəyəm ki, dünyanın əksər ölkələrində zorakılıq halları indinin özündə də məzlumları, kimsəsizləri təqib edir. Qadın hüquqsuzluğu hələ də dünyanın aparıcı mövzularından biri olaraq qalmaqdadı.

Haşiyəyə yer ayırmağımın bir səbəbi də var; Dahi Azərbaycan şairi Nizami Gəncəvi ömrü boyu doğulub boy atdığı Gəncə şəhərində yaşamışdı. 1157-ci

Ildə Sultan Səncər dünyasını dəyişəndə Nizaminin vur-tut 16 yaşı şvar idi. Bu o vaxtlar idi ki, böyük Səlcuklular Katvan savaşında (1141-də - N.Gəncəvinin dünyaya göz açdığı ildə) Karahitaylara yenilmiş, Harzem və Xorasan bölgələri əlıdən getmiş, dövlət gücdən düşmüşdü. Nizaminin yaşadığı Gəncə şəhəri ilə sözügedən bölgələri min kilometrlərlə yol məsafəsi ayırırdı. Nəqliyyat vasitəsinin ancaq at və dəvə karvanları olması şəksizdi. Ancaq baş verən hadisələr ildırım surəti ilə sınırdan-sınıra ötürülə bilir, kitabdan-kitaba, dastandan-dastana keçə bilirdi. Bu, mükəmməl bir sistem idi.

Deməli, 1157-ci ildə Sultan Səncərin ölümü ilə Böyük Səlcuklu dövləti dağıldı. Şahzadələr qərar tutduqları bölgələrdə öz müstəqilliklərini elan etdilər. Beləcə, İraqda, Suriyada, Kirmanda, Anadoluda yeni Səlcuklu dövlətləri ortaya çıxdı. Bu sətirləri yazdıqca qulaqlarımda ustad Məmməd Arazın “Bunu dedi Şəki xanı, bunu dedi Quba xanı, Bakı xanı, yetən, yetən “Mən, Mən” dedi, hamı “mən-mən” deyən yerdə sən olmadın, Azərbaycan” misraları səslənir. Bunları yazarkən hakimiyyət çəkişmələrinin şucbatından erməni qəsbkarlarının əlinə keçmiş əzəli Qarabağ torpaqlarının taleyi yadıma düşür. Yenə də ustad Məmməd Arazın misraları:

Bu oyunlda kim uduzdu, kim uddu,

Peşimanı kim olacaq, nə bilim?

Qismət belə gətirdi ki, İraqda, Suriyada, Kirmanda yaradılan Səlcuklu dövlətləri elə həmin 12-ci yüzilliyin içərisində əridi, bitdi, kanyb oldu. Təkcə Türkiyə Səlcuklu dövləti isə 14-cü yüzilliyin əvvəllərinə qədər yaşadı, varlığını sürdürə bildi.

1071-ci ildə tarixi Malazgirt zəfəri baş verdi. Anadolunun fəthi prosesindən başda Kutlamışoğlu Süleyman şah olmaqla Artuk, Tutak, Danışmend, Mengücek, Ebülkasim,Ebülqazi və b. Türkmən bəylərinin adı keçməkdədi.

Baş verən hadisələrin gedişinə olan maraq məni çəkir. Bir-bir yada salır, xatırlatmaq istəyirəm. Kutlamışoğlu Süleyman şah tərəfindən İznikin mərkəz olaraq tanıdıldığı, Nevşəhərin də daxil olduğu Orta Anadolu, Güney Mərmərə, İç Ege və Doğu Akdəniz bölgələrinin əraziləri daxilində Türkiyə Səlcuklular dövlətinin qurulduğu artıq yazılmış bir tarixdi. Digər bir tərəfdən isə, artıq 1067-ci ildə Kayserini fəth edən Türkmən bəylərindən Afşin Qızılirmakın orta sınırı boyunca irəliləyərək Nevşəhər və çevrəsini də Səlcuklu torpaqları içərisinə qatmışdı. Gəlmişdi zamanın 1081-ci ili və Süleyman şah Ankaraya etdiyi səfəri zamanı Ebul Qazini (Hasan bəy də deyə anılır və Həsəndağı bu şəxsin adıyla bağlı anılır) Kapadokyaya vali təyin etmişdi. Bu, o vaxtlar idi ki, Nevşəhər Türkiyə Səlcuklular dönəmində doğu-bağı istiqamətində ticarət yollarının kəsişdiyi kiçik olsa da, xüsusi mövqeyə malik bir yaşayış məskəni idi.

Xüsusi mədəniyyət özünəməxsusluğu vardı.

İşlək, canlı bir ticarət mərkəzi yoluna sahiblik edirdi.

Çox qiymətli yüklər buradan doğu-batı, quzey-güney istiqamətdə paylaşılmaqdaydı.

Ən önəmli xəstəxanalar, kitabxanalar, yeməkxanalar, yollar, körpülər, qalalar bu

dönəmdə hasilə gətirilmişdir. Özəlliklə, Birinci Aliaddin Keyqubad dönəmində (1217-1230).

Zaman gəldi, vaxt yetişdi, Səlcuklu Sultanı İkinci Keykavus ilə Dördüncü Rünkettin Qılıncarslan üz-üzə gəldi. Birincinin təpkisi səbəbindən ikinci Ürgünə sığınıb qaldı.

1243-cü ildə Türkiyə Səlcuqlu dövləti Köcsdağda məğlubiyyətə uğradı.

Olan oldu, hakimiyyət Monqollara keçdi.

Sonra Səlcuklu sultanlarından Üçüncü Alaaddin Keyqubat da Qazan xanla anlaşa bilməməsi səbəbindən Ürgün yaxınlığında sığındığı mağarada yaxalandı.

Tarixin elə bir vaxtı gəlıdi ki, İkinci Məsud son Türkiyə Səlcuklu Sultanı olaraq Kayseridə 13l08-ci ildə vəfat edincə Monqollar simvolik olmuş olsa da belə Səlcuklu taxtına kimsəni oturtmağı lazım bilmədilər. Sadəcə olaraq, bu əraziləri vililər vasitəsilə idarə etməyə başladılar. Bu yanlış idarəçilik isə Osmanlılar, Karamanlılar, Menteşeoğulları, Germiyanoğulları kimi bəyliklərin yaranmasına səbəb oldu.

İki aləmdə ümid sərvər olur...

Ey kos-koca Qazi Bürhanəddin... Şerin, sözün diriliyi cismani yoxluğunu yenə də üstələməkdədi... Düz demişdin ki, “neçə ki, göydə günəş seyranıdır – bu cahan ərənlərin meydanıdır...”

Hər zamanın bir igidin dövranı olduğunu da bədii ədəbiyyatımızda ilk olaraq məhz sən, sən, sən yazıb da getmişsən.

Ağqoyunlu nəslindən Qara Yoluq Osman tərəfindən öldürüldüyünə hayıf!

Nevşəhərin ruh yaşamı, qapsadığı kudsal tarix qələminin, sözünün ruhuncaydı. Bunu ancaq o ilahi təbiət möcüzələrinin daxili dünyasını yaşaya bilənlər yaza bilərdi, yazdın da:

Yaxşı anladım cahanda vayə yox,

Yardan özgə bir xumarım, ayə, yox!

İki aləmdə ümid sərvər dürür,

Andan ayru daxı hiç sərmayə yox...

Bəlkə də Kapadokyada köksünə sığınıb şəkil çəkdirdiyimiz bu qaraca qayaya nəzər yetirə-yetirə yazmışdım bu qitəni... Ölümündən 17 il əvvəl... 37 yaşında ! 1381-ci illərdə. Bu, həmin ildi ki, Eratna bəyi yenmişdin, Nevşəhəri idarəçiliyin altına almışdın.

1397-də isə Nevşəhərə artıq Karamanoğulları hakim idi. Elə həmin il İldırım Bəyazid bütün Karaman vilayətinin torpaqları ilə bərabər Nevşəhəri də Osmanlı bəyliyinə daxil etdi. Eləcə də Aksarayı, Nigedeni və Kayserini... Dəvəli, Karahisar, Üçhisar da o cümlədən...

1402-ci ildə İldırım Bəyazid Fateh Teymura yenildi və karamanlı bəyliyi yenidən quruldu.

1487-ci ildə isə İkinci Bəyazit Karaman bəyliyini yenidən Osmanlı dövləti idarəçiliyinə daxil etdi.

Gəlıdi Osmanlı dönəmi

Bu, 1299-1923-cü illəri əhatə edir. Bu dönəmdə Nevşəhər və ətrafı Osmanlı idarəçiliyi daxilində bir müddət barış içində yaşadı.

Gəldi 1520-ci il... Qanuni Sultan Süleyman taxta çıxdı və ili olaraq xəzinənin gəlirini artırmaq üçün yeni ərazi tahriri həyata keçirdi. Katiblərdən çoxu torpaq paylarını artıq göstərməklə vergiləri artırdılar. Bəzi təsərrüfat sahiblərinin torpağı əllərindən alındı. Narazılıq başladı. Bir tərəfdən də 1582-ci ildən dalbadal başlayan İran Səfərləri bölgənin rahatlığını pozmağa başladı.

Səfərbərliyə çağrılan ailə başçılarının çoxu müxtəlif bhanələrlə bu çağırışdan boyun qaçırdılar. Təbii ki, bu qarşıduma Nevşəhərdə daha şiddətli oldu. Damat İbrahim Paşa zamanına qədər durum belə oldu, yaşandı, bitdi...

...Miladdan sonra 17-ci ildə Tibernus Kakadoniyanı Romaya bağladı – bunu bilirik.

4-cü yüzillikdə qayalıq Göremeni və çevrəsini xristianlar kəşf edərək bura axışmağa başladılar...

7-ci yüzilliyin ilk illərində Kanadokyada Sisamilərlə Bizanslar arasında amansız mövqe savaşlaırı oldu. Sisamilər bölgəni 6-7 il boyunca əllərində saxladılar. 651-ci ildə Xəlifə Osman Sisaniləri məğlub etdi və bölgəyə ərəb-Emevi köçləri başladı.

Sonra Üçüncü Leon müsəlmanlıqdan yararlanaraq ikonaları yasaq etdi. Keşişlər Kanadokyaya cəmləşdilər. Bu proses yüz ildən artıq davam etdi.

Bundan əvvəlini də, sonda baş verənləri də birər-birər diqqətə çatdırmağa çalışdıq. Zamanın gəlim-gediminə Nevşəhər dirənişinin iziylə getdim.

Bircə həqiqəti dərk etdim ki, xalq hafizəsi nə yaxşılığı, nə də pisliyi unutmur.

Belə olmaəsaydı 13-cü yüz ilə aid İvlara bölgəsindəki Əziz Georqin kilsəsinin yazılarında Səlcuklu sultanı İkinci Məsudla Bizans imperatoru ikinci Andronicusun adlarından xüsusi sayğıyıla bəhs olunmazdı.

Barış yolu bu həqiqətdən keçir.

Bu həqiqət Nevşəhəri Cüməhuriyyət dönəminə alnıaçıq, üzüağ yetirdi.

Allah Eyyub bəyə, müfti Süleyman Hakkı əfəndiyə, bələdiyyə başqanı Əhməd Əfəndiyə rəhmət eləsin. Eləcə də Hacı Osman əfəndiyə, Nuri bəyə! Cümhuriyyət səslənişinə ilk qoşulanlardan, əks-səda verənlərdən oldular.

Böyük Atatürk 22 Aralıq 1919-cu ildə Hacı Bektaşa gələdi. Burada Hacı Bektaşı Vəli Təkkəsi çələbisi Cemalettin Əfəndi və təkkə şeyxi Salih Niyazi Baba ilə görüşdü. Ölkənin vəziyyəti aydınlığıyla müzakirə edildi. Hər iki Bektaşi öndəri Mustafa Kamalla eyni düşüncədə olduqlarını və milli mücadilə savaşına qatıldıqlarını bildirdilər. Bu, Mustafa Kamalın Sivas Konqresindən sonra qazandığı ən önəmli görüşlərindən biri idi. Bu barədə ayrıca bəhs edəcəyim üçün yenidən Nevşəhər üzərinə qayıdıram; Nevşəhər Osmanlıların son dönəmində Nigde Sancağına bağlı bir qəza idi. 1924-cü ildə müstəqil qəza, 1954-cü ildə vilayət halına gətirildi. Kozaklı, Hamamorta qəza olaraq Nevşəhərə birləşdirildi.

Sərçələr toplu durursa:

Belə olan halda mütləq “qar yağacaq” deyir Nevşəhərlilər. Eynən bizdə olan .kimi düşünürlər: “Qovaqlar yarpağını başdan, təpədən tökərsə qış sərt keçəcək...”

Qoç qatımında qoç ilk olaraq sürüdəki siyah qoyunla cütləşərsə “yağış az yağacaq” inacları da var...

Dua edəndə:

“Allah ağız dadıyla versin” deyərlər. “Allah qorxduğundan qurtarsın” deyərlər. Bir də deyərlər “Nur içində yat”, “Əllərin dərd görməsin”.

Burda xalçaçılıq bir könül işi... 1202-ci ildən bəri tarixə yoldaşlıq edən naxışları var. Osmalı dönəmində Avonos əsl xalçaçılıq mərkəzlərindən biri olmuşdur. Burada doğulan hər qız xalça toxumağı öncədən bilir. Qızların adına ayrıca cehizlik xalçalar, kilimlər toxunar Kapadokyada.

Nevşəhərin kürsü başı söhbətləri şirindən-şirin, qonşu gəzmələri doyulmaz olur.

Böylə gördük, doğmaların doğması kimi gəzdik, dolandıq Nevşəhəri. Göyləri unudub gəzdik... Bütün möcüzələr yerdə - göz önündəykən göylük nə işimiz qalmışdı axı? Keçdiyim hər yol-cığır mənə “Özünü axtar... Daxilinə yolçuluğa çıx...” deyirdi.

Hər qədəm mübarək Peyğəmbərimizin (s.) diliylə “İslam gözəl əxlaqdır!” səslənişi edirdi.

Yadda saxladıqlarım, hafizəmə köçürdüklərim oldu!

Öyrəndiklərim ondan da çox:

Bir qulunun gözlərində əriyib,

Bir baxışının atəşində yandım mən.

Bir qulunun özləmiylə qovrulub,

Bir qulunun həsrətindən öldüm mən.

Bir qulunun sözlərindən alışıb,

Zərrə-zərrə, parça-parça yandım mən.

Nəfəsindən həyat bulub, can bulub,

EŞQ adında müəmmanı çözdüm mən.

Bir quluna bu cavabsız sevdamla

Gücsüzlüyü, “mən”sizliyi öyrəndim.

Eşq atəşi “mən”i məndə yakanda

“İnsan” olub Aşiqliyi öyrəndim.

Yaman olur eşq acısı, atəşi,

O dünyanı, bu dünyanı öyrəndim.

Yaman olur heç bitməyən həsrəti,

Mən onunla “Çilə” nədir öyrəndim.

Gözyaşıyla dostluq edən gözlərlə

Arınmağı, durulmağı öyrəndim.

Gecə-gündüz nalə çəkən könüllə

Mən bir gerçək qul olmağı öyrəndim.

“Canım qurban” söylədiyim yarimdən

Xətaları, tövbələri öyrəndim.

“Bitdi” deyib üz çevirib gedəndə

İnsan fani, EŞQ əbədi...

-öyrəndim...

Əbədi bir Nevşəhər doğmalığı yaşadım. Tarixə qarışdım. Yandım... Bitdim...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm