Xəstələrin “cibinə girən” əcnəbi həkimlər
Bizi izləyin

Qırmızı.az

Xəstələrin “cibinə girən” əcnəbi həkimlər

“Qardaşım qızının dörd yaşına qədər danışmamağı bizi çox narahat edirdi. Getmədiyimiz həkim qalmamışdı. Bir gün televiziyada “Nərgiz” klinikasına Türkiyədən bu sahə üzrə bir həkim gələcəyini eşitdik. Xəbəri eşidən kimi xəstəxanaya getdik. Həkim bir neçə dərman yazdı və əmin elədi ki, uşaq sağalacaq. Amma “Vitalin” adlı dərmanı içəndən sonra uşaqda böyük dəyişikliklər oldu. Həmin vaxta qədər bütün günü hərəkətsiz qalan uşaq, bir yerdə durmurdu. Bu da bizi narahat etdi, axı birdən-birə uşağa nə ola bilərdi? Qardaşım həkimin yazdığı dərmanların hamısını araşdırdı. Məlum oldu ki, “Vitalin” adlı dərman dünyada qadağan olunub, çünki bu, uşaqlarda narkotik asılılığı yaradır. Bu zamana qədər isə neçə uşaq bu dərmandan dünyasını dəyişib, müxtəlif problemlər yaranıb”.

Müsahibim Gülər Abdullayeva deyir ki, bunu biləndən sonra xəstəxanaya və Səhiyyə Nazirliyinə müraciət ediblər. Xəstəxana ödənişi geri qaytarmaq istəyib, amma razı olmayıblar, başqa uşaqların zərər görməməsi üçün həkimin gəlişinə qadağa qoyulmasını tələb ediblər. Səhiyyə Nazirliyi də bu istəkləri ilə razılaşıb.

Gülər xanım kimi yerli və əcnəbi həkimlərin müalicəsindən narazı qalan, daha ciddi fəsadlar yaşayanlar az deyil. Yerli həkimlər əlçatan olsa da, problem yaşayanlar istədikləri vaxt əcnəbinin yaxasından yapışa bilmir. Çünki həkimlər, adətən, 1-2 gün ərzində müayinə, əməliyyat edib ölkəsinə qayıdır, onu bir də görmək şansınız çox da yüksək olmur. Xəstəxana isə həkimə görə məsuliyyət daşımadığını deyərək cavabdehlikdən yayınır. Yaxud təkrar pulsuz müalicə təklif edir ki, etibarı sarsılmış xəstə buna razı olmur. Bir sözlə, xəstənin həm pulu, həm də canı gedir. Əcnəbi həkimlərin qəbul və əməliyyat xərcləri yerlilərdən 2-3 dəfə baha olur.

Hər ay ölkəyə müxtəlif sahələr üzrə gələn əcnəbi həkimlər arasında xəstələrin ciblərindəki pulu öz ciblərinə transfer etmək məqsədi güdənlər az deyil. Həmin “qastrolçu” həkimlərin sayı və adları barədə təəssüf ki, açıqlamalar yoxdur.

Bəs ölkəmizdə əcnəbi həkimlərə nə qədər ehtiyac var? Bütün əcnəbi həkimlərin müalicəyə yox, pul toplamağa gəldiyini demək düzgün olmaz. Bəs bu həkimləri necə fərqləndirək?

Suallarımızın cavabını Publika.az-ın “Qırmızı xətt” layihəsində araşdıracağıq.

Ölkəmizə ildə nə qədər əcnəbi həkimin gəlməsi ilə bağlı dəqiq statistika yoxdur. 2009-cu ildən indiyədək 88 əcnəbi həkimə Azərbaycanda işləmək və ya müayinə aparmaq üçün icazə verilib. 2012-2013-cü illərdə 17 Türkiyə, 1 İtaliya, 2 Cənubi Koreya, 3 Cənubi Afrika, 6 Rusiya, 1 Bolqarıstan, 1 Almaniya, 1 ABŞ, 1 Ukrayna, 8 İran İslam Respublikası, 1 Norveç vətəndaşına Azərbaycanda işləmək üçün icazə təqdim olunub. Bu il isə ümumilikdə 10 əcnəbi həkimin Azərbaycana gəlib müayinə və müalicə aparmasına razılıq verilib. Rəqəmlər bu ilin mart ayına olan məlumatı əks etdirir. Onların sayında bir neçə artım ola bilər.

Səhiyyə Nazirliyində qeydiyyatdan keçənlər məlum olsa da, “qastrolçu” həkimlərin sayı bəlli deyil. Onların aşkarlanması üçün Səhiyyə Nazirliyi yanında müvafiq komissiya fəaliyyət göstərir. Bir çox hallarda onlar da problem qarşısında aciz qalır.

Nazirdən etiraz

Səhiyyə Naziri Oqtay Şirəliyev də bir müddət əvvəl mətbuata açıqlamasında özəl klinikaların xarici həkimləri geniş reklam etməsinin çox vaxt xam adamlar üçün nəzərdə tutulan adi kələk olduğunu demişdi. Nazir bildirib ki, Səhiyyə Nazirliyinin özəl tibb müəssisələrində yoxlamalar aparan xüsusi komissiyası fəaliyyət göstərir.

Yoxlamalar nəticəsində komissiya müəyyən edib ki, əksər hallarda reklam olunan xarici həkimlərin professionallıqları, xidmətləri, təcrübəsi, təltifləri, adları ilə bağlı deyilənlərdən həqiqətə uyğun olanı, ancaq onların xarici dövlətin vətəndaşı olmasıdır:

“Qalan hər şey reklam oyunudur, reklam qurbanları da buna aldanırlar. Özü də çox vaxt bu kələkdən qanunsuz fəaliyyət göstərən özəl klinikalar istifadə edir”, – deyə nazir bildirmişdi.

Əcnəbi həkimlər niyə Azərbaycana gəlir?

Xarici ölkələrdən həkim dəvət edilməsi səhiyyənin inkişafına yönəlmiş addımdır. Bu gün inkişaf etmiş səhiyyə sisteminə malik ölkələrdə də bir vaxtlar əcnəbi həkimlər cəlb edilib. Lakin onlardan daha çox yerli mütəxəssisləri yetişdirmək məqsədilə yararlanıblar. Bizim klinikaların həkim gətirməsi daha çox insanların yerli həkimlərə olan inamsızlığından doğur. Əcnəbi həkim klinikanın yolunu xəstələrə tanıtmağın ən asan üsuludur. Klinikaların marağı anlaşılandır, bəs əcnəbi həkimlər niyə Azərbaycana axın edir?

Araşdırmalar göstərir ki, bəzi özəl “Medical Plaza”, BakuCity Hospital”, HB güvən” və s bu kimi klinikalar əcnəbi həkimlər gətirməkdə daha çox maraqlıdırlar. Bunun üçün də klinikaların saytlarında il ərzində gətirdikləri həkim sayına baxmaq kifayət edir. Klinikalar çox zaman həkimin adını deməklə kifayətlənir, onlar haqqında geniş məlumatlar vermirlər. Onların adını internet resurslarında axtaranda isə çox vaxt Bakıya gəlməklərindən başqa xəbər çıxmır. Həqiqətən, sahələrində bir nömrəlidirlərsə, işləri haqqında məlumatlar asanlıqla tapılmalı idi.

Təkrar əməliyyat edərik, amma pul qaytarılmır

Özəl klinikalarla əlaqə saxlayıb, yaxın zamanda gətirəcəkləri əcnəbi həkimlər barədə maraqlandıq. Gətirəcəkləri həkimləri tərifləməklə yanaşı, hamısının nazirlikdə qeydiyyatdan keçdiklərini dedilər.

“HB Güvən” klinikasından bildirdilər ki, bu bazar günü Türkiyədən iki nəfər plastik cərrah gələcək. Onlar Istanbul-Amerikan xəstəxanasının professor Reha Yavuzər, Mersin Universitetinin kafedra müdiri Alper Saradır.

Həkimlərin qəbul qiymətinə gəldikdə, klinikadan bildirdilər ki, Reha bəyin Türkiyədə qəbulu 600 TL-dir. Burada pulsuz müayinə edəcək. Əməliyyat edib-etməmək barədə qərar vermək xəstənin işidir. Burunda çəpər əyriliyinin əməliyyatı 2 min-2 500 manat olacaq. Klinikadan bizi həkimlərin öz sahələrində bir nömrəli olduğuna inandırmaq üçün əllərindən gələni etdilər. Əməliyyatdan razı qala bilməyəndə, ikinci əməliyyat pulsuz ediləcək. Amma ödənilmiş pul geri qaytarılmır. Qadın sonsuzluğuna görə Öndər Tulumbacı klinikada daimi olaraq işləyir.

“Laçın Klinikası”ndan bildirdilər ki, onlar yaxın zamanda əcnəbi həkim dəvət etməyi planlaşdırmırlar, lakin hazırda Behnam Kazımı sonsuzluq üzrə müalicələr həyata keçirir. O, saat 9:00-dan 18:00-a kimi klinikada olur. Gəlməmişdən bir gün əvvəl növbəyə yazılmaq lazımdır, iyunun 20-də qədər konsultasiya ödənişsiz, sonrakı müraciətlər üçün 30 manatdır. Analiz, USM müayinəsi 150-350 manata qədər olur.

“Nərgiz” klinikasından bildirdilər ki, yaxın zamanda Hacıbadəm klinikasından nevropatoloq gələcək. Həkimin müayinə xərcləri barədə hələ dəqiq məlumatın olmadığını dedilər.

“Hind klinikası”nda sonsuzluğu hindistanlı həkim, xanım Dr. Racani Çandra DMello müalicə edir. Azərbaycana ozon terapiyasını gətirsə də, hazırda genekoloq kimi işləyir. Onun qəbuluna yazılmaq isə 25 manatdır.

“Baku City Hospital”dan bildirdilər ki, hazırda Türkiyədən lor həkimi Semih Sutay klinikadadır. Həkimin ilkin müayinəsi 100 manatdır. Əməliyyatdan sonra xəstənin vaxtaşırı müayinəsi elə həkim tərəfindən aparılacaq, çünki həkim özü 20 gün, yaxud ayda bir dəfə Azərbaycana gəlir. Sonrakı müayinələr isə pulsuzdur”.

Əməliyyatdan razı qalmadığımız halda, təkrar əməliyyatın pulsuz ediləcəyini dedilər. Ödənilmiş pulun geri qaytarılmasına gəldikdə, belə bir halın heç vaxt yaşanmadığını dedilər.

Nazirliyin icazəsi olmadan həkim gətirilir

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli əcnəbi həkimlərin fəaliyyətinin qanuni tərəflərindən danışdı:

“Nazirlik yanında fəaliyyət göstərən xüsusi komissiya tərəfindən xarici həkimlərin Azərbaycanda necə fəaliyyət göstərməsi ilə bağlı qaydalar müəyyən edilib. Həmin qaydalara görə, xaricdən həkim dəvət edən tərəf bu komissiyaya müraciət edir. Çağrılan həkimin sənədlərini də təqdim edir. Nazirliyin müvafiq komissiyası həkimin çalışdığı ölkənin Səhiyyə Nazirliyi ilə əlaqə yaradır. Göstərilən məlumatların həqiqiliyini araşdırır. Məlumatlar təsdiq ediləndən sonar, başqa parametrləri də araşdırır. Nazirlikdən başqa, Miqrasiya Xidmətinin də icazəsi olmalıdır. Bu qaydaları keçəndən sonra fəaliyyət göstərə bilirlər. İcazədə praktik tibbi fəaliyyət göstərilibsə, həm müayinə, həm də cərrahiyə əməliyyatlarına icazə verilir”.

Nazirlik rəsmisi bildirib ki, əcnəbi həkim ölkəsinə qayıtdıqdan sonra xəstədə yaranan problemə görə onu dəvət edən tərəf, klinika məsuliyyət daşıyır. Bu məsələ də nazirliyin komissiyasında müzakirə olunub və nəzarət edilir.

Nazirlik rəsmisi xarici həkimlərin kütləvi axınının qarşısını almaq üçün məhdudiyyət qoymanın düzgün olmadığını deyib. Onun sözlərinə görə, insanlar əcnəbi həkimə müraciət edərkən ayıq-sayıq olmalıdırlar.

“İnsanlar xarici həkimə müraciət edərkən məsləhətləşməli, araşdırmalıdır. Çox zaman əcnəbi həkimlər yerli mütəxəssislərin öhdəsindən uğurla gələ biləcəyi əməliyyatlar həyata keçirilir”.

A.Qədirli bildirib ki, nazirliyin icazəsi olmadan da ölkəyə həkim gətirilir. Bu istiqamətdə mübarizə aparılır.

“Onların fəaliyyəti qeyri-qanunidir. Bununla bağlı həm “Qaynar xətt”ə müraciət edilir, həm monitorinq keçiririk, həm də reklamların monitorinqini aparırıq. Həm Miqrasiya Xidməti, həm də hüquq mühafizə orqanları onların qarşısını alır. Xəstələr müraciət edərkən, əcnəbi həkimin Səhiyyə Nazirliyindən icazəsinin sertifikat şəklində tələb etməlidir. Qanunsuz həkim gətirən klinikalara cərimələr müəyyən edilib, bundan başqa, lisenziyası da alına bilər. Çünki bu cür fəaliyyət lisenziya fəaliyyətinin pozulması deməkdir”.

Onun sözlərinə görə, qiymət, pul münasibətlərini nazirik tənzimləmir, müalicədən narazı xəstələr məhkəməyə müraciət edə bilərlər. Nazirlik yalnız onların tibb standartlarına uyğunluğunu yoxlayır.

Xaricidirsə, demək, yaxşıdır?

Tibb.az portalının redaktoru, Malik Məmmədovun sözlərinə görə, təxminən 10 ildir ki, ölkədə əcnəbi həkimə ehtiyac yoxdur.

Əslində, müəyyən ağır əməliyyatları çıxmaq şərti ilə müalicə üçün artıq heç xaricə getmək də lazım deyil . Klinikalar arasında rəqabət gücləndiyindən hamı ən müasir avadanlıqları klinikasına gətirir.

“Klinikalar prestij xatirinə xaricdən həkim gətirir. Burada daha çox psixoloji faktor “xaricidirsə, deməli yaxşıdır” faktoru əsas rol oynayır. Boyük və nüfuzlu klinikaların həkimləri adətən xarici ölkələrə müstəqil şəkildə getmirlər. Çünki buna onların nə ehtiyacları var, nə də ki çalışdıqları klinika buna imkan verməz”.

M.Məmmədov xəstələrə yerli həkimlərə üstünlük verməyi məsləhət görüb. Onun sözlərinə görə, ən azından onlar burda 1-3 ,ya da 5 günlük işləmir. Bir problem yarandıqda da müraciət etmək asan olur.

“Xəstə israrla xarici həkimə müraciət etmək istəyirsə, o zaman onun haqqında ən azından internetdə məlumat ala bilər. Klinika reklamlarında deyildiyi kimi gələn həkim həqiqətən də ölkəsinin aparıcı həkimlərindəndirsə (hərçənd mən buna 90% hallarda inanmıram) internetdə onun haqda kifayət qədər müsbət məlumatlara rast gəlinəcək. Belə məlumatlar yoxdursa və ya azdırsa, bu artıq deyilən faktın əksinə işarədir”.

O bildirib ki, əməliyyatın nəticəsinə görə (əgər gətirilən həkimlə klinika arasında xüsusi şərt qeyd olunan müqavilə yoxdursa) həmişə klinika cavabdeh olur. Bütün iddialar həkimə yox, klinikaya qarşı yönəlməlidir. Əməliyyat sonrası baxım xərclərinə gəlincə, bunu pasient əvvəlcədən dəqiqləşdirməlidir. Yaxşı olar ki, müqavilə bağlasın və bütün xərclər orada göstərilsin. Əks halda, anlaşılmazlıqların olması labüddür.

Səhiyyə naziri qeyd edib ki, Azərbaycanda qeyri-qanuni tibbi praktikaya, o cümlədən “qastrolçu həkimlərin” fəaliyyətinə görə məsuliyyət və müvafiq olaraq cərimə sanksiyaları qanunvericiliklə kəskin artırılıb:

“Fiziki şəxslər üçün cərimələr 2-3 min manat, hüquqi şəxslər üçün 20 min manatdan 30 min manatadək olub. Əgər əvvəllər qaydaları pozanlar 300­-500 manatlıq cərimələrlə asanlıqla canlarını qurtarırdılarsa, bu gün bu addımı atmazdan əvvəl ciddi götür-qoy edəcəklər”.

Amma siz yenə də, sonradan həkim arxasında düşməmək üçün, əvvəldən diqqətli olun. “Əcnəbidir, xarici təhsili var, pis olsa, dəvət etməzdilər” kimi düşüncələri beyninizdən doğru seçim edin.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm