• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bank hesablarından oğurluq edən dəstə zərərsizləşdirilib

Bank hesablarından oğurluq edən dəstə zərərsizləşdirilib

Azərbaycanda bank hesablarından külli miqdarda pul talayan dəstə zərərsizləşdirilib.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən Publika.az-a verilən məlumata görə, nazirlik tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində, kompyuter sisteminə qanunsuz daxil olaraq həmin sistemdəki məlumatları ələ keçirməklə müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanması hüquqazidd əməllərin törədilməsinə görə Azərbaycan Respublikasının vətəndaşları Hadiyev Fərid Şövqi oğlu, Ələkbərov Yaşar Bayram oğlu, İbrahimov Nasir Aydinoviç, Bayramov Fərrux Teyyub oğlu, Aqarunov Rinat İliç, Rusiya Federasiyasının vətəndaşı İfraimov Nair İlişayeviç şübhəli şəxs qismində tutulmuşlar.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama), 271.3-cü (ictimai əhəmiyyətli infrastruktur obyektin kompyuter sisteminə qanunsuz daxil olma) və 272.3-cü (ictimai əhəmiyyətli infrastruktur obyektin kompyuter sistemində məlumatları qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılmışdır. Hadiyev Fərid Şövqi oğlu, Ələkbərov Yaşar Bayram oğlu, İbrahimov Nasir Aydinoviç, Bayramov Fərrux Teyyub oğlu, Aqarunov Rinat İliç və İfraimov Nair İlişayeviç təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Müəyyən edilmişdir ki, Bakıda fəaliyyət göstərən banklardan birində əməliyyat şöbəsində baş mütəxəssis işləyən Fərid Hadiyev informasiya texnologiyalarından istifadə edilməklə külli miqdarda özgənin əmlakını gizli olaraq talamaq məqsədilə yaxın tanışı Yaşar Ələkbərovla qabaqcadan əldə edilmiş razılığa əsasən tanışları Nasir İbrahimova və Nair İfraimova Bakıda fəaliyyət göstərən digər bir bankda etibar etdikləri Azərbaycan Respublikası vətəndaşlarının adına bank hesabları açmağı tapşırmışlar. Nasir İbrahimov Fərrux Bayramova, Nair İfraimov Rinat Aqarunova informasiya texnologiyalarından istifadə edilməklə külli miqdarda özgənin əmlakını gizli olaraq talamaq məqsədilə ayrı-ayrılıqda onların adına bank hesablarını açmağı təklif etmiş, Fərrux Bayramov və Rinat Aqarunov da bununla razılaşmışlar. Nasir İbrahimov Fərrux Bayramovla, Nair İfraimov isə Rinat Aqarunovla birlikdə Fərrux Bayramovun və Rinat Aqarunovun adlarına bank hesabları açdıraraq, hər ikisi üçün "MasterCard Standard" plastik kartı sifariş etmiş və hazır olan kimi hesabın açılması ilə bağlı sənədləri kartla birlikdə götürmüşlər.

Bundan sonra Fərid Hadiyev qabaqcadan əldə edilmiş razılığa əsasən, işlədiyi bank filialında xidməti fəaliyyətinin imkanlarından istifadə etməklə iri məbləğdə əmanətləri olan bir sıra şəxslərin kredit kartlarının nömrələrini əlaqədar öyrənərək, həmin nömrələri mobil telefonla Yaşar Ələkbərova göndərmişdir. Yaşar Ələkbərov mart ayında həmin nömrələrdən istifadə edərək qeyd olunan bank əmanətçilərinin kart hesablarından ümumilikdə 76 min ABŞ dolları məbləğində pulu elektron köçürmə yolu ilə Fərrux Bayramovun "MasterCard Standard" plastik kartına, may ayında isə təxminən 178 min ABŞ dolları məbləğində pulu elektron köçürmə yolu ilə Rinat Aqarunovun "MasterCard Standard" plastik kartına köçürmüş və hər iki halda Fərid Hadiyevi məlumatlandırmışdır.

Pulların köçürülməsindən sonra Fərid Hadiyevin tapşırığına əsasən Nasir İbrahimovla Fərrux Bayramov birlikdə sonuncunun adına olan plastik kartdan istifadə etməklə Bakı şəhərində müxtəlif yerlərdə yerləşən bankomatlar və bank filialı vasitəsilə qanunsuz köçürülmüş həmin pul vəsaitlərini hissə-hissə nağdlaşdırmışlar. Nair İfraimov isə Moskva şəhərində Rinat Aqarunovun adına olan plastik kartdan istifadə etməklə bu şəhərdəki bankomatlar vasitəsilə qanunsuz köçürülmüş həmin pul vəsaitlərini hissə-hissə nağdlaşdırmışdır. Beləliklə, Fərid Hadıyev, Yaşar Ələkbərov, Nasir İbrahimov, Fərrux Bayramov, Rinat Aqarunov və Nair İfraimov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında informasiya texnologiyalarından istifadə etməklə özgənin külli miqdarda əmlakını gizli olaraq talayıb nağdlaşdırdıqları 254 min ABŞ dolları məbləğində pulu öz aralarında bölmüşlər.

Qrupun üzvləri növbəti dəfə öz hüquqazidd əməllərini davam etdirməyə cəhd göstərərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən xüsusi əməliyyat planı əsasında cinayət başında yaxalanmışlar.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR