Cəlaləddin Qasımov,
Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü,
yazıçı-publisist, polis mayoru
Mən 2010-cu ildə Gürcüstanın paytaxtı Tiflis şəhərində olarkən
vaxtilə Qarabağ müharibəsinin iştirakçısı olmuş bir erməni
(Ermənistan vətəndaşı) ilə təsadüfən görüşdüm.
Həmin erməni ilə uzun çəkən söhbətim elə alındı ki, o, mənə
şahidi olduğu bir neçə fakt açıqladı. Onu da bildirim ki, mən həmin
faktların bəziləri haqda “27 ildən sonra” (Bakı, “Nurlan”, 2013)
adlı kitabımda yer almış “Silinməyən ləkə” romanımda bəhs etmişəm.
Aşağıda həmin faktların bəzilərini nəzərinizə çatdırıram və
bildirmək istəyirəm ki, bir bədii əsərdə yer alsa da, bunlar heç
bir bədiilik qatılmamış faktlardır.
* * *
“Fevralın 25-də axşam saat 23:00 radələrində rus hərbi
birləşmələrinə məxsus 366-cı alayla birlikdə ermənilər Xocalı
şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad”
və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata
qədər durmadan atəşə tutdular.
1-ci əsas zərbəni mayor Seyran Ohanyan (2-ci batalyon) vurdu.
Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü
batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində
yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq
idi.
366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü
atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçdilər.
Əhali dağılırdı... Hərə bir yana qaçaraq köməksiz vəziyyətdə
qalmışdı. Qarqar çayı istiqamətində, «Donuzçuluq ferması» deyilən
yerdə dinc əhaliyə qarşı əsl qırğın başladı. Xocalıdan çıxarkən
gecə saat 4 radələrində Xocalıdakı bir neçə postdan düşmənə
müqavimət göstərilir, atəş səsi gəlirdi...”.
“Keçmiş döyüşçü” olan erməni Xocalıda əsir düşmüş
vətəndaşlarımızdan biri olan Məmməd Nağıyevin söylədiklərini
danışırdı: «Ermənilər bizi aldadaraq, deyirdilər ki, kim əsirlikdən
qurtarmaq, yaxud dəyişilmək istəyirsə, bizimlə gəlsin. Bu minvalla
azərbaycanlı əsirləri bir-bir aparırdılar. Sonradan öyrəndik ki,
onları ölən erməni əsgərlərinin qəbri üstə apararaq başlarını
kəsirlərmiş.
Yenə bir gün də ermənilərdən biri azərbaycanlı əsirlər
saxlanılan yerə gələrək,13 nəfəri seçib apardı və dedi ki, meşədə
onun qohumunu öldürüblər. “Bir erməniyə görə 13 türk, monqol,
azərini öldürəcəm”-deyə o, dedi. Sonra məlum oldu ki, dediyi kimi
də etmiş - apardığı əsirlərin başını kəsmişdi».
Ermənilərin sözlərinə görə, Yaşar adında bir əsir deyirmiş ki,
onu çox döyürmüşlər. Orda ayrıca işgəncə otağı var imiş, hətta
sobanı yandıraraq, əsirlərin əllərini ona basırmışlar...
”Ermənilər içəri girərək qadınlara sataşırdılar. Ermənistandan
qaçqın düşərək Xocalıda məskunlaşan Məmməd adlı bir kişinin oğlu
Söhbət ermənilərin bu hərəkətinə qarşı çıxdı. Ermənilər hamının
gözü qarşısında Söhbətin başını kəsərək futbol topu kimi
bir-birlərinə ötürdülər. Ermənilərin bu hərəkətinə etiraz edən
atası Məmməd kişinin də başını kəsdilər.
Əsirlərin başı üstündən avtomatdan atəş açırdılar. Güllələr
divara dəyərək oradakı daş parçalarını qızdırırdı. Qızmış daş
hissələri də bir yandan əsirlərin üstünə düşürdü... Əsirlər imdad
istəyirdilər, Allaha yalvarırdılar. Ermənilər də divarlara durmadan
atəşi davam etdirirdilər. Əsirlərin fəryadı, yalvarması ermənilərə
xoş gəlirdi. Hətta divardan güllə şığıyaraq əsirlərə dəyirdi. Onlar
da bundan ləzzət alırdılar».
***
...Samvellə çox söhbətləşdik. Öz sözlərimlə təsdiq edirəm ki, o,
mənə çox şeylərdən bəhs etdi. Başlatdıqları müharibənin
«qaydalarını» yaxşı bilirdi...
O deyirdi ki, Zori Balayanın, Arkadi Qukasyanın, İrəvandan
gəlmiş erməni generallarının, 366-cı alayın komandiri Zerquqarovun
görüşünü, onların nə barədə danışdıqlarını bilir.
”Zerquqarov həmin görüşdə Zori Balayana deyib ki, “sovet hökuməti
yoxdur, sovet ordusu yoxdur, 366-cı alay mənim öz şəxsi ordumdu.
Pulumu verin, Xocalını azərbaycanlılardan təmizləyim. İstəyirsiniz,
lap xırda silahlardan tutmuş ta tanklara, vertolyotlara qədər bütün
döyüş texnikasını, hətta şəxsi heyəti sizə verim””.
Və deyilən kimi də olub!
“25 fevral, 1992-ci ildə isə 366-cı alay Xocalını hər tərəfdən
mühasirəyə aldı. Şəhərin müdafiəsinə qalxan dörd dəstənin hər
birində demək olar ki, silahların yarısı adi ov silahı idi... Amma
366-cı ordunun bütün artilleriya qurğuları, «Alazan» tipli
raketləri və minomyotları var idi”.
...Bəlli olduğu kimi, Qarabağ müharibəsinin ideoloqlarından
biri, hadisələrin iştirakçısı, ermənilərin ən çox sevdiyi yazıçı
Zori Balayan “Ruhumuzun canlanması” adlı kitab nəşr etdirib.
Balayan “Ruhumuzun canlanması”nda ermənilərin Xocalıda törətdiyi
soyqırımı haqqında yazır:
“Xocalını ələ keçirdiyimiz zaman bir evə girdik. Xaçatur adında
bir əsgərimiz 13 yaşlı bir türk (Azərbaycan-C.Q.) uşağını pəncərəyə
mismarladı. Türk uşağı çox səs-küy salırdı. Xaçatura dedim ki, onun
səsini kəs. Xaçatur isə anasının döşünü kəsib balasının ağzına
tıxadı. Mən ixtisasca həkim olduğum üçün üstümdə olan tibb bıçağı
ilə uşağın başının, sinəsinin, qarnının dərisini soydum. Saata
baxdım. 13 yaşlı uşaq 7 dəqiqədən sonra öldü. Ruhum sevinclə
qürrələndi. Xaçaturla mən uşağın meyitini hissə-hissə doğradıq,
tikələri itlərə atdıq və eyni şeyi daha üç türk uşağına qarşı
etdik.
Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər
bir erməni bizim etdiklərimizlə fəxr edəcək”.
Bu “İttihamnamə” ilə tanış olan hörmətli xanımlar və cənablar!
Zori Balayan terrorçudur, canidir və öz əməllərini özü etiraf edir!
Bu sualı haqqı tanıyan hər kəsə ünvanlayıram: beynəlxalq aləm nədən
buna fikir vermir? Nədən ötən əsrdə faşist Almaniyasında, sonra
Bosniya, Serbiya və başqa yerlərdə insanlara qarşı amansız qətllər
həyata keçirən və ya təşkilatçılıq edənlər kimi o da mühakimə
olunmur? Bu “həkim-yazıçı” hər iki peşənin estetikasına,
fəlsəfəsinə qarşı çıxaraq, öz ixtisasına, sənətinə üzqaralığı
gətirib, Qarabağda dinc əhaliyə qarşı nə qədər terror əməliyyatı
həyata keçirib...
...Azərbaycan dövləti İnterpol vasitəsilə Zori Balayanı terrorçu
kimi axtarışa verib. Ermənilər bu işə siyasi don geyindirərək
hamını inandırdılar ki, bu, “siyasi terror”dur... Və Zori Balayanı
buraxdırdılar.
...İşgəncələri öz kitabında qeyd edən bir terrorçuya başqa daha
nə qədər dəlil-sübut lazımdır?!
* * *
Samvel mənimlə Tiflisdəki söhbətində daha dəhşətli bir faktı da
açıqlayaraq bildirdi ki, Ermənistanın hazırkı prezidenti Serj
Sərkisyan Xocalı soyqırımında şəxsən amansız qətllər törədib. O,
bir hadisənin canlı şahidi olduğunu söylədi:
“Ermənilər hadisələrin üçüncü günü meşədə Xocalıdan qaçsa da,
getməyə yer tapmayan azərbaycanlılara rast gəlirdi. Qoca, qadın,
uşaq olan bu dəstədə artıq son nəfəsini yaşayanlar, donub qalanlar
və yaralılar var idi. Bizi görən kimi yalvardılar ki, onları
öldürməyək. Biz də dedik ki, zinət əşyalarınızı, pullarınızı bəri
verin, sizə dəyməyək. Qadınlardan biri dedi, “nəyimiz var, sizin
olsun”. Biz isə dedik ki, burda olanlar onsuz da bizimdir. Xocalıda
nə gizlətmisiniz deyin, aparaq oradakı varidatı verin, sizi oradan
Ağdama yola salacağıq.
Balayan aralıdan olanları izləyirdi. Əsirlər dedilər ki, nə var
bunlardır, orda heç nəyləri qalmayıb. Zinət əşyaları, bank
kartları, rus pasportları - nələri varsa, yığıb verdilər. Biz
kənara çəkildik ki, aralıdan hamısını güllələyək, canımız
qurtarsın. Bu vaxt Sərkisyan yaxınlaşdı ki, guya yoxladınızmı
hamısını, bax, o qadının qulağında yeri qalıb sırğaların, yəqin
udub. Göstəriş verdi ki, əllərini tutun. Biz qadının əllərini
tutduq, müqavimət göstərmədi, gücü qalmamışdı. Özü qadının qarnını
yardı, əlini salıb sırğaları və üzüyü çıxardı. Sonra avtomatı
götürüb əsirləri güllələdi.
Onun əynində kürk var idi. O qədər arıq idi ki, hərbi buşlatın
yaxalığı onun çiyinlərinə keçirdi. Gözlərində eynək var idi. Başını
bəlkə də illər idi ki, qırxdırmamışdı, qara, uzun saçı var idi.
Əlinin qanını üstünə silib «bəri verin topladıqlarınızı » dedi.
Sonra yığdıqlarımızı maşınına qoyub uzaqlaşdı. Yadımdadır,
avtomobilinin nömrəsi NK 0001 idi”.
...Samvel deyirdi: “Biz Xocalının işğal gününü “Sumqayıt
hadisələri”nin ildönümünə salmışdıq. Hazırlıq görürdük. Bizimlə də
görüşdülər, məsləhət aldılar ki, 366-cı alaydan nə qədər hərbi
texnika, canlı qüvvə alaq. Əsgəran polisi Xocalıya yaxşı bələd idi.
Biz tərəfdən mən idim, batalyon komandiri Vitali Balasyan,
yanğınsöndürmə xidmətinin rəisi Karo Petrosyan idi. Polislərdən isə
rəis Mavrik Qukasyan, Arkadi Qakasyan, Saqen Barseqyan, Karlen
Aqasenyan, Karen Babayan və Manvel Sayan o görüşdə idi.
Fikrimizi öyrənmək üçün bizimlə danışığa gələnlər isə Qarabağın
o vaxtkı liderlərindən Arkadi Qukasyan və 366-cı alayın bölük
komandiri, sonralar isə hərbi hissə komandirinin müavini olmuş
Seyran Ohanyan idi.
Belə qərara gəldilər ki, 366-cı alayın bütün texnikası və şəxsi
heyəti, ermənilərin Qarabağdakı bütün hərbi və quldur dəstələri
döyüşməlidir.
Bir neçə gündən sonra Arkadi Qukasyan bizi toplayaraq bildirdi
ki, 366-cı alayın bütün şəxsi heyəti və texnikası ilə razılaşdıq.
Amma bu, bizə çox baha başa gəldi. Əmr belə verilmişdi: evlərdən,
meyitlərin üstündən çıxan pulun-qızılın hamısı bir yerə
toplanmalıdır. Döyüş planı da alayın qərargahında hazırlanacaqdı.
Hücum “Sumqayıt hadisələri”nin ildönümü günü başlanacaqdı...
Bizə - Əsgəran polisinin batalyonuna tapşırıq belə oldu ki,
Əsgəran dəstəsinin yarısı yüksəkliklərdə mövqe tutaraq Xocalı
sakinləri koridorla çıxan zaman atəş açmalı, bir adamı da sağ
buraxmamalıdır.
366-cı alayın təyyarələri camaatın yerini onlara bildirəcəkdi
ki, onlar hansı istiqamətdə hərəkət etsinlər. Onlar öz postlarını
Əsgəran, Naxçıvanik, Qarqar çayı, Şelli, Qaraqaya istiqamətində
yerləşdirməyi qərarlaşdırdılar və mənimlə də razılaşdırıldı ki,
Xocalı 366-cı alayın bütün texnikasından, o cümlədən ağır
texnikadan dayanmadan atəş altında saxlanılsın. Şəhərin
altını-üstünə çevirsinlər. Sonra isə şəhərə hava limanı
istiqamətində dörd tərəfdən girsinlər. Biz 366-cı alayın
qərargahında olanda onlar bildirdilər ki, artıq alayın komandiri
ilə son olaraq görüşüblər, daha elə bir problem qalmayıb”.
* * *
Qeyd edim ki, bu müdhiş hadisələr bəzi erməni döyüşçülərindin
psixikasından da yan keçməyib. Belə ki, Xocalı soyqırımında iştirak
edən əsgərlərin 5-i psixoloji xəstəliyə tutulub, biri isə özünü
asaraq intihar edib...
Yenə Samvelin dediklərini əlavə edirəm:
“İşğaldan iki ay sonra tərəfimizdən araşdırıldı ki, psixoloji
xəstəliyə tutulan xəstələrin hamısı Xocalının işğalında iştirak
edən erməni əsgərləri olub. Onlar işğaldan sonra Xocalıdakı evlərin
zirzəmisindən meyitləri yığaraq yandırmaq və basdırmaqla məşğul
olan əsgərlər imiş. Onlar verilən göstərişlərə əməl edərək bəzi
əsirləri diri-diri yandırdıqları zaman özləri də ciddi psixoloji
sarsıntı keçiriblər”.
Samvelin dediyinə görə, o, həmin əsgərlərin 5-ni də şəxsən
tanıyırmış. Samveldən soruşdum ki, insanları harada yandırmısınız,
harada basdırmısınız? Söylədi ki, şəhərdən kənarda - hava
limanından təxminən 400-500 metr aralıda, bir də ki, “Fin evləri”
deyilən yerdən bir az aralıda basdırıblar.
O həmçinin danışdı ki, ekskavatorla çuxurlar qazılmışdı,
meyitləri oraya ataraq yandırır, sonra da üstünü torpaqla
örtürdülər. Hətta Xocalı şəhərinin yaxınlığında 3 elə yer
tanıdığını dedi.
Samvel Babayan onu da əlavə etdi ki, lazım gələrsə, beynəlxalq
ekspertlər bu gün də gəlib qazıntı aparsalar, Xocalıdan 1200
metrlik məsafədə öz gözləri ilə hər şeyi görə bilərlər. Əgər bu,
ekspertlərə və beynəlxalq aləmə maraqlı olsaydı, Avropa Şurası və
başqa təşkilatlar insan hüquqları üzrə araşdırma aparsaydı, bu
hadisə barədə çox məlumat əldə edə bilərdi.
Zori Balayanın başqa bir həmkarı, livanli erməni yazıçı isə belə
yazır (“Xaç naminə” kitabında son dərəcə soyuqqanlıqla yazır, öz
xalqinin terrorçu oldugunu öz kitabında göstərib):
“O şaxtalı qış günlərində biz yaxınlıqdakı metrlərlə dərinliyi
olan bataqlığı keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən
meyitlərin üzərindən keçib getmək istəmirdim. Onda
polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki, qorxmayım, bu,
müharibənin qanunlarından biridir. Mən 9-11 yaşlarındakı qan içində
olan qızın sinəsi üstünə çıxdım və yeriməyə başladım. Mənim
çəkmələrim və şalvarım qan içində idi. Və beləliklə, mən meyitlərin
üstündən keçdim”.
Həmin kitabın 62-63-cü səhifələrində müəllif yazır: “Mart ayının
2-də “Qaflan” adlı erməni qrupu (meyitlərin yandırılması ilə məşğul
idi) türklərin yüzlərlə meyitini yığdı və onları ayrı-ayrı
yığınlarla Xocalıdan bir neçə kilometr qərbdə yandırdı. Sonuncu yük
maşınında 10 yaşlarında boynundan və əlindən yaralanan bir qız
uşağı mənim nəzərimi cəlb etdi. Diqqətlə baxdığımda onun asta-asta
nəfəs aldığını gördüm. Şaxtaya, çılpaqlığına və aldığı yaraların
çoxluğuna baxmayaraq uşaq hələ də yaşayırdı. Mən o uşagın ölümlə
mübarizə aparan gözlərini heç vaxt unutmayacağam.
Sonra əsgərlərdən Tiqranyan adlı birisi onu qulağından tutaraq
mazutlanmış leş yığınına tərəf sürüdü və daha sonra onları
yandırdılar. Mən orda kiminsə kömək istəyərək çığırdığını eşitdim.
Daha yeriyə bilmirdim. Ancaq mən bütün müqəddəslər tərəfindən
lənətlənmiş türklərdən Şuşanı azad etmək istəyirdim. Ona görə də
mən qayıtdım. Onlar isə özlərinin “Xaç naminə” yürüşlərini davam
etdirdilər”.
* * *
Beləliklə, 366-cı alayın bütün gücündən istifadə edərək dinc
əhaliyə qarşı divan tutulmuşdu.
Bəlli olduğu, şahid ifadələri ilə və rəsmi orqanlar tərəfindən
təsdiqini tapdığı kimi, Xocalı qurbanları ilə bağlı məlumatları
belədir:
613 nəfər öldürülüb;
Onlardan 63 nəfəri azyaşlı uşaq olub;
106 qadın işgəncə ilə öldürülüb;
8 ailənin bütövlüklə məhv edilməsi faktı qeydə alınıb;
1273 nəfər girov götürülüb;
150 nəfərdən isə bu günə qədər də xəbər yoxdur;
Ermənilər satmaq məqsədilə girovların daxili orqanlarını
çıxarıb, özlərini isə yandırıblar.
* * *
129 nəfərdən ibarət zabit heyətli 366-cı alayın komandiri
Zerquqarov Yuri Yuryeviç olub. Ştat üzrə sıravi əsgərlərin sayı
1800 nəfər olan, alayda (1992-ci ilin yanvar ayında) 630 rus əsgəri
qalıbmış. 580 erməni əsgəri də burada yerləşdirilmisdi. Öz
cinayətlərini ört-basdır etməyə tələsən 366-cı alayın komandiri və
yüksək rütbəli zabit heyəti fevralın 28-də hərbi texnikanı Dağlıq
Qarabağdan çıxarmaq əmrini alıb. Texnikanın böyük bir hissəsi
erməni mayoru (o vaxtkı rütbəsi ilə desək) Seyran Ohanyanın
tabeçiliyinə verilərək Xankəndində saxlanılıb...
Martın 2-də axşam saatlarında 523 nəfərdən ibarət şəxsi heyəti
Gürcüstanda yerləşən Vaziyanın hərbi bazasına aparıblar. Martın
10-da isə marşal Şapoşnikovun əmri ilə 366-cı alay ləğv edilib.
O dövrdə, xüsusən də 26 fevral, 1992-ci ildə 366-cı alayın bir
neçə əsgəri verilən əmrlərə qarşı çıxaraq Azərbaycan tərəfinə
keçmişdi. Hətta azərbaycanlı mərhum jurnalist Cingiz Mustafayev
onlardan müsahibə də almışdı. Azərbaycan prokurorluğu onları
dindirmiş və alayın bütün şəxsi heyətinin və hərbi texnikasının
Xocalı soyqırımında iştirak etdiyi sübuta yetirilmişdi. Azərbaycan
Respublikasının mərhum prezidenti Heydər Əliyev 1 mart, 1994-cü
ildə bu haqda xüsusi fərman vermiş, 26 fevral “Xocalı soyqırımı -
milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq
təşkilatlara məlumat verilmişdi.
İndi hər il fevralın 26-sı Azərbaycan Respublikasında Xocalı
soyqırımı günü kimi qeyd olunur.
* * *
Bu hadisələrin əsl günahkarları Cenevrə Konvensiyasını,
Ümumdünya İnsan Haqları Bəyannaməsini, vətəndaş və siyasi hüquqlar
barədə sazişi, fövqəladə vəziyyət və hərbi münaqişə zamanı
qadınların və uşaqların müdafiəsi bəyannaməsini həyasızcasına
pozublar. Bu qatillər sonralar Ermənistan Respublikasına rəhbərlik
edən Köcəryanlar, Qukasyanlar, Sərkisyanlar, Balayanlar, onların
köməkçiləridir. Onlar beynəlxaq məhkəmə qarşısında cavab verərək
layiqli cəzalarını almayınca bölgədə barışdan danışmaq çətin
olacaq!
...Rəsmi olaraq bildirilir ki, erməni əsirlyində olan
azərbaycanlıların sayı 800 nəfərdir. Bu faktı oradan buraxılan
əsirlər də təsdiq edib. Əsirlikdə olan 7 nəfərdən ibarət bir
ailədən iki nəfəri dəyişdirilib. Həmin o iki nəfər deyib ki,
ailənin qalan 5 üzvü də Ermənistandadır. Amma Ermənistan tərəfi
bunun yalan olduğunu bildirir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin
(BQXK) o vaxtkı nümayəndələri də əsirlərlə görüşərək onlar haqqında
qeydlər aparıb. Ermənistan tərəfi israrla orada azərbaycanlı
əsirlərin olmadığını deyir.
Qarabağ müharibəsi dövründə əsir və girovlarla bağlı,
əməliyyat-istintaq və axtarış qrupunda çox dəhşətli faktlar
olub.
Almaniya, Rusiya və Gürcüstanın hüquq müdafiəçilərindən ibarət
əsir və girov götürülmüş şəxslərin azad edilməsi, itkin düşmüş
şəxslərin axtarışı üzrə beynəlxalq İşçi Qrupunun üzvləri, eləcə də
BQXK azərbaycanlılardan bir qisminin həqiqətən də əsir götürülməsi
barədə məlumatları təsdiq edir. Lakin sözügedən azərbaycanlıların
taleyi bu günədək naməlumdur.
Hüseynova Mehriban Allahverdi qızı - Xocalı şəhərinin işğalı
zamanı üç azyaşlı uşağı ilə birlikdə girov götürülüb. Əsirlikdən
azad edilmiş Məmmədov Mayıl Məhəmmədəli oğlunun ifadəsinə görə, o,
Mehribanı uşaqları ilə birlikdə İrəvan şəhərində istintaq
təcridxanasında görüb. Lakin sonradan Şuşa şəhərinə aparılan
Mayılın onlardan heç bir xəbəri olmayıb.
Erməni tərəfi Mehriban və onun uşaqlarının girov götürüldüyünü
danmaqda, onların sonrakı taleyinə dair faktları bu günədək
gizlətməkdədir.
Əmirova Xəzangül Təvəkkül qızı - Xocalı işğal olunan zaman
erməni silahlıları onun ailəsini bütünlüklə girov götürmüşdü.
Ermənilər Xəzangülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və
xalası Göyçəni güllələyib, atası Əmirov Təvəkkülü isə üstünə benzin
tökərək yandırıblar.
Erməni silahlı birləşmələri Xocavənd rayonunun işğalı zamanı
(17.02.1992) Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər kənd
sakinindən 80 nəfərə yaxınını yerindəcə güllələyiblər. Bu barədə
kənd sakinləri Seyyur Xanlar oğlu Nağıyev, Şahruz Əmirxan oğlu
Əliyev və digərləri şahidlik edirlər.
Xocavənd rayonu, Qaradağlı kənd sakini Həqiqət Yusif qızı Hüseynova
1992-ci ilin fevralında 10 nəfər həmkəndlisinin ermənilər
tərəfindən diri-diri yandırılmasının şahidi olub.
Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni
əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç
Şevelyov 1993-cü ildə Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası
Vera Davıdovanın və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə
də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər tərəfindən
vəhşicəsinə öldürülüb sonra yandırıldığını, Ağdam kanalının yanında
saysız-hesabsız qadın və uşaq meyiti gördüyünü bildirir. Bundan
əlavə Vladimir Şevelyov şahidlik edir ki, ermənilər Ağdam rayonunun
işğalı zamanı oradakı ruhi xəstəxanada saxlanan 7 ruhi xəstəni, o
cümlədən iki xəstə qadını girov götürüblər.
1930-cu il təvəllüdlü Ağdam rayon sakini Əli Rəsul oğlu Abbasov
erməni girovluğunda mütəmadi olaraq döyülmüş, onun bədəninə siqaret
basılaraq yandırılmışdı. Aldığı mənəvi və fiziki işgəncələrdən
özünə gələ bilməyən Əli Abbasov erməni əsirliyindən azad ediləndən
bir müddət sonra vəfat edib.
Yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu Məmmədov
rezin dəyənəklə döyülmüş, damarına benzin yeridilmiş, yaralarının
qaysağı qopardılaraq ona əzab verilmiş, üstünə təlim keçmiş it
buraxılmışdı.
Hərbi əsir Mayıl Məmmədəli oğlu Məmmədovun damarına dizel
yanacağı yeridilmiş, sinəsi qızdırılmış xaçla damğalanmışdı.
16 fevral 1994-cü ildə Ermənistanın Xarici İşlər Nazirliyi guya,
qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin
öldürüldüyünü bəyan etmişdi. Bakıda meyitlər üzərində keçirilən
məhkəmə-tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial
Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın
“Həkimlər insan hüquqları uğrunda” təşkilatının üzvü, professor
Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança)
gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə
yetirildiyini bildirmiş və əsirlərin guya “qaçmağa cəhd edərkən
öldürülməsi” fikrini rədd etmişdi.
Kəlbəcər şəhəri işğal olunarkən 20 yaşlı Səmayə Kərimova 2 yaşlı
uşağı - Kərimova Nurlanə ilə birlikdə girov götürülmüşdü.
Girovluqda olduğu müddətdə digər əsir və girovların, eləcə də
qolundan yaralı vəziyyətdə girov götürülmüş körpə uşağı Nurlanənin
üzləşdiyi əzablara, həmçinin özünün məruz qaldığı işgəncələrə
dözməyən Səmayə 15 may, 1993-cü il tarixdə özünə qəsd etmişdi.
İlham Nəsirov 1992-ci il, iyulun 27-də Ağdərə uğrunda gedən
döyüşlərdə başından, boynundan və çiynindən yaralı vəziyyətdə
ermənilər tərəfindən əsir götürülmüşdü. Avqust ayının 8-də
Xankəndindən İlhamın ailəsinə zəng edilmiş və onun İrəvanda
Arakelyan familiyalı bir erməninin evində saxlanıldığı
bildirilmişdi. Ailə İlham Nəsirovun azad edilməsi üçün itkin düşmüş
Şaqen Arakelyanın tapılıb qarşı tərəfə verilməsi şərtini irəli
sürmüşdü. Bir ilə yaxın ac-susuz saxlanılan və distrofiya həddinə
çatdırılan İ.Nəsirov sonradan İrəvan hospitalına yerləşdirilsə də,
artıq ona kömək etmək mümkün olmamışdı. Hospitalın rəisi
Ş.Arakelyanın 24 noyabr, 1993-cü il tarixli, 06/134 saylı
məktubunda da göstərdiyinə görə, İ.Nəsirov noyabrın 23-də kəskin
kaxeksiya diaqnozundan vəfat etmişdi.
Heydər Heydərov Şuşa həbsxanasında saxlanıldığı müddətdə məruz
qaldığı işgəncələrin və mütəmadi döyülmələrin təsirindən vəfat
etmişdi.
Erməni əsirliyində ölmüş 20 yaşlı Fərhad Rəhman oğlu
Atakişiyevin meyitinin qalıqları əsasında məhkəmə-tibbi
ekspertizası sübut etmişdi ki, o, müntəzəm döyülmələr və ağır
işgəncələr nəticəsində qətlə yetirilmişdi.
İmarət Məmişovanın ifadəsinə görə, o, Kəlbəcər rayonunun işğalı
zamanı iki azyaşlı uşağı ilə girov götürülmüşdü. İmarət Məmişovanın
gözləri qarşısında ermənilər 8 mülki şəxsi, o cümlədən, onun 8
yaşlı oğlu Talehi güllələmiş və meyitləri yandırmışdı. Bundan sonra
ermənilər onun özünü, 10 yaşlı oğlu Yadigarı, digər qadın, uşaq və
qocaları Xankəndinə apararaq dəhşətli işgəncələrə məruz
qoymuşlar.
Erməni girovluğundan 1994-cü ildə azad edilmiş Əhmədovlar
ailəsinin verdiyi ifadəyə görə, 17 avqust 1993-cü il tarixdə
ermənilər Füzuli rayonu Qacar kəndinin 25-dək dinc sakinini onların
gözləri qarşısında güllələyiblər.
Erməni girovluğunda olmuş Həsən Məcid oğlu Hüseynov 1993-cü ildə
Horadiz-Füzuli yolunda 40-dək dinc sakinin ermənilər tərəfindən
öldürüldüyünü bildirir.
61 yaşlı keçmiş girov Budaq Əli oğlu Alışanov erməni
əsirliyində 5 azərbaycanlının Drmbon kəndində (Dağlıq Qarabağ)
ağır fiziki işlərdə qul kimi işlədilərək öldürdüyünün şahidi
olmuşdu.
Erməni əsirliyində olan Xocalı şəhər sakini Faiq Şahmalı oğlu
Əliməmmədov Gəncə şəhərinin adını "Kirovabad" demədiyinə görə,
erməni hərbçisi tərəfindən güllələnib. Bu barədə Zülfi İbrahim oğlu
Məmmədov, Məmməd Cümşüd oğlu Məmmədov və digərləri şahidlik
edir.
Əsirlikdən azad edilmiş Zöhrab Nadir oğlu Heydərov 21 may,
1993-cü il tarixdə Şuşa həbsxanasında 1973-cü il təvəllüdlü Zahid
Nəsibulla oğlu Əmrullayevin erməni nəzarətçiləri tərəfindən
boğularaq qətlə yetirildiyini bildirib.
Girovluqdan azad edilmiş Maşallah Bəndəliyev bildirirdi ki, 1992-ci
ilin mayında Xankəndində qarajda saxlanılarkən qarajın sahibi Mero
və Sarkisyan Vazgen adlı digər erməni, bir nəfər adını bilmədiyi
lal girova öncə müxtəlif dərəcəli işgəncələr vermiş, sonra isə onun
başını kəsmişdilər.
Eyni zamanda, əsirlikdə saxlandığı müddətdə minlərlə günahsız
azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmiş, işgəncələrin
təsirindən ölmüş, amansız rəftara məruz qalmaqla və ləyaqəti
mütəmadi alçaldılmaqla özünü öldürmə dərəcəsinə
çatdırılmışdı.
* * *
Hələ SSRİ dövründə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
yaşayan ermənilər Ermənistan Respublikası tərəfindən provakasiya
edilmişdi. Yerli azərbaycanlılara nisbətən çox az olan ermənilərin
müstəqillik tələbləri 1989-cu ildən bəri silahlı münaqişəyə,
nəhayətdə geniş işğalçılıq aktlarına səbəb oldu. Azərbaycan
müstəqillik əldə etdikdən sonra isə bu münaqişə iki ölkə arasında
müharibəyə çevrildi. Hal-hazırda Azərbaycanın Dağlıq Qarabağ da
daxil və ona bitişik 13 rayonu Ermənistanın işğalı altındadır.
İşğal altında olan ərazi Azərbaycanın ümumi ərazisinin 20%-ni
təşkil edir. Silahlı münaqişə nəticəsində Dağlıq Qarabağ və ətraf
rayonlardan milyondan artıq azərbaycanlı əhali öz yaşayış yerlərini
tərk edib, 24 mindən çox insan həlak olub, 50 min nəfər yaralanıb
və ya şikəst olub. Hazırda erməni tərəfin müntəzəm olaraq atəşkəsi
pozması nəticəsində 10 mindən çox azərbaycanlı həlak olub.
İrəvanda "Milli vətəndaş təşəbbüsü" qurumu ictimai dinləmələr
təşkil edib. Dinləmələr zamanı insan haqları üzrə müvəkkil Larisa
Alaverdiyan çıxış edib və bir maraqlı fakt üzərində dayanıb -
terror faktı üzərində! Ondan soruşublar ki, ombudsmanın ən güclü
silahı nədir. L.Alaverdiyan beynəlxalq praktikaya əsaslanaraq cavab
verib ki, “abır-həyanın ortaya qoyulması”.
Bu vaxt parlamentin vitse-spikeri Vaan Ovanesyan qəribə bir
replika ilə çıxış edib: “Bizdə olmayan şeyi nə cür ortaya
qoyacaqsınız?”.
* * *
Beləliklə, mən bir hüquq-mühafizə orqanlarının əməkdaşı, zabit,
asayişin keşiyində durmağa and içmiş şəxs, yaxınları, qohumları,
dostları Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi terror,
soyqırımı aktlarının, ümumən elan olunmamış müharibənin acı
nəticələrini öz üzərində hiss edən vətəndaş olaraq, sənətin ülvi
amallarına, ədəbiyyatın estetik dəyərlərinə sayğı duyan bir yazıçı,
nəhayət, bir insan olaraq bütün əlaqədar şəxslərdən, beynəlxalq
qurumlardan bu məsələyə hüquqi qiymət verməyi, cinayətkarların
cəzaya cəlb olunması məsələsinə baxmağı xahiş edirəm! Qoy, bizdən
sonrakı nəsillər terror, soyqırımı görməsinlər!
|