• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakıda «avtoş»un təhlükəli manevrləri; piyada son anda xilas oldu - VİDEO

Bakıda «avtoş»un təhlükəli manevrləri; piyada son anda xilas oldu - VİDEO

Avtoxuliqanlıq edən «Lada» və betonqarışdıran maşınların sürücüləri qəza şəraiti yaradıblar

Bu videonu Avtosfer.az saytına xanım oxucularımızdan biri göndərib. Hadisə iyulun 15-də Nobel prospektində, «Yeni həyat» yaşayış kompleksinin yaxınlığında baş verib. Xanım sürücünün avtomobilindəki videoqeydiyyat cihazı vasitəsilə qeydə alınan bu görüntülər sadəcə heyrət doğurur. Bu qədər qəza baş verir, ölənlərin sayı artır, insanlar şikəst olur, qayda pozanlar cərimələnir, cərimələrin miqdarı artırılır, amma çox təəssüflər olsun ki, hələ də aramızda bu cür «sürücülər» var. Ona görə «sürücülər» yazdıq ki, burada təkcə minik maşınının yox, elə betonqarışdıran yük maşınının da sürücüsü qəza şəraiti yaradır.

Əvvəla onu qeyd edək ki, «Lada» markalı, 90 NT 663 dövlət nömrə nişanlı minik maşının sürətlə hərəkət etdiyi açıq-aydın görünür. Çünki onun tormozladığı yerə baxdıqda təkərlərin sürtülməsindən yaranan tüstünü görməmək mümkün deyil. Sürətlə getmək bir yana, bu sürücü qarşıdakı maşını vurmamaq üçün sağdan hərəkət edən avtomobilin yoluna çıxır. Yəni, sağdan ötmə əməliyyatı aparmaq istəyir. Özü də çox təhlükəli manevr edir. Sürəti azalda bilmədiyi üçün az qala yolu keçmək istəyən piyadanı vursun. Piyada vaxtında yoldan çıxa bildiyi üçün canını qurtara bilir. «Lada» isə bu dəfə betonqarışdıran maşınla toqquşmaq təhlükəsi ilə üzləşir. Amma bu dəfə də qəzadan yan keçə bilir.

«Lada» yoluna davam etdikdən sonra baxın görün betonqarışdıran maşın nə oyunlar çıxarır. Üçüncü zolaqdan sağa, yəni, axırıncı zolağa manevr edən 99 JD 029 dövlət nömrə nişanlı betonqarışdıran maşın da digər nəqliyyat vasitələri üçün təhlükəli vəziyyət yaradır. Bunun ardınca isə yük maşınının sürücü yolun hərəkət hissəsində qəflətən maşını saxlayır ki, bu zaman da arxadakı maşınlar üçün qəza şəraiti yaradır.

Bütün bunları ona görə yazıb, videonu da məhz o səbəbdən təqdim edirik ki, belə «sürücülər» ictimai qınağa cəlb olunsun, həm də yol polisi bununla bağlı araşdırma aparıb müvafiq tədbirlər görsün. Hər halda, bu görüntülər orijinaldır, montaj edilməyib və üzərində də tarixi, saatı əks olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR