Xoşqədəm Hidayətqızı və Doğuş qocalar evində kimi axtarırdı? - FOTOLAR, VİDEO
Bizi izləyin

Qırmızı.az

Xoşqədəm Hidayətqızı və Doğuş qocalar evində kimi axtarırdı? - FOTOLAR, VİDEO

Xəbər verdiyimiz kimi, artıq bir müddətdir ki, ATV kanalında yayımlanan “Səni axtarıram” verilişi Ramazan ayı münasibəti ilə qocalar, uşaqlar və əlillər evində möhtəşəm xeyriyyə tədbirləri keçirir. Bu münasibətlə layihə rəhbəri, tanınmış jurnalist Xoşqədəm Hidayətqızının dəvəti ilə ölkəmizə gələn ünlü türk müğənnisi Doğuş da qocalar, uşaqlar və əlillər evində keçirilən xeyriyyə tədbirlərində iştirak edir.

İyulun 24-də isə belə xeyriyyə tədbirlərindən biri Bilgəhdəki müharibə və əmək əlilləri pansionatında (qocalar evində) baş tutdu. Mətbuat nümayəndələrinin “Səni axtarıram” verilişinin kollektivi ilə yanaşı, tədbirdə Millət vəkili Jalə Əliyeva, müğənni Yusif Mustafayev və bir çox tanınmış şəxslər iştirak edib. Tədbirdə iştirak edən bir çox ziyalılar, ictimai-siyasi xadimlər çıxış etdikdən sonra söz musiqiyə verildi.

Xeyriyyə konsertində Türkiyənin ünlü müğənnisi Doğuş və tanınmış müğənni Yusif Mustafayev sevilən mahnılarını oxuyaraq iştirakçıların zövqünü oxşadı.

Bu barədə Publika.az-ın suallarını cavablandıran Xoşqədəm Hidayətqızı bildirdi ki, belə bir xeyriyyə tədbirlərinin keçirilməsində əsas məqsəd müsəlman dünyasının müqəddəs aylarından biri olan Ramazan ayı münasibəti ilə qocalar evinə pənah gətirmiş kimsəsizləri, əlilləri və uşaqları sevindirməkdən, onların könlünü şad etməkdən ibarətdir:

“Səni axtarıram” verilişi artıq yeni mövsümə başlamaq üçün istirahətə getdi, artıq biz mövsümü bağlayırıq. Bu mövsüm üçün ayın 27- si bizim sonuncu verilişimiz yayımlanacaq. Bildiyiniz kimi “Səni axtarıram” verilişi hər zaman yeniliklər axtarışında olub. Biz hər zaman ilklərə imza atmaqla yanaşı, həm də köməyə ehtiyacı olan insanların yanında olmağa çalışmışıq. Bu, bizim əsas amalımızdır. Xeyriyyə tədbirlərinin keçirilməsində də əsas məqsədimiz bundan ibarətdir. Biz həmişə olduğu kimi, köməyə ehtiyacı olan insanların yanında olmağa çalışırıq, onları sevindirməyə çalışırıq. Bu münasibətlə də müqəddəs Ramazan ayında əlillər evində, qocalar evində, uşaq evlərində görüşlər keçiririk, xeyriyyə konsertləri təşkil edirik”.

Tanınmış türk müğənnisi Doğuşun Azərbaycana gəlib belə bir xeyriyyə tədbirlərinə qatılmasına gəlincə isə: “Bildiyiniz kimi Doğuş hər zaman Türkiyədə uşaq evlərinə, qocalar evinə baş çəkir. Ancaq bizim dəvətimizi qəbul edərək Almaniyadakı klip çəkilişini yarımçıq qoyub bu möhtəşəm tədbirə qatıldığına görə mən Doğuş bəyə təşəkkür edirəm. Onu da qeyd edim ki, artıq Doğuş bəy bir dəfə də bizimlə birgə Bakıda 3 saylı uşaq evində olub. Bu təklif isə Doğuş bəy tərəfindən idi və biz də onun bu istəyini reallaşdırdıq. Həmin görüşdə də Doğuş bəy bizə söz vermişdi ki, mən hər zaman imkan olanda Azərbaycana gəlib belə tədbirlərdə iştirak edəcəm”.

Qeyd edək ki, tədbirin sonunda Xoşqədəm Hidayətqızı, müğənnilər Doğuş və Yusif Mustafayev fəxri fərmanlarla təltif olundu.

Hikmət Kərimoğlu

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm