• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Şəhid gizir İsa Almazovun xanımı - “Ölürəm ondan ötrü”

Şəhid gizir İsa Almazovun xanımı - “Ölürəm ondan ötrü”

Sədaqət Almazova: “Oğlumuza sünnət toyu etmək istəyirdi, onu da görmədi”

**** “- Adım nə idi?- Səadət- Hə, Səadət...Eyyy başımı itirmişəm lap Almazova Sədaqət, sən də Səadət deyirsən....”

****

Bu qısa, insan qəlbini titrədən dialoq iyulun 31-i gecəsi şəhid olmuş gizirimiz İsa Almazovun həyat yoldaşı ilə anası arasında baş verdi.

Ad və soyadını soruşduqda çaşqınlıqla anasının üzünə baxan, Sədaqət xanım dərddən ismini də unutmuşdu...

Reportaj və başsağlığı üçün getdiyimiz Böyük Cəfərli kəndinin sakinləri İsa Almazovun həyətinə toplaşmışdı. Erməni kəndlərinin gözlə görüləcək yaxınlıqda olmasına baxmayaraq, düşmənin önündə mətanətlə dayanan kənd sakinləri şəhidlərini də qürurla dəfn edib, sabahkı üç mərasiminə hazırlaşırdı.

Bumbuz əlləri ilə əlimizi sıxan Sədaqət xanıma deyəcək bir sözümüz vardı - Allah sizə o qədər güc versin ki, 4 balanızı sağ-salamat böyüdün...

Sədaqət xanımı danışdırmaq istədik – şəhidimizi bir az tanıdaq dedik, yaxınlarının gözü və dili ilə onu təqdim edək... Sakitləşdirici dərman içdiyinə görə Sədaqətin həm bədəni, həm əqli keyimişdi. Bir müddət danışıb, hisslərini bərpa etdikdən sonra yoldaşı ilə bağlı bunları söylədi:

“Onunla sevib evlənməmişdik, amma indi ölürəm ondan ötrü... Eyni kənddə yaşayırdıq, bəyənmişdi məni. Çox gözəl insan idi, bir sözümü iki etmirdi. Balalarını o qədər çox istəyirdi ki...(Susur.) Hər toyda, xoş gündə mənə təzə paltar alırdı, deyirdi heç kəsdən geri qalma ”.

Bu əsnada söhbətimizə qoşulan qohum-əqrabaların hamsı İsa Almazovun hərbiçi olmasına rəğmən, ailə-məişətdə çox mülayim xasiyyətdə insan olduğunu dedilər.

Ailə quran kimi Naxçıvana getdiklərini bildirən şəhidimizin həyat yoldaşı 5 il orada yaşadıqlarını söylədi.

Həyat yoldaşının ölüm xəbərini televiziyadan izləyən hər kəsin zəng vurub, başsağlığı verdiyini dedi. Naxçıvandakı köhnə qonşularının da hamısının zəng vurduğunu deyən, S.Almazovanın gözləri doldu.

Təzə tikilmiş evlərində bircə gün belə qala bilmədiklərini deyən, Sədaqət xanım hələ də evin tikintisi üçün aldıqları krediti ödədiklərini bildirdi:

“İsa evi tikmək üçün bankdan bilmirəm ya 9, ya da 10 min manat kredit pul götürmüşdü. Ayda 550 manat ödəyirdik. İmkansızlıqdan evimizi də gec tikdik. Hərbiçi maaşı ilə dolanırdıq, nə edək?! 4 uşağa baxmaq asan deyil. Amma İsa elə adam idi ki, gecə ilə az da olsa pulu gətirib balalarına çatdırıb, sonra gedirdi”.

Ölümündən yarım saat əvvəl yoldaşı ilə danışdığını deyən, xanımı İsanın ona yoxlama olduğunu daha sonra zəng edəcəyini bildirdiyini dedi.

İşindəki gərginliklərdən ailəsinə bəhs edib-etməməsini xəbər aldıqda isə həyat yoldaşı daxil olmaqla, digər yaxınları da İsa bəyin vətən torpağına, işinə qəlbən bağlılığını xüsusi qeyd etdilər.

Ömrün vəfa etmədiyi taleyində ən böyük arzusunu soruşduqda isə həyat yoldaşı bunları dedi:

“İstəyirdi tezcə evimizə köçək. Amma qurban olduğum bir gecə də evində yatmadı, öldü. Bir də oğlumuza sünnət toyu etmək istəyirdi, onu da görmədi”.

Sədaqət xanımın fikirlərini dəstəkləyən mərhumun bacısı Gözəl xanım son 3 ildə İsanın bu arzusunun heç cür reallaşmadığını bildirdi:

“Elə hey çalışırdı, uşağın sünnətini eləsin, alınmırdı. 3 ay əvvəl anamız rəhmətə getdi. Ondan sonra yenə də uşağın toyu qaldı. Nə qədər elədim ki, bacın qurban anamız ömrünü, gününü görmüş adam idi, gəl toy edək. Razılaşmadı. Dedi, anamın ili çıxmamış toy edən deyiləm. Amma istəyirdi ki, heç olmasa evinə köçmək üçün kompaniya eləsin. O da olmadı....”

Şəhidimizin gözüyaşlı, anaəvəzi olan bacısı Gözəl xanım onunla bağlı xatirələrindən danışarkən bunları dedi:

“O bizim son beşiyimiz idi. Elə bil biz dörd uşaq bir yana idik, o bir yana. Atam onu çox istəyirdi. Balaca vaxtı hədsiz dəcəl olsa da sonradan elə ağıllı-kamallı oğul olmuşdu ki, tamam dəyişmişdi. Mülayim olmuşdu”.

Ən çox hansı yeməkləri sevdiyini soruşduq. Bacısının qızı Sevinc xanım: “Dayım həmişə anamın xəngəl bişirməyini istəyirdi”, -dedi.

Bacısı: “Deyirdi, ay bacı bu qədər yerlər gəzib, dolanmışam. Amma səni kimi pomidor turşusu edən ikinci adam yoxdur. Bu il yoldaşına da demişdi ki, onların pomidor turşularını mən bağlayım. Bir də şirniyyatlardan kətəni xoşlayırdı. Bayramlarda mənə “zakaz” edirdi ki, bir sini kətə bişir, əsgərlərimə aparım. O, əsgərlərini yaman çox istəyirdi”.

“Təxris olunmuş əsgərləri də zəng vurub başsağlığı verir”, -deyən, İ.Almazovun böyük qardaşı Dilənçi bəy vaxtı ilə onun hərbiyə getməsinə qarşı olduğunu bildirdi:

“İsa 3 il Ağdamda əsgərlikdə oldu. Sonra gəldi, 1-2 ay keçən kimi dedi ki, mən hərbiyə gedirəm. Nə qədər etiraz etsəm də, xeyri olmadı. Özü könüllü hərbiyə getdi”. (Deyərək, ağlayır.)

Göz yaşlarına qoşulan bacısı Gözəl xanım İsanın ölüm xəbərindən danışdı:

“Mənə heç kəs İsanın ölməsini demədi. Ürəyimə damdı. Qapını qonşumuz gəlib döydü ki, Abdulla (red-Gözəl xanımın həyat yoldaşı) evdədimi, məni həkimə aparsın. Nəsə inanmadım, tez yoldaşımın üstünə qaçdım ki, sən Allah de görüm, nə olub. O, da heç nə demədi. Eləcə özümü qaldırıb, yerə çırpdım ki, İsanı vurublar. Dedi, az başın xarabmı olub, nə İsa, nə vurulmaq. Axır yaxalarından əl çəkmədim ki, mən də sizinlə rayona gedirəm. Dedi, hə yaxşı, get əynini dəyiş, gəl. Mən içəri keçib, bayıra çıxana qədər onlar getdilər. Üstündən bir neçə saat keçəndən sonra məlum oldu ki, igid qardaşım şəhid olub”.

Şəhid olmuş qardaşlarının dəfninə dövlət və vətəndaşlar tərəfindən göstərilən diqqətdən razılıqlarını bildirən yaxınları bir tək onun miras qalan balalarından narahatlıqlarını ifadə etdilər.

“Tək istəyimiz odur ki, onun balaları sağ-salamat böyüsün”.

Yekunda qeyd edək ki, 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Almazov İsa Ziyad oğlu, Silahlı Qüvvələrin giziri iyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  • Şəhid gizir İsa Almazovun xanımı
  • Şəhid gizir İsa Almazovun xanımı
  • Şəhid gizir İsa Almazovun xanımı
  • Şəhid gizir İsa Almazovun xanımı
  • Şəhid gizir İsa Almazovun xanımı
  • Şəhid gizir İsa Almazovun xanımı
  • Şəhid gizir İsa Almazovun xanımı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR