• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycan diaspor təşkilatları beynəlxalq qurumlara müraciət etdi

Azərbaycan diaspor təşkilatları beynəlxalq qurumlara müraciət etdi

Azərbaycan diaspor təşkilatları beynəlxalq qurumlara, xarici ölkələrin dövlət və hökumət başçılarına Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən müraciət ünvanlayıblar. Bu barədə Publika.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız həmvətənlərimiz adından son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəsin mütəmadi olaraq pozulması və Azərbaycan ərazilərində dinc əhalinin və hərbçilərimizin atəşə tutulması ilə əlaqədar mövcud gərgin vəziyyətdən narahat olduqlarını bildiriblər. Bu məqsədlə yaşadıqları ölkələrin dövlət və hökumət başçılarına həmçinin nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər, bəyanatlar ünvanlayaraq Ermənistanın ciddi şəkildə cəzalandırılmasını və ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmasını tələb ediblər.

Avropa ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız həmçinin, Litva Azərbaycanlıları Cəmiyyəti də Azərbaycan-Ermənistan təmas xəttində Ermənistan hərbi qüvvələri tərəfindən son günlərdə törədilən təxribatlara, eləcə də regionda vəziyyəti daha da gərginləşdirmək məqsədi ilə Ermənistanın atdığı təcavüzkar addımlara etiraz əlaməti olaraq Litvanın dövlət və hökumət nümayəndələrinə müraciət edib. Müraciət Litva Respublikasının Prezidenti xanım Dalya Gribauskayteyə, Litva Respublikası Seyminin Sədri xanım Loreta Graujineneyə, Litva Respublikasının Baş naziri Algirdas Butkyaviçyusa və Litva Respublikasının Xarici İşlər naziri Linas Linkyaviçyusa ünvanlanıb.

Sənəddə son günlər Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə soxulmaq üçün növbəti dəfə cəhdlər etməsi, heç bir səbəb və əsas olmadan təşkil edilmiş həmin hücumları dəf edən zaman çoxlu sayda Azərbaycan hərbçilərinin həlak olduğu əksini tapıb.

Belə ki, MDB ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız-Ümumrusiya Azərbaycan Konqresi (ÜAK), ÜAK-ın regional bölmələri - Samara Azərbaycanlıları Liqası, Perm vilayəti, Volqoqrad vilayəti, Çuvaş Respublikası, Sverdlov vilayəti, Stavropol diyarı və Xantı-Mansı muxtar dairəsi, həmçinin Belarus Azərbaycan İcmaları Konqresinin nümayəndələri ATƏT-in Minsk qrupuna müraciət edərək, yaranmış vəziyyətə təcili müdaxilə etməyə və təcavüzkarın dayandırılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıblar. Müraciətlərdə həmçinin, beynəlxalq Ermənistan Respublikasına atəşkəs sazişinə və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrə əməl etmədiyinə görə beynəlxalq qurumlar tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi vacibliyi qeyd olunub.

Türkiyənin Adana şəhərində fəaliyyət göstərən Adana Azərbaycan Kültür və Dayanışma (Həmrəylik) Dərnəyi tərəfindən də son günlər Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində atəşkəsin mütəmadi pozulması ilə əlaqədar keçirdiyi mətbuat brifinqində beynəlxalq təşkilatlara -BMT, ATƏT və Avropa Şurasına Ermənistanın təcavüzkarlıq siyasətini pisləyən müraciət qəbul edib.

“Azərbaycanın 20 faiz torpağının 20 ildən çoxdur ki işğal altında olması və BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də icra olunmaması Ermənistanın regionda sülhün və sabitliyin qorunmasına ən böyük maneə olduğunun mühüm göstəricisidir”-deyə bəyanatda qeyd olunub.

Bununla yanaşı, Polşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Polşa dövlət və hökumət nümayəndələrinə Azərbaycan-Ermənistan təmas xəttindəki mövcud vəziyyət barədə narahatlığını ifadə edən məktubla müraciət edib. Müraciət Polşa Prezidentinin icra aparatına, Baş nazirin, Polşa Parlamentinin üzvlərinə, həmçinin, Avropa Şurası, ATƏT və BMT-nin baş ofisinin, eyni zamanda ATƏT-in Minsk qrupu həmsədrlərinin elektron poçt ünvanlarına göndərilib.

Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsi, nəticədə bir milyona yaxın qaçqın və məcburi köçkünün öz doğma yurdundan didərgin düşməsi kimi faktların yer aldığı məktubda Ermənistanın təxribatlarının qarşısının alınması üçün beynəlxalq ictimaiyyətə ünvanlanmış çağırış da öz əksini tapıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR