“Bizə qadın lazımdır” - İnternetdə iş elanları
Bizi izləyin

Qırmızı.az

“Bizə qadın lazımdır” - İnternetdə iş elanları

İnternetdən istifadənin genişləndiyi bir dövrdə, bir çox problemlərimizi saatlarla növbəyə dayanmadan, olduğumuz yerdən həll etmək imkanına malikik.

Sosial şəbəkələr vasitəsi ilə həlli çətin məqamlardan biri də iş yerlərinin tapılmasıdır. Doğrudur, ilk baxışdan bu cür düşünmək olmur. Çünki internetdə “iş elanları” yazıb axtarış vermək kifayət edər ki, sənə yüzlərlə, minlərlə iş təklif olunsun, həm də bütün sahələr üzrə. Maaş da kifayət qədər qaneedicidir – 200 manatdan 2000 manata qədər.

Axar.az-ın əməkdaşları internet vasitəsilə təklif edilən iş elanlarının nə dərəcədə real olduğunu, bu elan və təkliflərdən yararlanmağın mümkünlüyünü araşdırıb.

CV ilə müraciət edin

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının Baş Marketinq mütəxəssisi elanı üçün müraciət etdikdə, CV göndərməyi məsləhət bildilər. Elanda göstərilən bütün parametrlərə cavab verdiyimizi bildirsək də, CV göndərmədən, həmçinin göndərilən CV-yə baxıb uyğunluq yoxlanılmadan müsahibəyə çağırılmağın mümkünsüz olduğu bildirildi.

“STIMUL Education & Consulting” firmasının əməkdaşı da ofis menecmenti üzrə vakansiyaya yalnız CV vasitəsilə müraciət etməyin mümkünlüyünü bildirdi. Əvvəlki aylarda da bu şirkətdə qeyd edilən vəzifənin vakansiyaya çıxarıldığını bildirdikdə, şirkət əməkdaşı bildirdi ki, hələ ki vəzifə tutulmayıb.

Bizə qadın lazımdır

“Santral Elektrik” LTD şirkəti də ofis menecmenti üzrə vakansiya elan edib. Əlaqə saxladıqda, bu vəzifənin xanımlar üçün nəzərdə tutulduğu bildirildi. Qanuna görə vəzifə tutmaq üçün cinsi ayrı-seçkiliyə yol verməyin qadağan olduğunu xatırlatdıqda isə şirkətin xanım əməkdaşı “bu vəzifədə işləyən şəxs həm də rəhbərliyə çay verməli olduğundan, xanim işçi axtarırıq”, - deməklə cavab verdi.

Yalnız 3 “obyekt” real “işçi” axtarır

Müraciət etdiklərimizdən yalnız üçü işləmək istəyimizi eşidən kimi görüşə dəvət etdi. Amma bunları da dinlədikdə, heç də real iş olmadığının şahidi olduq. İlk olaraq inzibati işlər üzrə vakansiyalarının olduğunu bildirən “LUX LİFE” adlanan Amerika şirkətinin yerli bölməsinə baş çəkdik. İş üçün müraciət edənlərin sayı olduqca çox idi. Şirkətin ofisinə toplaşan gənclər asan iş tapdıqlarına görə sevinirdilər. Müdiriyyətlə görüşdən çıxanların isə üzündə xoş təbəssümü görmək olmurdu. Nəhayət növbə bizə çatdı. Müraciət edənləri qəbul edən gənc menecer şirkətin məhsulları və hansı sahədə işçi tələb olunması ilə bağlı ətraflı məlumat verdikdə, bizimlə birlikdə görüşə girənlərin hamısı məyus oldu. Belə ki, yalnız satış üzrə işçilər tələb olunurdu və satılacaq məhsul isə, dəyəri 4000 manat məbləğində, Amerika istehsalı olan tozsoran idi. Azərbaycan reallığında isə 4000 manatlıq tozsoranın cəmi 4 alıcısının olacağı da inandırıcı görünmür.

Növbəti “iş yeri”nə çatana qədər adını bilməsək də, böyük bir binaya daxil olduqda, bunu ciddi şirkət hesab etdik. 28 may metro-stansiyasının yeni çıxışına yaxınlıqda yerləşən binanın 5-ci mərtəbəsinə qalxdıqda, bunun məşhur “TİENS” olduğunu gördük. Ülkər adlı xanım bizi başqa bir orta yaşlı qadının yanına apardı. Həmin qadın çox həvəslə bizə işin dərinlikləri barədə məlumat verməyə çalışsa da, dəqiqliklə heç nə anlamaq olmurdu. Çünki tibbi avadanlıqların satışından faiz vəd verən xanım, bundan başqa hər ay təxminən 240 manat maaş vəd versə də, həmin maaşın haradan qaynaqlanacağını bildirmirdi. “Fikirləşərik”, – deyib otağı tərk etdikdə, həmin xanım arxamızca bundan yaxşı və sərfəli iş yeri tapa bilməyəcəyimizi dedi və yaxşı fikirləşməyi məsləhət gördü.

Sonuncu görüş yerimiz “General Mühafizə Xidməti” oldu. Bu şirkət Azadlıq prospektinin 28 May metro-stansiyasına yaxın hissəsində yerləşir. Köhnə binada 2 kiçik otaq və 3 işçidən ibarət olan bu şirkətin təklifi isə lap “göydəndüşmə” oldu. Heç bir problemsiz işə götürüləcəyimizi deyən şirkət əməkdaşının şərtləri isə xeyli ağır oldu. İşləmək üçün mühafizə xidmətinə məxsus yay geyimini öz hesabımıza almalı olduğumuzu deyən “işəgötürən” formanın qiymətinin 300 manat olduğunu bildirdi. Bundan başqa, “iki gün evdə, bir gün işdə” prinsipini xatırladan xidmət əməkdaşı, aylıq 220-240 manat maaş da vəd etdi.

Təklif olunan birgünlük iş rejimi bütöv sutkanı əhatə edirdi. Bu isə Azərbaycan Respublikası əmək qanunvericiliyinin kobud pozuntusu deməkdir. Əmək Məcəlləsinə görə, 6 günlük iş rejimində gündəlik iş saatı 7 saatdan, həftəlik isə 40 saatdan artıq ola bilməz. Burda isə həftədə iki dəfə işə çıxdıqda, iş günü 48 saat olur.

“İşədüzəltmə” firmalarının 10 manatlıq “xidməti”

İnternetdə işədüzəltmə firmalarının da adına tez-tez rast gəlmək olur. Bu firmalar vasitəsilə işə düzəlmək üçün müqavilə bağlamaq və 10 manat da xidmət haqqı ödəmək lazımdır. Bunlardan ilk olaraq əlaqə saxladığımız “ASEL Group” firması elanlarına baxdıqda işə götürən təşkilat təsiri bağışlasa da, əlaqə saxladıqda firmaya dəvət etmələri bir qədər şübhəli gəldi. Daha sonra, gələrkən özümüzlə 10 manat pul götürməyi də məsləhət görən firma əməkdaşı “işədüzəltmə” xidməti göstərdiklərini bildirdi.

Növbəti əlaqə saxladığımız “Arkis Group”dan da eyni şərtləri səsləndirdilər. Bildirildi ki, şirkətin vəzifəsi iş axtaranın işçi axtarana yönəldilməsidir. Tələblərə cavab verib verməmək isə tərəflər arasındakı danışıqdan sonra məlum olacaq ki, buna da şirkət məsuliyyət daşımır. Lakin iş axtaran getdiyi yerdə işə götürülməsə, ona növbəti işlər də təklif edilir.

Dövlət qurumları və ekspertlər bu barədə nə düşünür?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin baş məşğulluq idarəsinin rəis müavini Şahbaz Xələfov Axar.az-a açıqlamasında bildirdi ki, 2001-ci ilə qədər özəl işə götürənlər lisenziya əsasında fəaliyyət göstərdiyindən bu məsələləri tənzimləmək mümkün idi: “Hazırda isə həm işə düzəltmə müəssisələri, həm də özləri işçi qəbul özəl təşkilatlara nəzarət etmək imkanına malik deyilik. Hətta monitorinq aparsaq belə, onların işinə müdaxilə etmək səlahiyyətimiz yoxdur”.

İqtisadçı ekspert Samir Əliyev qeyd edilən problemlərin bütün dövlət və qeyri-dövlət, yerli və xarici təşkilatlarda da baş verdiyini bildirdi. Bəzi hallarda vakansiyalara ehtiyac olmadığı təqdirdə də iş elanının verildiyini vurğulayan S. Əliyev qeyd etdi ki, burada məqsəd rəqabət və şəffaflıq görüntüsü yaratmaqdır:

“Bəzi hallarda şirkətlər işçi qəbul etdikdən sonra iş elanı verir ki, bu da görüntü yaratmaq məqsədilə edilir. Dövlət kiçik şirkətlərlə olmasa da, böyük şirkətlərlə bu cür halların qarşısının alınması üçün mübarizə apara bilər”. S. Əliyev onu da əlavə etdi ki, bu cür halların aradan qaldırılması üçün vətəndaş cəmiyyəti və KİV-lərin də üzərinə böyük vəzifə düşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm