Cəbhə bölgəsində yaşayanlara güzəştlər tətbiq olunmalıdırmı?
Bizi izləyin

Qırmızı.az

Cəbhə bölgəsində yaşayanlara güzəştlər tətbiq olunmalıdırmı?

Cəbhə bölgəsində yaşayanlar kommunal xidmətlər və vergilərdən azad ediləcək?

Son günlər atəşkəsin mütəmadi pozulması cəbhə bölgəsində yaşayan sakinlərin əmək fəaliyyətinə təsir edib. Xüsusən Ermənistanla sərhəddə yaşayan sakinlər nə gündüz, nə də gecə əsas məşğuliyyətləri olan kənd təsərrüfatı ilə məşğul ola bilirlər. Bu da cəbhə bölgəsində yaşayan sakinlərin yaşam şəraitini çətinləşdirir. Xüsusən Ermənistana yaxın sərhəddə yaşayanlar daimi olaraq təhlükə altındadırlar.

Bir neçə dəfə parlamentdə cəbhə bölgəsində yaşayanların müəyyən vergilərdən, təhsil haqqlarından azad edilmələri barədə məsələ müzakirə edilib.

Sonuncu dəfə bu ilin aprelində millət vəkili Qənirə Paşayeva məsələni gündəmə gətirib. O qeyd edib ki, cəbhə zonasında ermənilər Azərbaycan kəndlərini tez-tez atəşə tutsa da, sakinlər öz yaşayış yerlərini tərk etməyib. “Buna görə də həmin kəndlərin sakinlərinə bəzi məsələlərdə güzəşt edilməsi faydalı olardı. Kommunal xidmətlərdə güzəştlərin tətbiqi də həmin kəndlərin sakinlərinə böyük dəstək olardı”.

Son günlər atəşkəsin tez-tez pozulduğu bir vaxtda orada yaşayanların vergi, kommunal xidmətlərdə azad edilməsi məsələsi yenidən aktuallaşdı.

Millət vəkili Vahid Əhmədov Publika.az-a açıqlamasında bildirib ki, cəbhə boyunca yaşayanlar əsasən kənd təsərrüfatı ilə məşğuldur. Kənd təsərrüfatı ilə məşğul olanlar vergilərdən azad edilib. Onlar yalnız torpaq vergisi verirlər.

“Cəbhə bölgəsində yaşayanların digər vergilərdən azad edilməsi çətin deyil. Çünki həmin sakinlər böyük vergi öhdəlikləri yoxdur. Bu məsələ gündəmdə olmasa da, həyata keçirilməsi mümkündür. Həmin sakinlərin kommunal xidmətlərdən də azad edilməsi və ya güzəştlərin tətbiq edilməsi müzakirə edilə bilər. Bir neçə dəfə bu məsələ parlamentdə müzakirə edilib. Lakin bunun qanun kimi qəbul edilməsi üçün hökumət tərəfindən təkliflər gəlməlidir. Cəbhə bölgələrində yaşayanların işi, həyat şəraiti daim diqqət mərkəzində olub. Bu məsələ ilə bağlı parlamentdə müzakirə edilən təklifə müsbət cavab verilib”.

Millət vəkili Məlahət İbrahimqızı məsələnin son günlər xüsusən aktuallaşdığını və buna ehtiyac olduğunu bildirib:

“Nəinki cəbhə bölgəsində yaşayan, həmçinin orada işləyən mütəxəssislərə bu güzəştlər tətbiq edilə bilər. Bakıda işləyən müəllimlərlə, cəbhə bölgəsində, hər an atəş altında işləyən müəllim arasında fərq olmalıdır. Qanunvericilikdə bu məsələ incələnməli və müəyyən güzəştlər tətbiq edilməlidir. Bu məsələ həm maddi, həm mənəvi baxımdan önəmlidir. Üstəlik, insanların həmin bölgələri tərk etməmələri üçün bir stimuldur. Qarabağ problemi həll olunmadığına görə, məsələni daim gündəmdə saxlamaq lazımdır”.

M.İbrahimqızı ölkə rəhbərliyi tərəfindən cəbhə boyu yaşayan sakinlərin rifah halının yaxşılaşdırılmasının daim diqqət mərkəzində olduğunu bildirib:

“Son günlər atəşkəsin pozulması ilə əlaqədar dövlət başçısının cəbhə bölgəsində sakinlər və hərbçilərlə görüşməsi buna bir nümunədir. Həmin bölgələrdə yeni sosial obyektlərin açılması sakinlərin stimullaşdırılması istiqamətində bir addımdır”.

Xatırladaq ki, bu il sentyabrda Ermənistan parlamentində Azərbaycanla sərhədyanı kəndlərin bütün vergilərdən azad olunmasını nəzərdə tutan qanun layihəsi müzakirə ediləcək. Buna səbəb Ermənistan əhalisinin Azərbaycanla sərhəd kəndləri tərk etməsindən olan narahatlıqdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm