• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Şagirdlərin 15%-i peşə təhsili almaq istəyir

Şagirdlərin 15%-i peşə təhsili almaq istəyir

Bakı və Sumqayıt şəhərlərinin yuxarı sinif şagirdlərinin ilk peşə-ixtisas (İPİ) təhsili və burada əldə edə biləcəkləri imkanlara dair məlumatları çox azdır.

Publika.Az-ın verdiyi xəbərə görə, bu fikirlər “ElS” Müstəqil Araşdırmalar Mərkəzi və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda Gəncliyinin problemləri və perspektivləri mövzusunda keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə çıxış edən “AVCİYA”nın vitse prezidenti Vəli Əlibəyov “Gənclər günü”n təsis edilməsi barədə məlumat verib. Onun sözlərinə görə, keçmiş Sovet ölkələri arasında ilk dəfə ölkəmizdə keçirilib.Daha sonra o bugünkü tədbirdə gənclərin uğurlarından yox, məhz problemlərindən danışılacağını bildirib:

“Bir ölkənin gələcəyi məhz gənclərdən asılıdır. Ölkənin siyasətində gənclərin dünyagörüşü, intellekti son dərəcə önəmlidir. Bu gün gənclərin əsas problemi ideoloji dəyərlərinin olmamasıdır. Bunun olmaması xoşagəlməz vəziyyətlərə səbəb olur. Son günlər gənclərin müxtəlif təriqətlər altına düşməsi də bunun nəticəsidir”.

Daha sonra “ELS”Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova çıxış edərək, gənclərin əsas problemlərinin təhsil və işlə bağlı olduğunu dedi. O, rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə apardığı araşdırmaların nəticələri barədə danışdı:

“Gənclərin problemlərini həll etmək üçün ilk növbədə gənclərin peşə,ixtisas seçimindən başlamalıyıq. Bunu nəzərə alaraq Bakı və Sumqayıt şəhərlərində 312 şagird arasında sorğu keçirdik. Nəticələr sorğudan əvvəlki proqnozları təsdiqlədi. Apardığımız araşdırma göstərdi ki, şagirdlərin peşə məktəblərinə marağı çox azdır. Peşə məktəbində oxumaq istəməyənlərin əksəriyyəti ali təhsili daha nüfuzlu hesab edir. Şagirdlərin peşə məktəbləri haqqında məlumatları azdır və ali məktəblər onlar arasındakı fərqi anlamırlar.

Bundan başqa, bu məktəblərin sayı da yetərli deyil. Peşə məktəblərinin sayı 1991-ci ildə 176 idisə, 2013-cü ildə 108-dir. Onların sayının artırılmasına erhtiyac var. Bundan başqa, peşə məktəblərinin təbliğatı zəif qurulub, şagirdlərin peşə məktəbləri barədə məlumatları azdır”.

İ.Yaqubova onu da vurğuladı ki, bu istiqamətdə valideynlərlə iş aparılmalıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Fərid Ədilov komitənin əsas işlərindən birinin məhz gənclərlə bağlı olduğunu bildirdi. Onun sözlərinə görə, ölkədə artıq gənclər siyasəti formalaşıb, bu istiqamətdə işlər davam etdirilir:

“Təmsil etdiyim komitənin gənclərlə bağlı bir çox proqramları mövcuddur. Uşaqların ailələrə verilməsi çox əhəmiyyətli proqramdır ki, bununla bağlı regionlarda maarifləndirmə işləri aparılır.

Azərbaycan gəncliyi 2011-15-ci illəri əhatə edən proqram da gənclər siyasətində atılmış addımlardandır. Uşaqlarla bağlı dövlət proqramları həm də qaçqın və məcburi köçkün, əlil və xüsusi qabliyyəti olan uşaqları əhatə edir. Uşaq və gənclərimizin problemləri bizi də narahat edir. Son günlər gənclər arasından intiharların sayının artması ilə bağlı araşdırmalar aparılıb. Araşdırmalar bunun məktəb psixoloqlarının çatışmazlığı ilə əlaqələndirir. Valideyn-uşaq-məktəb sisteminin əlaqəli şəkildə qurulması da önəmlidir”.

“ELS”Müstəqil Araşdırmalar Mərkəzinin keçirdiyi sorğuda iştirak edənlərin 38,8%-i 9 sinif, 61,2%-i isə 10-11 sinif şagirdləri olub. Bu gün daha çox tələb olunan peşələri qeyd edərkən şagirdlərin 67,1%-i ali təhsilli, 32,9%-i isə ilk peşə-ixtisas (İPİ) təhsilli peşələrin adlarını çəkiblər. Siniflər arası bu cavablar çox fərqlənmədiyi halda ali təhsilli peşələri Bakı şagirlərinin 83,5%-i, Sumqayıtın isə 56,3%-i qeyd edib. Gələcəkdə yiyələnmək istədikləri peşələrə gəldikdə rəyi soruşulanların 89,3% konkret peşələrin adlarını qeyd edib. Bunların 74,0%-i ali təhsilli, 15,3%-i İPİ təhsilli olub. Qalan şagirdlərin 10,7%-i ali təhsilli peşələrə üstünlük verərək peşəni göstərməyib və “Hansına daxil ola bilsəm” cavabını veriblər. Bu rəqəmlər müvafiq olaraq 9 sinif şagirdlərinin verdikləri cavablarda 77,6%, 15,5% və 6,9%; 10-11 sinif şagirdləri üçün – 71,7%, 15,2% və 13,0%; Bakıda – 80,1%, 7,2% və 12,7%, Sumqayıtda – 71,6%, 18,4% və 10,0% təşkiledib.

Peşə seçiminə necə qərar verdiklərinə gəldikdə isə, iştirakçıların 48%-i yalnız valideynlərinin rəyi ilə cavabını verib.

Peşə məktəbləri/liseyləri haqqında məlumatlı olanlar rəyi soruşulanların 72,4%-i təşkil edib (Bakıda – 36,5%, Sumqayıtda – 91,0%-i). Rəyi soruşulan qalan 90,3%-i bu məktəblərdə oxumaq istəmədiyini bildirib.

Peşə lməktəbləri/liseylərində oxumaq istəməyənlər əsasən bunu ali məktəbin daha hörmətli, səviyyəli və cəmiyyətin anlamında daha yaxşı olduğunu qeyd edib (92,1%). Rəyi soruşulanların təxminən yarısı (48,5%) istədiyi vəzifədə işləmək üçün məhz ali təhsilin tələb olunduğunu, beşdə biri istədikləri peşələrin yalnız ali məktəblərdə tədris edilməsini (21,9%) qeyd edib, 23,1%-i savadlarına, potensiallarına inamlı olduqlarını deyib. 3,6% respondent cavablarını izah edə bilməyib.

Beləliklə, sorğu nəticəsində peşə məktəblərinin və ilk peşə-ixtisas təhsilli peşələrin təbliğatının zəif qurulması, orta məktəb şagirdlərinin peşə məktəblərinə dair məlumatlılığının aşağı səviyyədə olması, orta məktəb şagirdlərinin peşə seçimi ilə bağlı savadlarının səviyyəsindən asılı olmayaraq ilk növbədə ali təhsilə üstünlük vermələri və ilk peşə-ixtisas təhsilli məktəblərinin sayının kifayət qədər olmaması kimi problemlər aşkar edilib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR