Azərbaycanda yas mərasimlərində qadağa - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda yas mərasimlərində qadağa - ARAŞDIRMA

Yas mərasimlərində israfçılığın qarşısını almaq üçün şəhər və rayonlarda yerli icra hakimiyyətlərinə konkret tapşırıqlar verilib.

Qəbul edilmiş yeni qərara əsasən, dövlətin dini sahəyə məsul olan qurumları prosesin yalnız mərkəzdən deyil, birbaşa rayon icra hakimiyyətləri səviyyəsində həlli ilə məşğul olacaqlar. Elə buna görə də rayon icra hakimiyyətlərində Dini Məsələlər üzrə Komissiyalar yaradılıb. Komissiyalara sədrlik isə rayon icra hakimiyyəti başçılarının 1-ci müavinlərinə həvalə edilib. Rayonlardakı komissiyalar bu istiqamət üzrə işlərini yeni yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə əməkdaşlıq sayəsində həyata keçirəcəklər. Ümumi nəzarət isə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullaya tapşırılıb. Yeni yaradılan komissiya sədrləri birbaşa ona tabe olacaq.

Komissiyaya bu sahədəki nöqsanlara reaksiya vermək və problemləri aradan qaldırmaq səlahiyyətləri də verilib.

Qeyd edək ki, hökumət bununla bağlı konkret standartlar - menyu müəyyənləşdirib. Bundan sonra yas mərasimlərində israf qida məhsullarının verilməsinə qadağa qoyulub. Hüzr məclislərində süfrədə yalnız çay və qənd olacaq. İstisna hal kimi xurmanın olmasına məhdudiyyət qoyulmayacaq.

Ötən bir neçə gün ərzində rayon icra hakimiyyətləri başçılarının 1-ci müavinlərinin sədrliyi ilə inzibati ərazilər üzrə toplantılar keçirilib. Yerli din xadimlərinə, axund və mollaların diqqətinə çatdırılıb ki, məclislərdə qoyulan təlimatlardan kənara çıxılması hallarının qarşısının alınması üçün müvafiq tədbirlər görsünlər.

Artıq respublikanın bir çox rayonlarında yas mərasimlərində israfçılığın qarşısının alınması məqsədilə yeniliklər tətbiq olunur.

Zaqatala rayon icra hakimiyyəti başçısının I müavini Elman Ramazanovun Publika.az-a verdiyi məlumata görə, bu rayonda din xadimləri, aidiyyəti strukturların nümayəndələri və rayon əhalisi də dəvət olunaraq açıq söhbətlər aparılıb. Rayon rəsmisinin sözlərinə görə, yeni qərar camaat tərəfindən çox yaxşı qarşılanıb. İcra nümayəndəsi bildirib ki, bundan sonra yas mərasimlərində heç bir israfçılığa yol verilməyəcək:

“Bu həm şəriətə uyğundur, həm də əhali üçün sərfəlidir. İndi bizim rayonda yas mərasimlərində yalnız çay, xurma və halva verilir. Ehsan yalnız bundan ibarətdir. İsti yeməklər verilmir”,- deyə Elman Ramazanov bildirib.

İsmayıllı Rayon İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, rayonun dini icma sədrləri, icra nümayəndələri, bələdiyyə sədrləri, rayon ictimaiyyəti ilə birgə tədbir keçirilib və dindarların əhaliyə müraciəti qəbul olunub. Artıq bu rayonda ehsanın yalnız çay süfrəsindən ibarət olacağı qərara alınıb.

Ağsu Rayon İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, yas mərasimlərində israfçılığın qarşısının alınması ilə bağlı əhaliyə müraciət olunub: “Bu qərar icra nümayəndələri, ağsaqqallar, rayon əhalisi tərəfindən yaxşı qarşılanıb. Bu məsələ könüllülük əsasında olmalıdır. Biz heç kimə deyə bilmərik ki, isti yemək verməsinlər. Lakin bu? yaxşı qərardır və əhali tərəfindən də yaxşı qarşılanır”.

Şirvan, Şəki, Lənkəran, Quba rayonları ilə də əlaqə saxladıq. Bu rayonlarda da müvafiq qaydaların artıq tətbiq olunduğunu bildirdilər.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm