Qəbələdə elmə məlum olmayan abidələr aşkarlanıb
Bizi izləyin

Qırmızı.az

Qəbələdə elmə məlum olmayan abidələr aşkarlanıb

Arxeoloqlar Qəbələdə unikal tapıntıları aşkarlayıblar. 2014-cü ildən başlanan tədqiqatlar zamanı 6 min il yaşı olan dulus çarxı, 450-500 min il əvvəlin daş alətləri, Kür-Araz mədəniyyətinə aid nekropol tapılıb.

Bu barədə Publika.az-a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi “Qədim Qəbələ” arxeoloji ekspedisiyası tərəfindən abidələrlə zəngin olan Qəbələ rayonu ərazisində e. ə. IV minilliyin birinci yarısına aid Qalayeri qədim yaşayış məskənində əvvəlki illərdə aparılmış qazıntı işləri bu il də davam etdirilib.

Öz kökləri ilə Ön Asiyaya bağlı olan Leylatəpə arxeoloji mədəniyyətinə məxsus Qalayeri yaşayış məskənində aşkar edilmiş gil qatlarından qurulmuş tikili qalıqlarının analoqları Azərbaycan və bütövlükdə Qafqaz abidələrindən məlum deyil. Tapıntıların əksəriyyətini saxsı qab qalıqları və daşdan müxtəlif əmək alətləri təşkil edir. Ön Asiya ənənələrinin davamı olaraq içərisində körpə uşaqların dəfn edildiyi saxsı qab qəbirləri də aşkar edilib. Abidədə hələ 6 min il əvvəl Qafqazda məlum olmayan dulus çarxının tətbiqini bir daha sübut edən tapıntı – üstündə çarxın fırlandığı daş alət və çarxın daşdan digər detalları aşkar edilib. Məişətdə daha çox tələbatın olduğu saxsı qabların dulus çarxında istehsalı və onların üstündə tanınma işarələrinin vurulması hələ 6 min il əvvəl Azərbaycanda kütləvi istehsal üzərində mərkəzləşmiş nəzarətin, cəmiyyətdə erkən idarəçilik ənənələrinin təşəkkül tapdığını göstərir. Ümumiyyətlə, Qalayeri yaşayış məskəni memarlıq qalıqları və bütün arxeoloji materialları ilə Şərqi Anadoludakı Arslantəpənin 7-ci təbəqəsi ilə tam uyğunluğa malikdir.

Ekspedisiya rayon ərazisində arxeoloji kəşfiyyat işləri də aparıb, əvvəllər elmə məlum olmayan yeni abidələr aşkarlanıb. İlk növbədə Dizaxlı kəndi yaxınlığında, Qaraçayın hündür sağ sahilində aşkar edilmiş Daş dövrünün qədim mərhələsinə - alt paleolit dövrünə aid daş alətləri xüsusilə qeyd etmək lazımdır. Yaşı 450-500 min il olan qədim Aşel mərhələsinə aid iri qaşov-iskənə və çopper tipli bu alətlərin aşkar edildiyi “Qızlar qalası” adlı sahə çox güman ki, ibtidai insanların açıq tipli düşərgəsi olmuşdur. Bu tapıntılar Böyük Qafqaz dağlarının cənub ətəklərində Aşel dövründə insanların məskunlaşması və miqrasiyası tarixinin tədqiqi üçün mühüm əhəmiyyət kəsb edir.

Ekspedisiyanın elmi yeniliklərindən biri də Dizaxlı kəndinin şərqində, Qaraçayın hündür sağ sahilinin kənarında Kür-Araz mədəniyyətinə aid torpaq qəbirləri nekropolunun müəyyən edilməsi olub. Belə ki, bu vaxtadək Kür-Araz mədəniyyətinə aid kurqan örtüyü olmayan və yaşayış yerindən kənarda torpaq qəbirləri məzarlığı məlum deyildir. Burada dəfinə axtaranlar bir neçə qəbri dağıdıblar.

Abidənin xüsusiyyətini müəyyən etmək üçün qəbirlərdən birində arxeoloji qazıntı aparıldı. Qəbirdə yanı üstə dəfn edilmiş insanın skeleti, onun ətrafında saxsı qablar və toxuculuq aləti olan sümükdən iy başlığı aşkar edilib. Bunlardan əlavə, kəndin ərazisindəki kurqanların GPS koordinatları və ölçüləri qeydə alınıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm