• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Füzulidə gənclərin Beynəlxalq Sülh Forumunun açılışı olub - FOTOLAR

Füzulidə gənclərin Beynəlxalq Sülh Forumunun açılışı olub - FOTOLAR

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) təşəbbüsü ilə sentyabrın 19-dan 22-dək ölkəmizdə gənclərin Beynəlxalq Sülh Forumu keçirilir.

Publika.az-ın məlumatına görə, Füzuli Rayon İcra Hakimiyyətində Forumun rəsmi açılış mərasimi olub.

AGAT-ın sədr müavini Nərgiz Xələf Forum haqqında məlumat verərək bildirib ki, beynəlxalq tədbirdə 14 dövlətdən - Finlandiya, Rumıniya, Xorvatiya, Litva, Latviya, Yunanıstan, Macarıstan, Çex Respublikası, Niderland Krallığı, Ukrayna, Türkiyə, Böyük Britaniya, Gürcüstan və Moldovadan 20 nəfər sülh qurucusu, ekspertlər, xarici ölkələrdəki QHT-lərin, o cümlədən Avropanın kütləvi təşkilatlarından hesab edilən “Peace one day”ın nümayəndələri iştirak edirlər.

Forumun məqsədi Azərbaycanın regionda sülh quruculuğu işində yerinin və rolunun Avropa gənclərinə çatdırılması, Avropa və Azərbaycan gəncləri arasında əməkdaşlığın inkişaf etdirilməsidir.

Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Bağır Aslanov Forumun iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun fəsadları və sülh quruculuğu istiqamətində dövlətimizin gördüyü işlər barədə məlumat verib.

Bildirilib ki, 1993-cü il avqustun 23-də Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun bütün infrastrukturu, yaşayış evləri, sosial obyektlər, maddi-mədəniyyət abidələri məhv edilib, rayona ümumilikdə 6 milyard dollara yaxın ziyan dəyib. Müharibə zamanı rayon sakinlərindən 735 nəfər həlak olub, 1240 nəfər sağlamlığını itirərək əlilə çevrilib.

Qeyd olunub ki, 1994-cü ilin yanvarında Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyat nəticəsində rayonun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad edilib. Hazırda rayonun 1382 kvadratkilometr ərazisinin 682 kvadratkilometri – 1 şəhər, 61 kənd işğal altındadır. Rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb, məcburi köçkünlər üçün 16 qəsəbə salınıb. Hazırda Füzulinin 120 mindən artıq əhalisinin 65 mini rayon ərazisində yaşayır, qalanı isə respublikanın 55 rayon və şəhərində məskunlaşıb.

Görüşdə xarici ölkələrdən olan gənclərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin regionda sülh quruculuğu işində rolu barədə sualları cavablandırılıb.

Horadiz şəhərindəki 3 nömrəli tam orta məktəbə gələn Forum iştirakçıları burada dərs prosesini izləyib, cəbhə bölgəsində yaşayan şagirdlərlə sülh mövzusunda söhbətlər edərək, onların fikirləri ilə tanış olublar.

Qonaqlar sonra məcburi köçkünlər üçün salınmış Zobucuq qəsəbəsinə gəliblər. Məcburi köçkünlər Forum iştirakçılarına bildiriblər ki, dövlətimiz tərəfindən onlar üçün nə qədər yaxşı şərait yaradılsa da, ən böyük arzuları öz doğma yurd-yuvalarına qayıtmaqdır.

Beynəlxalq təşkilatlardan və dünya ictimaiyyətindən ədalətin təmin olunmasını istədiklərini deyən məcburi köçkünlər qonaqların nəzərinə çatdırıblar ki, təcavüzkar Ermənistan dövləti BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı 4 qətnaməsinə, həmçinin digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qərarlarına məhəl qoymur.

Görüşdə avropalı gənclərin məcburi köçkünlərin həyat şəraiti, məişəti ilə bağlı sualları cavablandırılıb.

Qonaqlar daha sonra cəbhə xəttində yerləşən Alıxanlı kəndində olublar.

Kənd sakini Vaqif Hacıyev məlumat verib ki, Alıxanlı kəndi 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilərək tamamilə dağıdılmışdı. Kənd 1994-cü ildə Azərbaycan Ordusu tərəfindən azad edildikdən sonra infrastruktur bərpa olundu, sakinlər üçün yeni evlər tikildi. Hazırda düşmənlə üz-üzə, təmas xəttində yerləşən kənddə 1600 nəfər yaşayır.

Qonaqlar kənd əhalisinin həyat şəraiti ilə tanış olublar, ermənilər tərəfindən dağıdılmış və yandırılmış evlərə baxıblar.

Böyük Britaniyanın “Peace one day” təşkilatının nümayəndəsi Asif Zubari jurnalistlərə müsahibəsində deyib: “Azərbaycan haqqında məlumatım çox az idi. Səfər zamanı gözlədiyimdən də çox məlumatlandım. Uşaqlarla ünsiyyət mənə yüksək enerji verdi. Müharibədən zərər çəkmiş insanlarla görüşdük. Münaqişə, onun həlli, sülh quruculuğu işində onların fikirlərini öyrəndim”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR