Yol polisi sürücülərə müraciət etdi: "Ağsaqqallar nəzarət etsin"
Bizi izləyin

Qırmızı.az

Yol polisi sürücülərə müraciət etdi: "Ağsaqqallar nəzarət etsin"

Respublika Baş Dövlət Yol Polisi sürücülərə "toy karvanı"nda hərəkət edən zaman diqqətli olmalarını və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələrini tövsiyə edib.

Bunu Publika.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, yalnız sürücülər deyil, toy sahibləri, ağsaqqallara toy karvanlarında nəqliyyat vasitələrinin hərəkətinə diqqət yetirmələri ilə bağlı müraciət edilib.

“Həmin karvanlarda intizamlı sürücülərin olmasına və maşınların sayının minimuma endirilməsini xahiş etmişik. Buna baxmayaraq, dəfələrlə, toy karvanlarında intizamsız sürücülərin olmasını, qaydaları necə pozmasını müşahidə etmişik. Onların bu hərəkəti başqalarının həyatını risk altına qoyur və nəticədə bu cür ağır qəzalar baş verir. Bununla bağlı dəfələrlə televiziyalarda video materiallar verilib, animasiya da hazırlayıb yaymışıq. Bu cür maarifləndirici materiallar və sərxoş vəziyətdə nəqliyyat vasitəsini idarə edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı cəzaların sərtləşdirilməsinə baxmayaraq, yenə də bu cür hallar baş verir. Dəfələrlə özüm qaydaları pozan sürücüləri karvandan uzaqlaşdırdığının şahidi olmuşam. Amma təəssüf ki, hər kəs bunu etmir”.

K.Əliyev onu da vurğulayıb ki, bu halların qarşısını almaq üçün təkcə yol polisinin nəzarət etməsi yetərli deyil:

“Bu gün baş verən hadisə nəticəsində bir-iki intizamsız sürücüyə görə 9 nəfər həyatını itirdi və onlardan 2-si uşaqdır. Vaxtında ağsaqqallar, toy sahibləri onlara xəbərdarlıq etsəydi, bəlkə də, belə hadisə baş verməzdi. Axı biz hər döngədə, hər restoranın qarşısında polis əməkdaşı qoya bilmərik. İnsanlar özü dərk etməlidirlər ki, onların bu hərəkəti yaxınları və digər insanların həyatına son qoya bilər. Bunu düşünmək heç də çətin deyil.

Şəhər daxilində xüsusən, pik saatlarda onlarla maşının ard-arda getməsi sıxlıq yaradır. Rayon, kənd yerlərində hərəkət sıxlığı olmadığından toy karvanlarında avtomobillərin sayının çox olması problem yaratmır. Lakin onlar da intizam qaydalarına diqqət etməlidirlər”.

Qeyd edək ki, bu gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunda "toy karvanı" sürücülərin törətdiyi qəza nəticəsində 9 nəfər ölüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm