• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Çeçenistanın milli qəhrəmanı: “Üzərimə ...bomba bağlayıb, özümü Yaqub Məmmədovun qarşısına atdım”

Çeçenistanın milli qəhrəmanı:  “Üzərimə ...bomba bağlayıb, özümü Yaqub Məmmədovun qarşısına atdım”

Zamanında ümummilli lider Heydər Əliyev ona yüksək qiymət verirdi. Hətta dediyinə görə, Heydər Əliyevlə üç dəfə görüşüb. Həyatı mübarizələ doludur. Onun döyüş yolu Qarabağdan Çeçenistana qədər davam edib. Çox insan onu Çeçen Arif kimi tanıyır və belə çağırırlar. Söhbət Azərbaycanın Milli Qəhrəmanı adından imtina edən, Çeçenistanın Milli Qəhrəmanı, 20 yanvar əlili Arif Məhərrəmovdan gedir. Avrasiya.net-in onunla müsahibsənin maraqlı məqmlarını təqdim edirik.

- Arif bəy, bildiyimiz qədər Heydər Əliyevlə üç dəfə görüşmüsünüz. Bu haqda nə deyə bilərsiniz?

- Mən Heydər Əliyevin alovlu tərəfdarlarından olmuşam. Ona olan sevgim yaltaqlıq və məddahlıqla üzərində yox, həqiqi hörmətə dayanırdı. 1992-ci ildə Yeni Azərbaycan Partiyası qurulan zaman fəal iştirak edirdim və bir gənc olaraq dəstək verirdim. O zaman hesab edirdim ki, Heydər Əliyev təcrübəli siyasətçi kimi ölkəmizə çox xeyir verə bilər və onun təcrübəsi ölkəmizin güclənməsinə kömək ola bilər. 1992-ci ildə Heydər Əliyevin yaş sensizi ilə bağlı məhdudiyyətin aradan götürülməsi uğrunda mübarizə aparırdım. Bir dəfə üzərimə yalançı bomba bağlayıb,özümü Yaqub Məmmədovun qarşısına atdım. Həmin zaman Yaqub müəllimin mühafizəsi məni güllə ilə vuracaqdı və Yaqub müəllim imkan vermədi. Yaqub Məmmədov dedi ki, mən bacara bilmirəm.

- Maraqlıdı Heydər Əliyevlə tanışlıq necə yaranıb?

- Heydər Əliyev Naxçıvanda olarkən, məni nəşriyyata sabiq millət vəkili Rizvan Cəbiyev çağırdı “Naxçıvan” qəzetinin redaksiyasına. Mənə bildirdi ki, sənin haqqında silsilə yazıların yazılmağını bir mötəbər insan tapşırıb, mən nə qədər inad etdimsə də, Rizvan müəllim mənə tapşıran adamın adını çəkmədi. 1993-cü ildə məni cağırdılar Nazirlər Kabinetinə və orada mən Heydər Əliyevlə birinci görüşüb oldu. Mənə bildirdi ki, sənin haqqında “Naxçıvan” qəzetində silsilə yazıları mən diqqətlə oxuyurdum və məqaləni bir çoxlarına oxumağa tövsiyə edirdim ki, Arif barədə məqalələri oxuyun, tanıyın və ona həmişə hörmət edin. Mən o zaman başa düşdüm ki, Rizvan Cəbiyevə kim tapşırıq verib ki, mənim barədəm qəzetdə yazılar çap edilsin.

- Heydər Əliyevlə görüşlərinizdə nədən danışırdız?

- Birinci görüş o, Ali Sovetə gedəndə olub. Ona dedim ki. biz Sizə bir minnətdar olmalıyıq ki, siz vaxtında gəldiniz Azərbaycanı xilas etmək üçün və vətənimizin qorunmasının xeyir-duasını sizdən istəməliyik. Xalqımız üçün daha böyük işlər görmək üçün sizin varlığınız əsasında bizlər ruhlana bilək. Mənim bu sözlərimdən sonra məni bağrına basıb, alnımdan öpdü. Heydər Əliyevlə ikinci görüş 1994-cü ildə Prezident Aparatında baş tutdu. Beləki 1994-cü ildə 20 yanvar faciəsi ilə bağlı Prezident Aparatındakı tədbirdə iştirakımı mənə Xətai İcra Hakimiyyətindən xəbər verdilər. Mən onlardan soruşandakı mənim çıxışımı ehtiyac varmı? Dedilər sənin çıxışın nəzərdə tutulmayıb. Beləliklə, mən də hamı kimi Prezident Aparatında zala daxil olarkən orta sıralarda yerimi tutmaq istəyirdim ki, iki nəfər mülki geyimdə olan şəxslər, mənə yaxınlaşaraq mənim ön cərgədə qabaq sırada oturmağımı bildirdilər. Mən isə soruşanda ki, kim bildirib ki, mən qabaq oturmalıyam? Dedilər ki, rəhbərlikdən bildirilib və başqa söz demədilər. Mən də onların dediyinə əməl etdim. Bu zaman Heydər Əliyev zala daxil oldu və yuxarı tribunada qarşı tərəfimdə əyləşdi. Oturarkən mənə diqqətlə baxanda gözləri ilə məmnunluğunu bildirdi. Sonradan Heydər Əliyev barmaq işarəsi ilə məni tribunada çıxış etməyimi bildirdi, bu zaman mən çıxışlara söz verən Elçin Əfəndiyevdən çıxış etməyim üçün mənə izn verməsini istədim. Mənə çıxışa izn vermək istəyərkən yanımda əyləşən Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Rafail Allahverdiyev əlini yelləyərək yox işarəsini bildirdi. Mən üzümü yana çevirəndə Rafael Allahverdiyevin əlini yelləyərək yox deməsini gördüm. İclas yekunlaşarkən Rafail Allahverdiyev qulağıma pıçıldadı ki, sənin başına indi gör nə oyun açıram, qoy Heydər Əliyev zaldan getsin. Mən onun sözlərindən çox narahat qaldım və iclas yekunlaşandan sonra, o mənə yaradacaq sıxıntısından ehtiyat edərək, mən Heydər Əliyevə səsləndim. Heydər Əliyev geri dönüb mənə tərəf baxsa da, getməyinə davam edərək yuxarı tribunanın yanındakı zalın liftinə minərək getdi. Bu an isə Rafael Allahverdiyevin işarəsi ilə, məni arxa tərəfdən iki nəfər, biri boynumu sıxırdı ki, səsim çıxmasın, o biri adam isə arxadan əllərimi tutub sıxırdı. Mən bircə bu sözləri qışqırdım ki, “Heydər müəllim məni xilas edin” və ağrıdan daha heç nə deyə bilmirdim. Bu an Heydər Əliyevin səsi gəldi, Arifi buraxın mənim yanıma gəlsin dedi. Bu andaca məni sıxanlar əllərini buraxdılar və mən onların sifətlərnə baxmaq istəyəndə onlar üzlərini başqa səmtə çevirdilər və Rafail isə məndən dərhal uzaqlaşdı, guya ki, mənə qarşı nə baş verdiyindən heç bir xəbəri yoxdur. Sizi inandırıram ki, mən həyacanımdan ağladım. Bu vəziyyətimi Heydər Əliyev gördükdə ucadan dedi ki, narahat olmayım. Mənə tərəf yaxınlaşanda onun yanında Bəylər Əyyubov, ovaxtkı müdafiə naziri Məmmədrəfi Məmmədov var idi. Heydər Əliyev üzünü Bəylər Əyyubova tutaraq bu sözləri dedi: ”Bəylər, Arifi sənə tapşırıram, ondan muğayat ol”. Sonra isə üzünü müdafiə nazirinə və digər dövlət mumurlarına tutub söylədi ki,kimə canlı qəhrəman göstərmək istəsiniz, öncə Arifi göstərin, əgər onu göstərmək mümkün olmasa, kimi istəsiniz göstərə bilərsiniz. Arif canlı eksponatdır dedi. Başqa əlillər və digərləri yaş senzinin aradan götürülməsində iştirak etməkdən ehtiyat etdilər, amma Arif isə yaş senzinin aradan götürülməsində qəhrəmanlıq nümunəsi göstərdi.

-Arif bəy, sizin şəhid Mübariz İbrahimova təsirləriniz haqqında söhbətlər gəzir. Onunla hərbi hissədə görüşməniz və dialoqunuzun olması da bildirilir. Bu nə qədər həqiqətidir?

- Mübariz İbrahimovla təsadüfən tanış olduq. Belə ki, mən hərbi hissələrdə əsgər və zabitlərlə görüşlər keçirirdim. Bu çıxışlardan sonra 3-4 əsgər və zabit mənə yaxınlaşıb suallar verirdilər. Təbii ki, məndə bildiyim qədər onların sualların cavablandırırdım. Bir gün milli qəhrəmanımız Mübariz İbrahimovun xidmət etdiyi hərbi hissədə görüş idim. Görüşdən sonra mənə bir gizir yaxınlaşdı və suallar verməyə başladı. Xüsusilə, Çeçenistandan milli qəhrəman kimi qayıtmağımla qürur hiss keçirdiyini bildirdi. Sonra keçirdiyimiz döyüş planları haqqında suallar verirdi. 100 nəfərlik əsgərlə 1000 nəfərlik ordunu necə məğlub etməyimizin strateji planlarını soruşurdu. Hiss edirdim ki,bu mənimlə söhbət edənlərdən fərqlənir və içində intiqam hissi var. Adını soruşdum, Mübariz olduğunu dedi.

- Onun verdiyi suallar sizdə nəsə fikir yaratmırdı ki, digər sual verənlərdən fərqlənir?…

-Təbii ki,onun sualları fərqlənirdi. Nəsə hiss edirdim ki, beynində plan fikirləşir. Ona sual da verdim ki, nə üçün strateji hücum taktikaları haqqında suallar verərsən. Dedi ki, Arif müəllim inanıram ki, yaxın zamanlarda hücum olacaq. Açığı düşündüm ki, ümumi döyüş olacaq və s. Onun özünün hücuma keçəcəyini bilmirdim. Görürdüm ki, bu gənc intiqam eşqi ilə yaşayır. Təpədən dırnağa qədər vətənpərvərlik hissləri ilə yaşayan igidimiz idi. Mübariz mənə dedi ki, biz ermənilərdən intiqamızı almalıyıq. Xocalı və Qarabağda onların etdikləri yadıma düşən zaman,əsəblərimi cilovlaya bilmirəm.Mübariz heç kimin təkidi ilə düşmənin üzərinə hücuma keçməyib. Bu onun daxilindən gələn bir əmr və intiqam eşqinə söykənirdi.

- Bildiyimiz qədər Mübarizin ailəsinə də sizlə bağlı nəsə deyiblər…

-Bəli, düz deyirlər. Sonradan ailəsinə belə xəbər verilmişdi ki, onu döyüşə həvəsləndirdən mən olmuşam. Yuxarıda qeyd etdiyim kimi, Mübariz cəsur və öz ağlı ilə hərəkət edən qəhrəmanımız olub. Heç kim onu buna məcbur etməyib. Onun içində düşmənə zərb vurmaq və onlardan intiqam almaq eşqi güclü idi. 40-ında getdim baş sağlığ verməyə. Açığı nəsə içimdə bir tərəddüd var idi ki, orda mənə qarşı nəsə xoşagəlməz hadisə baş verir. Çünki ailəsi mənə nə desəydi, tam haqlı idilər. Gənc övladlarını itirmişdilər. Yas mərasimində birdən gördüm ki, atası mənə yaxınlaşıb dedi ki, ”Çeçen Arif” sənsən. İlk dəqiqə tutuldum, dedim yəqin atası mənə nəsə sərt cavab verək. Birdən atası mənə qucaqlıyıb Mübarizin mənim haqqımda onlara danışdığını söylədi. Mənim Çeçenistanda döyüş yolumla bağlı onlara məlumat verib.

- Niyə görə Azərbaycanın Milli Qərəmanı adından imtina edibsiniz?

- Əlimdə Müdafiə Nazirliyinin imtina haqda imzalı sənədi var. Dedim ki, torpaqlar işğaldan azad olmadan mən bu şərəfli adı qəbul edə bilmərəm. Ana-bacılarımız girovluqdadırsa, mən necə bu adı almağa razı ola bilərdim? Bizim qəhrəmanlığımız qələbəmizdə baş verəcək. Qoy qələbəni, qələbəni istəyənlərin öhdəsinə buraxsınlar. Sonradan müdafiə nazirinin əmri ilə “Şah İsmayıl Xətayi” adına fəxri fərmana layiq görüldüm. Həmçinin Çeçenistanın milli qəhrəmanı, eləcə də fəxri vətəndaşıyam. Qafqaz xalqlarının həmrəyliyi yolunda bu adlar mənə verilib. Vətənpərvərlik sözdə yox, əməldə olmalıdır.İnsanlar təkcə nəsil baxımından deyil, həm də vətənpərvərlik baxımından doğma olurlar. “Döyüşçü” sözü mənim üçün Vətənini qoruyan, xalqını təhlükədən xilas edən, xalqının gələcək rifahi və xoşbəxt olması üçün, şirin canından keçən vətən övladıdır. Azərbaycan adlı ölkənin yeraltı sərvətləri bəllidir, ancaq onun yerüstü sərvətləri isə vətənpərvər insanlardır. Azərbaycan xalqının ən böyük sərvətləri onun uğrunda canından keçən qəhrəman döyüşçülər və yaralı igidlərimizdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR