• USD 1,7022 0,00% EUR 1,8999 0,00%
    • GBP 2,1620 0,00% RUB 0,0285 0,00%

Qara qitənin qan qoxuyan incisi – Meknesdə Mulay İsmayıl sarayı - FOTOLAR

Qara qitənin qan qoxuyan incisi – Meknesdə Mulay İsmayıl sarayı - FOTOLAR

Mərakeşin gündəlik həyatında bir xoş məqam var ki, onunla hər addımda rastlaşmaq olur. Hər evdə, hər ailədə – şəhər və ya kənd olmağından asılı olmayaraq xalq sənətinin əl işlərinə mütləq rast gəlinir. Bu yemək stolu, sandıq, mis cam, gil boşqab, xalça və ya örtük, silah və ya qadın zinət əşyası ola bilər.


Mərakeşdə kral saraylarına daxil olmaq çox çətindir və bu hər adama nəsib olmur. Lakin saraylar haqqında təsəvvür yaratmaq üçün Rabat, Fəs və digər şəhərlərdə Mərakeş ustalarının yaratdıqları milli memarlıq incilərinin arxitektur quruluşuna diqqət yetirmək kifayətdir.

XVIII əsrdə Avropanın kral saraylarında kədərli bir şayə dolaşırdı. Bu şayiə Mərakeşdə bütöv bir şəhərdə, tikintidə çalışmaqdan həlak olan bütöv bir xristian ordusunun qula çevrildiyi həbsxana - şəhər haqqında idi. Bu qullar ağlasığmaz əmək və həyatları bahasına Sultan Mulay İSMAYILa əzəmətli saray tikirdilər.

Sultan Mulay İsmayıl Mərakeşi 1672-1727-ci illərdə idarə edib və dövlətin dörd əsas tarixi paytaxt şəhərlərindən biri olan Meknes şəhərinin əsasını qoyub. Mulay İsmayılın hakimiyyət dövründə tikilən bütün binalar ölçüsü və dəbdəbəsi ilə insanı hər zaman heyrətləndirib.

26 yaşında hakimiyyətə gələn Mulay İsmayıl atasının ölümünə səbəb olan müharibəni başlayan qiyamçı qəbilələrdən qanlı qisas almağa başladı. Yeni sultan təbiətcə qəddar olan təbəələrinin dirənişini daha böyük qəddarlıqla boğdu. Rəvayətə görə, Mulay İsmayıl 36 min nəfəri öldürərək cəsədlərini devrilmiş şəhərin divarlarından asdırmışdı.

Mərakeş və onun xaricində irimiqyaslı tikintilərə başlayan sultan öz hakimiyyətinin əks-sədasını bütün Avropa saraylarına çatdırdı. Bu tiklilər həm də Mulay İsmayılın hkimiyyətinin simvoluna çevrildi.

Meknes paytaxt olmadan əvvəl tozlu-topraqlı şəhərcik idi və bu da sultana burada möhtəşəm tikintilər aparmaq üçün gözəl fürsət verirdi.

Mulay İsmayıl oradakı bütün evləri yerlə bir etdi, sakinlərə isə dağıntıları təmizləmək tapşırıldı. Sultan, xarabalıqların yerində şəhərin özündən beş dəfə böyük olan saray tikdirdi. Şəhərdə göl, bağları olan evlər, buğda və başqa ehtiyatlar saxlamaq üçün böyük anbarlar, yüzlərlə əsir və məhbusun əziyyət çəkdiyi yeraltı türmələr vardı.

Siçovul qullar

Mulay İsmayılın sonu görünməyən arzularını həyata keçirən otuz minlik qul ordusu vardı. Onların əksəriyyəti nə vaxtsa qiyam qaldırmış qəbilələrin üzvləri idilər. Sultan yeni sui-qəsdlər, qiyamlar hazırlamasınlar deyə, onlara nəfəs almağa imkan vermirdi:

«Əgər mənim bir çuval dolusu siçovulum olsa idi, mən onlara da nəzarət etməli idim ki, davamlı hərəkətdə olsunlar, əks halda çuvalı gəmirə bilərlər», -deyirdi sultan.

Sarayın tikintisində qullar torpağı, əhəngdaşını, çınqılı, suyu qarışdırıb vahid kütlə halına salırlar ki, bu da günəş şüaları dəydikdə tədricən bərkiyirdi. Qüvvədən düşənədək işləyən altı nəfər qul, divarın hündürlüyünü həftədə 1 funt qaldıra bilirdilər. Bu minvalla günlər-günləri, illər-illəri təqib edirdi və qullar hündürlüyü 40 funt, 40 mildən çox uzunluğu olan bu müdafiə səddini tikib başa çatdıra bildilər.

Bu divarın arxasında hər həyətdə fəvvarələr quraşdırılmışdı. Onlardan ən böyüyünü sultan özü hazırlamışdı. Fəvvarə «Serpantin» adlanırdı və ərəb dünyasında formasına görə ikinci belə fəvvarə yoxdu.

Qaranlığın gətirdiyi azadlıq…

Sultan sarayın tikintisinə nə qədər çox maraq və həvəs göstərsə də, qulların kədəri getdikcə artırdı. Gündəlik ilk ibadətindən sonra sultan dərhal tikintiyə gedirdi. Qullar onun qəzəbinin necə dəhşətli olduğunu bilirdilər: onları hər bəhanə ilə, bəzən də səbəbsiz döyürdülər. Dəyənək altında ölümcül hala düşənə qədər işləyirdilər. Qaranlıq düşəndə onları sarayın rütubətli zirzəmisinə salır və acından ölməyəcək qədər yemək verirdilər. Onlar yalnız sübhə qədər azad idilər.
Sultan bütün qəddarlığı ilə yanaşı, yaxşı sənətkara qiymət verməyi də bacarırdı. İstedadlı, həm də islamı qəbul edən əsir memarlardan birinə Bab Əl-Mansur – kafir qalasını tikdirir.

İstedadlı ustalar ayrıca işləyirdilər, sarayın evlərinə gözəl interyerlər quraşdırırdılar. Onların əl işlərini krujevalarla müqayisə etmək mümkündür.

Sarayın bağlarının birində əzəmətli sultanla barışıq istəyən qəbilələrin gətirdikləri iki min qadın yaşayırdı. Müsəlman adətinə görə sultanın ancaq dörd arvadı ola bilərdi və onların hər biri çoxsaylı xidmətçilərin qulluq etdiyi hücrələrində hökmranlıq edirdilər. Qalan cariyə qadınlar qul idilər və heç bir imtiyazları yox idi. Lakin sultanın hərəmində yüzlərlə övladı böyüyürdü ki, onlar da xanədanın gələcəyini təmin edirdilər.

Sultanın quldur dostları

1678-ci ildə Mulay İsmayılın hər şeyi vardı, lakin Avropanın monarx sülalələri özünü islamın sultanı elın edən bu hökmdarı tanımaq istəmirdilər. Onların bu laqeydliyi sultanı daha da hiddətləndirirdi. O, ingilis kralı II Ceymsə məktub yazır və tələb edir ki, Fransa kralı XIV Lüdovik islamı qəbul etsin. Lakin avropalı monarxlar afrikalı sultana etinasız yanaşmaqda davam edirdilər.

Bu proses 1680-ci ilə qədər davam edir. Mulay İsmayıl Atlantik okeanında ağalıq edən dəniz quldurları ilə birləşir. Quldurdar Sale limanında sığınacaq alırlar və oradan Aralıq dənizinə qənimət dalınca gedirdilər.

Onlar gəmiləri tuturdular və «qanun»a görə ələ keçirilən bütün adamlar Mulay İsmayılın əmlakı sayılırdı. Əsirləri almaq üçün pul gələnə qədər qadınlar hərəmə, kişilər isə əməkçi qullar ordusuna qatılırdılar.

Bitməyən arzular…

Hakimiyyətə gəldikdən bir neçə il sonra Mulay İsmayıl həmvətənlərini azad etməyə gələn xarici səfirləri qəbul edir. Lakin onların bu ilk cəhdi uğursuz olur.

1686-cı ildə fransız səfiri onlarla vətəndaşını satın almaq üçün Meknesə gəlir. Mulay İsmayıl onu üst-başı qan içində salamlayır. Dəhşətli mənzərəyə aydınlıq gətirən sultan deyir ki, qulların edamından dərhal sonra mərasimə gəlib. Əslində isə o məsciddən gəlirdi, üstündəki qan ləkələri də kasıblara paylamaq üçün kəsdirdiyi quzuların qanı idi.

1699-cu ildə Mulay İsmayıl fransız kralına ağlasığmaz təklif edir. Bütün sarayı lərzəyə gətirən bu təkliflə sultan Fransa kralı XIV Lüdovikin qızını almaq istəyirdi. Qızının əvəzinə kral sultana döşəməyə qoyulan gözəl bir saat hədiyyə göndərir.

1721-ci ildə Meknesə ingilis diplomatları gəlir. Məqsəd əsirlikdə olan 96 ingilis vətəndaşını azad etmək idi. Lakin sultanla görüşdən əvvəl onlar saraya baxış keçirdilər və anladılar ki, o, hər cür hərbi fəaliyyətə hazırdı. Sarayda 12 min atın yerləşə biləcəyi tövlələr vardı. Bu atlar sultanın fəxri idilər və üç yüz illik nəsil şəcərələri vardı.

İngilislər həm də böyük su ehtiyatı olan anbarları gördülər. Bu anbarlardakı su insanlara bir il kifayət edərdi. Eyni şəkildə böyük buğda anbarları da vardı ki, oradakı ehtiyat 5 ilə yetərdi.

Sarayın tikintisi isə uzandıqca uzanırdı. Yeni tikililər, fəvvarələr, bağlar salınırdı. Oraya gələn avropalı səfirlər etiraf ediblər ki, Mərakeş sultanının sarayı dünyadakı ən yaxşı saraylardan biridir. Mulay İsmayıl vəfat edikdə isə Meknesdəki məscidi onun məqbərəsinə çevirdilər və Fransa kralının bağışladığı hədiyyə saatı da ora qoydular…

Yaqut Əliyeva

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR