Atanın işi təkcə evə pul gətirmək deyil - MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

Atanın işi təkcə evə pul gətirmək deyil - MÜSAHİBƏ

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlova Publika.az-ın suallarını cavablandırıb.

- Ailələrdə zorakılıq hallarının çoxalması, dərinləşməsi nə ilə əlaqədardır?

- Biz ümumi yanaşsaq, Azərbaycanda hal-hazırda 2 milyon 13 min 800 ailə var. Bu ailənin hər birinin öz individual xarakteri, münasibətlər sistemi var. Və bir ailə o birinə bənzəmir. Təəssüflər olsun ki, biz nə qədər ailədaxili konfliktləri, münaqişələri azaltmağa çalışsaq da, konfliktlərin özündə bir dərinləşmə prosesi gedir. Məişət zorakılığı sahəsindəki vəziyyəti 2012-2013-cü illəri müqayisə etsək məişət zorakılığının yarıbayarı aşağı düşdüyünü görərik. Belə ki, 2011-ci ildə 2043 məişət zorakılığı qeydə alınıbsa, 2012-ci ildə bu rəqəm 1514, 2013-cü ildə isə 713 olub. Amma azalmasına baxmayaraq, zorakılığın özünün növündə bir dərinləşmə, ağırlaşma gedir. Xüsusi amansızlıqla törədilmiş cinayətlər, baş kəsmələr və sair zorakılıqlar artıb. Bu onu göstərir ki, KİV-lərlə çox böyük iş aparmalıyıq. Baş vermiş hadisənin insanlara necə təsir etməsi onun necə işıqlandırılmasından, hadisənin necə çatdırılmasından çox asılıdır. Əgər biz maarifləndirmək istəyiriksə, bu yaxşıdır, reytinq, sensasiya, şou xatirinə ediriksə, burada həmin mətbu orqanın marağı qorunur, nəinki vətəndaşın. Biz bu problemin qarşısını almaq üçün mütəmadi olaraq jurnalistlər üçün treninqlər keçirik. Hər bir jurnalist bilməlidir ki, bu həssas məsələdir və ona ciddi yanaşmaq lazımdır.

- Cəmiyyətimizdə məişət zorakılığını yaradan səbəblər hansılardır, məişət zorakılığı nədən qaynaqlanır?

- Burada söhbət patriarxal düşüncədən, bir insanın digər insan üzərində özünü dominant hiss etməsi, birinin digərini öz iradəsinə tabe etməsindən gedir. Qarşı tərəfin insan olduğuna diqqət yetirmək lazımdır, onu əşya hesab etmək çox zaman zorakı hallara gətirib çıxarır. İki insan yeni bir mühit formalaşdırır. Burada dözümlü olmaq, bir-birinə kompromisə getmək lazımdır. Kişilər bəzən öz zorakılıqlarına haqq qazandırır, bunu namus, şərəf və ləyaqətlə əlaqələndirirlər. Bunun da kökündə həmin kişiyə tərbiyə verən qadın dayanır. Biz dünyaya gətirdiyimiz övladlarımızı insana normal münasibət çərçivəsində böyütsək, bu hallarla qarşılaşmarıq. Ana tərbiyə verərkən oğlunu qızından ayırmamalıdır. Hansı ailələrdə ki, normal mühit var, o ailələrdə zorakılığa rast gəlinmir. Uşaqlar bilməlidirlər ki, atanın funksiyası işləyib evə pul gətirmək deyil. O, tərbiyə etməlidir, övladlarının yanında olmalıdır. Ana da həmçinin övladlarıyla dost olmalıdır. Bəzən evin içində 4-5 nəfər olur, amma bir-biriylə ünsiyyət qura bilmirlər. Bir çox ailələrdə olan ünsiyyət problemi həmin uşaqlar böyüyüb ailə başçısı olduqdan sonra digər ailə üzvlərinə qarşı zorakılığa gətirib çıxarır.

- Komitə bu kimi halların qarşısını almaq üçün hansı işləri görür?

- Komitə bununla bağlı çox iş görür. Bəzən cinayət baş verməmiş məsələyə müdaxilə edib, günahı olan insanı cəzalandırmağa nail oluruq. İldən-ilə zorakılıq halları azalsa da, zorakılığın dərəcəsi artır. Bir çox hallarda insanlar buna ailə problemi kimi baxırlar. Lakin bu, cəmiyyətin problemidir. Biz kənd və rayon ərazisində müəyyən nüfuzu olan ağsaqqallarla, ağbirçəklərlə də söhbətlər aparırıq. Bəzən rast gəlirik ki, oğul 78 yaşlı anasını öldürüb bu cinayəti qısqanclığa görə törətdiyini deyir. 78 yaşlı qadına belə yanaşma, şər atma, düz deyil. Bu zaman yanaşmadan çox şey asılıdır. Həqiqəti insanlara çatdırmaqda mətbuatın rolu böyükdür. KİV belə məsələlərə həssas yanaşmalıdır. Bəzən manşetə elə şeyləri çıxarırlar ki, bu insanlara mənfi təsir edir. Məsələn, cinayəti törədən deyir ki, “yaxşı edib bu hadisəni törətmişəm”. Mətbuat bilməlidir ki, bu insanlarda zorakılığı daha da gücləndirir və belə halların qarşısını almaq lazımdır.

- Ailədaxili münaqişələrin azaldılması üçün komitə tərəfindən hansı layihələr, təkliflər hazırlanır?

- Komitə bununla bağlı müəyyən işlər görür. Birinci növbədə maariflənmə işləri aparılır. Bu, çox vacibdir. İnsanların şüurunu, məsələyə yanaşmasını dəyişmədən heç nəyi həll etmək olmaz. İnsan təfəkkürü və şüuru dəyişməlidir. Bunun üçün bir neçə istiqamətdə iş aparılır. Birincisi, təlimlər, treninqlər, görüşlərin keçirilməsidir. “Sağlam ailə sağlam cəmiyyətin təməlidir” mövzusunda bütün rayonlarımızda müxtəlif sosial təbəqələr arasında görüşlər keçirilir. İkinci, ailə və iş münasibətləri, ailə və işin bir-birinə təsiri - bu sahədə Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə bütün regionları əhatə edən müasir cəmiyyətdə ailənin yeri və rolu mövzusunda tədbirlər keçirilib.

Üçüncüsü isə məktəb və ailə mövzusunda keçirilən tədbirlərdir. Ailədə əgər zorakılıq halı varsa, bu ən çox uşaqlara mənfi təsir edir. Ailə-cəmiyyət-məktəb – bu 3 təsisat birlikdə iş aparmalıdır. Bu sahədə məktəb pedaqoqlarının üzərinə mühüm vəzifə düşür.

Söhbət qanun layihələrindən gedirsə, biz hər hansı qanun layihəsinin hazırlanması üçün məsələnin kökünü araşdırmalıyıq, tədqiq etməliyik, vəziyyəti qiymətləndirməli və təkliflər hazırlamalıyıq. Nümunə üçün deyə bilərəm ki, Ailə Məcəlləsində nikah yaşı dəyişdirildi. Əslində bununla bağlı tərəfimizdən xeyli tədqiqatlar aparılaraq təhlil olunmuşdu. Bundan əlavə, Cinayət Məcəlləsinin 176-cı maddəsinə yaşından asılı olmayaraq nikaha məcbur etmə (2000 manata qədər cərimə və 2 ilədək azadlıqdan məhrum etmə) və nikah yaşına çatmayan yeniyetmələri nikaha cəlb etmə (4000 manata qədər cərimə və 4 ilə qədər həbs nəzərdə tutur) ilə bağlı dəyişikliklər edildi.

Bir çox hallarda valideynlər bu məsələdə günahkar olurlar. Biz ailədə valideynin məsuliyyətinin artırılmasıyla bağlı yeni qanun layihəsi hazırlayırıq. “Azərbaycan - 2020: Gələcəyə baxış” konsepsiyasından irəli gələn bir neçə məqam var ki, ailə institutunun möhkəmləndirilməsi, qadın və kişilər üçün bərabər hüquqların yaradılması, məişət zorakılığının qarşısının alınması baxımdan bir neçə strategiya hazırlanır. Onlardan “Azərbaycan ailəsi” strategiyası, “Uşaq strategiyası”nı misal göstərmək olar. Hazırda bu layihə işçi səviyyəsindədir və sənədlər üzərində iş gedir. Bu layihə ilkin variantdır və onların daha yaxşı olması üçün müəyyən təcrübələr öyrənilir, müəyyən sənədlər hazırlanır. Güman edirəm ki, biz növbəti ilin əvvəli bu sənədləri geniş müzakirəyə çıxara bilərik. Layihə müvafiq qurumlara göndərilib rəy və təkliflər alınandan sonra yenidən təkmillərşdiriləcək.

Məişət zorakılığının qarşısının alınması üçün biz hüquq mühafizə orqanları, icra hakimiyyəti strukturları, müvafiq qurumlarla görüşlər keçiririk, söhbətlər aparırıq, sorğular keçiririk. Digər ölkələrin təcrübələrini öyrənirik. Bu yaxınlarda komitədən nümayəndə heyəti Avstriyada olub və bir neçə sığınacaqla tanış olublar. Orada qaynar xətt necə işləyir, polis və məişət zorakılığının qarşısını almaq üçün olan mərkəzlər necə işləyir, öyrəniblər. Bildiyiniz kimi 7 QHT sığınacaq kimi fəaliyyət göstərmək üçün qeydiyyatdan keçib. 11 uşaq və ailələrə dəstək mərkəzi var ki, burada həssas qrupa aid olan ailələrlə iş aparılır, hüquqi, psixi, tibbi yardım göstərilir.

- Azərbaycanda boşanmalar ən çox hansı səbəblərdən baş verir?

- Bu səbəblər çoxdur. Boşananlar ən çox xasiyyətlərin uyğun gəlməməsini səbəb kimi göstərirlər. Lakin bu ümumi anlamdır, digər səbəb ərin və ya arvadın zərərli vərdişlərə aludəçiliyi, narkomaniya, alkoqolizm, normal insan davranışlarına əməl etməmək, məişət zorakılığı, xəstəlik, cinayət məsuliyyətinə cəlb olunma səbəbindən uzun müddət ailələrin bir-birindən soyuması, ailədə uşağın olmaması və sairdir. Boşanma heç bir halda təqdirəlayiq deyil. Lakin bu insanların öz seçimidir. Biz sadəcə bu baxımdan tövsiyələrimizi edə bilərik. Son anda qərarı ailə quran insanlar verir. Məlumat üçün qeyd edim ki, son 9 ayda boşanmaların sayı 8 min olub. 2011-ci ildə bu rəqəm 10 min 747 idisə, 2012-ci ildə 11 min 87, ötən il isə boşanmaların sayı 11 min 730 olub. Azərbaycanda bütövlükdə götürəndə nikah və boşanmalar kritik vəziyyətdə deyil. Qonşu ölkələrlə müqayisədə Ermənistanda həm nikahların, həm də boşanmaların sayı çox acınacaqlıdır. Bu, həmin ölkədə normal ailə modelinin olmamasını göstərir.

- Ən çox pozulan nikahlara hansı yaş qruplarında rast gəlinir?

- Təcrübə göstərir ki 1 ildən 5 ilə qədər dövr qurulan ailənin tərəddüdlü və çətin dövrüdür. Bu illərdə sanki ailənin təməli qoyulur. Bu təməl nə qədər möhkəm olarsa, ailə də o qədər möhkəm və uzunömürlü olacaq. İlk 5 il ərzində ailələrin dağılma ehtimalı daha çox olur. Bu yaş qruplarına görə müxtəlifdir. Nikaha girənlər üçün orta yaş həddi qadınlar üçün 24, kişilər üçün 28-dir.Yaş qrupları müxtəlif olduğuna görə ən çox boşanmaların hansı yaş qruplarında olduğunu müəyyən etmək çətindir.

- Bəzi ölkələrdə boşanmaların sayını azaltmaq üçün boşanma prosedurunu çətinləşdirilir. Bizdə də boşanma proseduru çətinləşdirilə bilərmi?

- Bizdə də boşanma prosesi asan deyil. Məhkəməyə müraciət olunur, birinci baxışda, 3 və ya 6 ay vaxt verilir. Boşanma ilə bağlı müraciətin əsası nə ilə əlaqədardırsa, ondan asılı olaraq vaxt azala və ya uzadıla bilər. Olur ki, birinci iclasdan ailə ərizəni geri götürür. Bizdə qanunla bu proses heç də asan deyil, bu prosedur normaldır, onun çətinləşdirilməsinə mən ehtiyac görmürəm. Düşünmürəm ki, dəyişikliyə ehtiyac var.

- Bizdə ailə psixoloqu haqqında qanun layihəsi hazırlanırdı. Bu qanun hansı mərhələdədir?

- Ailə psixoloqunun olmasına çox ciddi ehtiyac var. Azərbaycanda bu institut zəifdir. Bizdə insanlar psixoloqla psixiatrı seçə bilmirlər. Bəzən insanlar elə bir həddə çatır ki, kiminləsə fikirlərini bölüşmək istəyir ki, bu psixoloqdur. Doğrudur, 10 il əvvəllə müqayisə etdikdə görərik ki, yanaşmada xeyli müsbətə doğru irəliləyiş var. Biz hələ ki, məktəb psixoloqlarından başlamışıq. “Azərbaycan ailəsinin strategiyası” hazırlananda bunlar da nəzərdə tutulub. Hətta ayrıca ailə psixoloqu institutunun yaradılması nəzərdə tutulub. Biz müəyyən layihələr çərçivəsində iş aparırıq ki, insanlar bu sənətin, peşənin lazımlığını dərk edə bilsinlər.

- Beynəlxalq təcrübədə boşanan ailələrlə məhkəmələrə qədər psixoloq məşğul olur. Bizdə məhkəmələrdə psixoloqlar varmı?

- Məncə, Azərbaycanda məhkəmələrdə psixoloq ştatı yoxdur. Amma sözsüz ki, buna ehtiyac var.

- Bəzən əmlak bölgüsü boşanmalara səbəb olur. Bu problem nədən qaynaqlanır, qarşısını almaq üçün nə etmək lazımdır?

- Bəli, belə hallar var. Bu məsələdə ən çox əziyyət çəkən isə qadın və uşaqlar olur. Qadın bir çox hallarda aliment ala bilmir, əmlak məsələlərində əziyyət çəkirlərsə, uşaqlar həm də valideynlərinin seçmək qarşısında qalırlar. Əmlak məsələlərində problem ondan ibarətdir ki, indi bir çox ailələr qurularkən çox az hallarda əvvəlcədən rəsmi nikaha girirlər. Rəsmi nikahın və nikah müqaviləsinin olmaması sonradan ailədə problemlər yaradır. Boşanmamış normal ailələrdə belə, əmlak problemləri yaranır. Nikah müqaviləsi heç də o demək deyil ki, kişi qadına və ya qadın kişiyə etibar etmir. Əgər adətlərimizi araşdırsaq, görərik ki, əvvəllər ağsaqqallar öz aralarında ailədə mülk və əmlak məsələlərilə bağlı razılaşmalar edirdilər. Biz indi bu sənədləşmə məsələsinə barmaqarası yanaşırıq. Bir çox hallarda qaynana-qaynatalar gəlinləri evə qeydiyyata salmırlar. Sanki ailənin uzunmüddətli olmayacağına inanırlar. Bu zaman qadının problemləri başlayır. Hər şey ondan qaynaqlanır ki, biz insanlara nəyisə doqma şəklində yeridə bilmərik. Bu hər kəsin özündən asılıdır. Biz insanlara ailə qurarkən fikirləşməyi, ciddi yanaşmağı tövsiyə edirik. Rəsmi nikaha girənlərə 1 ay vaxt verilir, bu onunla əlaqədardır ki, insan verdiyi qərara bir də nəzər salsın.

- Boşanmalara sosial şəbəkələrin təsiri varmı? Məsələn, statistikaya görə, Türkiyədə hər 5 boşanmadan 4-ü sosial şəbəkələrin ucbatından baş verir. Bizdə bu sahədə vəziyyət necədir?

- Boşanmalara sosial şəbəkələrin təsiri əlbəttə ki, var. Amerikada hər 3 boşanmadan 1-i sosial şəbəkəyə görə olur. Bu, ailədə ünsiyyət çatışmazlığından irəli gəlir. İnsan özünü virtual dünyada görür. Sosial şəbəkənin təsirindən ailədaxili münaqişələr, problemlər baş verir. İnsan həyatının asanlaşdırlması üçün texnologiyalar vacib olsa da, bir çox hallarda insanı real dünyadan, real həyatdan ayırır. Biz heç kimə deyə bilmərik ki, texnologiyalardan, kompüterdən istifadə etməyin. Hər kəs özü bundan nə dərəcədə istifadə etməyi müəyyən etməlidir. Bəzən sosial şəbəkələr vasitəsilə evlənən ailələr də var. Lakin bunlar bir çox hallarda xarici ölkədə yaşayan azərbaycanlılar olur. Hər hansı yenilik öz müsbət və mənfisilə gəlir, bunun qarşısını almaq olmaz. Sadəcə, düzgün istifadə etmək lazımdır.

- Son illər 30-35 yaşdan sonra evlənənlərin sayında artım var. Bunun səbəbi nədir?

- Bu, ümumi nikahın sayına görədir. Yəni bir il nikah çox bağlanır, bir il az bağlanır. 2011-ci ildə 88 mindən çox nikah var idisə, 2012-ci ildə bunların sayı 79 minə düşüb, 2013-cü ildə 86 min 852-yə qalxıb. Bu ilin yanvar-sentyabr ayında Azərbaycanda 53 min 400 nikah bağlanıb. Rəqəmlərdən görünür ki, bir il az, bir il çox olur. Bütövlükdə bir müsbət cəhət var ki, Azərbaycanda nikahların sayı həmişə çox olub. Son 3 ildə 30-35 yaşdan yuxarı nikah quranların sayı doğurdan da çoxalıb. Ümumiyyətlə, hazırda bütün dünyada belə bir tendensiya gedir. Bunun səbəblərini bəzən maddiyatla əlaqələndirirlər, amma burada ən çox insanın özünün sosial-psixoloji hazırlığdır. Qadın və ya kişinin özünü təsdiq eləməsi daha aktualdılr. “Karyeramı qurum, müəyyən bir mövqeyə çatım, sonra ailəmi qurum”. Çünki ailə ilə özünü təsdiq etmək bir qədər çətin olur. Ona görə Avropa, Amerika, İran, Türkiyə təcrübəsinə müraciət etsək bu tendensiyanı görmüş olarıq.

Məlumat üçün bildirim ki, artıq 20 ildir ki, bütün dünyada 13 may Beynəlxalq Ailə Günü qeyd olunur. Azərbaycanda da bu bayram 8 ildir ki, qeyd olunur. Biz hər il bir bölgədə bunu keçiririk. Tədbirlərimizdə 200-ə qədər ailə iştirak edir. Məqsəd ən nümunəvi, ən uzunömürlü, ən istedadlı , müəyyən peşə və sənəti yaşadan ailələrin nümunə kimi təbliğini etməkdir. Bu bayram münasibətilə Böyük Britaniyada jurnal nəşr olunurdu. 193 ölkədən 1 neçə ölkənin ailə modeli qəbul olunaraq çap olunub ki, bunların içərisində Azərbaycan da var.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm