• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Prezident İlham Əliyev Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib

Prezident İlham Əliyev Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib

Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib.

Prezident İlham Əliyev Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqa, tolerantlığa, xalqlar arasında anlaşmaya ardıcıl olaraq töhfələr verdiyini vurğuladı. Dövlətimizin başçısı Bakıda keçirilən növbəti belə tədbirin - “Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfransın da bu məqsədə xidmət etdiyini bildirdi.

Prezident İlham Əliyev gənc nəslin sağlam ruhda tərbiyəsində din xadimlərinin də mühüm rol oynadığını dedi. Qafqazda sabitlik, sıx əməkdaşlıq naminə bundan sonra da səyləri birləşdirməyin vacibliyini qeyd etdi.

Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev Azərbaycanda inkişafın sürətlə getdiyini, paytaxtda ən böyük məscidin inşa olunduğunu vurğuladı. O, ölkəmizdə tolerantlığın hökm sürdüyünü və bu prosesə dövlətimizin başçısının dəstəyini əsirgəmədiyini dedi.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda tolerantlığın daha da möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin xüsusi xidmətləri olduğunu və hazırda həmin istiqamətdə tədbirlərin uğurla davam etdirildiyini bildirdi. O, Bakıda keçirilən beynəlxalq konfransa UNESCO və ATƏT-in nümayəndələrinin də dəvət olunmasını əsl tolerantlıq nümunəsi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Azərbaycan və Şimali Qafqaz xalqları arasında tarixən dostluq münasibətlərinin hökm sürdüyünü dedi. Dövlətimizin başçısı Azərbaycanda yaşayan Şimali Qafqaz xalqları nümayəndələrinin, Şimali Qafqaz respublikalarında yaşayan azərbaycanlıların bu dostluğun daha da möhkəmləndirilməsində mühüm rol oynadıqlarını vurğuladı. Dövlətimizin başçısı Azərbaycanda tolerantlıq hökm sürdüyü halda, işğalçı Ermənistanın Şuşada, Ağdamda və işğal altında olan digər ərazilərdə məscidləri dağıtdığını diqqətə çatdırdı.

Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Şafik Pşixaçev Azərbaycanda inkişafın sürətlə getdiyini və milli-mənəvi məsələlərin xüsusi diqqət mərkəzində saxlandığını qeyd etdi. O, Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasında nümayəndəliyinin açılmasının da xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət edəcəyini bildirdi.

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin inkişafının dinamik xarakter daşıdığını və hər iki ölkənin din xadimlərinin də bu prosesə töhfələrini əsirgəmədiklərini vurğuladı. Dövlətimizin başçısı islam dininə qarşı aparılan yanlış təbliğatın yolverilməz olduğunu bildirdi.

Sonra Rusiya Federasiyası Şimali Osetiya – Alaniyanın müftisi Hacımurat Qatsalov Rusiya Federasiyası Şimali Osetiya Respublikasının başçısının xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR