Polis təsdiqlədi - Vəhhabilər Bakıda qanunsuz kolbasa satır
Bizi izləyin

Qırmızı.az

Polis təsdiqlədi - Vəhhabilər Bakıda qanunsuz kolbasa satır

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) radikal dini qrup üzvlərinin qanunsuz ticarətlə məşğul olması faktı ilə bağlı araşdırmalara başlayıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif Axar.az-a bildirdi ki, Bakıda radikal dini qrup üzvləri tərəfindən mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış kolbasaların məscidlərin önündə qanunsuz satışının təşkil edilməsi barədə Axar.az-ın araşdırması öz təsdiqini tapıb:

Axar.az saytında gedən məlumatı yoxlayan BŞBPİ-nin əməkdaşları göstərilən ünvanlara baxış keçirib və həmin xəbərdə adı çəkilən, qanunsuz ticarətdə şübhəli bilinən Şabran rayon sakini, radikal dini təriqətə mənsub olduğu ehtimal edilən 1983-cü təvəllüdlü Sultanov Fikrət İsaməddin oğlundan izahat alınıb”.

Qeyd edək ki, bir neçə gün əvvəl Axar.az-ın əməkdaşı Mətbuat prospektində yerləşən İlahiyyat məscidində olaraq kolbasaların hazırlanması və satışı ilə bağlı mənzərəni lentə almışdı.

Əməkdaşımız 90 UH 617 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobilin yük yerində vəhhabi təriqətinə mənsub görünüşdə olan şəxsin, mənşəyi, istehsal tarixi, firma adı, ümumiyyətlə, istehsalla bağlı üstündə heç bir qeydi olmayan kolbasalar satmaqla məşğul olduğunu da qeyd etmişdi.

Hətta Qaraçuxur qəsəbə məscidində və Müşfiqabad məscidində də bu cür fəaliyyətlə məşğul olan şəxslərin olduğu, bu kolbasaların sırf vəhhabilər üçün istehsal edildiyi və yalnız onlara satmaq üçün nəzərdə tutulduğu da qeyd olunmuşdu.

Axar.az olaraq, mənşəyi məlum olmayan, harada istehsal edildiyi, istifadə müddəti göstərilməyən kolbasaların satışını həyata keçirən avtomobilin üzərində olan telefon nömrələri ilə əlaqə saxlamışdıq. Məscidlərin qarşısında satılan kolbasaların istehsalına cavabdehlik daşıdığını açıqca deyən, adının Hacı olduğunu bildirən (ehtimal ki, tituludur) şəxs Axar.az-a açıqlamasında kolbasaları özü üçün hazırladığını bildirmişdi:

“Kolbasaların heç bir qeydiyyatı yoxdur. Nə sənədi var, nə də icazəsi. Bu kolbasaları öz evimdə kustar üsulla hazırlayıram. Satış məqsədilə hazırlamıram. Fikrət adlı bir dostum bəzən hazırladığım kolbasalardan götürərək dostlarımıza satır. Hazırladığım kolbasaların hamısı halallıqla hazırlanır. Satış məqsədilə hazırlamasam da, dadına və halallığına görə almaq istəyənlər çox olur”.

Əməkdaşımız daha bir məqamı da aydınlaşdırmışdı: İlahiyyat məscidinin arxasında yerləşən “Ət və ət məhsulları” yazılmış dükanda da “halal ət” satılır. Kiçik dükanın içərisində isə halal kolbasa istehsal edən sex yerləşir. Sakinlərin sözlərinə görə, vəhhabilərin halal kolbasa istehsal etdikləri məkanlardan biri olan bu gizli yerdə işçilər də çalışır, kütləvi istehsal da aparılır. Bir kiloqramı 12 manatdan satılan bu kolbasaların üzərində heç bir nişan və qeyd yoxdur.

Araşdırma nəticəsində məlum olub ki, dindar insanların daha çox toplaşdığı məscidlərin önündə “VAZ-2107” markalı, 90 UH 617 dövlət nömrə nişanlı avtomobillə “halal” adı altında kolbasaların qanunsuz satışı təşkil olunur. Avtomobilin sürücüsü Fikrət Sultanov “VAZ-2107” markalı 90 UH 617 dövlət qeydiyyat nişanlı avtomaşınla ibadət etmək məqsədilə məscidə getdiyini, lakin həftənin cümə günləri topdansatış mağazalarından 1 kiloqramını 5,40 – 7.00 manata aldığı müxtəlif növ kolbasa məmulatlarının üzərində olan markaları saxtalaşdıraraq (“halal” adı ilə) gəlir əldə etmək məqsədilə qanunsuz ticarət fəaliyyəti göstərdiyini etiraf edib. Həmin malları ona satan, satıcı Babayev Rəhman Movsümağa oğlunun da izahatı alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm