İflic olan körpə - Kimdir müqəssir: Peyvənd, yoxsa həkim? – ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

İflic olan körpə - Kimdir müqəssir: Peyvənd, yoxsa həkim? – ARAŞDIRMA

Məryəm Qasımovanın 7 ay əvvəl tamamilə sağlam dünyaya gətirdiyi oğlan uşağı 3 aylıq olarkən iflic olub. Buna səbəb 3 aylıq körpəyə vurulan “AKDS” (göy öskürək difteriya və tetanus əleyhinə) peyvəndidir. Ananın sözlərinə görə, əvvəllər tamamilə sağlam və aydın reaksiyası olan körpə bir parça ət kimi tərpənməz qalıb. Bütün günü uşağın yanından çəkilməyən və onu duz kimi yalayan ana günahı həkimlərdə görür. Uşağın nə qədər yaşayacağı isə bəlli deyil.

Son vaxtlar bu cür hallarla qarşılaşırıq. Peyvənddən sonra uşaqlarda yaranan fəsadlar bir çox valideynləri peyvənddən imtina etməyə məcbur edir. İki uşaq anası olan Kəmalə Sədullayeva Publika.az-a uşaqlarını peyvənd etdirmədiyini deyir. Buna səbəb isə vaksinasiyaya etibar etməməsidir: “Böyük oğlumun 5, kiçiyinin 2 yaşı var. Heç birini peyvənd etdirməməşəm. Yalnız doğum evində olunan peyvənddən başqa. Peyvəndlə bağlı çox oxumuşam, fəsadlarını çox eşitmişəm. Bizim həkimlərə inanmıram”.

Keyfiyyətsiz dərmanlar, yoxsa həkim səhlənkarlığı?

Peyvəndə inamsızlığın səbəbi bir çox hallarda keyfiyyətsiz dərmanlar olsa da, bəzən həkim səhvi ucbatından da fəsadlar yarana bilir. Bəzən həkim körpəni müayinə etməyərək, bəzən də fikri qarışıq olduğundan səhv peyvənd vura bilir. Belə bir hadisə öz başıma da gəlmişdi. Hər dəfə peyvəndin adı, vaxtı, əvvəlcədən müayinələrin olması ilə ciddi maraqlansam da, bir dəfə həkim “AKDS” peyvəndi əvəzinə “BSJ”-ni vurmuşdu. Xoşbəxtlikdən hər şey yaxşı qurtardı, amma bu qədər dərindən maraqlanmağıma baxmayaraq, həkimin belə kobud səhv etməsi az qala məni dəli etmişdi. Bu yaxınlarda rəfiqəm mənə peyvənd edən həkimlərlə bağlı daha bir acınacaqlı hadisə danışdı. Bir neçə ay öncə iki yaşında oğlunu peyvənd etdirmək üçün Sumqayıt şəhərində ərazi poliklinikasına gedən qadından peyvənd edən tibb bacısı haqq olaraq 1-2 manat verməsini xahiş edib. Hər dəfə peyvənddən sonra pulu verən rəfiqəm bu dəfə əvvəlcədən pul vermək qərarına gəlib. Tibb bacısı peyvəndi əvvəlcə uşağın buduna vurmağa hazırlaşsa da, pulu görən kimi “uşağın yanını aç iynəni ora vurum, budunda çox ağrı verir” deyib. Bəs pul verməsə və ya valideynin pul verməyə imkanı yoxdursa necə, onda körpəni incitmək olarmı? Axı valideyn savadsız və ya tibbdən heç başı çıxmayan biri də ola bilər. Belə olan halda, həkimin günahını günahsız körpəmi çəkməlidir?

Həkimlər də uşaqlarını peyvənd etdirmirlər…

Dövlət xəstəxanalarından birində işləyən və adının çəkilməməsi şərtilə Publika.az-a müsahibə verən həkim-pediatr bizi sözün əsl mənasında təəccübləndirdi. Ondan öyrəndim ki, sən demə, peyvənd etdirməyən təkcə adi valideynlər deyil. Elə həkimlər var ki, onlar da uşaqlarının sağlamlığına təhlükə olmasını əsas gətirərək peyvənddən imtina edirlər:

“Bunu hamı deyir ki, peyvənd aparılmalıdır, amma bəzi həkimlərimiz var ki, özləri öz uşaqlarını peyvənd etdirmirlər. Bu da peyvəndin fəsadlarından irəli gəlir. Bəzən uşaqlarda peyvənddən sonra ciddi reaksiya, başgicəllənmə, qızdırma, halsızlıq və s. ola bilir. Amma bu hallara görə uşaqları peyvənddən yayındırmaq olmaz. Valideynlər daha çox “AKDS”-dən qorxurlar və bundan imtina edirlər. Bəzən peyvəndlərdən sonra böyrək çatışmazlığı yarana bilir, allergiyaya səbəb olur. Daha çox Hindistan istehsalı olan peyvəndlər təhlükəli olur. Valideynlər əgər peyvənd edirlərsə, dərmanın haradan gətirilməsilə də maraqlansınlar. Dövlət poliklinikalarında pulsuz peyvənd olunmağı məsləhət görmürəm. Çünki Hindistandan gətirilən bu peyvəndlərin keyfiyyətinə əmin deyiləm. Ola bilər ki, özəl xəstəxanalrada peyvəndlər bir qədər baha olsun, amma bunlar daha çox Avropadan gətirilmiş keyfiyyəti şübhə doğurmayan peyvəndlər olur”.

Ucuz başa gəlsin deyə tərkibinə civə vurulur

Ekspertlər bildirirlər ki, qızılca, qanazlığı, hepatit B, qripə qarşı vaksinlərə timerosal civə tərkibli konservantır əlavə olunur. Bu birləşmələr əsasən alüminium vaksinin qarışığı ilə istifadə olunduqda əsəb sisteminin pozulmasına gətirib çıxarır. Əgər həkim təyinatı ilə istifadə olunmazsa, bu, uşaqların əsəb sistemini poza bilər. Üçüncü dərəcəli ölkələrdə isə ucuz başa gəlsin deyə, saxlama müddətini uzatmaq üçün həmin vaksinlərə civənin miqdarı normadan çox vurulur.

Civə insan orqanizminə ən ağır ziyan verə bilən maddələrdən biridir, onun orqanik birləşmələri isə qeyri-orqanik birləşmələrinə nisbətən daha ziyanlıdır. Civə insan orqanizmində yığılaraq onun bütün orqan və toxumalarına təsir göstərir və müxtəlif xəstəliklər yaradır. Ən çox fəsadlar isə sinir sisteminə yetirilir. Eyni ilə peyvəndlərin tərkibində olan aluminum da müxtəlif xəstəliklər yaradır və yenə də əsasən sinir sistemini dərindən zədələyir. Misal olaraq, Alsqeymer və Parkinson xəstəliklərini göstərmək olar. Onu da vurğulamaq lazımdır ki, patogen virus, bakteriya və göbələklər orqanizmdə ağır metalların molekullarından istifadə edərək, onlarla birləşir, nəticədə özlərinə bioplyonka yaradır. Bu bioplyonka altında onlar öz fəaliyyətlərini rahatca davam edir və orqanizmə ziyan törədir. Patologi bioplyonka isə onları antibakterial maddələrdən qoruyur.

Əslində, ağır metallar peyvəndlərin tərkibində uzun müddətdir ki, istifadə olunur, lakin peyvəndlərlə bağlı əsas problemlər 1992-ci ildən sonra başlanıb. Bir çox farmakoloji şirkətlər vaksinlər ucuz başa gəlsin deyə onun tərkibindəki, konservantların miqdarını 2 dəfə artırıblar. Ümumdünya Səhiyyə Təşkilatı əvvəlcə buna etiraz etsə də, sonralar bu göstəricilərin 3-cü tip ölkələr ücün məsləhətli olduğunu bildirdi. Belə desək, avropalı üçün zərərli hesab olunan bir məhlul 3-cü tip ölkə üçün – məsələn, elə azərbaycanlı körpə üçün ziyanlı deyil. Nə qədər ağrıdıcı olsa da, faktdır.

Peyvənddən imtina etmək düzgün qərardırmı?

Ekspertlər hesab edirlər ki, Azərbaycana gətirilən peyvəndlərin keyfiyyət parametrlərində müəyyən problem var. Əslində, hər bir peyvənd olunan şəxs poliklinikada həmin peyvəndin istehsal olunmuş yer, forması və s. haqqında məlumatlandırılmalıdır. Hər bir peyvənd olunan şəxs nevropatoloqun, pediatrın nəzarətində olmalıdır. Analizində allergik reaksiyaları olan, kəllədaxili təzyiqi olanlar məlumatlandırılmalı və yalnız həkim arayışı olandan sonra vaksinasiya olunmalıdır. Özəl klinikalarda olunan peyvəndlər isə müxtəlif tanınmış firmalardan alınmış dərmanlardır, amma dovlət poliklinikalarında olan peyvəndlərdən fərqlidirlər. Ekspertlərin sözlərinə görə, özəl klinikaların kommersiya maraqları olduğuna görə, peyvəndlərin yaxşılarından istifadə edirlər. İstənilən halda, poliklinikalarda valideynlərə övladlarına vurulan peyvəndlərin kimyəvi tərkibi haqqında qabaqcadan informasiya verilməli, xüsusən də, dərmanların haradan gətirildiyi, hansı firmanın məhsulu olduğu dəqiq göstərilməlidir.

Tibb sahəsində ekspert Adil Qeybullanın Publika.az-a bildirdiyinə görə, bu gün bütün dünya əhalisinin müəyyən yaş dövründə müəyyən ümmunizasiya olunması ilə bağlı YUNESKO-nun qərarı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi protokolu var. Ekspert peyvəndddən imtina etməyi düzgün qərar saymır. Onun sözlərinə görə, bu gün ölkədə uşaqların vərəm və başqa xəstəliklərdən qorumaq üçün vaksinasiya vacibdir. Lakin bununla belə, bəzi problemli uşaqlar var ki, onların vaksinasiyasından qabaq nevropatoloq, terapevt və digər həkimlərlə məsləhətləşməsi lazımdır. Ekspertin sözlərinə görə, əgər uşaqda hansısa allergik reaksiyalar varsa, o, əvvəlcədən allergiya əleyhinə müalicə almalı, sonra vaksinasiya olmalıdır.

A.Qeybulla həmçinin BMT-nin, ÜST-ün nəzarətində onların bəzi farmokoloji şirkətlərin keyfiyyət parametrlərinin çox yüksək olduğunu deyir: “Bu gün hepatitlərə qarşı vaksini “Ross” firması istehsal edir. Burada molekulyar biologiyanın qayda-qanunları gözlənilir və lazımı dozada istifadə olunur. Üçüncü tip ölkələrdə istehsal olunan vaksinlərdə həmin maddələrin ağır metalların çəkisi baxımından müəyyən problemlər ola bilər. Təəssüf ki, müəyyən yollarla ölkəyə belə dərmanlar da gətirilir ki, problemlər bunlarda yaşanır”.

Ekspertin sözlərinə görə, üçüncü tip ölkələrdə istehsal olunan və mənşəyi bilinməyən vaksinlərdə isə bu nəzərə alınmır: “Tanınmış firmaların istehsal etdkləri vaksinlər keyfiyyətli olur və uşaqlar üçün olanlarında “junior”, böyüklər üçün olanlarında isə “edaut” yazılır. Əslində, biz dövlətin aldığı vaksinlərlə qane oluruq, amma hesab edirəm ki, müəyyən şirkətlər belə zərərli vaksinləri gətirib satırlar ki, bunlar da təbii ki, problem yaradır”.

“Peyvənddən imtina etmək olmaz!”

Ölkənin baş pediatrı Nəsib Quliyev Publika.az-a açıqlamasında Azərbaycana peyvəndlərin əsasən Fransa, Belçika, İtaliya, Hindistan, Rusiya və bir qisiminin isə Danimarkadan gətirildiyini dedi. Lakin baş pediatr Hindistandan gələn vaksinlərin fəsadlarıyla bağlı deyilənləri doğru saymır: “Haradan gəlməsinin fərqi yoxdur. Vaksinin haradan gəlməsindən asılı olmayaraq ona ÜST lisenziya verir. Bu doğru deyil. Hindistandan gələn dərmanlar da standartlara uyğundur.Beynəlxalq qayda-qanunlara, texnologiyalara uyğun olaraq hazırlanır. Bu, bəzi özəl xəstəxanaların uydurmalarıdır. Deyirlər bu peyvənd bahalıdır, o biri ucuzdur. Özəl klinikalar vaksinləri şəxsi qaydada alırsa, o baha çıxır. Dövlət bunu xeyli miqdarda aldıqda isə qiyməti aşağı düşür. Azərbaycanda peyvənd işini dövlət öz üzətinə götürüb. Lakin özəl xəstəxanalara bu qadağan olunmayıb. Amma özəl xəstəxanalar bundan sui-istifadə edərək alver edirlər”.

Baş pediatrın sözlərinə görə, ümumiyyətlə, peyvənd etməmək üçün çox nadir hallarda göstərişlər olur. Belə ki, uşaqlarda bədxassəli şiş varsa, şişə qarşı dərman maddəsi alırsa, QİÇS sindromu varsa və ya uşaq xəstələnibsə, sağalana kimi peyvənd olunmur:

“”İcbari tibbi dispanserizasiya” haqqında qanunda qeyd olunur ki, peyvəndin edilməsi icbaridir. Xəstəlikdən qorunmaq böyüklərin haqqı olduğu kimi uşaqların da haqqıdır. Valideynin onun haqqını pozmağa ixtiyarı yoxdur. Həmin valideynlərdən yazılı izahat tələb olunur. Valideyn səbəbini göstərməlidir, “mən istəmirəm”lə olmaz. Peyvənd olunmaq, epidemiyaların qarşısını almaq dövlət əhəmiyyətli işdir. Bu, kiminsə istəyilə bağlı ola bilməz”.

Peyvənddən sonra hansı fəsadlar yarana bilər?

Ekspertlər hesab edirlər ki, peyvənddən sonra yaranan bəzi fəsadlar həm də uşağa düzgün olmayan qulluqla bağlıdır. Həkimlərin fikirinə görə, peyvəndlərdən sonra mümkün ola bilən fəsadları minimuma çatdırmaq üçün bir neçə asan qaydalara əməl etmək lazımdır:

1. İlk növbədə peyvənd yalnız tam sağlam uşaq oluna bilər. Əgər uşaq vaksinasiyaya yaxın bir ay ərzində heç bir ciddi xəstəlik keçirməyibsə, vaksinasiya günü uşaqda hər hansı bir xəstəlik, zökəm, öskürək, səpgilər, hərarət, ishal, qəbizlik yoxdursa, uşaq peyvənd oluna bilər. Lakin hər halda peyvənddən əvvəl uşaq mütləq həkim tərəfindən müayinə olunmalı və lazım olduqda sidik və qan analizlərini verməlidir.

2. Peyvənddən 1 gün əvvəl, peyvənd günü və peyvənddən 1 gün sonra uşağı həddən artıq yedizdirməyin. Bağırsaq nə qədər az yüklənərsə, peyvənd də o qədər asan keçiriləcək. Peyvənddən 1 gün əvvəl, peyvənd günü və bir neçə gün sonra (1 həftəyə qədər) uşağa yüksək allergiya xüsusiyyətlərinə malik olan qida məhsulları (yumurta, balıq, sitrus meyvələri, qoz-fındıq, şokolad, konservləşdirilmiş məhsullar, yağlı bulyonlar və s.) vermək olmaz.

3. Peyvənd olunduqdan sonra uşağı infeksiyalara yoluxmaqdan qorumaq, bir müddət digər uşaqlar və böyüklərlə ünsiyyətini məhdudlaşdırmaq lazımdır. Bu məqsədlə uşaqları dükana, uşaq baxçasına, teatra və s. yerlərə aparmaq olmaz.

Azərbaycan Respublikasının Milli peyvənd təqviminə görə uşaqları bu yaş dövrlərində peyvənd etmək olar:

- Doğumdan sonra 12 saat ərzində Hepatit B xəstəliyinə qarşı peyvənd;

- 4-7-ci gün BSJ:

- OPV, Vərəm əleyhinə peyvənd;

– Poliomielitə qarşı peyvənd;

2 aylıqda Hib -AGDT – Hepatit B:

- OPV B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B-yə qarşı kombinəedilmiş peyvənd;

– Poliomielitə qarşı peyvənd;

3 aylıqda Hib -AGDT -Hep B

- OPV B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B qarşı kombinəedilmiş peyvənd;

- Poliomielitə qarşı peyvənd;

4 aylıqda Hib -AGDT -Hep B;

- OPV B tipli hemofil infeksiyaya,difteriya, göyöskürək, tetanus və hepatit B qarşı kombinəedilmiş peyvənd;

- Poliomielitə qarşı peyvənd;

12 aylıqda QPM

- Vit A, Qızılça, parotit və məxmərəyə qarşı peyvənd;

18 aylıqda AGDT

- OPV;

- Vit A, Difteriya, göyöskürək və tetanusa qarşı kombinəedilmiş peyvənd;

- Poliomielitə qarşı peyvənd;

6 yaşında QPM

- ADT;

- Vit A, Qızılça, parotit və məxmərəyə qarşı peyvənd;

- Difteriya və tetanus əleyhinə peyvənd.

Hər bir valideyn övladı üçün hər şeyin ən yaxşısını istəsə də, təəssüf ki, heç də bütün valideynlərin keyfiyyətli və bahalı peyvəndləri almağa imkanı çatmır. Ona görə də əksəriyyət yenə də dövlət poliklinikalarındakı pulsuz deyilən, amma hər biri 1-2 manata başa gələn peyvəndlərin ümidinə qalır.

Qiymətlərə gəlincə isə, özəl klinikalarda Avropa ölkələrində istehsal olunan AKDS peyvəndinin qiyməti 15-20 manatdır. Poliomielitə qarşı peyvənd 10-20 manata, Belçika istehsalı olan hepatitə qarşı peyvənd 15-20 manata satılır. Bu vaksinləri aldıqdan sonra valideyn 20-30 manat həkimin qəbuluna pul köçürməlidir. Beləliklə, ən aşağısı bir peyvənd valideynə 30-40 manata başa gəlir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm