"Natəvan" qəsəbəsinin sakinləri soyuqdan donur
Bizi izləyin

Qırmızı.az

"Natəvan" qəsəbəsinin sakinləri soyuqdan donur

Sabunçu rayon Sabunçu qəsəbəsinin sakinləri qaz üzünə həsrət qalıb. Qəsəbənin Natəvan küçəsinin bir qrup sakini redaksiyamıza müraciət edərək aylardır mavi yanacaqla yetərincə təmin olunmamalarından gileylənirlər.

Sabunçu qəsəbə sakini Xəyalə Həsənova deyir ki, evdə istiliyin olmaması səbəbindən mənzilləri çox soyuqdur və azyaşlı uşaqları tez-tez xəstələnir: “Qışın belə bir vaxtı qəsəbəmizdə qazın təzyiqini minimuma endirən Sabunçu rayon Qaz İstismar İdarəsi telefon zənglərimizə “rəhbərliyə çatdırarıq” - cavabını verirlər. Lakin heç bir tədbir görülmür. Hər gün saat 18-dən gecə 00:00-a kimi qazın təzyiqi sıfır dərəcəsində olur. Bu səbəbdən də uşaqlarımız tez-tez xəstələnir. Qazla təminatın aşağı səviyyədə olması səbəbindən yemək bişirmək də mümkün olmur. Elektrik enerjisindən istifadə etməyə isə maddi imkanımız yoxdur”.

Xəyalə Həsənova əlavə etdi ki, son günlər ümumiyyətlə Sabunçu Rayon Qaz İstismarı İdarəsindən onların zənglərinə cavab verən yoxdur: “Naəlac qalıb “Azəriqaz” İstehsalat Birliyinə müraciət edirik. Birliyin rəsmilərinin müdaxilələrindən və göstərişlərindən sonra qazın təzyiqi müvəqqəti olaraq artır. Lakin bir neçə gün sonra təzyiq yenə aşağı düşür. Qazın təzyiqi düşən kimi kombi istilik sistemi də işləmir. İstilik aparatları suyu qızdırmır. Artıq çıxılmaz vəziyyətdə qalmışıq. Oğlum bu səbəbdən qlomerulonefrit xəstəliyi tapıb”.

Sakinlərdən Ceyhun Hacıyev, Rəfi Hacıyev, Vəfa Mürsəlova, Qürbət Qaytaranov, Fərid Şahnəsirov, Həsən Hüseynov bildirib ki, Sabunçu Rayon Qaz İstismar İdarəsinin “425-43-32” saylı telefonlarına zəng vurduqda onlara “511-32-41” saylı telefon nömrəsi ilə əlaqə saxlamağı məsləhət görürlər. Həmin nömrədən isə heç kimlə danışa bilmirlər: “Hər gün də iş saatı vaxtı bitdikdən sonra qazın təzyiqi xeyli aşağı düşür. Bəzən elə vəziyyətə gəlib çıxır ki, nə aparat suyu qızdırır, nə də evlər qızır. Qazın təzyiqi ancaq gecə saat 00:00-dan sonra artır. Lakin səhər saat 10-da təzyiq yenə azalır”.

Sakinin sözlərinə görə, hətta günün axşam saatlarında istilik enerjisi bəzən tam kəsilir: “Artıq 2-3 gündür günorta qazı 5-6 saatlıq tam kəsirlər. Hətta bazar günləri bütün sutka ərzində tam təzyiqsiz, sıfır səviyyəsində olur. Bu günlərdə növbəti dəfə “Azəriqaz”a şikayət etdik. Xahiş etdik ki, təzyiq artırılsın, oradan tapşırıq verildikdən sonra az müddətdə təzyiq yaxşı oldu. Lakin bir qədər sonra təzyiq yenidən aşağı düşdü”.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Karbalayev isə Publika.az-a bildirdi ki, Sabunçu rayonuna verilən qazın təzyiqində problem yoxdur: “Mən əməkdaşlarla əlaqə saxladım. Bildirdilər ki, Sabunçu qəsəbəsinin Natavan küçəsində, ümumiyyətlə Sabunçu rayonunda qazın verilişində fasilələr yoxdur. Həmin əraziyə qazın nəqliylə əlaqədar bizə şikayət daxil olmayıb. Əgər belə hallar aşkarlansa, dərhal bununla bağlı tədbir görüləcək. Qazın verilişi əhalinin tələbatına uyğun tənzimlənir”.

İbrahim Karbalayev qeyd etdi ki, Sabunçu qəsəbəsi sakinləri qazın təzyiqinin aşağı olması halları ilə bağlı yerli qaz istismar idarəsinə müraciət etməlidirlər: “Əgər belə şikayət daxil olsa, qaz idarəsi araşdıracaq”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm