“Gözümün qabağında məni min dollara yaşlı bir kişiyə satdı”
Bizi izləyin

Qırmızı.az

“Gözümün qabağında məni min dollara yaşlı bir kişiyə satdı”

İnsan alveri… Çox tanış kəlmədir. Maarifləndirmə tədbirləri, məlumatlandırma kampaniyaları aparılsa da, silah alverindən sonra ikinci gəlir gətirən sahənin qurbanlarına çevrilən insanlar bütün dünyada var və bu artmaqda davam edir. Bu haqda standart fikirlər, terminlər, ağrı-acı dolu ifadələr səsləndirmək olar. Ancaq bunları insan alverinin ağrısını anbaan yaşayan insanın dilindən eşitmək adama çox dəhşətli hisslər yaşadır.

Bu bəladan tamamilə xilas olmaq mümkün deyil. Amma xilas olmaq üçün hamı var gücü ilə çalışmalıdır. Bu hadisələrdən hər dəfə qaçdığımızda, yayındığımızda, biganə yanaşdığımızda özümüzü faciəyə bir qədər də yaxınlaşdırırq.

Oxuyacağınız real həyat hadisəsidir. İnsan alverinin qurbanına çevrilən azərbaycanlı qızın əzabları ilə tanış olun.

*****

Anam üç yaşım olanda ölmüşdü. Tək uşaq idim. Məni atamla, atamın anası böyütmüşdü. Atam bənnalıqla məşğul idi. Kənd camaatı bizi çox istəyirdi. On dörd yaşına yeni keçmişdim. Qonşumuz bizə elçi gəldi. Hamı razı idi. Mən demək olar ki, uşaq idim. Heç nə fikirləşmədən razılıq verdim. Nişanlandıq. Onun da yaşı evlənmək üçün az idi. Ara- sıra həyətimiz tərəfə keçib mənimlə söhbət eləyirdi. Getdikcə ona daha çox bağlanırdım. Qəbul imtahanları üçün Bakıya gedəcəkdi. Hamımızla görüşüb Bakıya getdi. Onun kənddə olmamasından istifadə eləyən bibim oğlu bizə gəlib nişanı qaytarmağımı, onunla evlənməyimi təkid elədi. Atam da, nənəm də onu söyüb evdən qovdular. Hadisədən iki gün keçmişdi. Evimizdən o qədər də uzaq olmayan bulağa getmişdim. Yanıma sürətlə bir maşın yaxınlaşdı. Bibim oğlu da içində idi. Özü, bir də maşındakı iki oğlan mənim ağzımı yumub maşına basdı. Maşının içində bibim oğlu məni təhqir edir, saçlarımdan tutub maşının şüşəsinə vururdu. Ağzıbağlı ağlamaqdan nəfəsim kəsilməyə başlamışdi. Məni öz rayonumuzdan xeyli uzaq bir rayona gətirmişdilər. Bibim oğlunun məni evlənmək yox, qisas məqsədi ilə qaçırdığını anlamışdım. Bir evə gətirildim. Həmin gecə bibim oğlu məni döyüb işgəncə verib dörd dəfə zorladı. "Atana başa saldım ki, məni qoyub başqasına qız vermək, məni söyüb evdən qovmaq belə olur"- tez-tez bu sözləri təkrarlayır, məni döyürdü.

Səhəri gün gözlərimin qabağında məni min dollar yaşlı bir kişiyə satdı. Kişi məni Bakıya gətirib başqa qadınların da olduğu evdə saxladı. Bir həftə sonra məni zorla kişilərlə cinsi əlaqəyə girməyə məcbur edirdilər. Etiraz edəsi gücüm qalmamışdı. Çıxış yolu tapa bilmirdim. Dəfələrlə mənə görə pul verən kişilər uşaqlığıma, göz yaşlarıma acıyıb mənə toxunmadan getmişdilər. Bir oğlan var idi. Demək olar ki, hər həftə gəlirdi. Mənə görə evin yiyəsinə pul ödəyib mənə toxunmadan gedirdi. Bir dəfə də evin yiyəsinə mənimlə şəhərə çıxıb başqa bir yerdə 1 gecə qalmağa görə pul ödədi. O demək olar ki, heç vaxt mənimlə danışmırdı. Həmin günü mən başıma gələnləri ona danışdım. O isə mənə kömək etmək istədiyini, ev tutub bir yerdə yaşaya biləcəyini dedi. Ev tutdu. Bir müddət gizlənib iz itirdik. Sonra heç bizi axtarmadıqlarını görüb rahat olduq.

O, Bakıda işləsə də, ailəsi rayonda yaşayırdı. Bir gün işdən gəlib məni özü ilə rayona, anası yaşayan kəndə aparmaq, evlənmək istədiyini dedi. Mən ona yalvarırdım, bunun mümkün olmayacağını başa salmağa çalışırdım. O isə hər şeyin düzələcəyinə, məni qəbul edəcəklərinə inandırıdı. Biz rayona getdik. O, ailəsinə mənim uşaq evində böyüdüyümü, yetim olduğumu dedi. Anası qəti şəkildə qarşı çıxdı. Anası-atası naməlum bicdən ona gəlin ola bilməyəcəyini dedi. Lakin oğlanın israrlarına tab gətirməyib toya razılıq verdi. Elə toy gecəsi qaynanam bakirə olmadığımı bilib məni səhərə qədər döydü. İki dünya bir olsa da, əvvəl-axır məni qovacağına söz verdi. Aradan beş ay keçdi. Mən artıq hamilə idim. Çox sevinirdim. Qaynanamın mənə qarşı yumşalacağına ümid edirdim. Əkiz qızlarım doğuldu. Həyat yoldaşımın mənə qarşı mehribanlğı o qədər artmışdı ki, keçmişdə çəkdiyim bütün əzabları unutmuşdum. Lakin qaynanamın susqunluğu belə məni qorxu altında saxlayırdı.

Qızlarım bir həftə idi ki, doğulmuşdu. Doğuş ağır keçdiyi üçün hələ də əziyyətlə yeriyirdim. Uşaqlar isə səhərə qədər yatmaq nədir bilmirdilər. Qarlı qış gecəsi idi. Körpələrimin niyə hələ də gecə süd əmmək üçün oyanmadıqlarından narahat olub beşiklərinə yaxınlaşdım. Uşaqlar beşikdə deyildi. Gecə saat üç idi. Dəli kimi otaqları gəzməyə başladım. Evin hər yerini axtardim, uşaqlar yox idi. Yoldaşım həyətə qaçdı. Onun həyətdən gələn nalə səsi hələ də qulaqlarımdadı. Mən də onun ardınca həyətə qaçdım. Bədbəxt körpələrim paltarsız, tamam çılpaq vəziyyətdə qarın içində idi. Heç birinin nəfəsi gəlmirdi. Özümü öldürmək üçün heç nə düşünmədən eyvana, ikinci mərtəbəyə qaçdım. Özümü aşağı tulladım. Ayılanda çox gec idi. Bədbəxtlikdən sağ qalmışdım. Uşaqları dəfn etmişdilər. Qaynanam isə əməlindən razı vəziyyətdə mənə sözünü tutduğunu deyirdi. O an düşünmədən onun üstünə atıldım. Boğmağa başladım. Yoldaşım, baldızlarım qadını yarıölü vəziyyətdə əlimdən aldılar. Xəstəxanadan çıxandan sonra qaynanamın yaşadığı evə qayıtmağı ağlıma da gətirmirdim. Həyat yoldaşım isə mənə dəstək olmaq, polisə getmək əvəzinə uşağa görə anasını ata bilməyəcəyini dedi. "Uşaq həmişə olar" dedi. Dünyada yeganə ümid yerim olan, sevdiyim insandan o andaca iyrənmişdim. Hər şeyin bitdiyini anlayıb ona heç bir söz demədən qaçıb xəstəxananın həyətindən uzaqlaşmışdım.

Dünyaya yenicə göz açmış körpələrimin qoxusu hələ üstümdə idi. Onları itirmək agrısı, sevdiyim insana içimdə böyütdüyüm kin, nifrət gözlərimdə hər şeyi heçə döndərmişdi. Avtobusa oturub Bakıya qayıtdım. Həyat yoldaşımın məni tapdığı evə gəldim. "Köhnə işimə" başladım. İndi ucuz kafelərdə "ofisiant" işləyirəm. Əslində isə elə ordaca müştərilərə "xidmət " göstərirəm. Geriyə baxanda hələ uşaqkən çəkdiyim əzablar, qısa sürən evliliyim, uşaqlarımı itirmək, ərimin hər şeyə biganəliyi məni daşa döndərib. Dünyadan, insanlardan özümü sataraq qisas alıram elə bil. Hazırki həyatımla evlilik həyatımı yenidən seçməli olsaydım, indikini seçərdim. Heç olmasa saxtalıq, ikiüzlülük yoxdu. Hər şey ortadadır, mənim məqsədim də, "müştərilərimin " tələbi də….

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm