Bu dəfə Mirşahin hesabat verdi
Bizi izləyin

Qırmızı.az

Bu dəfə Mirşahin hesabat verdi

ANS televiziyasının efirində yayımlanan "Hesabat" verilişinin müllifi və aparıcısı Mirşahin Ağayev ANS PRESS-saytına müsahibə verib.

Müsahibəni olduğu kimi təqdim edirik:

- ANS televiziyası müxtəlif layihələri, proqramları, verilişləri ilə daim diqqət çəkir. Təbii ki, bunların içərisində "Hesabat"ın öz yeri, nüfuzu var. Müəllif kimi sizdən soruşuruq: tamaşaçıları həftə sonu ekran qarşısında əyləşdirən proqramın sirri nədir?

- Əslində, heç bir layihənin ilk olaraq uğur resepti olmur. "Hesabat" təhlil, analitik verilişdir. Hansısa qənaətə, nəticəyə sonda gəlmək mümkündür. Müəyyən mənada, riyazi terminlə desək, məhculların yerinə nələrisə qoymaq lazımdır ki, sonda nəzərdə tutulan cavab alınsın. Əgər günün informasiyaları, günün xəbərləri qərəzsizdirsə, dəqiqdirsə, vicdanlıdırsa, təbii ki, bunların yekunu olaraq hazırlanan analitik veriliş də dəqiq, qərəzsiz və vicdanlı nəticələrə nail olur. Bu baxımdan "Hesabat"ın uğurları, ilk növbədə "Xəbərçi"nin uğurlarıdır.
"Hesabat"ın mövzusu "Xəbərçi" proqramında gedən materiallardan götürülür. İnformasiyaları, "Xəbərçi"də gedən məlumatları bir qayda olaraq analitik tərzdə hazırlayıram. Yəni əlimizin altında "Xəbərçi"nin informasiya bazası var. "Xəbərçi" tamaşaçılara obyektiv məlumat verdiyinə görə, istifadə etdiyimiz material, xammal dəqiq, doğru olur. Gəldiyimiz nəticələr isə göz qabağındadır.

- Ümumiyyətlə, "Hesabat"ın əsas qayəsini, ana xəttini nə təşkil edir?

- ANS-də efirə gedən bütün proqramlar, verilişlər kimi, aparıcısı olduğum "Hesabat" da Azərbaycanın müstəqillik kursunu həmişə qoruyub, ön planda tutub. Bu, bizim üçün müəyyən mənada göstərici olub. Biz ölkədə gedən bütün proseslərə məhz müstəqillik prizmasından baxmışıq. Bütün verilişimizdə proqramın onurğa sütunu olaraq Azərbaycanın dövlət müstəqilliyi durub. Son "Hesabat"da da belə idi, ilk hesabatda da belə idi. Neçə ki, "Hesabat" var, digər layihələrimiz var, biz ölkəmizin dövlət müstəqilliyinə üstünlük verəcəyik. Bunu ona görə edirik ki, məhz hər şey müstəqilliyimizlə bağlıdır, hər şey məhz bundan asılıdır.

- 2014-cü ilin son günlərini yaşayırıq. Geriyə baxdıqda, yadınızda qalan hadisələr hansılar olub?

- Bu il Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirməsi ili kimi yadımda qaldı. Bu il Azərbaycan prezidentinin apardığı müstəqil siyasət ili kimi yadımda qaldı. Baxmayaraq ki, dünyada çox böyük proseslər getdi. Ukraynada ixtişaşlar oldu. Rusiyada iqtisadi, maliyyə böhranı yarandı. İqtisadi-siaysi təzyiqlər altında qalan və Qərbin, Avropanın sanksiyaları ilə üzləşən Rusiyada rubl dəyərini itirdi, ağır günlər yaşanır. Bununla bağlı MDB ölkələri də problemlər yaşayır. Amma, Allaha çox şükür ki, Azərbaycan bütün bu proseslərdən yaxşı, salamat keçdi və keçir.

Azərbaycan Silahlı Qüvvələrinin bu ilin yayında ermənilərin hücumu qarşısında duruş gətirməsi də daha çox yadda qalan məqamdır. Hesab edirəm ki, bu, Azərbycanın yalnız və yalnız büdcə etibarı ilə Ermənistanı üstələyən dövlət olduğunu nümayiş etdirmədi, eyni zamanda göstərdi ki, bizim qüdrətimiz, gücümüz təkcə pulda deyil, biz hərb sahəsində də güclüyük və Ermənistanın öhdəsindən gəldik, cavablarını da verdik.
Ölkəmizin qanuni sərhədini nümayişkaranə şəkildə pozmuş erməni helikopterinin bu ilin noyabrında Azərbaycan ordusu tərəfindən Dağlıq Qarabağ ərazisində vurulması yaddaqalan oldu. Bu, ondan xəbər verdi ki, Azərbaycan həmişə ayaqdadır, Azərbaycan güclüdür.
Ümumiyyətlə, yadda qalan məqamlar çoxdur. Amma düşünürəm ki, Prezident İlham Əliyevin məhz Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə yönəlik siyasət aparması böyük qürur hissi yaradır və bu, yaddaqalan mühüm amillərdir.

- Maraqlıdır, "Hesabat"ın ilin son hesabatı hansı məsələlərə həsr olunacaq?

- Tamaşaçılar son hesabatda ilin məntiqi sonluğunu gözləyirlər. Bu, siyasi yekun olacaq. Biz ciddi və qeyri-ciddi layihələr arasında gedən rəqabətdə ciddi layihələrin niyə geridə qalmasının səbəblərinə toxunacağıq.
Bundan əlavə, seperatçı erməni rejiminin girovluğunda qalmış 2 azərbaycanlı - Dilqəm və Şahbaz ilə bağlı məsələyə yer veriləcək. Mən dekabrın 28-də efirə çıxacağam. Amma ayın 29-da qiyamçı rejimin icraçıları tərəfindən onların biabırçı, rusvayçı məhkəmə prosesi keçiriləcək. Mən bununla bağlı məsələyə toxunacam. Əslində, mənim bu işim kompetensiya daşımayacaq, yəni replika vermək niyyətində deyiləm. Sadəcə olaraq, istəyirəm, sağlam, soyuqqanlı, emosiyasız şəkildə belə bir mövzunu müzakirə edək ki, biz insanlarımızı onların əlindən necə qurtaraq. Bunu necə etmək olar, bunun üçün bizim hansı yolumuz var.
Fikir verirsinizsə, son vaxtlar mətbutda bu mövzu mühüm yer tutur. Hamı yaranmış vəziyyətdən yalnız özünü göstərmək üçün istifadə edir, baxın, mən belə söyürəm, nə bilim, "ermənilərin anasını belə ağlatdım" və s. Amma nəticə etibarı ilə biz yenə də Şahbaz və Dilqəmin gorovluqda qalması faktı ilə razılaşmış oluruq. Bu da məni vətəndaş, peşəkar jurnalist olaraq xoşuma gəlmir. Bütün hallarda istəyirəm, əlimizdən gələni edək ki, biz onları girovluqdan qurtaraq.
Yadınızdadırsa, 2010-cu ildə oxşar vəziyyət yaranmışdı. Azərbaycanın 2 şəhid övladı - Fərid və Mübariz düşmən əlində idi. Həmin il məhz Prezident İlham Əliyev onların meyitinin ölkəyə qaytarılmasına nail oldu. Özü də bu 2 şəxsin Ermənistan üçün etdiyi indiki 2 nəfərin etdiyi ilə müqayisədə qat-qat ağır idi. Ermənilər o vaxt bizim şəhidlərimizin əl-qolunu bağlayıb müxtəlif şəkillər çəkmişdilər. Azərbaycan prezidenti onların meyitini qaytardıtdı və hətta onlar üçün yüksək səviyyədə dəfn mərasimi keçirildi. Yəni, Azərbaycanın dövlət olaraq buna gücü var. Şübhəsiz ki, bizim iki azərbaycanlımızın geri qaytarılmasına gücümüz çatacaq. İnanıram ki, biz bunu edəcəyik. "Hesabat"da bütün bu məsələlərə toxunulacaq.

- Yeni il arzularınız və planlarınız barədə nə deyə bilərsiniz?

- Mən Azərbaycan xalqının bir övladı olaraq, ilk növbədə, millətimizə, xalqımıza xoşbəxtlik, firavanlıq, sabitlik, sülh arzulayıram. Bəlkə də kənardan mənim dediklərim statistik, primitiv, hamının dediyi kimi çıxır. Amma Ukraynada və dünyada baş verənlərə baxanda mənim arzularımı anlamaq çətin olmaz.
Əslində, xoşbəxtlik arzusunu bir az şairləşdirsək, tanınmış şair Əli Kərimin dediyi məşhur “Nə xoşbəxt imişəm bir zaman, Allah” kəlamı yada düşür. Bu şeri oxuyanda görürsən ki, hər bir misra, söz çox adidir - yuxudan durmaq da, işə getmək də, evə gəlmək də - bunların hamısı baş verən anda insan xoşbəxt olur. Allah göstərməsin, onların hansısa biri olmayanda insan özünü doğrudan da bədbəxt hiss edir. İstəyirəm ki, insanlar yuxudan normal, sağ-salamat dursunlar, səhər yeməyini yesinlər, sevdikləri işə getsinlər, yaxşı istirahət etməyi, öz uşaqları, ailələri ilə günlərini xoş keçirməyi bacarsınlar, onların dolanışıq problemi olmasın, istirahətlərini planlaşdırarkən, toy edərkən problemləri olmasın. Allah göstərməsin, başlarına şər iş gələrsə, yas keçirərkən problemləri olmasın.
Qoy həmişə dövlətimizin gücü, qüdrəti çox olsun. Biz Azərbaycan dövlətini hər zaman güclü səviyyədə görək. Yaponiyada sunami olanda təmənnasız olaraq 1 milyon dollar yardım etdiyimiz kimi, çətinliklə üzləşənlərə kömək əlimizi daim uzada bilək. Məhz özümüzü dünyada güclü dövlətin vətəndaşı kimi hiss edək. Biz güclü dövlətin vətəndaşı olduğumuzu hiss edirik, ancaq get-gedə daha da güclü olmalıyıq.
Təbii ki, xalqımızın istəyi, arzusu kimi, mənim də vətəndaş olaraq əsas istəyim, arzum ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımız işğaldan azad olunması, Azərbaycan bayrağının daha ucalarda dalğalanmasıdır.
Yeni ildə də bütün planlarımızın əsasında Azərbaycanın dövlət müstəqilliyi dayanacaq. Məhz buna görədir ki, analitik verilişimiz ən yüksək səviyyələrdə yaxşı qarşılanır, təqdir olunur və buna görə kollektivimizin ünvanına xoş sözlər deyilir. Bu, bizim üçün yaxşı final olduğu kimi, yeni ildə də yaxşı start olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm