• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Sərnişinlə kobud davranan sürücüləri nə gözləyir?

Sərnişinlə kobud davranan sürücüləri nə gözləyir?

Paytaxt avtobuslarında sürcülərin sərnişinlərlə kobud davranışı, onların qaydaları pozması barədə dəfələrlə yazmışıq.

Bu barədə redaksiyamıza daxil olan şikayətlərdə sürücülərin heç bir şikayətə diqqət etmədikləri bildirilir.

Rəsmi qurumlara müraciətimizdə isə məsələnin araşdırılacağı ilə bağlı vədlər verilir.

Bir neçə gün əvvəl səhər saatlarında Publika.Az-ın redaktoru 10 nömrəli marşrut sürücüsünün kobud davranışı ilə qarşılaşıb. Belə ki, sərnişin minərkən hər tin başında saxlayan sürücü, bu dəfə enmək istəyən sərnişinlərə kobud cavab verərək, dayanacaqdan kənarda saxlamadığını deyib.

Əməkdaşımızın “sərnişin götürərkən saxlayırsınız, amma düşmək istəyəndə yox” sözləri isə əsəbi sürücünü özündən çıxarıb. Səsinin tonunu qaldıraraq “Mən belə istəyirəm. Özüm bilərəm” kimi cavab verib.

Daha sonra əməkdaşımız avtobusun məxsus olduğu firmanın əlaqə nömrəsini telefonuna qeyd edib, şirkətə bu barədə məlumat verəcəyini deyib.

“Get kimə deyirsiniz deyin. Bu nömrəni çox adam götürüb, heç nə olmayıb” deyə cavab verib.

Əməkdaşımız bu barədə Nəqliyyat Nazirliyinə, şirkət rəhbərliyinə şikayət edəcəyini desə də, sürücü bu şikayətlərin heç bir mənasının olmadığını deyib.

Sürücünün adını bilməsək də, onun idarə etdiyi avtobus nömrə nişanı barədə “TransQeyt”MMC-yə məlumat verdik. Şirkətin direktor müavini Samir Hüseynov məsələnin araşdırılacağına və nəticəsi barədə məlumat verəcəyini dedi. Iki gün sonra redaksiyamıza göndərilən cavab belə oldu:

“Sizin 10.02.2013-cü il tarixdə “Transqeyt” MMC-yə zəng edərək 10 saylı marşrut xəttində işləyən 10TF854 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Əliyev Eldar Aydın oğlunun dayanacaqda saxlamaması və sərnişinlə kobud rəftarı ilə bağlı etdiyiniz şikayət tərəfimizdən araşdırılmışdır.

Belə ki, “Transqeyt” MMC-yə məxsus 10 saylı marşrut xəttində işləyən 10TF854 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Əliyev Eldar Aydın oğlu sərnişindaşıma qaydalarını pozaraq avtobusu dayanacaqda saxlamadığına və sərnişinlə qeyri-etik rəftar etdiyinə görə ona ciddi xəbərdarlıq edilərək “töhmət” elan edilmiş və bir daha belə hallar təkrarlanarsa daha ciddi cəzalandırılacağı və işdən azad olunacağı onun diqqətinə çatdırılmışdır. Eyni zamanda sərnişindaşıma, istismar və təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi üçün 10 saylı marşrut xəttində işləyən sürücülərin arasında da izahi təlimatlandırılma işlərinin aparılması avtodəstə rəisinə tapşırılmışdır. Şikayət, təklif və fikirlərinizi eşitmək bizim üçün hər zaman xoşdur”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR