• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Şaxtalara hazırıq: qaz, istilik, elektrik problemi olmayacaq - RƏSMİ AÇIQLAMA

Şaxtalara hazırıq: qaz, istilik, elektrik problemi olmayacaq - RƏSMİ AÇIQLAMA

Artıq yeni ilin ilk günlərindən başlayaraq havaların kəskin dəyişməsi ilə bağlı proqnoz verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayının 7-si axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, ayın 8-dən 10-dək fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı ilə bağlı məlumat yayıb. Havanın temperaturunun ayın 8-də ötən günlə müqayisədə 10-12 dərəcə aşağı enəcəyi, 8-i gün ərzində 0°-yə yaxın, axşama doğru -2° şaxta, 9-u gün ərzində 0°-yə yaxın, 9-10-da gecə saatlarında -4° şaxta olacağı ehtimalı var.

Soyuq hava şəraiti kommunal sektorda qışa hazırlıq tədbirlərinə nəzarətin artırılması zərurətini yaradıb. İşığa, qaza tələbat artacaq, binaların isitmə sistemlərinin problemləri gündəmə gələcək. Bəs müvafiq qurumlar bu tələbatı ödəməyə hazırdırmı?

"Azərenerji" ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bütün xidmət sahələrində olduğu kimi, o cümlədən "Azərenerji" də həmişə gücləndirilmiş iş rejimində çalışır: “Abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmaları məqsədilə mövsümün əvvəlindən bir sıra yenidənqurma və təmir-bərpa işləri aparılıb. Qurum hər an şaxtalara hazırdır, heç bir problem yoxdur”.

“Azəriqaz” İB də şaxtalara hazırdır. “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevin sözlərinə görə, qış vaxtına keçid noyabr ayından başlansa da, havaların soyuq keçməsilə əlaqədar əhalinin tələbatına uyğun olaraq mavi yanacağın artırılması mümkündür.

“Qurum mövsümə tam hazırdır. Bildiyiniz kimi payız və qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində qaz təsərrüfatında da xeyli işlər görülüb. Köhnə borular yenisilə əvəz olunub, bir sıra qaz verilməyən kəndlərin qazlaşdırılmasına xüsusi diqqət yetirib. “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun əmri ilə 2014-2015-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı 347 bənddən ibarət tədbirlər planı hazırlanıb təsdiq olunmuşdu. Bu tədbirlər planına müvafiq olaraq 30 min metrdən çox qaz kəmərinin təmiri, əvəzolunması və çəkilməsi, 5 min metrdən çox qaz kəmərinin dayaqlar üzərinə qaldırılması və 102 ədəd qaz tənzimləyici, 108 ədəd siyirtmənin quraşdırılması həmin tədbirlər planında əksini tapıb. Bu işlər artıq başa çatdırırlıb. Bundan əlavə, ölçü qovşaqlarında müəyyən avadanlıqlara baxış keçirilib, təmir, təftiş işləri aparılıb. Texniki məsələlər bununla bağlıdır. Eyni zamanda, qış mövsümünə hazırlıqla bağlı hal-hazırda qaz kəmərlərinin və cihazlarının texniki xidmət sahəsi tərəfindən aparılan texniki baxışların sayı artırılıb. Həmçinin təhlükəsizlik tədbirlərinə diqqət gücləndirilib”.

"Azəristiliktəchizat" ASC-nin xidmət rəisi Rafiq Əliyevin Publika.az-a bildirdiyinə görə, qurum normal rejimdə çalışır: “Heç bir problem yoxdur. Hətta temperatur 20 dərəcə də aşağı ensə, biz istənilən şaxtaya hazırıq. Qazanxananın işi qaz, işıq və sudan asılıdır. Əgər bu komponentlərdə problem olmayacaqsa, istiliklə təchizatda da heç bir problem olmayacaq”.

2015-ci il üçün proqram hazırlandığını deyən qurum rəsmisinin sözlərinə görə, “Bakı və onun qəsəbələrinin “2015-2016-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı” hazırlanır: “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı dövlət proqramı”na uyğun olaraq bir sıra işlər davam etdirilir. 2015-ci ildə konkret görüləcək işlər də həmin proqramın tam hazırlanandan sonra məlum olacaq. Bundan sonra həmin proqram Nazirlər Kabinetinə təqdim olunacaq. Sonra həmin layihələr üzərində işlər davam etdiriləcək”.

Qurumların qışa və şaxtalara hazır olduqları nəzəri cəhətdən mümkün görünsə də, bunun əməli olaraq özünü nə qədər doğruldacağını isə zaman göstərəcək.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR