Azərbaycanın Gömrük Xidməti dünyada layiqli yer tutub - YENİLƏNİB - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın Gömrük Xidməti dünyada layiqli yer tutub - YENİLƏNİB - FOTOLAR

Gömrük işçilərinin peşə bayramı münasibətilə Dövlət Gömrük Komitəsində (DGK) tədbir keçirilib. Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən DGK sədri Aydın Əliyev ölkədə gedən inkişaf səviyyəsindən danışıb.

O, Azərbaycanın iqtisadi inkişaf səviyyəsinə görə artıq 11 ildir ki, dünyada lider ölkələr sırasında olduğunu bildirib: “Bu dinamika 2014-cü ildə də qorunub saxlanılıb. Əvvəlki illərdə olduğu kimi, ötən il də ölkəmizin sürətli sosial-iqtisadi inkişafına, əhalinin rifahının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edib. Bugünkü böyük iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyətin həyatının bütün sahələrinin dinamik inkişafı, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həll edilməsi Azərbaycana tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyə imkan verir”.

Aydın Əliyev bildirib ki, dövlət müstəqilliyinin bərpasından qısa müddət sonra - 1992-ci il yanvarın 30-da yaradılmış DGK ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət və köklü islahatlar nəticəsində dinamik inkişaf yoluna qədəm qoyub: “Məhz onun rəhbərliyi ilə 1995-ci ilin əvvəllərindən etibarən respublikada gömrük işinin yenidən qurulmasına başlanıldı. Hazırda Azərbaycan Gömrük Xidməti dünya gömrük ailəsində özünəməxsus layiqli bir yer tutub və aidiyyəti beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirir. Bu baxımdan, Ümumdünya Gömrük Təşkilatının dünyanın 6 regionu üzrə sonuncu - Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin 2011-ci ildə Bakı şəhərində yaradılması da təsadüfi deyil. Regional Ofisin fəaliyyəti üçün Azərbaycanın seçilməsinin səbəbləri ilk növbədə ölkə rəhbərliyinin gömrük xidmətinə göstərdiyi diqqət və eyni zamanda, gömrük xidmətinin əldə etdiyi nailiyyətlər olub”.

DGK sədri dövlət başçısının 1 fevral 2007-ci ildə imzaladığı “Azərbaycan Respublikası gömrük sis­teminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı” haqqında sərəncamının uğurlu icrasında sonra bu sahədə işlərin daha da sürətləndiyini deyib: “Azərbaycanın gömrük keçid məntəqələrində yaradılan şərait, tətbiq olunan müasir vasitələr Cənubi Qafqazın digər ölkələrində hələ də mövcud deyil. Narkotik və partlayıcı maddələrin, həmçinin gizli saxlanc yerlərinin aşkarlanması, metal və kimyəvi maddələrin tərkibini və radioaktiv sızıntıları müəyyən edən qurğular, baxış alətləri və digər müasir avadanlıqlar gömrük əməkdaşlarına işi ən yüksək səviyyədə həyata keçirməyə imkan verir. Bütün bunlar da daxili və beynəlxalq yükdaşımaları həyata keçirən nəqliyyat vasitələrinin hərəkətinə şərait yaradır, xarici ticarətin inkişaf etdirilməsində mühüm rol oynayır”.

Aydın Əiyev idxal-ixrac əməliyyatlarının aparılmasının liberallaşdırılması sahəsində islahatlar nəticəsində 2009-cu il yanvarın 1-dən etibarən dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiq edildiyini vurğuladı. Bunun nəticəsində 2012-ci il yanvarın 1-dən yeni Gömrük Məcəlləsinin tətbiqi ilə idxal-ixrac əməliyyatları sahəsində inzibati prosedurların daha da sadələşdirildiyini bildirdi.

***

"Gömrük orqanları tərəfindən 2014-cü il­də həyata keçirilmiş kompleks tədbirlər nə­ticəsində 10811 hüquqpozma faktı aşkar edil­ib. Bu faktlardan 424-ü cinayət xa­rakterli faktlar olmuş və həmin faktlar üzrə tutulmuş qaçaqmalçılıq əşyalarının və digər cinayət predmetlərinin dəyəri 2 milyon 577 min 813 manatdan çox təşkil edib".

Publika.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev qurumun yaranma günü ilə bağlı tədbirdə deyib.

Aydın Əliyev deyib ki, bu əməllərin törədilməsində şübhəli bilinən 473 nəfərin (375 Azərbaycan vətəndaşı, 98 xa­ri­ci) barəsində müvafiq tədbirlər görül­üb:

"Gömruk sərhədindən narkotiklərin qa­nun­suz keçirilməsinin qarşısını almaq məq­sədilə gömrük orqanları tərəfindən (o cüm­lədən, digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəti­cə­sində 2014-cü il ərzində narkotiklərin qa­nunsuz dövriyyəsi ilə əlaqədar 158 fakt aş­kar olunub.


Bu faktlar üzrə ümumilikdə 178 kq 369 qramdan çox narkotik vasitə və psixotrop maddə, o cümlədən, 35 kq 926 qram tir­yək, 27 kq 037 qram marixuana, 38 kq 454 qram həşiş, 76 kq 669 qram heroin, 56,9 qram metadon, 221,4 qram metamfetamin və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb, şübhəli bilinən 185 nəfər (159 nəfər kişi, 26 nəfər qadın) barəsində müva­fiq tədbirlər görülüb".


Vasif Həsənli

***

“Fiziki şəxslər və ya şirkətlər tərəfindən Azərbaycana idxal olunan mobil telefonlar qeydiyyatdan keçməlidir ki, ölkə daxilində işləyə bilsinlər”.

Publika.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev gömrük xidmətinin yaranmasının 23-cü ildönümü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Aydın Əliyev deyib ki, yalnız internet deyil, həm də poçt vasitəsi ilə ölkəyə daxil olan telefonları qeydiyyata salmaq mümkün deyil: “Ötən ilin dekabr ayında Soçidə keçirilən MDB ölkələrinin Gömrük Xidməti rəhbərlərinin beynəlxalq tədbirində də Rusiyada Gömrük Xidməti tərəfindən bu məsələ qaldırıldı və müzakirəyə çıxarıldı. Yaxın vaxtlarda bu sahədə olan problemlərin aradan qaldırılması üçün müəyyən qərarlar və tövsiyyələr qəbul olunacaq. Bu qərarlardan sonra isə bu sahədə olan qanunsuzluqlarla mübarizə apara biləcəyik”.

A.Əliyev mobil telefonların Azərbaycana gətirilməsində baş verən qanunsuzluqlarla bağlı araşdırmaların aparıldığını vurğulayıb: “Bildiyimiz kimi, internet ticarəti dünyada vergilərin toplanması probleminə çevrilib. Artıq bununla bağlı Nazirlər Kabinetinin müəyyən qərarları var”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm