12 yaşlı Tahir sizdən kömək istəyir - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

12 yaşlı Tahir sizdən kömək istəyir - FOTOLAR

“Qardaşlarım məktəbə gedəndə mən də getmək istəyirəm. Onların dostları var, amma mənim yoxdur. Çünki gəzə bilmirəm. Küçəyə çıxıram, bir az gəzən kimi yıxılıram. Gərək kimdənsə tutum, ya da yanımda adam olsun ki, mənə ayağa qalxmağa kömək etsin”.

Publika.az xəbər verir ki, 12 yaşlı Tahir Tağıyev anadangəlmə fiziki qüsurludur. 1 yaşında yeriməyə başlayanda valideynləri problem hiss edib. Sərbəst gəzə bilmir. Bu problem Tahirin gələcəklə bağlı hər hansı plan qurmasına da əngəldir. Ona görə də böyüyəndə “Kim olmaq istəyirsən?” sualına cavab verə bilmir:

“Bərbər olmaq istəyirəm, amma bütün günü ayaq üstə necə dura bilərəm? Sintizator çalmaq istəyirəm, amma onu necə daşıyaram, ağırdır. Ona görə bilmirəm böyüyəndə nə edə bilərəm. Amma ayağım sağalsa, hər şey edərəm. Rahat gəzəndən sonra nə var ki, hər şey öyrənərəm”, balaca müsahibim deyir.

Tahirin xəstəliyinin əsas səbəbi kimi ata-anasının əmiuşağı olması göstərilir. Fiziki qüsurlu doğulan müsahibim ömür boyu bu əzabla yaşamamaq üçün müalicə olunmalıdır.

Tahir ilk addım atdığı vaxtlarda çətinlik çəkdiyini görən valideynləri onu yaşadıqları Maştağa kəndində həkimə aparsalar da, həkimlər ciddi problem olmadığını deyib. Lakin uşağın yaşadığı əziyyəti görən valideynləri onu Uşaq Nevroloji Xəstəxanasına aparır. Burada ona psixi və fiziki inkişaf ləngiməsi diaqnozu qoyulub. Keçdiyi müayinələrin sonunda onun xəstəliyinin proqressivləşən əzələ distrafiyası olduğu müəyyən edilir.

Atası Həmid deyir ki, oğlunu müalicə etdirməyə imkanı yoxdur.

“Bir kurs müalicəsi 500-600 manat tutur. İldə bir neçə kurs müalicə götürməlidir, mənim isə imkanım yoxdur. Həkimlər deyir ki, Tahirin səhhətinin daha da ağırlaşmaması üçün onun müalicəsi vacibdir. Tahir kömək olmadan gəzə bilmir. Yıxılanda isə ayağa qalxması mümkünsüzdür”.

Övladının həkim xərclərini ödəməkdə çətinlik çəkən ailənin 2010-cu ildə evi yanıb. Qısaqapanmadan baş verən yanğından ailə canını güclə xilas edir.

Həmid kişi çox çətinliklə də olsa, evini kosmetik təmir etdirib.

Özü kəndin qəbirqazanıdır. Deyir ki, hər qəbirə görə mənə 8-10 manat qalır: "Onunla ailəmi saxlayım, yoxsa uşağı müalicə edim, bilmirəm. Həkimlər axırıncı dəfə bacımgilə deyiblər ki, uşaqdan əlinizi üzün. Amma bilirəm ki, xaricdə yaxşı müalicə ala bilər. Həm də gözüm görə-görə uşağımın belə əziyyət çəkməsinə necə razı ola bilərəm. Hara, kimə müraciət edəcəyimi bilmirəm. İmkanı olan xeyirxah insanlardan oğlumun müalicəsi üçün kömək istəyirəm. Tahirin normal həyata qayıtmasına yardım etsinlər, onun arzularının, ümidlərinin puç olmasına imkan verməsinlər”.

Gülxar

Foto Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm