• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Qoymayın, məni öldürürlər” - Dəhşətli qətlin təfərrüatı

“Qoymayın, məni öldürürlər” - Dəhşətli qətlin təfərrüatı

Beyləqan rayon sakinləri 22 yaşlı Tural İsmayıllı və 23 yaşlı Zakir Yusifli həmyerliləri, 30 yaşlı Yasin Hüseynovu qətlə yetiriblər.

Publika.az xəbər verir ki, hadisə 2014-cü ilin fevralın 12-də baş verib.

Fevralın 11-də Zakir Yusifli Beyləqan şəhərində yerləşən internet klubda Beyləqan şəhər sakini Nizami Məmmədovdan siqaret istəyib. Bu zaman rayon sakini Yasin Hüseynov siqareti guya ondan istədiyini bəhanə gətirərək Zakirə kobud formada cavab verib.

Ertəsi gün gecə saatlarında Zakir Yasinə maşınında yüksək səslə musiqi dinlədiyi üçün irad tutub. Bu zaman onlar arasında mübahisə yaranıb və Yasin Hüseynov ona sillə vurub.

Mübahisə və qətl

Zakir Yusifli bu hadisəni dostu Tural İsmayıllıya danışıb. Tural İsmayıllı Yasin Hüseynovun 4 ay əvvəl onu da vurduğunu bildirib. O, Zakir Yusifli ilə birgə bu hərəkətlərinə görə Yasin Hüseynovla görüşərək münasibətlərinə aydınlıq gətirmək qərarına gəlib.

Aralarında əldə etdikləri bu razılaşmadan sonra fevralın 12-də, saat 18 radələrində Zakir Turalla bir yerdə Beyləqan şəhəri, M.Əsədov küçəsində olduqları zaman Yasinin idarə etdiyi "KİA CERATO" markalı avtomaşınla həmin küçədən keçdiyini görüb. Zakir əllə işarə edərək avtomaşını saxladıb.

Zakir Yasinlə gecə saat 02 radələrində baş verənlər barədə mübahisə etməyə başlayıb. Bu zaman Tural onların söhbətinin uzun çəkdiyini görərək avtomobilə yaxınlaşıb. Yasin onların hər ikisinin ünvanına nalayiq ifadələr işlədib. Bundan əsəbiləşən Tural onu öldürmək qərarına gəlib.

"Məni öldürürlər"

Bu məqsədlə Zakir və Tural öz hərəkətlərini düşünülmüş şəkildə bir-biri ilə uzlaşdırıb. Əvvəlcə avtomaşının sağ tərəfində dayanmış Zakir Yusifli Yasin Hüseynovun müqavimətini qırıb və daha sonra onun qaçmaq imkanlarını məhdudlaşdırmaq üçün üzərində gəzdirdiyi bıçaqla ayaq nahiyəsinə bir zərbə vurmaq üçün cəhd edib.

Lakin Yasin dərhal avtomobildən düşdüyündən həmin zərbə ona dəyməyib. O qaçmaq istəyərkən Zakir ona çatıb və arxadan sağ çiyininə bıçaqla bir zərbə vurub.

Bu zaman Yasin "məni öldürürlər" qışqıraraq Beyləqan şəhəri, M.Əsədov küçəsində yerləşən Səfyarov Şövqü Bəxtin oğluna məxsus mağazaya tərəf qaçıb.

Mağazada başa çatan cinayət

Yasin Hüseynovun Turalı söydüyünə və 4 ay əvvəl onu bıçaqla vurduğuna görə ona qarşı kin bəsləyirdi. Tural da Zakir ilə birlikdə qisas almaq məqsədilə Yasini vurmaq üçün onun arxasınca qaçıb. Yasin Hüseynov Şövqü Səfyarova məxsus mağazaya daxil olub.

Şövqü Səfyarov Zakir Yusiflinin əlində bıçaq olduğunu görüb və qarşısını kəsərək saxlayıb, onun mağazaya daxil olmasına mane olub. Bu zaman Tural Yasini qəsdən öldürmək üçün mağazaya daxil olub. O, üzərində gəzdirdiyi kəsici-deşici xassəyə malik olan kastet tipli alətlə Yasin Hüseynovun həyat üçün təhlükəli hesab edilən boyun və kürək nahiyələrinə bir neçə zərbə vurub. Yasin Hüseynov aldığı xəsarətlərdən ölüb.

İki gəncə üst-üstə 28 il cəza

Təqsirləndirilən şəxslər 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham ediliblər. Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural İsmayıllı 14 il 6 ay, Zakir Yusifli 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyiblər. Onların şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

"Yasini başa salmaq qərarına gəldik"

Hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Tural İsmayıllı bildirib ki, Yasin Hüseynovu qəsdən öldürməyib. Onun sözlərinə görə, Zakir Yusifli ona mərhum Yasin Hüseynovla 11 fevral 2014-cü il tarixdə mübahisə etdiyini bildirib: "Zakir Yasinlə münasibətini aydınlaşdırmaq istədiyini bildirdi. Mən də hadisədən 4 ay əvvəl Yasinlə aramda mübahisə olduğunu və həmin vaxt Yasinin məni bıçaqla vurduğunu dedim. Yasinlə danışaraq onu başa salmaq qərarına gəldik".

"Məni və Zakiri söydü"

Təqsirləndirilən şəxsin sözlərinə görə, fevralın 12-də Yasin Zakirlə yolda rastlaşarkən maşınını saxladaraq onunla söhbət etməyə başlayıb: "Mən isə kənarda dayanaraq Zakiri gözləmişəm. Onların söhbətinin uzun çəkdiyini görərək ora yaxınlaşdım. Məsələni sülhlə yoluna qoymaq istəyərkən Yasin mənim və Zakirin ünvanına nalayiq söyüşlər söydü. Zakir bu zaman bıçaq çıxararaq Yasinin ayağına bir zərbə vurdu. Yasin avtomobildən düşərək qaçmağa başladı. Zakir ardınca qaçaraq onun sağ çiynindən də bir zərbə vurdu. Yasin yenə ünvanımıza söyüşlər söyərək Şövqinin dükanına girdi. Yenidən məni nalayiq söyüşlə söydüyündən cibimdə olan alışqan tipli üç tərəfi kəsici olan alətlə Yasini qorxutmaq məqsədi ilə əlimi o tərəf-bu tərəfə fırlatdım Həmin alət təsadüfən Yasinin boynundan dəydi. Həmin vaxt Yasin söyməkdə davam etdiyindən və buna görə də hirsli olduğumdan Yasinə başqa zərbə dəydiyini xatırlamıram. Məqsədim yalnız Yasini qorxutmaq olub. Yasini öldürməklə bağlı Zakirlə əvvəlcədən aramızda heç bir razılaşma olmayıb. Hadisədən sonra könüllü olaraq polisə təslim olmuşam".

Mərhumun atasından ağır cəza tələbi

Tural İsmayıllı əməlindən peşman olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib. Zərərçəkmiş şəxsin hüquqi varisi Yelmar Hüseynov göstərib ki, oğlu Yasin Hüseynov psixi xəstə olduğundan hərbi xidmətdən vaxtından əvvəl tərxis olunub. Onun sözlərinə görə, hadisədən 4-5 ay əvvəl oğlu Yasin ilə Tural İsmayıllı arasında mübahisə düşüb, sonra onlar barışıblar. Zərərçəkmiş oğlunun qətlə yetirilməsindən danışıb və təqsirləndirilən şəxslərə ağır cəzanın verilməsini istəyib.

Şahid qismində ifadə verən Şövqü Səfyarovun sözlərinə görə, fevralın 12-də, saat 17 radələrində mağazadаn bir qədər aralıda qara rəngli "KİA" markalı avtomaşının dayandığını görüb: "Bir neçə dəqiqə sonra bayırdan səs-küy gəldiyini, kiminsə "qoymayın, məni öldürdülər" qışqırdığını eşitdim. Çölə çıxanda adının Yasin olduğunu öyrəndiyim şəxs mağazaya daxil olaraq, özünü mağazanın giriş hissəsindən sol tərəfdə yerdə qoyulmuş şirniyyat mallarının üzərinə yıxdı. Yаsin yаrаlı idi, yеrə qаn ləkələri vardı. Zakirin əlində bıçaq mağazaya daxil olmaq istədiyini gördüm. Qarşısına çıxaraq onun mağazaya keçməsinə mane oldum. Nə istədiyini soruşduqda, Zakir ona "nə istəyəcəm, оnu vurmağa gəlmişəm", - deyə bildirdi. Zakirin biləyindən tutaraq onun mağazaya daxil olmasına mane oldum. Sonra yaxınlıqda olan adamlar mağazanın qarşısına gəlməyə başladı. Həmin vaxt Zakir də oradan uzaqlaşdı. Dərhal içəri daxil olaraq Yasinə yaxınlaşdım. Yasin mağazanın girişindən sol tərəfdə yerdə yıxılmış vəziyyətdə, qan içində idi. Dərhal oraya yığışan adamlarla köməkləşərək Yasini "KİA" markalı avtomaşını ilə хəstəхаnаyа yоlа sаldım. Sonradan Yasinin xəstəxanada öldüyünü eşitdim. Küçədə olduğum üçün Tural İsmayıllının mağazaya necə daxil olduğunu görməmişəm. Hadisədən sonra onun mağazaya daxil olaraq Yasinin boyun nahiyəsinə bir neçə zərbə vurmasıını və daha sonra isə qaçdığını öyrənmişəm".

Tural İsmayıllının vəkili Faiq Atakişiyev və prokuror Siyavuş Sadıqovun çıxışından sonra hakimlər qərar açıqlayıblar. Qərara görə, təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı şikayətləri təmin edilməyib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR