• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bu gün İlaxır çərşənbə qeyd olunur

Bu gün İlaxır çərşənbə qeyd olunur

Bu gün ilaxır çərşənbələrin sonuncusu, torpaq çərşənbəsidir. Bu çərşənbədə yerin üstündə və altında olanlar yenidən canlanır, dirilir. Torpaq çərşənbəsinə əksər hallarda ilin, ayın axır çərşənbəsi də deyilir. Sonuncu çərşənbə əvvəlki üç çərşənbəyə nisbətən daha təmtəraqlı keçirilir. Bu mərasimlər xüsusən, rayon və kənd yerlərində qeyd olunur.

Bu çərşənbədən əvvəlki həftə ərzində, yəni Yel çərşənbəsindən sonra qəbirləri ziyarət edir, il ərzində ölənlər üçün Qara bayram deyilən bayram süfrəsi açır, ehsan paylayırlar. İlaxır çərşənbədə artıq bu işlər başa çatmış olur və hamı bayramı xoş ovqatla qarşılamağa hazırlaşır.

Hamı təzə geyinir, başa, ələ, ayağa xına yaxırlar. Axırıncı çərşənbədə nəzir götürən ailələr səməni halvası çalıb, qapı-qapı paylayar. Odla bağlı şənliklər şər qarışanda keçirilər. Tonqal qalanar, hamı tonqalın üstündən atlanar. İlin ağrı-acısı sevinclə əvəzlənər.

Axır çərşənbədə yumurtanı qırmızı boyayarlar. Süfrənin üçtünə xeyir-bərəkət rəmzi olan səməni qoyular. Səməninin belinə qırmızı lent bağlayarlar. Səhər tezdən çaydan çərşənbə suyu gətirib evə çiləyər, içərlər.

Axır çərşənbədə Qodu-Qodu mərasimi, kəndirbaz oyunları, xoruz döyüşməsi, güləş, Xan-vəzir oyunu, cıdır, zorxana yarışları keçirilər. Süfrəyə şərbətlər, paxlava, qoğal, fəsəli, qatlama, şəkərbura qoyular, aş qazanı asılar.

Axır çərşənbədə təkcə ev-eşik yox, insanların qəlbi də təzələnir. Küsülülər barışar, qulaq yaxşı söz eşitsin deyə hamı xoş sözlər söyləyər. Qulaq falına yalnız axır çərşənbədə çıxarlar. Çərşənbə axşamı söyüş, qarğış, ürəkbulandıran söz söyləməzlər.

Bu gündə kimsəsiz insanlar da diqqətdən kənarda qalmaz. Cavan qızlar evdən düyü, yağ, şirniyyat gətirib kimsəsiz qocalardan birinin evinə yığardı. Gətirilən şeylərə cürcənə deyirdilər. Həmin cürcənədən bayram süfrəsi açılardı.

İnamlar

Ilin-ayın axırında (Novruz bayramından iki gün əvvəl) bulaqdan, yaxud çaydan axar sudan “lal su” gətirilir. Buna ona görə “lal su” deyirlər ki, bu suyu gətirməyə gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə, iynə salınacaq qaba tökənəcən dinməməlidir. Həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən müşayiət oluna bilər.
Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan şəxslər) və hərəsini bir tərəfdən üsulluca suya qoyurlar. Sonra həmin iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər.

Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də axırda bir-birinə yaxınlaşıb bitişərlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşurlar. Iynə suyun dibinə çökürsə - elə ilk dəfə qoyulanda, deməli, su “lal su” deyil. Su gətirən adam üstündə danışmışdır.

Axır çərşənbə günü tövlənin pəncərəsinin qabağına bir yumurta, iki – qara və qırmızı karandaşlar qoyulur. Səhər həmin yumurtanın üzərində xətt olur. Belə inanc var ki, həmin xətti Xıdır çəkir. Əgər qırmızı karandaşla xətt çəkilibsə, yumurta kimin bəxtinə qoyulubsa, o, xoşbəxt olacaq. Qara karandaşla xətt çəkilibsə, əksinə olacaq.

Cavan qızlar, oğlanlar yelləncəkdə yellənir, su falına baxır, qapı pusurlar. Yelləncəkdə yellənən qızlar istədikləri oğlanın adını ağaca yazar, bir-birini yelləndirərlər. Kimin başı yazılı ağaca dəysə, niyyəti yerinə yetər.

Folklorşünas Şakir Albalıyev deyir ki, sonuncu çərşənbə yaradıcı ünsür olan torpaqla bağlıdır və axır çərşənbədə dörd ilahi başlanğıc birləşir. Suya, Oda, Yelə və Torpağa tapınan insan torpağın və torpaqdan xəlq olunanların oyanışına sevinir. Bu da Novruz çərşənbələrinin bütün dinlərdən daha əvvəl yaranmış və formalaşmış inamların, əski dünyagörüş və mifoloji təsəvvürlərin cəmi olduğunu göstərir.

“Su, od, yeldən fərqli olaraq adı reallığa ən yaxın olan çərşənbə torpaqdır. Ona görə ki, insanlar üçün bu çərşənbəsi daha əzizdir. Çünki bu çərşənbənin simvolu olan torpaq gözlə görülən, əllə tutulandır və onun yaradıcı gücü daha çoxdur. Təkcə real həyatda deyil, din və mifologiyada da torpağa olan müqəddəs baxışlar özünü göstərir. Çünki həm din, həm də mifologiya bütün canlı varlıqların, Adəm və Həvvanın torpaqdan yarandığını göstərir.

Torpaq çərşənbəsindən sonra artıq yeni il, yeni gün-Novruza hazırlıq başlayır. Bu dörd çərşənbə tamamlanır və yeni həyat - Novruz doğulur. Yenidən bitkilər aləmi cana gəlir”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR